Dövlətin gənclər siyasəti yeni nəslin həyatda fəal mövqeyini təmin edir

Müstəqillik illərində doğulub-böyümüş, milli dövlətçilik ideyaları ilə tərbiyələnmiş yeni nəsil orta və ali təhsilini bitirib quruculuq prosesinə qoşulmaq, orduda Vətənə xidmət borcunu yerinə yetirmək, idarəetmə orqanlarına seçib-seçilmək yaşlarındadır.

Gənclər xalqa öz ölkəsinə sahiblik haqqı gətirmiş, cəmiyyəti həqiqi insan hüquq və azadlıqlarına qovuşdurmuş suverenliyimizin verdiyi imkanlardan, yaratdığı şəraitdən qədərincə bəhrələnməyə çalışırlar. Bütün bunlara görə onlar dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü   böyük ruh yüksəkliyi və qədirbilənliklə qeyd edir, əməli töhfələrlə qarşılayırlar.

Artıq Azərbaycan dövlətinin sahibi gəncliyi suverenlik illərinə düşən nəsillərdir. Müstəqil ölkənin ötən illərdəki sabit və davamlı inkişafında, habelə əldə etdiyi möhtəşəm nailiyyətlərdə həmin gənclərin də rolu və payı samballı olmuşdur. Ötən əsrin sonlarına doğru torpaqlarımızın bütövlüyünün qorunması, milli azadlıq və müstəqilliyin bərpası hərəkatında canı-qanı ilə iştirak edən, sonrakı mərhələdə dövlətçiliyin möhkəmləndirilməsi prosesində öncüllüyü ilə seçilən Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində daim fəal mövqe tutmuş, cəmiyyət üçün son dərəcə faydalı təşəbbüslərlə çıxış etmişdir. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev də müstəqillik dövrünün ilk nəsil gəncliyinin yetirməsi kimi ölkənin ali kürsüsünə yüksəlmişdir.

Gənclərin hərtərəfli inkişafı müasir Azərbaycanın sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədə olub, onun qlobal rəqabətə davamlılığının və milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Yeni nəslin inkişafının önəmli vasitəsi gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin gerçəkləşdirilməsi üçün hazırlanmış, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq icra qurumları tərəfindən mərhələlərlə həyata keçirilmişdir. Ölkə iqtidarı gənclərin dövlət idarəçiliyində və ümumən cəmiyyət həyatında layiqli təmsilçiliyinə maksimum dərəcədə imkan yaratmış, onlara malik olduqları istedad və qabiliyyət müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış etmişdir.

2016-cı il yanvarın 29-da Azərbaycan Gənclərinin I Forumunun 20 illiyi münasibətilə gənclərin bir qrupunu qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə 20 ildən artıq müddətdə həyata keçirilən gənclər siyasətinin uğurlarından söz açmış, eyni zamanda, həllini gözləyən nöqsanları önə çəkmişdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə hələ 20 il əvvəl Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi ölkəmizin müasir tarixində son dərəcə əlamətdar hadisələrdən biri kimi xatırlanır: "1996-cı il fevralın 2-də Prezident Heydər Əliyevin təşəbbüsü ilə I Gənclər Forumu keçirilmişdir. Doğrudan da, çox əlamətdar hadisə idi. Məhz o vaxt Azərbaycanın gənclər siyasətinin əsas istiqamətləri müəyyən olundu".

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkədə hakimiyyətə qayıdışından sonra Azərbaycan xaos və anarxiya girbadından çıxmış, gənc nəslin sosial-mənəvi tərəqqisi, habelə idmanın, Olimpiya hərəkatının genişləndirilməsi məsələləri dövlət siyasətinin mühüm yönlərindən birinə çevrilmişdir. Xalqın gələcəyi naminə gəncliyin mütəşəkkil və yetkin qüvvə kimi formalaşmasına, milli problemlər ətrafında səfərbər olunmasına daim xüsusi diqqət göstərən Heydər Əliyevin 1993-cü ilin 22 sentyabrında gənclərlə görüşməsi ulu öndərin  yeni nəslin cəmiyyət həyatındakı roluna verdiyi böyük önəmin, onun gəncliyə böyük rəğbət və qayğısının göstəricisi olmuşdur.

 Azərbaycan gəncliyinin yenidən təşkilatlanması, ölkədə gənclər hərəkatının, yeni nəslin əzm və enerjisinin vahid mərkəzdən idarə olunması məqsədilə ölkə rəhbəri Heydər Əliyev 1994-cü ilin 26 iyulunda Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzalamışdır. Ulu öndərin 2 fevral 1997-ci il tarixli sərəncamına əsasən, fevral ayının 2-si Azərbaycan Gəncləri Günü elan edilmişdir. Ümummilli lider sonrakı mərhələdə gənclərlə bağlı dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılmasını da təmin etmişdir. 1996--2002-ci illərdə qəbul olunmuş “Bədən tərbiyəsi də idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamlar, habelə “Gənc ailə”, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” dövlət proqramları bu baxımdan xüsusi vurğulanmalıdır.

Xalqının əzəli haqlarına və köklü mənafeyinə əsaslanan bu siyasəti 2003-cü ilin oktyabrında xalqın səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilmiş, sonrakı iki seçkidə də bu böyük etimadı yenidən qazanmış cənab İlham Əliyev layiqincə davam etdirir. Ölkə başçısı gənclərin potensialından xalqın mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 30 avqust 2005-ci il tarixdə “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsbiq edilməsi haqqında” sərəncam imzalamışdır. Yeniyetmə və gənclərin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin daha da gücləndirilməsi, gənclərin məşğulluğunun təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinə kömək göstərilməsi, sosial problemlərinin həlli, o cümlədən yaradıcı və istedadlı gənclərə, yeni ailələrə dövlət qayğısının artırılması, onların mənzil şəraitinin yaxşılaşdırılması, gənclərin dövlət quruculuğu işlərinə geniş cəlb olunması və bu kimi məsələlər həmin proqramda geniş əksini tapmışdır.

Azərbaycanda gənclər siyasətinin daha dolğun və hərtərəfli təşkili üçün Prezident İlham Əliyev 2006-cı il yanvarın 30-da Gənclər və İdman Nazirliyinin yaradılması haqqında sərəncam imzalamışdır. Bundan başqa, dövlət başçısının təşəbbüsü ilə gənc ailələrin mənzil probleminin həlli üçün ipoteka kreditlərinin verilməsinə başlanılmışdır. Bununla da gənclərin əlverişli şərtlərlə mənzil sahibi olması yönündə ciddi addım atılmışdır.

Hazırda Azərbaycanın təhsil sisteminin əsas vəzifələrindən biri də hərtərəfli biliyə, bacarığa, məsuliyyət hissinə, geniş dünyagörüşünə malik şəxsiyyət formalaşdırmaqla yanaşı, xalqın milli, əxlaqi, humanist, mədəni dəyərlərinə yiyələnən, millətini, Vətənini sevən, qoruyan, şərəfini uca tutan sağlam nəsil yetişdirməkdir. Dövlət başçısı İlham Əliyev gənclərlə görüşündə bununla bağlı demişdir: "Yadımdadır, Moskvada oxuyanda Novruz bayramında bufetə şəkərbura, paxlava, səməni gətirəndə məni orada tənqid edir, tənbeh edirdilər ki, Əliyev burada dini bayramı qeyd edir. Yəni, o da olub. Amma qorumuşuq və müdafiə etmişik. Baxmayaraq ki, Novruz bayramı dini bayram deyil, indiki şəraitdə, əlbəttə, biz onu qorumalıyıq...Gənclər milli ruhda böyüyəndə əlbəttə ki, xarici təsirin heç bir əhəmiyyəti olmayacaq. Ona görə vətənpərvərliyi, milli dəyərləri, ənənələri qorumalıyıq və biz qoruyuruq".

Vətən eşqi ilə yaşayan, yüksək sivilizasiyalı cəmiyyət qurmağa qadir olan insan isə məktəbdə yetişərək müstəqil həyata atılır. Son illərdə respublikanın bütün bölgələrində inşa olunan yeni məktəblər, mədəniyyət müəssisələri, möhtəşəm olimpiya-idman kompleksləri gənclərin məhz belə bir ovqatda köklənməsinə hesablanmışdır.

Gənc nəslə qayğı siyasətini davam etdirən dövlət başçısı İlham Əliyevin 2011-ci il 6 aprel tarixli "Azərbaycan gəncliyi 2011--2015-ci illərdə Dövlət Proqramı haqqında” sərəncamının da xüsusi əhəmiyyəti olmuşdur. Bu sənəd əsasında hazırlanaraq təsdiqlənmiş dövlət proqramı isə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi daşımışdır.

Ölkədə şəffaflıq və demokratikləşmə istiqamətində həyata keçirilən islahatlar gənclərin dövlət quruculuğunda və idarəçiliyində təmsilçiliyinə də yaxşı imkanlar açmışdır. Eyni zamanda, son illər Azərbaycanın iştirakçısı olduğu Bakı-Tbilisi-Ceyhan, TAP, TANAP və s. kimi beynəlxalq enerji layihələrinin icrasında gənclərin yaxından iştirakı təmin olunmuşdur.

Xüsusi vurğulamaq lazımdır ki, ölkədə gənclər siyasətinin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir. Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən səmərəli layihələr gənclərin mənəvi-intellektual və yaradıcı potensialının möhkəmləndirilməsinə xidmət edir. Moskva şəhərində təhsil alan azərbaycanlı tələbə olaraq qürurla deyə bilərəm ki, fondun Rusiya paytaxtındakı fəaliyyəti bu baxımdan daha qabarıq hiss olunur.

 Azərbaycanın müasir gəncliyinin ən layiqli, vətənpərvər və öncül təmsilçisi kimi bu missiyanı uğurla həyata keçirən Leyla xanım Əliyeva fondun Moskva filialına yüksək səviyyədə rəhbərlik edir, dəyərli vaxtını, enerjisini məhz Azərbaycanın dünya miqyasında tanınmasına, üzləşdiyi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına çalışır. O, Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının təbliği, diaspor hərəkatının genişləndirilməsi istiqamətində bütün zəruri tədbirləri həyata keçirir. İslam Konfransı Təşkilatının gənclər forumu ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyasına start verilməsi də fondun Moskva filialının fəaliyyəti ilə bağlıdır.

Fondun Moskva nümayəndəliyinin Rusiya ilə Azərbaycan arasında mədəni dialoqunun genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər də bu baxımdan təqdirəlayiqdir. Qısa müddətdə Leyla xanım Əliyeva Rusiyanın mədəni ictimaiyyəti ilə müxtəlif səviyyəli görüşlər keçirmiş, Azərbaycanın zəngin mədəniyyətinin təbliği istiqamətində addımlar atmışdır. 2007-ci ilin dekabrında Leyla Əliyevanın baş redaktorluğu ilə nəşrə başlayan “Bakı” jurnalı da Azərbaycanın və onun paytaxtının təbliği baxımından xüsusi əhəmiyyətə malikdir. Rusiya oxucuları bu nəşr vasitəsilə respublikamız barədə daha dolğun məlumatları əldə edə bilirlər.

Ümumiyyətlə, bu gün ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət nəticəsində gənclər  demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahəsində böyük inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar. Prezident İlham Əliyev qloballaşma əsrində dünya elminə, təhsilinə inteqrasiyanı vacib sayaraq azərbaycanlı gənclərin xaricdə təhsil almasına ciddi əhəmiyyət verir. Xüsusi proqram əsasında 2007--2015-ci illərdə 5 min gəncin xarici ölkələrdə ali təhsil almağa göndərilməsi bunun əyani sübutu olmuşdur. Bunda məqsəd, şübhəsiz, yeni düşüncəli, yaradıcı ruhlu gənclik yetişdirmək, dövlət idarəçiliyini yüksək ixtisaslı kadrlarla təmin etməkdir.

Dövlətin yaradıcı gənclərə dövlət qayğısının artırılması sahəsində fəaliyyəti elm, təhsil, mədəniyyət, incəsənət, xalq yaradıcılığı sahələrini əhatə etmiş, istedadlı gənclərin aşkarlanmasına və onların fərdi işinin qorunmasına yönəlmişdir. Bu məqsədlə mütəmadi olaraq müvafiq dövlət orqanları və yaradıcılıq ittifaqları ilə birlikdə gənclər arasında müsabiqələr, olimpiadalar, bilik yarışları, elmi-əyləncəli oyunlar, konsert və festivallar keçirilmişdir.

Müstəqilliyinin 25-ci ildönümü tamam olan Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. 2016-cı ilin 26 sentyabrında keçirilmiş ümumxalq referendumunun nəticəsi olaraq Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər gənclərin seçkili orqanlarda iştirak imkanlarını genişləndirmiş, respublikamızda növbəti islahatların gerçəkləşdirilməsində onların rolunu artırmışdır.

 Şübhəsiz, milli-mənəvi sərvətlərimizi, adət-ənənələrimizi qoruyub yaşadan, ümumbəşəri dəyərlərə sadiq və dünyanın qabaqcıl nailiyyətlərinə yiyələnməyə qadir olan Azərbaycan gəncliyi ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, iqtisadiyyatın, elmin, təhsilin və mədəniyyətin inkişafı naminə bundan sonra da var qüvvəsini səfərbər edəcəkdir.

Şahsultan HƏSƏNOV,
Rusiya Federasiyasının Prezidenti yanında
İdarəçilik və Dövlət Qulluğu Akademiyasının magistri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında