Prezident İlham Əliyev: Bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq

 

 

 

 

 

 

 

 

 

 

 


Bizə qarşı olan təzyiqlər, hədə-qorxular bizim siyasətimizə zərrə qədər təsir etmir və etməyəcək. Biz heç kimdən və heç nədən qorxmuruq. Bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir və ölkəmizin beynəlxalq nüfuzunu qaldırmaqdır. Sizi əmin edirəm ki, 2016-cı ildə də və bundan sonrakı illərdə də Azərbaycan prinsipial siyasətdən dönməyəcək, müstəqil siyasət aparacaq və bizə qarşı kampaniya aparmaq istəyənlər bunu nəzərə alsınlar. Onların səyləri əbəsdir, bizim siyasətimizə təsir etmir və heç vaxt etməyəcəkdir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının  Prezidenti


 

Son illər Azərbaycanda bir-birinin ardınca baş verən tarixi əhəmiyyətli hadisələr, mötəbər beynəlxalq qurumların keçirdiyi tədbirlər, nüfuzlu idman yarışları, humanitar forumlar, həmçinin dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində imzalanan sənədlər ölkəmizin dünya birliyində artan nüfuzundan xəbər verir. Bu günllərdə həmin tarixi hadisələrə daha biri əlavə olunacaq. Söhbət  Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümündən gedir.

Dövlət müstəqilliyinin bərpasından sonra arxada qalan illərə nəzər yetirdikdə, əldə olunan nailiyyətlər sayəsində  ölkəmizin, ilk növbədə,  beynəlxalq birlikdə söz sahibinə çevrilməsi əsas məqamlardan biri kimi diqqəti cəlb edir.  Bu gün  Azərbaycanın Cənubi Qafqazın lider dövləti kimi çıxış etməsi  heç də təsadüfi sayıla bilməz. Bu illər ərzində iqtisadi və siyasi maraqlarını əzmlə qoruyan,  keçid dövrü kimi çətin və mürəkkəb mərhələni geridə qoyan respublikamız üzləşdiyi bütün təhdid və təzyiqləri, problemləri inamla dəf edərək, regionda tam müstəqil siyasət yeridir. Bunun nəticəsidir ki, Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012 – 2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə  193 dövlətdən 155 – nin dəstəyini qazanmışdır.

 Söz yox ki, son illər ölkəmiz beynəlxalq aləmdə bir-birinin ardınca uğurlu nailiyyətlər qazanmışdır. Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi kimi qiymətləndirilməlidir. Eyni zamanda, Azərbaycan dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr quraraq bunu dövlətlərarası sivil münasibətlər müstəvisində daim inkişaf etdirir. Qürurverici haldır ki, ölkəmiz Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən ilk ölkə olmuşdur. Bu tarixi hadisə Azərbaycan Prezidenti İlham Əliyev  tərəfindən də layiqli qiymətini almışdır: “Azərbaycanın həyatında çox əlamətdar və tarixi hadisə baş verib. BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın üzvü seçilib. Bu böyük qələbə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, həqiqətən də böyük qələbədir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və Azərbaycan müstəqil dövlət kimi artıq bu qurumun üzvüdür”.

Azərbaycanın müstəqil siyasət yürütməsi, qonşu dövlətlərin daxili işlərinə müdaxilə etmədən bərabərhüquqlu  xarici siyasət yeritməsi ölkənin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutudur. Respublikamızın yerləşdiyi region  da hər cəhətdən, istər geosiyasi, istərsə də strateji baxımdan böyük önəm kəsb edir. Bu baxımdan Azərbaycan həm qonşuluq siyasətində, həm də digər region ölkələri ilə olan münasibətlərində balanslaşdırılmış siyasət yürütməkdədir. Bütün bunları əldə rəhbər tutaraq, Azərbaycan Respublikası xarici siyasətində ölkəmizin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq və bunları beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirməkdədir. Bununla yanaşı, dövlətimizin başçısı milli və dövlətçilik maraqlarımızla uyğun gələn ölkələrlə sıx əməkdaşlıq qurmaq, müttəfiqlik etmək, bunlardan istifadə edərək, beynəlxalq sistemdə mövqeyini möhkəmləndirmək siyasəti aparır.

 Azərbaycanın “kosmik ailə”yə daxil olması, habelə nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi respublikamızı ötən 25 il ərzində stabil inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki əməlləri ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət  kimi tanıtmışdır.

Müstəqil dövlətimiz bu gün, həm də regional məsələlərdə əsas söz sahiblərindən biridir -- respublikamızın iştirakı olmadan regionda hər hansı strateji layihənin gerçəkləşdirilməsi mümkün deyildir. Azərbaycanın çox mürəkkəb geosiyasi şəraitdə, dünyada baş verən qanlı toqquşmalar, maliyyə və iqtisadi böhran dönəmində müstəqil xarici siyasət yeritməsi, dövlət başçısı İlham Əliyevin bu siyasəti dinamik şəkildə və novatorcasına həyata keçirməsi dünya dövlətlərinin  ölkəmizə olan marağını daha da artırmışdır. Xatırladaq ki,  2015-ci il regionda əsasən iqtisadi, siyasi, hərbi böhranın daha da dərinləşməsi, risk və təhlükələrin artması yeni çağırışlar meydana gəlməsi ilə yadda qalsa da, Azərbaycan uğurlu inkişafını davam etdirməyi bacardı, nəzərdə tutulan iri infrastruktur layihələrinin icrası davam etdirildi, sosialyönümlü proqramların reallaşdırılması istiqamətində qətiyyətli addımlar atıldı. Bütün bu çətinliklər qarşısında  dövlət başçısı bildirmişdir ki, Azərbaycan dövləti müstəqil siyasətini davam etdirəcək. Çünki bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

2016-cı ilin başa çatmasına hələ bir neçə ay qalıb. Ancaq  diqqətə çatdırmaq istəyirik ki, bu il başa çatmasa da, iyirmidən çox dövlət, hökumət başçısı Azərbaycanda rəsmi və işgüzar səfərlərdə olub. Dövlətimizin başçısı isə 14 xarici ölkəyə səfər edib.  Yəqin ki, hələ ilin sonuna qədər həm Azərbaycana dövlət, hökumət başçıları gələcək, həm də dövlət başçısı İlham Əliyevin növbəti  səfərləri olacaq. Bütün bunlar ölkəmizə dünya birliyində olan marağın nəticəsidir. Bütün təzyiq və təhdidlərə baxmayrarq, düzgün müəyyənləşdirilmiş strategiya  Azərbaycanı  dünyada nümunəvi ölkə kimi tanıdır.

Azərbaycanın kənar təsirlərə tabe olmadan, müstəqil siyasət yeritməsi, öz yolu ilə irəliləməsi ölkənin siyasi nüfuzunu  getdikcə artırır. Əlbəttə, bu siyasət normal əməkdaşlığa və tərəfdaşlığa əsaslansa da, bölgədə marağı olan bəzi xarici qüvvələr bütün bunlardan təşvişə düşür və hər cür vasitələrlə--yalan, böhtan, qarayaxmalarla ölkəmizin inkişafına mane olmağa çalışırlar. Qərbin sifarişlərini yerinə yetirən və onların əlində oyuncağa çevrilən “Freedom House”, “Amnesty İnternational” “Human Rights Watch”  “Sərhədsiz reportyorlar“ kimi qərəzli  beynəlxaq təşkilatlar, xüsusilə,  seçkilər  və əhəmiyyətli tədbirlər keçirilən ərəfədə daha da  “fəallaşır”, ölkəmizlə bağlı “hesabatlarını” bir qədər də sərtləşdirirlər. Ancaq həmin qüvvələrin və onlardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışan himayədarlarının cəhdləri heç zaman alınmayıb və bundan sonra da alınmayacaq. Bunun əsas səbəbi müstəqil xarici və daxili siyasət kursu yeridən, dünyada gündən-günə nüfuzu və çəkisi artan bir dövlət olaraq artıq Azərbaycanla təzyiq, təhdid dilində danışmağın mümkünsüzlyüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da dövlətimizin başçısı ölkəmizə təzyiq edənlərə, bizimlə təhdid dilində danışanlara bir daha layiqli cavab verdi: “Biz 25 ildir ki, müstəqil yaşayan ləyaqətli ölkəyik. Heç kimə imkan vermərik ki, bizi təhqir etsin. Qəbuledilməz hər bir hərəkətə cavabımızı veririk, sözümüzü deyirik, heç kimdən çəkinmirik, nəinki bizə aid olan məsələlərdə, bütün məsələlərdə prinsipial mövqe nümayiş etdiririk. Dünyada gedən işlərlə bağlı bizim mövqeyimiz var və biz bu mövqeyi çəkinmədən ifadə edirik”.

Azərbaycana təzyiq etməyə çalışanlar, erməni lobbisinin, və Qərbin ölkəmizin sürətli inkişafını, dünya birliyinə inteqrasiyasını gözü götürməyən antiazərbaycan qüvvələrin sifarişlərini yerinə yetirərək, ölkəmizin müstəqil siyasət yürütməsinin qarşısını almağa cəhd edənlər dövlətimizin başçısının düşünülmüş strategiyası qarşısında sona qədər davam gətirə bilmirlər. Belə təşkilatların qərəzli münasibətləri, hesabatları, Azərbaycan cəmiyyəti tərəfindən də  birmənalı olaraq qəbul olunmur. Azərbaycanda insan hüquqları ilə bağlı problemlərdən danışarkən, yalnız qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpasından söhbət getməlidir. Azərbaycan haqqında hesabatlar hazırlayan beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə həmin insanların öz torpağında yaşamaq hüququnun qorunması məsələsi, nədənsə, gündəmə gətirlimir.Bu qüvvələr yalnız hansısa formada Azərbaycanın demokratik inkişafı, insan hüquqları sahəsində vəziyyətə, bir sözlə, ölkəmizin təmiz imicinə zərər gətirməyə çalışırlar. Ancaq onların  arzuları ürəklərində qalır. Çünki Azərbaycan demokratiya yolu ilə inamla irəliləyir.

Bu günlərdə  Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş əlavə və dəyişikliklərlə əlaqədar keçirilən ümumxalq səsverməsinin (referendumun) nəticələri də bunu təsdiqlədi. Əhalinin 69,7 faizinin rerferendumda iştirakı  xalqın dövlət başçısına olan inamının təcəssümüdür. Dövlətimizin başçısı Nazirlər Kabinetinin iclasında bu məsələyə də öz münasibətini bildirmişdir: “...Referendumun ikinci əsas nəticəsi ondan ibarətdir ki, Azərbaycan xalqının mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz dəstəyini verdi. Bu da, əslində, bizim siyasətimizə növbəti dəfə xalq tərəfindən verilən böyük dəstəkdir. Mən şəxsən bunu belə qəbul edirəm. Çünki təklif olunan dəyişikliklər biz tərəfdən irəli sürüldü və Azərbaycan xalqı, onun böyük əksəriyyəti bu referenduma “hə” dedi. Bu, əlbəttə ki, bizə əlavə güc verir. Bu, bizim üçün böhranlı ildə növbəti bir test, sınaq idi”.

Prezident İlham Əliyev qeyd etmişdir ki, referendumun nəticələri bütün ölkəyə, bütün xalqımıza, dünyaya bunu bir daha əyani şəkildə təqdim etdi. Azərbaycan xalqı apardığımız siyasəti dəstəkləyir, bu dəstəyə sadiqdir və görür ki, bizim siyasətimizə siyasət yoxdur. Alternativ siyasət fəlakət ola bilər, yenə ölkəni uçuruma apara bilər, yenə Azərbaycanı qırğın meydanına çevirə bilər. Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyərək, referendumda “hə” dedi. Azərbaycan xalqına göstərdiyi böyük etimada və dəstəyə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da bu yolla gedəcəyəm, Azərbaycanın inkişafını təmin edəcəyəm və heç bir kənar qüvvə bizi bu yoldan çəkindirə bilməz.

Dövlətimizin başçısı bir daha bəyan etmişdir: “Bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq. Ona görə bu gün Azərbaycanda inkişaf və sabitlik var”.

 

Əliqismət BƏDƏLOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında