Azərbaycanın xarici siyasəti müstəqilliyin bərpasının 25 ilində

Bugünlərdə Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etməsinin 25-ci ili tamam olur. Keçən əsrdə iki dəfə müstəqillik qazanan Azərbaycan qədim və zəngin dövlətçilik ənənələrini davam etdirir. 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi tarixə düşmüşdür. Yetmiş illik Sovet hakimiyyətindən sonra Azərbaycan Respublikası 1991-ci ilin 18 oktyabrında tarixində yenidən suveren dövlət olaraq beynəlxalq münasibətlər sisteminin üzvü olmuşdur. Bir əsrdə iki dəfə suveren dövlət olmaq imkanı qazanan Azərbaycan üçün müstəqillik ən böyük nailiyyət və ən əziz nemətdir.

Sovet İttifaqının süqutundan sonra yaranmış yeni geosiyasi vəziyyətin sabitləşməsi keçən əsrin son 10 ilində siyasi təlatümlər, qaynar münaqişələr, iqtisadiyyatda tərəddüdlər ilə müşayiət olundu. Bütün postsovet məkanında olduğu kimi, Azərbaycan da müstəqilliyinin bərpasının ilk illərinə düşən bu dövrü böyük çətinliklərlə keçdi. Məhz belə bir çətin və mürəkkəb şəraitdən başlanan müstəqil inkişaf yolu hazırda 25-ci ilinə qədəm qoymuşdur. Bu illər ərzində Azərbaycan iqtisadiyyatı iflic vəziyyətə düşmüş ölkədən Cənubi Qafqazın lider dövlətinə gəlib çatmışdır. Enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşa, xarici ölkələrin yardımından asılı olan ölkədən donor dövlətə çevrilmişdir. Beynəlxalq münasibətlər sisteminin adi iştirakçısından BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü (2012-2013-cü illər) səviyyəsinə yüksəlmişdir.

 

Əsrin dörddə birində xarici siyasət

 

XX əsrin sonlarında Varşava Müqaviləsi Təşkilatının və Sovet İttifaqının süqutundan sonra dünya nizamında yeni mənzərə yaranmışdır. Beynəlxalq münasibətlər sistemində bu dövrü əhəmiyyətinə görə yalnız Vestfaliya sülh müqaviləsindən sonra formalaşmış siyasi sistemlə müqayisə etmək olar. Keçən əsrin 90-cı illərinin əvvəllərində baş verən dəyişikliklər yeni dünya nizamının yaranmasını şərtləndirdi. İkiqütblü dünyadan təkqütblü dünyaya keçid ciddi geosiyasi təlatümlərlə müşayiət olunurdu.

Bütün dünyada lokal münaqişə və müharibə ocaqları yaranmağa başlamışdır. Təcrübə göstərir ki, yeni dünya nizamının formalaşma mərhələsində olması kiçik münaqişələrin əsas səbəbi idi. Eyni zamanda, böyük güc mərkəzlərinin hərbi-siyasi toqquşmalarının olmadığı bir dövrdə beynəlxalq hüququn prinsiplərinin nəzərə alınmaması, lokal münaqişələrə isə ədalətli yanaşmanın olmaması yeni dünya nizamı ilə bağlı şübhələrin yaranmasına gətirib çıxardı. Fikrimizcə, bu gün dünyada qaynar nöqtələrin sayının çoxalmasının, eləcə də artıq çoxqütblü dünyaya doğru keçidin yaranması da keçən əsrin sonlarında yaranmış fürsətin əldən verilməsi ilə əlaqədardır.

Məhz belə bir geosiyasi şərtlər daxilində 18 oktyabr 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Respublikası xarici siyasət sahəsində 25 ildə kəşməkəşli yol keçmişdir. Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasət yeritməsindən bilavasitə asılıdır. Müstəqil Azərbaycanın 25 illik həyatında xarici siyasətini 3 mərhələyə bölmək olar. Birinci mərhələ -- müstəqilliyin ilk illərini xarakterizə edən xaos dövrü. İkinci mərhələ 1993-2003-cü illəri əhatə edir. Bu mərhələ qonşu dövlətlərlə kəskinləşən münasibətlərdə sabitləşmə və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında müstəqil xarici siyasətin baza prinsiplərinin formalaşdırılması dövrüdür. Üçüncü mərhələ isə Azərbaycanı Cənubi Qafqazda lider dövlətə və beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşa çevirən xarici siyasi kursun yüksəliş dövrüdür.

Müstəqilliyin ilk illərində Azərbaycan çox mürəkkəb və çətin dövr yaşayırdı. Bir tərəfdən, Ermənistan torpaqlarımızı işğal edirdi, digər tərəfdən isə keçmiş sistemin çökməsi ilə əlaqədar iqtisadiyyat iflic vəziyyətinə düşmüş, ölkədə daxili sabitlik pozulmuşdu. Eyni zamanda, beynəlxalq aləmə də Azərbaycanla bağlı həqiqətləri çatdırmaq çətin idi. Yüz ildən artıq bir müddətdə bütün dünyada mütəşəkkil təşkilatlanmış erməni diasporu və onların əsas havadarları olan erməni lobbisi tərəfindən Azərbaycan qlobal müstəvidə informasiya blokadasına alınmışdı. Beynəlxalq aləmdə Azərbaycan haqqında dezinformasiya yayılırdı. 

Müstəqilliyin ilk illərində xarici siyasətimiz qarşısında dayanan əsas maneə, bir tərəfdən erməni diasporunun təzyiqi və davam etməkdə olan erməni işğalı idisə, digər tərəfdən həmin dövr hakimiyyətdə olan şəxslərin səriştəsiz və qeyri-peşəkar fəaliyyəti idi. Həmin vaxt aparılan xarici siyasət kortəbii və sistemsiz xarakter daşıdığından, Azərbaycanın yerləşdiyi geosiyasi məkanın xüsusiyyətləri nəzərə alınmır, aktual məsələlərə konseptual yanaşılmırdı. Xarici siyasətdə konseptual yanaşmanın olmaması, utopik, reallıqdan kənar hədəflər Azərbaycanın bir sıra ölkələrlə, xüsusən qonşu ölkələrlə münasibətlərinin kəskinləşməsinə səbəb olmuşdu. Nəticədə Azərbaycan beynəlxalq aləmdən təcrid olunmuş, əksər qonşu dövlətlərlə münasibətləri kəskinləşmiş, erməni lobbisinin səyləri hesabına isə dünya informasiya məkanında blokadaya alınmışdı. Buna görə müstəqil Azərbaycanın xarici siyasətində birinci mərhələni itirilmiş illər hesab etmək olar.

 

Xarici siyasətin əsas prinsip və istiqamətlərinin formalaşma mərhələsi

 

Azərbaycan Respublikasının müasir xarici siyasət strategiyasının fundamental prinsip və istiqamətlərinin formalaşdırılması ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə başlamışdır. Heydər Əliyevin təməlini qoyduğu xarici siyasət strategiyası müstəqil Azərbaycanın qurtuluşuna, ərazi bütövlüyünün bərpasına və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsinə yönəlmişdi. Aparılan xarici siyasət ölkəmizin beynəlxalq aləmdə mövqeyini tamamilə dəyişdi. İlkin mərhələdə Azərbaycanın beynəlxalq müstəvidə təcrid vəziyyətindən çıxarılması, tarazlaşdırılmış xarici siyasət xəttinin yürüdülməsi, dünya iqtisadiyyatına inteqrasiya, iqtisadi potensialın ölkənin xarici siyasət mövqelərinin gücləndirilməsinə yönəldilməsi, dünya azərbaycanlılarının təşkilatlanıb mütəşəkkil fəaliyyət göstərməsi, sonrakı mərhələdə isə regionun iqtisadi mərkəzinə çevrilməsi bu strategiyanın konseptual əsaslarını təşkil edirdi. 

Balanslaşdırılmış xarici siyasət, çoxvektorlu əməkdaşlıq, bərabərhüquqlu münasibətlər, etibarlı tərəfdaşlıq və milli maraqlar əsasında müstəqil siyasət prinsiplərinə söykənən praqmatik siyasi kurs Heydər Əliyev dühasının müstəqil dövlətçiliyimizin xarici siyasət konsepsiyasına gətirdiyi amillərdir. Yerləşdiyi regionun unikallığı nəzərə alınarsa, Azərbaycan çoxvektorlu və tarazlaşdırılmış müstəqil xarici siyasət həyata keçirir. Məhz bu prinsiplər xarici siyasətin şərti olaraq ikinci adlandırdığımız mərhələsində formalaşmışdır və bu gün də aparılan xarici siyasət həmin prinsiplərə söykənir. İkinci mərhələdə Azərbaycan strateji seçim etdi və bu seçimin davamlı, ardıcıl olması ölkəmizin hazırkı uğurlarının əsas səbəbidir.

Azərbaycan Respublikasının xarici siyasətində milli maraqlar əsasında müstəqil siyasət kursu məhək daşı rolunu oynayır. Qloballaşma prosesinin bu qədər dərininə inkişaf etdiyi müasir dünyada müstəqil xarici siyasət həyata keçirən dövlətlərin sayı heç də çox deyil. Digər tərəfdən isə ölkəmizin yerləşdiyi regionun geosiyasi əhəmiyyəti bu seçimi daha da çətinləşdirir. Qafqaz regionu tarix boyu daim geosiyasi cəhətdən olduqca həssas, əbədi mübarizələr meydanı olmuşdur. Müxtəlif sivilizasiyaların, mədəniyyətlərin, dinlərin təmsilçilərinin bu regionda uzun əsrlər boyu mövcud olması da siyasi proseslərə öz təsirini göstərmişdir. Klassik geosiyasi nəzəriyyənin nümayəndələrindən Karl Haushofer coğrafi mövqe amilindən istifadə etməklə Qafqazı Bosfora, Cəbəllütariqə, Süveyş kanalı zonasına bərabər tutula biləcək tarixi qarşıdurma zonalarından biri hesab edirdi.

Qlobal və regional güc mərkəzləri daim Qafqazı öz təsir dairələrində saxlamaq istəmişlər. Tarixən Avrasiyanın böyük dövlətlərinin Qafqaza nəzarət uğrunda mübarizəsi daxili birləşdirici qüvvənin olmadığı regionda etnik və dini müxtəliflik şəraitində cərəyan etmişdir. Buna görə də geosiyasi cəhətdən bu qədər həssas regionda milli maraqlara söykənən müstəqil və balanslaşdırılmış siyasət yeritmək olduqca çətindir. Cənub Qafqazda mövcud olan 3 respublikanın xarici siyasi kursunda da bu özünü göstərir. Bütün strateji obyektləri xaricilərin əlində olan, yalnız havadarlarının siyasi xəttini yerinə yetirən Ermənistan regionda forpost ölkədir. Gürcüstan isə xarici siyasət kursunda ifrat dərəcədə bir qütbə meyilli olduğu üçün və eləcə də ölkənin xarici siyasət oriyentirinin ardıcıl olmaması ilə əlaqədar problemlərlə qarşılaşır. Məhz müstəqil və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanı Qafqazda geosiyasi çəkisinə görə fərqləndirir.

Azərbaycanın müstəqil xarici siyasəti ilk növbədə onun bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmasına söykənir. Azərbaycan heç bir hərbi-siyasi blokda iştirak etmir və bütün ölkələrlə bərabər hüquqlarla, qarşılıqlı faydalı əməkdaşlıq edir. Heç bir dövlət Azərbaycanla təzyiq dilində danışa bilməz. Xarici tərəfdaşlarla əməkdaşlıq yalnız qarşılılıq olduğu halda mümkündür. İkinci mərhələdə formalaşan bu istiqamət Azərbaycanın xarici siyasətində mühüm elementdir.

Azərbaycanın xarici siyasətində digər mühüm prinsip ölkəmizin beynəlxalq aləmdə qazandığı etibarlı tərəfdaş statusudur. Əlbəttə ki, etibarlı tərəfdaş olmaq üçün ilk növbədə güclü siyasi lider və ölkənin iqtisadi potensialından səmərəli istifadə olunması mühüm şərtdir. Hər bir xalqın tarixdəki yeri və rolu hansısa mürəkkəb siyasi şəraitdə məsuliyyəti üzərinə götürərək onun taleyində misilsiz rol oynamış, mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə müdrikcəsinə və uzaqgörənliklə sabit dövlətçilik ənənələri formalaşdırmış dahi şəxsiyyətin fövqəladə missiyası ilə şərtlənir. Ruslar üçün bu şəxsiyyət Rusiya dövlətinin müasir dövlətçilik ənənələrini təmin etmiş I Pyotr, amerikalılar üçün Corc Vaşinqton, ingilislər üçün Uinston Çörçill, fransızlar üçün Şarl de Qoll, almanlar üçün Otto fon Bismark, çinlilər üçün Mao Tsze Dun, türklər üçün Mustafa Kamal Atatürkdürsə, azərbaycanlılar üçün Heydər Əliyevdir! (Novruz Məmmədov. Xarici siyasətin Azərbaycan modeli. Bakı, 2012, səh.7)

Bu mənada 1993-cü ildən başlayaraq Heydər Əliyevin siyasi liderliyində Azərbaycana beynəlxalq aləmdə artan maraq və enerji sahəsində həyata keçirilən böyük layihələr ölkəmiz, ilk növbədə regionda, sonra isə daha geniş coğrafiyada etibarlı tərəfdaşa çevirmişdir. Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı və bu gün Prezident İlham Əliyevin daha da təkmilləşdirdiyi enerji siyasəti ölkənin milli maraqlarının təmin olunmasına yönəlmişdir. Bu siyasət Azərbaycanın regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından birinə çevrilməsinə imkan yaratmışdır. Hazırda Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Beləliklə ikinci mərhələ adlandırdığımız 1993-2003-cü illərdə Azərbaycanın xarici siyasətində bütün qeyd olunan baza prinsiplər formalaşmışdır. Üçüncü minillikdə isə artıq Azərbaycan beynəlxalq aləmdə milli maraqlara söykənən müstəqil siyasət yeridən, bütün ölkə və təşkilatlarla bərabər hüquqlarla əməkdaşlıq edən, çoxvektorlu və şaxələndirilmiş xarici siyasət həyata keçirən etibarlı tərəfdaş kimi tanınır.  

 

 Xarici siyasətdə yeni üfüqlər

 

2003-cü ildən sonra başlanan üçüncü mərhələdə Prezident İlham Əliyev xarici siyasətdə artıq formalaşmış ənənələri davam etdirərək Azərbaycanın mövqeyini beynəlxalq müstəvidə daha da möhkəmləndirmiş və yeni bir səviyyəyə yüksəltmişdir. Yeni minillikdə Azərbaycan qlobal siyasi səhnədə adi iştirakçı deyil, regional əhəmiyyətli layihələrin təşəbbüskarı və iştirakçısı, beynəlxalq aləmdə nüfuzu ilə seçilən ölkəyə çevrilmişdir.

Bu mərhələdə Azərbaycan milli maraqlara söykənən müstəqil siyasi kursuna sadiq qalaraq böyük layihələrə müəlliflik edir, ikitərəfli və çoxtərəfli əsasda bərabərhüquqlu əməkdaşlığı davam etdirir, beynəlxalq səviyyədə erməni diasporunun təzyiqlərinə lazımınca cavab verir və ölkəmizlə bağlı həqiqətləri dünyaya çatdıra bilir. Bu mərhələdə Azərbaycanın xarici siyasəti bir istiqamətdə deyil, bütün istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığa yönəlmişdir. Eyni zamanda, məhz bu mərhələdə Azərbaycan Qoşulmama Hərəkatına üzv olmaqla (2011-ci ildə) öz müstəqil xarici siyasi kursunu bəyan etmişdir.

Bərabərhüquqlu tərəfdaşlıq prinsipinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 9 ayın yekunlarına dair iclasında bir daha aydınlıq gətirmişdir: “Biz öz yolumuzla gedirik və Avropa ilə çox sıx əlaqələr qura bilmişik. Əməkdaşlıqla bağlı bizim heç bir problemimiz yoxdur. Biz bu əməkdaşlığa meyilliyik. Amma biri var əməkdaşlıq, biri də var inteqrasiya”.

Heç şübhəsiz, müstəqilliyin 25 ili ərzində beynəlxalq aləmdə əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri Azərbaycanın dünyanın 155 ölkəsinin dəstəyi ilə Şərqi Avropa qrupundan 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsidir. Seçkilər zamanı Azərbaycanla yanaşı, Ermənistan, Sloveniya və Macarıstanın da namizədliyi irəli sürülmüşdür. Ermənistan ilkin mərhələdə məhz Azərbaycanın artan nüfuzundan qorxaraq, öz namizədliyini geri götürmüşdür. Bu, müstəqilliyin ilk illərində beynəlxalq müstəvidə erməni diasporunun informasiya blokadasında olan Azərbaycanın artıq bu maneələri aşdığını göstərdi. Sonrakı mərhələlərdə isə Azərbaycanın seçkilərdə iştirak edən Sloveniya və Macarıstanı üstələməsi ölkəmizin etibarlı tərəfdaş kimi tanındığını bir daha təsdiq etdi.

Üçüncü minillikdə Azərbaycanın xarici siyasətinə yeni əməkdaşlıq formatı əlavə olunmuşdur. Müstəqilliyin ilk illərindən etibarən beynəlxalq münasibətlər sistemində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq prioritet olmuşdur. Yeni mərhələdə isə Azərbaycan xarici siyasətinə strateji tərəfdaşlarla üçtərəfli regional əməkdaşlıq formatı əlavə etmişdir. Etiraf etmək lazımdır ki, regionda mövcud olan bir sıra tendensiyalar nəzərə alınarsa, bu üçtərəfli əməkdaşlıq formatının reallaşdırılması böyük çeviklik tələb edirdi. Azərbaycan regional müstəvidə bir neçə üçtərəfli formatın təşəbbüskarıdır. Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-Türkmənistan və Azərbaycan-Rusiya-İran formatları regional məsələlərin müzakirəsi, əməkdaşlıq əlaqələrinin inkişafı baxımından əhəmiyyətli təşəbbüslərdir. Bu, eyni zamanda, Azərbaycanın təcavüzkar Ermənistanı çıxmaq şərtilə bütün qonşuları ilə qarşılıqlı faydalı münasibətlərə verdiyi əhəmiyyəti göstərir.

Yeni mərhələdə Azərbaycan Respublikasının xarici siyasətdə üstünlük verdiyi istiqamətlərdən biri də strateji tərəfdaşlarla əməkdaşlığın hərtərəfli inkişafıdır. Müstəqillik illəri ərzində Azərbaycan 17 dövlətlə strateji tərəfdaşlıq haqqında müqavilə imzalamışdır. Bu dövlətlər arasında Azərbaycanın ənənəvi tərəfdaşları ilə yanaşı, yeni ölkələr də var. Belə ki, strateji tərəfdaşlardan 9-u Avropa ölkəsidir (Litva, Polşa, Rumıniya, Xorvatiya, İtaliya, Macarıstan, Bolqarıstan, Çex Respublikası, Serbiya). Digərləri isə Azərbaycanın dərin tarixi köklərlə bağlı olduğu türkdilli ölkələr (Türkiyə, Qazaxıstan, Özbəkistan), eləcə də postsovet məkanından ənənəvi tərəfdaşlarıdır (Rusiya, Ukrayna, Gürcüstan, Moldova). Bundan başqa, bütün beynəlxalq platformalarda Azərbaycana tam dəstək verən Pakistanla da strateji tərəfdaşlıq münasibətimiz vardır.

Strateji tərəfdaşlarımız arasında türkdilli ölkələrlə münasibətlərimiz xüsusi əhəmiyyət kəsb edir. Bu ölkələrlə münasibətlərimizi yüksək siyasi, iqtisadi əməkdaşlıqdan əlavə, ortaq soykök, dil, din, tarix, mədəniyyət, dəyərlər müəyyən edir. Azərbaycanla Türkiyə arasında münasibətlər “bir millət- iki dövlət” devizi ilə xarakterizə olunur. Dünyada bu qədər yaxın olan və ortaq xarici siyasət aparan ikinci bir nümunə göstərmək mümkün deyil.

Azərbaycan tərəfdaşları və qonşuları ilə münasibətlərdə öz etibarlılığını daim göstərmişdir. Gürcüstan enerji böhranı ilə qarşılaşarkən, Türkiyə Azərbaycanla birgə enerji dəhlizi yaradarkən, ABŞ beynəlxalq antiterror əməliyyatları zamanı, Rusiya və İran onlara qarşı sanksiyalar tətbiq edilərkən hər zaman Azərbaycanın etibarının şahidi olmuşlar. Bütün bunlar Azərbaycanı BMT Təhlükəsizlik Şurasının qeyr-daimi üzvlüyünə aparan yolda mühüm addımlar olmuşdur. Həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvü kimi unikal bir mövqeyə malik Azərbaycan Təhlükəsizlik Şurasında qlobal problemlərin birgə səylərlə həllini, beynəlxalq hüququn aliliyini, ədalətli yanaşma prinsipini müdafiə etmişdir.

Əlbəttə ki, Azərbaycanın etibarlı tərəfdaş statusu qazanmasında aparılan enerji siyasəti mühüm yer tutur. Üçüncü minilliyin ilk onilliyində Azərbaycan böyük enerji infrastrukturu yaratmışdır. 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan neftinin dünya bazarlarına çıxarılması ilə yanaşı, yeni dəhlizin açılması baxımından da tarixi bir layihə idi. Bu layihə nəinki bölgənin, eyni zamanda, qitənin də enerji infrastrukturunda ciddi yenilik olmuşdur.

Azərbaycanın enerji siyasəti ölkənin beynəlxalq aləmdə mövqeyinin güclənməsinə təsir göstərməklə yanaşı, təbii ki, ölkə iqtisadiyyatının da dayanıqlılığına səbəb olmuşdur. İqtisadi cəhətdən güclü Azərbaycan isə regional mərkəzə çevrilmiş, Aralıq və Qara dəniz bölgəsində iqtisadi təsir imkanlarına yiyələnmişdir. İndi Türkiyə, Gürcüstan, Rumıniya və Ukraynada Azərbaycan sərmayəsi mühüm faktora çevrilmişdir. Digər tərəfdən, Azərbaycan tranzit ölkəyə və nəqliyyat qovşağına çevrilməkdədir. Mərkəzi Asiya ölkələrinin Avropaya mümkün tranzit marşrutlarından biri Azərbaycan üzərindəndir. Azərbaycanın həlledici rol oynadığı Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ayrı-ayrı regionlar arasında əlaqə yaratmaqla, beynəlxalq iqtisadi əməkdaşlığa güclü təkan verəcəkdir. Beləliklə də, Azərbaycanın xarici siyasətində iqtisadi diplomatiya ən mühüm istiqamətlərdən biridir.

Yeni mərhələdə Azərbaycanın xarici siyasətini əks etdirən mühüm məqamlardan biri də bu siyasətdə multikulturalizm prinsiplərinin əks olunmasıdır. Əslində, Azərbaycanda multikulturalizm ölkədaxili ictimai mühiti əks etdirir və min illərdir davam edən həyat tərzidir. Multikultural dəyərlərin Azərbaycanın xarici siyasətində əksi isə “Multikulturalizmin Azərbaycan modeli”nin dünya miqyasında tanıdılmasına yönəlmişdir. Müasir dünyanın daha çox müxtəlif dinlərin, mədəniyyətlərin və ümumilikdə fərqliliklərin toqquşması ilə müşayiət olunduğunu nəzərə aldıqda, tolerantlıq və harmoniyaya söykənən bir həyat tərzinin dövlət siyasəti kimi dünyada təqdimatı son dərəcə aktualdır.

Əsrlər boyu ölkəmizdə formalaşmış ənənələr indi bizim həyat tərzimizdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ilin aprel ayında Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun açılışında səsləndirdiyi fikirlər Azərbaycanda cəmiyyətin multikultural həyat tərzinə baxışını çox dəqiqliklə ifadə edir: “Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb”.

 

Dağlıq Qarabağ – “dondurulmuş” yox, “qaynar” münaqişə

 

Azərbaycanın müstəqillik illərində qarşılaşdığı ən böyük problem Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Beynəlxalq aləmdə respublikamızın qarşısında dayanan ən əsas məqsəd ərazi bütövlüyünün bərpasıdır. 20 ildən artıqdır ki, Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistanın işğalı altındadır.

Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda bu günə qədər irəliləyiş əldə edilməyib. Ermənistan münaqişənin həllində maraqlı deyil və onun dondurulmuş halda qalmasına çalışır. Belə görünür ki, irimiqyaslı müharibənin olmaması Ermənistanı və vasitəçiləri qane edir. Lakin bu ilin aprel ayında erməni silahlı qüvvələrinin təxribatı nəticəsində qoşunların təmas xəttində çoxsaylı insan itkiləri ilə müşahidə olunan, ağır hərbi texnikanın da cəlb olunduğu gərginlik bir daha göstərdi ki, münaqişə dondurulmuş deyil və hər an alovlana bilər. Məhz bu hadisədən sonra həmsədrlər aktivlik göstərməyə başladılar və dünya ictimaiyyətinin də münaqişəyə diqqəti artdı.

Müstəqilliyin ilk illərindən Azərbaycanın xarici siyasətinin qarşısında duran ən mühüm vəzifə ölkəmiz haqqında həqiqətlərin dünya birliyinə çatdırılması, erməni yalanlarının ifşa edilməsi olmuşdur. Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının müşavirəsi zamanı Xocalı soyqırımının dünya miqyasında tanıdılması vacib vəzifə kimi qarşıya qoyulmuşdur. Keçən dövr ərzində 13 ölkənin parlamentində (2012-ci ildə Meksika, Pakistan, Kolumbiya, 2013-cü ildə Çex Respublikası, Bosniya və Herseqovina, Peru, Rumıniya, Panama, İordaniya, 2014-cü ildə Sudan və Honduras, 2015-ci ildə Qvatemala, 2016-cı ildə Sloveniya Milli Şurasında), ABŞ-ın 19 ştatında və İslam Əməkdaşlıq Təşkilatında (2012-ci ildə) Xocalı soyqırımı rəsmi olaraq tanınmışdır. Bütün bunlar  müstəqilliyin bərpasından keçən 25 ildə Azərbaycanın artıq dünya miqyasında öz həqiqətlərini çatdırmağa nail olduğunu göstərir .

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Dünya birliyi və bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Bununla bağlı çoxsaylı sənədlər qəbul edilmişdir.  Lakin beynəlxalq münasibətlər sistemində ədalətli yanaşmanın olmaması münaqişənin həllinə mane olur. Hazırda dünya nizamı beynəlxalq hüquq əsasında deyil, güc mərkəzlərinin istəyi ilə idarə olunur. Görünən odur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində qlobal güc mərkəzləri tərəfindən ikili standartlar tətbiq olunur və Azərbaycanın müsəlman, Ermənistanın isə xristian olması öz həlledici təsirini göstərir. Bu baxımdan qiymətləndirdikdə, Dağlıq Qarabağ münaqişəsini dünyada artmaqda olan islamofob meyillərin axarında geosiyasi toqquşma xətti də hesab etmək olar.

Münaqişənin həllinin yubanması isə müasir beynəlxalq hüququn işlək mexanizminin olmamasından, eləcə də qlobal güclərin geosiyasi maraqlarının ziddiyyətindən qaynaqlanır. 

Beləliklə, 2016-cı ildə dövlət müstəqilliyinin bərpasının 25-ci ili tamam olan Azərbaycan Respublikası əsrin dörddə biri ərzində beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutmuşdur. Hazırda 177 ölkə ilə diplomatik münasibətlər qurmuş Azərbaycan xarici ölkələrdə və beynəlxalq təşkilatlar yanında 91 diplomatik missiya təsis etmişdir. Eyni zamanda, bu gün Bakıda 62 ölkənin diplomatik missiyası fəaliyyət göstərir.

Mürəkkəb geosiyasi regionda yerləşməsinə və çətin inkişaf yolu keçməsinə baxmayaraq, bu illər ərzində Azərbaycan milli maraqlara söykənən müstəqil və balanslaşdırılmış xarici siyasət həyata keçirməyə nail olmuşdur. Bütün tərəflərlə bərabər hüquqlarla qarşılıqlı faydalı əməkdaşlıq edən respublikamız region əhəmiyyətli layihələrin təşəbbüskarına və etibarlı tərəfdaşa çevrilmişdir.

Ərəstü Həbibbəyli,
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
xarici əlaqələr şöbəsi müdirinin müavini,
iqtisadiyyat üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında