Rusiya-Türkiyə münasibətləri: qlobal ziddiyyətlər fonunda yeni tarixi imkan

Ekspertlər Moskva ilə Ankara arasında müşahidə edilən yaxınlaşma prosesinə getdikcə daha çox maraq göstərirlər. İki böyük dövlət arasında tarixdə hansı hadisələrin baş verdiyi məlumdur. İndi isə hesab olunur ki, bu aspektdə müsbətə doğru ciddi dəyişikliklər ola bilər. Onun bir sıra əlamətləri ilə bağlı fikirlər səslənir. O cümlədən Ankara ilə Moskva enerji, turizm, ticarət, tikinti, mədəniyyət və başqa sferalarda əlaqələrini gücləndirmək haqqında razılığa gəliblər. Ekspert və analitiklər bu prosesin hansı səviyyəyə qədər dərinləşə biləcəyi ilə bağlı təhlillər aparır, proqnozlar verirlər. Müxtəlif variantlar nəzərdən keçirilir. Reallıqda vəziyyət xeyli dərəcədə mürəkkəbdir, risk faktorları mövcuddur. Lakin meydana gələn yeni imkanları da arxa plana atmaq olmaz.

 

Əməkdaşlığa ehtiyac: tərəflərin dərk etdiyi məqam

 

Qərb dövlətləri ilə qarşıdurma vəziyyətində olan Moskva üçün Ankara ilə əlaqələr çox aktualdır. Türkiyənin də Amerika və Avropa İttifaqını böyük dövlətləri ilə münasibətlərində çatlar meydana gəlib. Bunun müxtəlif səbəbləri var. Ancaq reallıq ondan ibarətdir ki, Rusiya və Türkiyə kimi güclü dövlətlər dünya miqyasında siyasi mövqelərini dəqiqləşdirmə mərhələsindədirlər. Bundan çıxış edərək hər iki ölkə rəhbərliyi aktiv xarici siyasət yeritməkdədir.

"Su-24" qırıcı təyyarəsi ilə bağlı məlum münaqişədən sonra Ankara–Moskva xəttində son dövrlərdə bir istiləşmə prosesi gedir. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin Sankt-Peterburqdakı görüşündən sonra iki ölkə arasında əməkdaşlığın perspektivinə inananların sayı artdı. Bunun əyani təsdiqi isə İstanbulda Dünya Enerji Konqresində V.Putinin də iştirak etməsi və tərəflərin yeni müqavilələr imzalaması oldu. Məhz bu hadisə ilə bağlı yenidən Qərb ekspert və siyasi dairələrində "Rusiya-Türkiyə münasibətləri hansı istiqamətdə və nə dərəcədə inkişaf edə bilər?" sualına cavab axtarılmağa başlandı.

Əvvəlcə qeyd edək ki, hər iki ölkənin əksər ekspertləri əlaqələrin yüksələn xətlə inkişaf edəcəyi haqqında proqnozlar verirlər. Bu zaman bütün sahələri, o cümlədən təhlükəsizlik və müdafiə sferalarında mümkün əməkdaşlığı misal gətirirlər. Hazırda iqtisadiyyat, ticarət, enerji, təhsil, mədəniyyət, turizm, kənd təsərrüfatı, nəqliyyat kimi vacib sahələri əhatə edən müqavilələr vardır. Onlara viza rejiminin ləğv edilməsi, müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlıq da əlavə oluna bilər.

Bu barədə V.Putinin özü İstanbulda fikir bildirib. Rusiya prezidenti deyib: "Biz müdafiə sənayesində əməkdaşlığa hazırıq. Hər iki tərəfdən verilən təkliflər araşdırılır. Bunları reallaşdırmaq üçün imkanlarımız var". Ekspertlər bu kimi fikirləri Rusiyanın Türkiyəyə hava hücumundan müdafiə sistemləri sata bilməsi imkanı kimi qiymətləndirirlər. Hətta söhbətin S-400-lərdən getdiyi haqqında təxminlər də var. Təbii ki, bu məsələ asan həll edilən deyil. Çünki bir neçə il öncə hava müdafiə sistemləri ilə bağlı Türkiyənin elan etdiyi tenderdə Çin sisteminə üstünlük verilmişdi, lakin sonra ABŞ-ın təzyiqi ilə bu qərar ləğv edildi. Eyni münasibətin Rusiya silahlarına da olacağı şübhə doğurmur. Həm də nəzərə almaq lazımdır ki, Türkiyə NATO üzvüdür, bu ölkənin Alyansın cənub qanadı üçün strateji əhəmiyyəti çox böyükdür. Bu şərtlər daxilində Ankaranın NATO-ya uyğun gəlməyən müdafiə sisteminə sahib olması inandırıcı görünmür. Həm də Rusiya hərbiçilərinin dediyinə görə, amerikalılar elə sistemə malikdirlər ki, hətta uzaqmənzilli ballistik raketləri belə startın başlanğıcında məhv edə bilirlər.

Lakin əsas məqam ondan ibarətdir ki, iki ölkənin rəsmi dairələri hərbi və təhlükəsizlik sahəsində əlaqələrin genişləndirilməsi haqqında açıq danışırlar. Hazırda "Türk axını" layihəsini həyata keçirməklə bağlı müqavilə imzalanıb. "Akkuyu" nüvə mərkəzinin tikintisi ilə əlaqədar razılıq əldə edilib. Hər iki ölkənin kəşfiyyat orqanları terrorla mübarizə məsələsində birgə fəaliyyət göstərmək imkanlarını müzakirə edirlər. Nəhayət, Suriya böhranının aradan qaldırılmasında ortaq fəaliyyət haqqında da razılığa gəlinib. Bu məsələdə konkret olaraq hansı məqamlarda Moskva ilə Ankaranın maraqlarının üst-üstə düşdüyü aydın deyilməsə də, müəyyən aspektlərdə ortaq hərəkət etmək imkanları tükənməyib.

 

Regional təhlükəsizlik:  imkanlardan faydalanma strategiyası

 

V.Putin bu məsələ ilə bağlı bəyan edib ki, Türkiyə ilə Hələbə humanitar yardımları çatdırmaqda eyni mövqedədirlər. O, müxalif qüvvələri Kastello yolundan uzaqlaşdırmaq məsələsində R.T.Ərdoğanla razılığa gəlindiyini də deyib. Türkiyə rəhbəri isə vurğulayıb ki, Suriya mövzusunu geniş müzakirə ediblər, birgə hərəkət edə bilərlər, Hələbə humanitar yardımı çatdırmaqla bağlı da ortaq fikrə gəliblər.

Belə görünür ki, Suriya məsələsində tərəflər çox ehtiyatla danışır, aralarında fikir ayrılıqlarının mövcudluğu şübhə doğurmur. Ankaranın bu məsələdə Qərbi nəzərə alması təbiidir. Çünki o, əsas olaraq ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya tərkibində fəaliyyət göstərir. Eyni zamanda, Qərb ilə mövcud olan fikir ayrılıqları Türkiyənin bir qədər müstəqil hərəkət etməsinə əsas yaradır. Bu aspektdə Rusiya–Türkiyə əlaqələrinin haraya qədər inkişaf edə biləcəyi üzərində düşünməyə dəyər. Həm də burada İran faktoru da nəzərə alınmalıdır. Tehranın regiona təsiri böyükdür.

Proseslərin sonrakı gedişatı Qərbin məsələyə münasibətindən çox asılı olacaq. Hadisələr Ankaranın müstəqil siyasət yeridib-yeritməməsindən çox, bütövlükdə, geosiyasi mənzərənin yeniləşmə dinamikası ilə əlaqəlidir. Bu istiqamətdə isə hələlik qeyri-müəyyənlik üstünlük təşkil edir.

Bunlardan fərqli olaraq, Türkiyə və Rusiyanın enerji, iqtisadiyyat, inşaat, ticarət, turizm və başqa sahələr üzrə əməkdaşlığı dərinləşdirmək imkanları genişdir. Onların bir-birinə ehtiyacı vardır. Maraqlıdır ki, ekspertlər məsələnin bu tərəfini vurğulamaqla yanaşı, əməkdaşlığın müttəfiqliyə çevrilməyəcəyi və onun "situativ xarakterdə" qalacağı haqqında da proqnozlar verirlər.

Fikrimizcə, bu, maraqlı yanaşmadır. Çünki ekspertlər Rusiyanın məsələni, ümumiyyətlə, Moskvanın xarici siyasəti kontekstində analiz edir, hətta Çinin belə tam tərəfdaş olmadığı tezisini irəli sürürlər. Məsələn, Pekin Mərkəzi Asiyada öz nüfuzunu artırmaq üçün Rusiya faktoruna elə də diqqət yetirməyə bilər. Bundan başqa, təcrübə göstərir ki, Rusiyanın real müttəfiqləri sırasında güclü dövlətlər yox dərəcəsindədir. Ekspertlər diqqəti ona yönəldirlər ki, Rusiyanın yeniləşmiş milli təhlükəsizlik strategiyasında MDB ölkələri və Abxaziya, Cənubi Osetiya ilə münasibətlərin inkişafı əks olunub. Böyük iqtisadi güclərdən isə yalnız Çinin adı çəkilir.

Bu təhlillər və proqnozlar göstərir ki, Rusiya–Türkiyə münasibətlərində normallaşma tendensiyası üstünlük təşkil etsə də, hələlik mənzərə tam aydın deyil. Bütövlükdə, qlobal miqyasda mövcud olan geosiyasi mürəkkəblik iki ölkə arasındakı münasibətlərə də təsir etməkdədir. Hazırda Ankara ilə Moskva bir çox sahələrdə əlaqələri genişləndirmək və gücləndirməklə bağlı layihələr üzərində işləyirlər. Bununla yanaşı, beynəlxalq konteksti nəzərə alsaq, bu proseslər haqqında birmənalı proqnoz verməyin çətin olduğunu deyə bilərik.

Yuxarıda vurğulanan məqamları nəzərə almaqla əksər ekspertlərin qeyd etdiyi bir özəlliyi də unutmaq olmaz. Müasir tarixdə ilk dəfədir ki, Türkiyə ilə Rusiyanın qarşılıqlı münasibətlərdə pozitiv aspekti xeyli genişləndirmək imkanı yaranıb. Əgər Moskva ilə Ankara bu mənada tarixi cəsarət göstərib, yeni əməkdaşlıq səviyyəsinə yüksələ bilsələr, bundan bütün region faydalanar. Onlar müzakirələr və bir-birinə yardım göstərmək yolu ilə problemləri həll etmək şansı əldə ediblər. Bu tarixi şans reallaşmalıdır.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında