Prezident İlham ƏLİYEV: Bu gün Azərbaycan dünya miqyasında müasir, sürətlə inkişaf edən, gözəl, qonaqpərvər, ləyaqətli ölkə kimi tanınır

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır…

Heydər ƏLİYEV
Ümummilli lider


Dünyada ən böyük nemətin azadlıq olduğunu təkrarlamağa ehtiyac yoxdur. Buna görə də, insan üçün azadlığın, dövlət üçün isə müstəqilliyin böyük dəyəri var. Elə bəşəriyyətin tarixi də azadlıq uğrunda mübarizədən ibarətdir. Böyük və zəngin taixə malik Azərbaycan xalqı da azadlığına qovuşmaq üçün uzun əsrlər boyu böyük qurbanlar bahasına mücadilə aparmış və bu möhtəşəm mübarizədə kəşməkəşli yol keçmişdir. Azərbaycan xalqı 1918-ci ildə müstəqillik əldə etmişdi. Lakin xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq dəstəyin göstərilməməsi nəticəsində cəmi 23 ay yaşamışdır. Tale xalqımıza ikinci şansı 70 il sonra verdi. SSRİ-nin süqutundan  sonra Azərbaycan öz milli müstəqilliyini bərpa etdi və bu gün xalqımız azad və firavan yaşayır.

18 oktyabr hər bir azərbay-canlının qürur günüdür. 25 il öncə məhz bu gün Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunmuşdur. Bu mühüm tarixi sənədlə Azərbaycan uzun əsrlər boyu uğrunda çalışdığı azadlığına qovuşmuşdur. Ancaq azadlığa aparan yol heç də asan olmamışdır. Azərbaycan xalqı azadlıq arzusuna qovuşmaq üçün meydan hərəkatına başlamış, bu qəhrəmanlıq yolunda 20 Yanvar kimi qanlı faciə ilə qarşılaşsa da, qurbanlar bahasına başa gəmiş istiqlal mübarizəsinin sonunda müstəqilliyini elan etməyə müyəssər olmuşdur.

Lakin dövlət müstəqilliyinin ilk illərində Azərbaycan xalqı yeni təhlükələrlə üzləşdi. Güclü liderin olmaması ölkəni uçuruma sürükləyir, müstəqilliyin yaratdığı imkanları dəyərləndirmək əvəzinə ölkədə vətəndaş qarşıdurması güclənirdi. Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda bununla bağlı belə demişdir: “Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə deyildi. Əgər olsaydı, biz böyük itkilərlə üzləşməzdik. Müstəqilliyimizin birinci dövrü faciəvi dövr idi”. 1991-1993-cü illərdə Azərbaycanın çox böyük problemlərlə, itkilərlə üzləşdiyini vurğulayan dövlət başçısı əlavə etmişdir ki, 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan dövr Azərbaycan üçün itirilmiş imkanlar, itkilər dövrü idi. Ermənistanın Azərbaycana qarşı təcavüzə başladığını, azərbaycanlıların Dağlıq Qarabağdan qovulduğunu xatırladan Prezident İlham Əliyev çıxışında 1992-ci ilin may ayında Şuşanın və Laçın rayonunun işğal altına düşməsini “böyük itki və böyük faciə” adlandırmışdır.

1991-ci ildən etibarən müstəqilliyinin bərpasının ilk illərində Azərbaycan üzləşdiyi dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə üz-üzə qalmışdı. Bir tərəfdən, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış birinci Qarabağ müharibəsi, digər tərəfdən, dövlət rəhbərliyində təmsil olunan şəxslərin yürütdükləri yarıtmaz siyasət və bunun nəticəsində də daxildə baş qaldırmış çəkişmələr dövlət müstəqilliyimizi təhlükə ilə üzləşdirmişdi. Ölkə başçısının sözlərinə görə, həmin illərdə dövlətçiliyin əsasları qorunmamış, ekstremist elementlərə qarşı ciddi mübarizə aparılmamış, nizami ordu yaradılmamış və cəmiyyətdə milli həmrəylik, milli birlik yox idi.

“Bütün bu amillərdən, xüsusilə Şuşanın və Laçın rayonunun işğal altına düşməsindən istifadə edərək, – halbuki bu rayonların işğal altına düşməsində bilavasitə AXC-Müsavat qruplaşmasının rolu vardı, – bu qruplaşma hakimiyyəti qanunsuz olaraq zəbt etmişdi və birinci dövrün ikinci dəhşətli mərhələsi başlamışdı”,– deyən Prezident İlham Əliyev xüsusilə vurğulamışdır ki, 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü idi.

Ümumiyyətlə, 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda formalaşdırdığı milli oyanışın, azadlıq sevgisinin bəhrəsi idi. Ulu öndər Heydər Əliyev bununla bağlı belə demişdir: “Azərbaycanın müstəqil bir dövlət olması dünyada, xüsusən o vaxtlar Sovetlər İttifaqında gedən tarixi, ictimai-siyasi, obyektiv proseslərin məntiqi nəticəsidir”.

1991-ci il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olunmuşdu. Bununla da, Azərbaycan müstəqilliyinin bərpasını, demokratik və dünyəvi dövlət kimi yenidən mövcudluğunu beynəlxalq ictimaiyyətə elan etdi. İlk olaraq müstəqilliyimizi 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və digər dövlətlər tanımağa başladılar. 1992-ci il martın 2-dən Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunması ilə Azərbaycanın beynəlxalq aləmdə sürətlə tanınmasına start verilmişdir. Müstəqilliyimizin elan olunmasından ötən müddətdə Azərbaycan ictimai-siyasi, sosial-iqtisadi, eləcə də mədəni və humanitar sahələrdə ciddi irəliləyişə nail olmağı bacarmışdır. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir.

Əlbəttə ki, tarix müstəqilliyini yeni qazanmış ölkələrin böyük təhlükələrlə üzləşməsi faktları ilə zəngindir. Azərbaycanda da eyni vəziyyət yaranmışdı. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkənin ictimai-siyasi həyatında xaos və hərc-mərcliyin baş qaldırması orduda da vəziyyətə mənfi təsir göstərirdi. Erməni təcavüzünün gündən-günə güclənməsi fonunda Azərbaycanda hakimiyyət boşluğunun dərinləşməsi gənc respublikanı fəlakətin astanasına yaxınlaşdırmışdı. Ayrı-ayrı qruplaşmalar arasında aparılan hakimiyyət mübarizəsi 1993-cü ilin yayında Azərbaycanı vətəndaş müharibəsi ilə təhlükəsilə üz-üzə qoymuşdu. Prezident İlham Əliyev çıxışında həmin illərə belə qiymət vermişdir: “O vaxtkı hakimiyyət ancaq öz maraqlarını təmin etmək üçün çalışırdı. O vaxt korrupsiya, rüşvətxorluq son həddə çatmışdı. Ölkəmizdə qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakının küçələrində əlisilahlı adamlar dəstə-dəstə gəzirdi, insanları incidirdi”.

Ermənistan ilə qanlı döyüşlərin getməsinə baxmayaraq, AXC-Müsavat qruplaşmasının Azərbaycanda öz hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsinə başladığını xatırladan dövlət başçısı əlavə etmişdir ki, Gəncə şəhəri onlar tərəfindən bombalanmış, qardaş qanı axıdılmışdı və bunun nəticəsində Azərbaycan daha da böyük itkilərlə üzləşdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyillərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu”.

ABŞ-ın keçmiş prezidenti Franklin Ruzvelt deyirdi ki, həqiqi şəxsi azadlıq iqtisadi təhlükəsizlik və müstəqillik olmadan mümkün deyil. Həqiqətən də, Azərbaycan hakimiyyəti müstəqiliyini qazansa da, vətəndaşlarının iqtisadi azadlığını və təhlükəsizliyini gücləndirmək üçün çox işlər görməli idi. Ümummillli lider Heydər Əliyev bununla bağlı belə deyirdi: “Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir”.

Dövlət başçısı ulu öndərin hakimiyyətə gəlməyəcəyi təqdirdə Azərbaycanın qarşılaşa biləcəyi təhlükəni belə xarakterizə etmişdir: “Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi. Onu da qeyd etməliyəm ki, Heydər Əliyevi Naxçıvanda devirmək, o cümlədən silahlı desant göndərmək istəyən AXC-Müsavat qruplaşması özü də ağır vəziyyətə düşəndən sonra Heydər Əliyevə müraciət etdi, onu Bakıya dəvət etdi ki, onların canlarını qurtarsın”.

Ulu öndərin yenidən hakimiyyətə qayıtması ilə yeni iqtisadi yüksəliş başlandı. Müstəqil və güclü iqtisadi siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etdi. Sosial siyasətin dayanıqlı olması, ölkənin iqtisadi bazisinə əsaslanması, mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi bazaya söykənməsi ölkə iqtisadiyyatının tənəzzüldən çıxmasına təkan verməklə yanaşı, hər bir azərbaycanlının rifah halının yaxşılaşmasına şərait yaratmışdır.

Hazırda Azərbaycanda müxtəlif yönümlü siyasi partiyalar, ictimai təşkilatlar və çoxsaylı mətbu orqanları fəaliyyət göstərir. Vicdan və söz azadlığı, vətəndaşların əsas hüquq və azadlıqları yüksək səviyyədə təmin edilir. Müstəqil seçki və hüquq-məhkəmə sistemi mövcuddur və bütün bu sahələrdə əldə edilmiş nailiyyətləri Azərbaycanda təşəkkül tapmış demokratik atmosferin əsas göstəriciləri kimi qeyd etmək olar. Ölkə uğurlarının da davamlı inkişafın təmin olunmasında böyük əhəmiyyəti var.

Bundan başqa, dövlət neft strategiyasının uğurla həyata keçirilməsi, ümumilikdə, iqtisadi-sosial sahələrdə aparılan köklü islahatlar Azərbaycanı gücləndirdi, hər bir vətəndaşının sosial həyatına müsbət təsir göstərdi. İnkişaf etməkdə olan ölkələrin keçdiyi yolu uğurla başa vuran Azərbaycan hazırda davamlı iqtisadi inkişaf mərhələsinə qədəm qoymuş, güclü infrastruktur yaradılmış və xarici investisiyaların cəlbedici məkanına çevrilmişdir. Azərbaycan ötən 25 il ərzində möhtəşəm inkişaf yolu keçməklə beynəlxalq arenada da mövqelərini gücləndirməyə nail olmuşdur. Nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, bir çox geosiyasi əhəmiyyətli enerj-nəqliyyat dəhlizlərinin formalaşdırılmasında iştirakı Azərbaycanın potensialını daha artırmışdır. Hazırda ölkəmiz neft strategiyasının məhsulu olan “qara qızıl”ı insan kapitalına çevirmək yolu ilə uğurla addımlayır. Azərbaycan orbitə öz peykini buraxmaqla kosmik dövlətə çevrilmişdir.

Bu gün Azərbaycanın ən böyük problemi Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Təəssüf ki, postsovet məkanının ən köhnə münaqişəsi həll olunmamış qalır. Beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələr, beynəlxalq hüququn norma və prinsipləri Azərbaycanin ərazi bütövlüyünün bərpasını tələb edir. Ancaq bu gün beynəlxalq hüquq normaları yerinə yetirilmir. Ulu öndərin dediyi kimi, “İndi müstəqil Azərbaycan dövlətinin qarşısında duran ən böyük vəzifələrdən biri respublikanın pozulmuş ərazi bütövlüyünü bərpa etməkdir”.

Əlbəttə, həqiqət gec-tez öz yerini tapacaq, Azərbaycan torpaqları erməni işğalından azad olacaq. Xalq öz dövlətinə, öz Prezidentinə inanır. Ümummilli lider Heydər Əliyev də Azərbaycan vətəndaşlarının birlikdə bu çətinliklərin öhdəsindən gələcəyinə inandığını açıqlamış və heç bir qüvvənin Azərbaycanın dövlətçiliyini məhv edə bilməyəcəyinə əmin olduğunu bildirmişdi. Dövlət başçımızın dediyi kimi, “Biz gücümüzü bilirik, gücümüzə əminik və düşmənin istənilən hədəfini məhv edə bilərik. Sadəcə olaraq, çalışırıq ki, məsələ sülh yolu ilə həll edilsin”. Buna görə də, Prezident İlham Əliyevin yürütdüyü praqmatik xarici və daxili siyasətin dövlət müstəqilliyimizin daha da güclənməsinə və Azərbaycanın dünyanın aparıcı ölkələri arasında özünəməxsus yer tutmasına şərait yaratması günümüzün reallığıdır.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında