Müstəqil dövlətçilik fəlsəfəsi

Dövlət müstəqilliyimizin bərpası – 25

Azərbaycan Prezidenti, möhtərəm İlham Əliyev Nazirlər Kabinetinin  2016-cı ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib:  “ Biz 25 ildir ki, müstəqil yaşayan ləyaqətli ölkəyik”. Əslində, Prezidentimizin bu sözlərində həm  dərin məna var, həm də   müstəqil dövlətimizin dərin, çoxmənalı fəlsəfəsi öz əksini tapıb. Düzdür, bu gün dünyada  təxminən 200  müstəqil dövlət vardır, lakin, əlbəttə, heç də onların hamısı müstəqillik fəlsəfəsinə malik deyil. Çoxu yalnız başqa dövlətlərin təsiri altındadır.

Biz ancaq onu vurğulamaq istərdik ki, Azərbaycan Prezidenti zəmanəmizin yeni çağırışını dəqiq ifadə etdi:  böhranlar, münaqişələr və böyük güclü dövlətlərin  ikili standartları şəraitində yalnız o dövlət  müstəqil  olacaq ki,  onun öz ləyaqət fəlsəfəsi  olsun. Onu da qeyd edək ki, bu keyfiyyəti azərbaycanlılar tarixən həmişə yüksək qiymətləndiriblər. Buradan filosofların, dövlət fəlsəfəsi üzrə mütəxəssislərin, sosial fənlər üzrə alimlərin qarşısında  müstəqil dövlət fəlsəfəsinin aktuallığı barədə, müasir dövrdə müstəqillik  və ləyaqət haqqında,  dövləti cansız mexanizm kimi qəbul edərkən tərəqqi etməyin mümkün olmadığı barədə düşünmək vəzifəsi   irəli gəlir.

Əlbəttə, müstəqillik  mürəkkəb, çoxtərkibli  anlayışdır, onu yalnız milli-azadlıq hərəkatı və azadlığın əldə olunması ilə məhdudlaşdırmaq olmaz. Öz tale və həyatını Vətənin azadlığı uğrunda qurban vermiş bir çox azərbaycanlı nəsillərin  qarşısında biz baş əyməliyik. Fəqət,  bu gün formal  cəhətdən müstəqil, lakin, əslində, müstəqillikdən məhrum olan bir sıra dövlətlər vardır. Prezidentimiz bizi dövlətimizin ləyaqətini qoruyub saxlamağa çağırır, bu isə sadə çağırış, vəzifə deyil  və  bizim hamımızdan məsuliyyət və müəyyən etika, ola bilər, davranış standartlarını seçməyi tələb edir.

Elm aləmində bu məsələlərə həsr olunmuş işlər azdır. Yəqin  həm də ona  görə ki, böyük dövlətlər yerdə qalanları  onların geosiyasi məqsəd və planlarının həyata keçirilməsinə, onları qane edən dünya  nizamını yaratmağa  mane olmamasını  istərdi. Lakin problem getdikcə aktuallaşır. Və o, dövlətlərin müasir qarşılıqlı asılılığı, inteqrasiya axınları şəraitində dövlətimizin əsl müstəqilliyini tam reallaşdırmağa yol verən dünya nizamının bərqərar edilməsi üçün şərait, qüvvə, imkan tapmaqdan ibarətdir. Bunun üçün  iqtisadi qərarlar qəbul etmək,  siyasi sistemi islah etmək, cəmiyyətin mədəni və maarif potensialını artırmaq, texnologiyaları inkişaf etdirmək, dövlətin ərazi toxunulmazlığının qorunub saxlanılmasını, yuxarıda göstərilən məqsədlərə nail olmaq üçün tərəfdaş dost dövlətlərin sayının artırılmasını təmin edən xarici siyasət həyata keçirilməlidir. Dövlətimizin kompleks şəkildə tətbiq etdiyi  bu  tədbirlər öz mənafeyini, dəyərlərini, hüquqlarını qorumağa imkan verir ki, elə məhz bu da   ləyaqətli müstəqillik deməkdir.

Aydındır ki, bu məsələlər qlobal, böyük dövlətləri az maraqlandırır, lakin qalan dövlətlər həmin anlayışlara məna verən siyasət aparmasa,  nəhəng  dövlətlərin pressinqinə tab gətirməyəcək. Müasir Avropa İttifaqının  təcrübəsi  inteqrasiya edənlər üçün də, inteqrasiya axınlarından müəyyən məsafədə duranlar üçün də müstəqilliyin zəruri olduğunu aydın şəkildə göstərir Əlbəttə, bu, başqalarına qarşı avtarkiya siyasətini (tam müstəqilliyi nəzərdə tutan qapalı iqtisadiyyat) aparmağın lazım olduğu  demək deyil, bu, dövlətin başqaları illə öz dəyər  və maraqlarına  hörmətlə yanaşaraq  münasibətlərdə olması  deməkdir.

Siyasət aləmi çoxçeşıdlı, dəyişkəndir, siyasi arenada müxtəlif dövlətlər də mövcuddur. Müstəqillik uğrunda mübarizənin mənası bu özünəməxsusluğun qorunub saxlanmasından ibarətdir. Kimsə keçən əsrin 80-ci illərinin axırlarında hesab edə bilərdi ki, dövlət yalnız mexanizmdir, lakin indi aydındır ki, dövlət mexanizm deyil, daha mürəkkəb bir fenomendir. Bunu öz dövlətçiliyini itirənlərin, qaçqın və miqrant olanların taleyi göstərir. Bu halda dövlətin ləyaqəti  başqa dövlətlərə, onların  maraq  və dəyərlərinə tam hörmətlə yanaşaraq,  onlarla rəqabətə  özünün dözə bilməsini reallaşdırmaq  məqsədi ilə  müstəqilliyi bütün  birliyin inkişafı üçün tətbiq etməkdən ibarətdir. 

Söhbət müstəqillik haqqında gedərkən, onun  hansı rakursda nəzərdən keçirildiyi haqqında  konkret, əsaslandırılmış təsəvvürə malik olmaq lazımdır. Aydındır ki, onun xarici və daxili  aspektləri vardır, lakin o da aydındır ki, bu aspektlər  bir-birindən qarşılıqlı surətdə asılıdır. Bu asılılıq həm siyasətdə, həm iqtisadiyyatda, həm də mədəniyyətdə  özünü göstərir. Əgər ölkədə, bizim Azərbaycanda olduğu kimi, insanlar arasında sülh və sabitlik üstünlük təşkil edirsə, onda bu cür dövlət xarici siyasətində sülhsevərlik,  başqa ölkələrlə əməkdaşlığa meyil və s. nümayiş etdirəcək. Lakin bu cür  sabitlik  dövlət üçün müdafiə və təhlükəsizliyin müxtəlif forma və vasitələrinin zəruri olduğunu da nəzərdə tutur. Məsələnin belə qoyuluşu da, əlbəttə, müstəqillik fəlsəfəsi ilə bağlıdır. Məhz o, problemi bütövlükdə, kompleks şəkildə əhatə edir, onu müxtəlif tərəflərdən, həm  qarşılıqlı əlaqələr, həm də  qarşılıqlı təsirlər baxımından  nəzərdən keçirir. Belə yanaşma bizi  dövlət müstəqilliyi  nəzəriyyəsinin siyasi, hüquqi, psixoloji, sosioloji, antropoloji və digər aspektlərinin bir-birindən fərqləndiyinin dərk olunmasına gətirib çıxarır.

Ölkə müstəqillik əldə edən kimi,  bir çox problemlərlə üzləşir və biz bununla artıq tanışıq. Kimləri isə seçməkdə yanılmaq, təbii ehtiyatlara arxayın olmaq,  yalnız keçmişdəki nailiyyətlərlə  fəxr etmək  və  s. bu kimi hallar  ola bilər. Amma  əgər müstəqillik qazanılana qədər o, bir arzu, xəyal idisə, ona nail olandan sonra gündəlik, çox zəhmət və səbr tələb edən, daha  doğrusu,  çox məsuliyyətli iş başlayır  və o, azadlıq və müstəqillik əldə etməkdən  heç də asan iş deyil. Bu iş, yaxud belə deyək, çoxsaylı problemlərin həlli – iqtisadiyyat və təsərrüfatların yaradılması, hüquqi dövlətin qurulması  və cəmiyyətin  hüquq sisteminin   formalaşdırılması, Konstitusiyanın qəbul edilməsi, təhsil, mədəniyyət və elm sistemlərinin təşkil edilməsi  və bir sıra digər işlər – bütün bunlar aysberqin yalnız görünən hissəsidir. Bu işlər səriştəli, müdrik, qətiyyətli liderin olmasını tələb edir. Və etiraf etmək lazımdır: Azərbaycanın bəxti gətirib ki, o, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müstəqilliyi əldə edib,  ilk addımlarını atıb, bugünkü və gələcək addımlarını  isə  İlham Əliyevin rəhbərliyi ilə atır və atacaq.

Azərbaycanın dövlət müstəqilliyinin  25-ci ildönümü  tamam olur. Bu, həm azdır, həm də çox. Tarix miqyasında bu, bir andır, bir ləhzədir. Lakin  bu müddət ərzində ölkədə çox iş görülüb. Ümummilli liderimizin dövründə "Əsrin müqaviləsi" imzalandı, o, nəinki böyük neft verdi, həm də əsl müstəqilliyə yol açdı, alternativlər yaratdı. Konstitusiya qəbul edldi. İndi biz dəqiqləşdirə, konkretləşdirə bilərik, amma  bütün dövlətimizin hüquqi bünövrəsi 1995-ci ildə qoyulub. Ümummilli liderimizin dövründə çoxvektorlu xarici siyasətin strategiyası və əsasları, inkişaf strategiyası və ölkədə multikultural sülh kimi başa düşülən azərbaycançılıq ideologiyasının təməli yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, bir çox cəhətdən gələcəyi görən siyasəti bu nailiyyətlərin bu günün tələblərinə uyğun olaraq daha da inkişaf etdirilməsi ilə nəticələndi. Burada varislik və yenilik, müasir dövrün yeni çağırışlarının  nəzərə alınması  dialektik şəkildə  birləşdirilmişdir.

Bizim dövlət və cəmiyyətin həyat fəaliyyətinin bütün sahələrində ciddi nailiyyətlərimiz var. Belə ki, az qala sıfırdan başlayaraq  böyük perspektivləri olan iqtisadiyyat yaradılıb. Biz dünyanın bütün inkişaf reytinqlərində MDB ölkələri arasında liderik. Hətta böhran dövründə belə, energetika ilə bağlı inkişaf paradiqmasından  qeyri-neft  paradiqmasına keçmək lazım olan zaman, biz  və  bütün dünya  ölkənin iqtisadi əsaslarının sabit olduğuna əminik. Və burada marksizmin  ardınca vurğulamaq istərdik ki, ən başlıcası iqtisadiyyatdır.  Bəli, o, vacibdir, amma təkcə, o, yox. İnnovasiyalar, kreativ, yaradıcı şüur, informasiya texnologiyaları vacibdir, amma təkcə bunlar da yox. Və məsələ təkcə Dağlıq Qarabağ münaqişəsi, işğalçı qonşu və onu müdafiə edən dövlətlər, beynəlxalq təşkilatlar  tərəfindən törədilən təhlükələrdə  deyil.

Tarix və müasir dövrdə baş vermiş bir çox hadisələr  ordunun dövlətin müstəqilliyi üçün əhəmiyyətinin böyük olduğunu sübut edir. Və Azərbaycanın güclü, yaxşı silahlanmış və  aprel döyüşlərində şərəflə sınaqdan  çıxmış  ordusu var. Bütün uğurlarına baxmayaraq, ordu inkişaf  etməyə, möhkəmləndirilməyə və yenidən silahlanmağa hazır olmalıdır. Bu isə təkcə  iqtisadiyatdan deyil, bir çox başqa parametrlərdən  də asılıdır. Böyük dövlətlərin maraqlarının toqquşduğu qeyri-sabit regionda yerləşən kiçik bir dövlət üçün  onun Baş Komandanının istedadı, idarəçilik dühası, güclü ideologiya,  hakimiyyətlə cəmiyyət arasında birlik, nüfuzlu xarici siyasət  və ümumiyyətlə, dövlətin dünyada  hörməti, ləyaqəti  çox böyük əhəmiyyət kəsb edir. Amma biz də olduqca çox  səy göstərməliyik ki, dövlətimizdə hər şey alınsın,  bərqərar olsun.

Burada  vurğulamaq lazımdır ki, Azərbaycan hakimiyyət və cəmiyyəti birləşdirən, milli dəyərlərin inkişafına xidmət edən, birlik və vətənpərvərlik üçün bizdə məsuliyyət yaradan güclü ideologiyaya malikdir. Onun mərkəzində ümummilli lider Heydər Əliyevin mənəvi irsi yerləşir. Bəs bizim üçün bu irsdə həlledici nədir? İlk növbədə, Azərbaycanın müstəqilliyi  ölkənin bütün vətəndaşları üçün başlıca dəyərdir. Həm də ona görə belədir  ki, bu, ümummilli lider üçün başlıca dəyər idi.  Bunu təkcə biz özümüz yox, həm də dünyanın keçmiş və müasir siyasi liderləri etiraf edirlər.

Corc Buş Heydər Əliyevin  Azərbaycanın müstəqilliyinin qorunmasına şəxsi töhfəsini, onun Cənubi Qafqaz ərazisində uzun müddət ərzində ən nüfuzlu şəxsiyyət olduğunu vurğulayırdı. Onun avtoritetini öz prezidentliyi dövründə  Bill Klinton etiraf edirdi. Vladimir Putin onu  dünyada  hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi adlandırırdı. Rusiya Prezidentinin  fikrincə, Heydər Əliyev Rusiya və Azərbaycan arasında strateji əməkdaşlığın əsasını qoymuşdur. Rusiya Prezidenti Heydər Əliyevin strateji əməkdaşlığın əsasını qoymuş olduğunu vurğulayırsa, bu, çox böyük əhəmiyyət kəsb edir. Axı müstəqillik bir çox hallarda bu əməkdaşlıqdan asılıdır.

Ümummilli lider Heydər Əliyevin mənəvi irsi bir çox tanınmış alim və mütəfəkkirlər tərəfindən  öyrənilir. Bizim məsələnin kontekstində mühüm olanı təkcə onun irsinin hüquqi Azərbaycan dövləti  və  demokratiyanın, çoxvektorlu xarici siyasətin, güclü sosial siyasətin inkişafını müəyyən etməsi  deyil, həm də,  hər şeydən əvvəl,  ölkə ideologiyasında mühüm yeri maarifləndirilmiş vətənpərvərliyin, humanizm və mənəvi amillərin, tolerantlıq prinsipinin etirafının tutmasıdır. Yaxın kemişdə  bu amillərin əhəmiyyətini, vacibliyini heç də hamı etiraf etmirdi. Lakin Heydər Əliyev əvvəlcədən yaxın gələcəyin necə olacağını görürdü. ХХ  əsrin 90-cı illərinin sonunda, ХХI əsrin əvvəllərində dünyanın ictimai şüurunda F. Fukuyamanın ideologiyaların və tarixin sonu haqqında, S. Hantinqtonun  sivilizasiyaların toqquşması barəsindəki əsərləri hökm sürürdü. Və etiraf etmək lazımdır ki, bu alimlərin yazdıqlarından bir çox şey, hərçənd, bu, dünya üçün xeyirli olmasa da,  reallaşdı. Məhz buna görə də bizim  dövrümüzdə mənəvi və humanitar amillərin əhəmiyyəti üstünlük təşkil edir.

Ümummilli lider dəfələrlə bizi xəbərdar etmişdi ki, cəmiyyətimizdəki  tolerantlıq və humanizm mühiti xalqımızın yaddaşı sayəsində mövcuddur. Bu mühit Azərbaycan xalqının  dözümlülük və insanpərvərlik  kimi yüksək mənəvi keyfiyyətlərinə əsaslanır. O, xalqın mədəniyyətinin tərəqqisinə, elmin, təhsilin inkişafına xüsusi  önəm verirdi.

Müasir qloballaşma dövründə müstəqil dövlətçilik fəlsəfəsinin aktuallığını xatırlayanların sayı azdır. Bu mövzu ХIХ və  XX əsrlərdə aktual  idi. Bundan başqa, o vaxtlar bəşəriyyətin tərəqqi  perspektivləri milli dövlət müstəqilliyi ilə əlaqələndirilmiş idi.  Hegel və onun ardıcılları üçün siyasi dövlət vətəndaş cəmiyyəti və hüquq sistemiindən daha çox əhəmiyətə malik idi, onlarda söz ölkə  və vətəndaşların ləyaqəti  üçün əsas olmalı  mənəvi kamilliyin, xüsusi növ azadlığın ən yüksək formasından gedirdi.  Bu xətt ümummilli lider Heydər Əliyev siyasəti üçün həlledici idi və irsən o, Prezident İlham Əliyev üçün ən mühüm xətt olaraq qalır. Xatırlamaq kifayətdir ki, 2016-cı il “Multikulturalizm ili” elan olunub və  ölkədə müxtəlif din və etnik qrupların nümayəndələri arasında sülh qorunub saxlanılır. Respublikada beynəlxalq humanitar forumları təşkil edilir. Təkcə 2016-cı ilin sentyabrında humanitar sahədə  Azərbaycanın yüksək nüfuzunu bir daha təsdiq etmiş V Beynəlxalq Humanitar Forumu keçirilmişdir. Roma Papasının Bakıya səfəri bir daha göstərdi ki, Prezidentimizin həyata keçirdiyi ləyaqət siyasəti müxtəlif siyasi və ictimai qüvvələr tərəfindən bəyənilir və dəstəklənir.

Müstəqillik  və  azadlıq uğrunda mübarizəni güclü, özünə əmin olan insanlar  aparırlar. Elələri də var ki, ondan qaçır və azadlıqdan qorxur, onlar digər dövlətlərin himayəsində olduqlarından razı qalaraq buna sevinirilər. Ölkə üçün azadlıq qazananlar dərk etməlidirlər  ki, bundan sonra onu inkişaf etdirmək lazımdır. Müstəqillik   müdrik, mərd, cəsarətli və intizamlı insanlara  nəsib olur.

İlham Məmmədzadə,
AMEA Fəlsəfə İnstitutunun direktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında