ABŞ-da prezidentliyə namizədlərin seçki kampaniyasında insan hüquq və azadlıqlarına məhəl qoyulmur

Yaxın günlərdə ABŞ-da keçiriləcək  növbəti prezident seçkiləri dünyanın diqqət mərkəzindədir. “Demokratiyanın beşiyi” adlandırılan bu ölkədə hər şeydən əvvəl diqqəti çəkən  əsas məqam prezidentliyə  Respublikaçılar Partiyasından namizəd Donald Tramp və  demokratların  namizədi Hillari Klinton arasında keçirilən debatlardır.

Hər iki namizədin qarşılıqlı sərt ittihamları bu ölkədə baş verən ziddiyyətlərdən, irqi ayrı-seçkilikdən, cəzasız qalan qətllərdən irəli gəlir. Namizədlərin bir-birinə qarşı sərt ittihamları, xüsusilə külli miqdarda vergidən yayınma, qadınlara qarşı qeyri-etik ifadələr işlədilməsi, qara dərili insanların polislər tərəfindən heç bir səbəb olmadan qətlə yetirilmələri, onların cəzasız qalması və digər ağır  ittihamlar ABŞ-da demokratiyanın bərbad vəziyyətdə olmasından xəbər veririr.

Hillari Klinton və Donald Tramp artıq üç dəfə teledebatda üz-üzə gəliblər. Bu teledebatların sərt ittihamlar və hədələrlə keçməsi hər birimizin yaddaşındadır. Donald Tramp hətta, Klintonun cinayətə yol verməsi fikrini səsləndirərək deyib ki, əgər o, prezident seçilərsə, dərhal Hillari Klintonu həbs etdirəcək.

Trampın uzun illərdən bəri vergi ödəmədiyi iddiasını bir daha dilə gətirən Klinton isə deyib ki, bu günə qədər heç bir respublikaçı üçün “prezidentliyə layiq deyil” sözlərini deməmişəm. Amma Tramp üçün bunu deyirəm.

Göründüyü kimi, iki yüz ildən artıq demokratiya tarixi olan bir ölkədə prezidentliyə namizədlərin təbliğat kampaniyası, demək olar ki, bir-birini ittiham etmək üzərində köklənib. Halbuki, digər ölkələrdə keçirilən seçkilər ərəfəsində bu ölkənin ideoloqları həmin dövlətlərə “seçki dərsi” keçir, öz demokratik tövsiyələrini verirlər. İndi məlum olur ki, əsl demokratik tövsiyələr elə onların özlərinə lazım imiş. Prezidentliyə namizədlər sanki bu ölkədə hər addımbaşı  insanların kobud şəkildə tapdalanmış hüquqlarını görmür, debatlarda bu barədə bir kəlmə də olsun danışmırlar.  Çünki hələ bir-birinin iç üzlərini açmaqla məşğuldurlar. Bu da ABŞ-da baş alıb gedən antidemokratik hərəkətlərin, insan hüquq və azadlıqlarının pozulmasının sonuncu məsələlərdən olmasından xəbər verir.

Son illər ABŞ-da insan hüquq və azadlıqlarının pozulması ilə əlaqədar baş verən hadisələri gözlərimiz önünə gətirək. Amerika Birləşmiş Ştatlarında afroamerikalılara qarşı sanki xüsusi bir siyasətin  mövcüdluğu ənənəyə çevrilib. Yəni məhz onlar dərisinin rənginə görə seçilirlər.

Məlum olduğu kimi, ABŞ əhalisinin 13 faizini həmin qaradərililər, 16 faizini Latın amerikalılar təşkil edir. Birlikdə  29-30 faizə qədər sakinə rənglilər deyirlər. Əslində, bu gün ABŞ kimi özünü, guya ki,  demokratiyanın  beşiyi hesab edən bir ölkədə  faktiki olaraq əhalinin 30 faizə yaxını  hədəfə alınıb.

Bu il sentyabrın 20-də Şimali Karolina ştatının Şarlott şəhərində baş verən xoşagəlməz hadisə  qaradərililərə qarşı aparılan qəddarlığın davamı idi . Ancaq bu hadisələr beynəlxalq təşkilatların hesabatlarında heç vaxt əks olunmur, hər hansı bir təşkilat tərəfindən səsləndirilmir və prezidentliyə namizədlərin debatlarında öz əksini tapmır. Çünki həm prezidentliyə namizədlər, həm də həmin təşkilatlar, xüsusilə digər dövlətlərdə insan hüquq və azadlıqlarının pozulması faktlarını axtaranlar, ABŞ-da baş verən bu hadisələri “görmür” və heç bir reaksiya vermirlər.

Necə ola bilər ki, özünü  demokratiyanın bayraqdarı elan etmiş bir ölkədə bir il ərzində 706 nəfəri polis güllələyir və prezidentliyə namizədlər bu barədə bir kəlmə də olsun danışmırlar. Hətta  digər ölkələrdə “gözdə tük axtaran”   QHT-lər və  beynəlxalq təşkilatlar da dəhşət saçan bu hadisənin üstündən sükutla keçirlər. Dünyanın aparıcı kütləvi informasiya vasitələri bu hadisələr barəsində öz səhifələrində məqalələr dərc etsələr də, ABŞ-da bu ciddi məsələ, demokratiyanın əsas atributu hesab olunan insan haqlarının qorunması kölgədə qalır. Prezidentliyə namizədlərin öz platformalarında bu məsələyə toxunmamaları gələcəkdə də, kimin prezident seçilməsindən asılı olmayaraq, irqi ayrı- seçkiliyin, həmçinin insanların küçədə qətlə yetirilmələri faktlarının davam edəcəyindən xəbər verir. Belə faktlar istənilən qədərdir. Prezidentliyə namizədlərin qarşılıqlı ittihamları bunu bir daha təsdiqlədi və ölkədaxili ziddiyyətləri ortaya qoydu.

Rüstəm XƏLİLOV,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında