Tramp – Klinton teledebatlarındakı qarşılıqlı ittihamlar ölkədaxili ziddiyyətlərin təzahürüdür

Son hadisələr sübut edir ki, artıq bu ölkənin kiməsə demokratiya dərsi verməsi qeyri-mümkündür

Yaşlı nəslin yadındadır, SSRİ dövründə nədənsə narazı olanların hamısı Amerika Birləşmiş Ştatlarındakı qayda-qanunları nümunə göstərir, onların təcrübəsindən bəhrələnməyi vacib sayırdılar. Həmin tendensiya sovet dönəminin başa çatmasından sonra da kifayət qədər davam etdi. Sərhədlər açılıb, gediş-gəlişin artmasından, xüsusən, ölkəmizdəki kütləvi informasiya vasitələrinin xaricdəki həmkarları ilə əlaqələrin qurulmasından, informasiya texnologiyalarının sürətli inkişafından sonra məlum oldu ki, Amerika Birləşmiş Ştatlarından nümunə götürüləcək çox az şey qalır. Noyabrın ilk ongünlüyündə keçiriləcək prezident seçkilərində namizəd kimi qəbul edilmiş Donald Tramp və Hillari Klinton isə ABŞ-ın beynəlxalq aləmdəki olan-qalan nüfuzuna da sarsıdıcı zərbə vururlar.

Sən demə, bu ölkənin daxili siyasətində qaradərililərin açıq şəkildə irqi ayrı-seçkiliyə məruz qalması, gündə bir və ya bir neçə günahsız zəncinin – həm də polis tərəfindən – öldürülməsi, seçki proseslərinin kütləvi şəkildə saxtalaşdırılması kimi faktlar adi norma kimi qəbul edilirmiş. Xarici siyasətlərinin bariz nəticələrini isə Əfqanıstan, Liviya, İraq, Suriya, Tunis, Misir və od-alova qərq edilərək xarabaya çevrilmiş digər ölkələrdə çox aydın şəkildə görürük. Amma ABŞ-ın daxili və ya xarici siyasəti barədə deyil, cəmiyyət həyatının ən mühüm siyasi prosesi olan seçkilərə hazırlıq dövründə baş verən utancgətirici məsələlərdən söz açacağıq. Çünki bu ölkədəki prezidentliyə namizədlər arasında son aylar keçirilən istənilən teledebat və qarşılıqlı ittihamlardakı iyrənc məqamlar sadə xalqın ciddi narahatlığına səbəb olur.

Kütləvi informasiya vasitələri yazırlar ki, prezident seçkilərinə bir neçə həftə qalmış demokratlar respublikaçı namizəd Donald Trampın kampaniyasını darmadağın edən və onun siyasətçi kimi karyerasını bitirməyə səbəb ola biləcək kompromat yayıblar. Məlumatda deyilir: “The Washington Post” qəzeti Trampın 2005-ci ildə qadınlar haqqında işlətdiyi vulqar ifadələrin yer aldığı, respublikaçı namizədin səs yazısı ilə müşaiyət olunan videonu yayımlayıb. Həmin səs yazısında Tramp evli qadını pozğun kimi yoldan çıxartmaq istədiyindən və gözəl qadınları ələ keçirməyin onun üçün problem olmadığından, özü də qəhqəhə ilə danışır. Biznesmenin hansı qadından bəhs etdiyi məlum olmur. Bununla belə “The Daily Beast” bildirir ki, Tramp teleaparıcı Nensi O Deyli nəzərdə tuturdu. Sonra məlum olur ki, bu maqnat aparıcını ələ keçirə bilməyəndə onu “Miss USA” gözəllik yarışından kənarlaşdırmağa çalışıbmış. Mətbuat yazır ki, bu kadrların yayılması fırtına effekti yaradıb və Donald Trampdan Respublikaçılar Partiyasının aparıcı simaları, hətta onun arvadı da üz döndərib. Respublikaçılar partiyasının Milli Şurasının rəhbəri Rayns Pribas, Konqresin Nümayəndələr Palatasının spikeri Pol Rayan, senator Con Makkeyn, Trampın praymeriz kampaniyasındakı rəqibləri Ted Kruz və Marko Rubio, keçmiş dövlət katibi Kondaliza Rays və digər xadimlər onu əxlaqsızlıqda qınayıb, siyasətçiyə yaraşmayan davranışını pisləyiblər. Spiker Pol Rayan deyib ki, Trampın replikalarından ürəyi bulanır. Eks-prezident Corc Buşun qardaşı Ceb Buş isə Trampın sözlərinin qəbuledilməz və hiddətəlayiq olduğunu bildirib. “Bu sözlər bizim arvadlarımızı, qızlarımızı alçaldır.”

Donald Trampın həmin sərsəmləmələri prezidentliyə demokrat namizəd Hillari Klinton tərəfindən “iyrənc” adlandırılıb və onun qadınlara qarşı hansı fikirdə olduğunun bir daha üzə çıxdığını deyib. Trampın arvadı Melaniya Tramp da bəyanat yayaraq ərinin işlətdiyi sözlərin yayılmasından özünü təhqir olunmuş sayır. “Ərimin işlətdiyi sözlər qəbuledilməzdir və mənim üçün təhqirdir. Bu, mənim tanıdığım adam üçün xarakterik deyil. Onun lider ağlı və ürəyi var. Ümid edirəm ki, insanlar Trampın üzrxahlığını qəbul edəcəklər”. Həyat yoldaşının bu xəbərdarlığından sonra Tramp üzrxahlıq videosu yayımlayıb və bildirib ki, həmin ifadələrinə görə qadınlardan üzr istəyir. Ancaq, qatar artıq keçib getmişdi..

“Politico” nəşri yazırdı ki, həmin rüsvayçılıqdan sonra Respublikaçılar Partiyasının rəhbərliyi toplaşaraq Trampı seçkilərdən kənarlaşdırmağın yollarını müzakirə ediblər. Lakin seçkilər yaxınlaşdığına görə, bu, olduqca çətindir. Çünki bülletenlərin çapı artıq başlayıb, bəzi ucqar məntəqələrdə isə səsverməyə start verilib. Respublikaçılar Partiyasının hüquqşünasları hesab edirlər ki, Tramp özü namizədliyini geri götürməlidir, ya da ölməlidir ki, onu kimsə əvəz edə bilsin. Tramp isə seçkilərdən çəkilmək fikrində olmadığını deyib. Qalmaqallı video, həm də Trampla Klinton arasında teledebat ərəfəsində yayılıb və Hillari Klintonun növbəti debatda rəqibinə hücumu kifayət qədər güclənib. Görünür, Trampın məğlubiyyəti qaçılmazdır…

Hillari Klinton və Donald Tramp arasında ikinci teledebat Missuri ştatının Sent-Luis şəhərindəki Vaşinqton Universitetində “town-holl” (“şəhər malikanəsi”) formatında təşkil edilib. Təbii ki, bu debatdan əvvəl Trampın başına gələn rüsvayçılıq daha çox qabardılıb. Bununla belə, ölkənin sosial problemləri, ABŞ-da islamofobiya məsələsi, Suriyada və bütövlükdə Yaxın Şərqdə vəziyyət, Amerika-Rusiya münasibətləri, habelə ölkənin səhiyyə sistemi və iqtisadi sabitliklə bağlı məsələlər müzakirə edilib. Bir növ seçicilər qarşısında özünü sığortalamaq istəyən Tramp ABŞ-da islamafobiyanın artmasından narahat olan amerikalı müsəlman seçici qadına cavabında qeyd edib ki, ABŞ-da müsəlmanlar tərəfindən terror aktları törədilib. Yəni, qaş düzəltmək istəyib və göz çıxardıb. İslamofob təfəkkürdən və irqçi dünyagörüşündən qurtara bilməyən prezidentliyə namizəd dərhal öz səhvini malalamaq istəyib: “Amerikalıların təhlükəsizliyi mülahizələrinə əsasən, “müsəlmanlar bu cür problemlərlə qarşılaşanda dərhal bu barədə məlumat verməlidirlər”. Sanki, uşaq başı aldadır. Zəncini rənginə görə öldürən polisdirsə, onda zənci kimə şikayət edəcək?

Donald Trampın həmin səhvindən yararlanan Hillari Klinton qeyd edib ki, müsəlmanlar Amerika cəmiyyətinin tərkib hissəsidir və onlar bütün amerikalılarla eyni hüquqlara malikdirlər, çünki Birləşmiş Ştatlarda dini etiqad azadlığına riayət edilir. Xanım Klinton suriyalı qaçqınların qəbulu məsələsinə toxunaraq vurğulayıb ki, qaçqınların qəbul edilməsi amerikalıların humanitar borcudur. ABŞ kütləvi informasiya vasitələrinin yazdığına görə CNN teleşirkəti teledebatın məhdud sayda tamaşaçıları arasında telefonla sorğu keçirib. Həmin sorğuya görə tamaşaçıların 57 faizinin fikrincə, ikinci teledebatda Hillari Klinton, rəyi soruşulanların 34 faizinin fikrincə, Donald Tramp qalib gəlib.

Namizədlərin bir-birini rüsvay edən üçüncü – son teledebat oktyabrın 19-da Nevada ştatının Las-Veqas şəhərində Nevada Universitetində keçirilib. Budəfəki virtual “savaşda” da qalibin Hillari Klinton olduğu bildirilir. Sabiq dövlət katibi respublikaçı rəqibi, milyarder Donal Trampı yenə üstələyib: 52-39 faiz nisbəti ilə. Eyni zamanda burada da qarşılıqlı ittihamlar irəli sürülüb. Xüsusən, Hillari Klinton Donald Trampı xarici ölkələrin marioneti, oyuncağı adlandırıb.

Mətbuat yazır ki, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp itirdiyi seçiciləri yenidən tapmaq üçün sensasiyalı addımlar atır. Məsələn, o, Hindlilərin Respublika Koalisiyası tərəfindən təşkil edilmiş xeyriyyə axşamında Hindistanın Baş naziri Narendra Modi haqqında müsbət danışıb və söz verib ki, hakimiyyətə gələcəyi halda Vaşinqton Nyu - Dehli ilə ən yaxşı münasibətləri quracaq. Bu isə o deməkdir ki, qalmaqallı reputasiyasına görə, partiyadaşların bir hissəsinin dəstəyini itirən ekssentrik siyasətçi respublikaçılar üçün ənənəvi olmayan seçki qrupları arasında müttəfiqləri axtarır.

Amma bu siyasətçi seçki kampaniyasının əvvəlində lovğalanırdı ki, reytinqi gündən-günə artacaq. Ancaq şikəst əxlaqı onun reytinqinə mənfi təsir göstərdi. “Gallup” sosioloji sorğu xidmətinin keçirdiyi sorğuya görə, oktyabrın ortalarında mənsub olduğu partiya üzvlərinin yalnız 64 faizi onu dəstəkləyib. Müqayisə üçün deyək ki, Hillari Klinton bu baxımdan rəqibini 20 faiz üstələyir. Bütün bunlar Trampı respublikaçılar üçün qeyri-ənənəvi auditoriyaya müraciət etməyə məcbur edir. Məhz ona görə də hindlilərin əl-ayağına düşür: “Mən induizmin və Hindistanın böyük pərəstişkarıyam. Mumbayı sevirəm…” Amma siyasi təfəkkürdən uzaq olması hər dəfə onun növbəti səhvinə gətirib çıxarır: Məsələn, Nyu-Cersidə keçirilən xeyriyyə axşamında çıxış edən Tramp deyib ki, amerikalılar və hindlilərin ümumi düşməni var: müsəlman terrorçuları. Yəni. Seçici axtarmaq üçün danışdığı sarsaq fikirlər nəticəsində müsəlman seçicilərini itirir.

Donald Tramp da Hillari Klintona “borclu qalmır”. O, hesab edir ki, ABŞ prezidenti Barak Obama son dərəcə təəssüflənməlidir ki, Klintonu öz administrasiyasında dövlət katibi vəzifəsinə təyin edib. Tramp Klintonun İŞİD-in təsisçisi olduğunu söyləyib: “Bu, Hillari Klinton olub, məhz o, İŞİD-in təsisçisi kimi qruplaşmadan mükafat almalıdır”, – deyə milyarder bildirib. Bundan başqa, Tramp afroamerikalılara müraciətində deyib: “Biz Hillari Klintonun irqi ayrı-seçkiliyini rədd edirik.” Ancaq “Los- Angeles Times” qəzeti yazır ki, qaradərililərin 89 faizi Klintonu, 5 faizi isə Trampı dəstəkləyir.

Belə çıxır ki, ABŞ seçicisi, nəinki bu iki namizədin heç birinə, hətta ölkənin kütləvi informasiya vasitələrinə də inanmır. Çünki mətbuatda gah Klintonun, gah da Trampın daha çox səs qazanacağı səsləndirilir. Normal halda burada qeyri-adi heç nə yoxdur. Ancaq ABŞ həqiqətlərinə dərindən bələd olan ekspertlər yazırlar ki, bu ölkədə cəmiyyət ağır bir deqradasiya dövrünü yaşayır. İki güclü partiyanın, on milyonlarla seçicinin milyonlar arasından seçdiyi iki namizəd əvvəl bir-birini, son nəticədə isə Amerika Birləşmiş Ştatlarını tamamilə nüfuzdan salırlar. Bu isə o deməkdir ki, ABŞ rəsmilərinin artıq kiməsə demokratiya dərsi verməyə üzləri olmayacaq.

İ.Qaçayev,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında