Azərbaycan xalqı ölkədə aparılan siyasəti ona görə dəstəkləyir ki, onun alternativi yoxdur

26 sentyabr referendumu da bu həqiqəti təsdiqlədi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Biz bu il ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan referendum keçirmişik. İlk növbədə, onu deməliyəm ki, referendum demokratik, ədalətli, tam şəffaf şəkildə keçirilmişdir. Yüzdən çox ­xarici müşahidəçi referendumu izləmişdir. Bir neçə beynəlxalq rəy sorğusu agentliyi “exit-poll” keçirmişlər. ­“Exit-poll”un nəticələri və rəsmi nəticələr üst-üstə düşür... Azərbaycan xalqı referendumun nəticələrini dəstəkləyir. Onların iradəsi referendumun nəticələrində öz əksini tapmışdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Sentyabrın 26-da Azərbaycanda keçirilmiş ümumxalq səsverməsi (referendum) barədə həm ölkəmizdə, həm də beynəlxalq aləmdə kifayət qədər təqdiredici fikirlər səsləndirilib. Hətta bəzi ölkələri təmsil edən müşahidəçilər seçkilərə hazırlıq, səsvermənin təşkili və səslərin hesablanması üzrə Azərbaycan təcrübəsinin nümunə kimi qəbul edilməsi təkliflərini irəli sürüblər. Biz də bu siyasi hadisəyə münasibətimizi bildirmək üçün bəzi məqamları yada salmaq istəyirik.

Əvvəla, hələ eramızdan əvvəl – “demokratiya” sözü ilə eyni dövrdə yaranmış “referendum” (latıncadır) sözünün izahını belə verirdilər: xalqın mühüm ümumdövlət, regional və yerli məsələlərin həllində səsvermə yolu ilə öz iradəsini nümayiş etdirməsi. Deməli, Azərbaycan dövləti sentyabrın 26-da xalqa imkan yaratdı ki, dövlətimizin və cəmiyyətimizin bundan sonrakı həyatının necə olması barədə öz iradəsini ortaya qoysun. Seçicilər də bu şəraitdən yetərincə bəhrələndi və gündəliyə çıxarılan məsələlərin məhz Azərbaycan xalqının mənafeyinə cavab verən şəkildə həllinə nail oldu.

İkinci, qədim Romada deyirdilər ki, referendum birbaşa olaraq demokratiyanın institutlarından, təsisatlarından biridir. Yəni hansısa ölkədə referendum keçirilirsə, deməli, həmin ölkədə demokratiyanın əsasları vardır. Bu anda əcnəbi müşahidəçilərin rəylərini və aparıcı dövlətlərin bəyanatlarını, mötəbər beynəlxalq təşkilatların qiymətləndirmələrini əsas götürərək xatırladaq ki, həmin tezisi qətiyyətlə bugünkü Azərbaycana şamil edə bilərik.

Başqa bir məqam. Romalılar deyirdilər ki, referendum xalqın qanun yaradıcılığında iştirakının təmin edilməsidir. Yəni adi hallarda qanunları parlament üzvləri, hüquq mütəxəssisləri yaradırlarsa, ümumdövlət maraqlarına aid mühüm məqamlarda qanunun yaradılmasında bilavasitə xalqın iştirakı zəruri olur. Azərbaycan dövləti taleyüklü məsələlərdə seçicilərin iştirakını zəruri edən məqamları yüksək qiymətləndirdi və bilavasitə xalqın səsi ilə yaradılmış Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi səlahiyyətini də məhz cəmiyyətə verdi. Bu isə o deməkdir ki, referendumun nəticələri artıq hüquqi statusu olan mühüm dövlət sənədidir. Bu sənəd dövlətin, xalqın və ayrılıqda hər bir vətəndaşın mənafelərinin və hüquqlarının qorunmasını təmin edir.

Xatırladaq ki, tarixdə bu qəbildən olan məsələlərin plebisist (plebs latınca sadə xalq, skitum isə qərar deməkdir) vasitəsi ilə həll edildiyi də məlumdur. Konstitusiya hüququnun tarixini yazanlar qeyd edirlər ki, referendumla plebisist ilk baxışda eyni məzmunlu tədbir kimi görünsə də, çox mühüm fərqləri vardır. Belə ki, referendumun nəticələri hüquqi sənəd statusuna malik olsa da, plebisistin nəticələri məsləhətçi, tövsiyə xarakterli olur. Ona görə də bir daha xatırladaq ki, Azərbaycan xalqı sentyabrın 26-da dövlətimiz və cəmiyyətimiz üçün mühüm əhəmiyyəti olan hüquqi sənəd formalaşdırılmasında iştirak etmişdir. Özü də böyük qətiyyət və mütəşəkkilliklə.

Xalqın həmin qətiyyətini və mütəşəkkilliyini yüksək qiymətləndirən Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında demişdir ki, müşahidə aparan beynəlxalq qurumlar, xüsusilə, Avropa Şurası Parlament Assambleyasının nümayəndələri referenduma çox yüksək qiymət vermişlər: “Bunun da çox böyük əhəmiyyəti var. Çünki, adətən, Avropa strukturlarında bizi tənqid edirlər. Bir çox hallarda əsassız tənqid edirlər. Ancaq hətta bizi tənqid etməyə öyrəşən qurum da artıq heç bir irad tapa bilmir. Bu, referendumun bir nəticəsidir. Bu, onu göstərir ki, kim nə deyirsə-desin, hansı uydurma ortaya atırsa-atsın, Azərbaycan demokratiya yolu ilə gedir. Bizdə azad seçki, şəffaf referendum keçirilir. Biz bir çox ölkələr, xüsusilə özlərini demokratiyanın beşiyi sayan ölkələr üçün nümunə ola bilərik. Gəlsinlər, bizim təcrübəmizi öyrənsinlər”.

Prezidentin fikrincə, referendumun ikinci əsas nəticəsi ondan ibarətdir ki, Azərbaycan xalqının mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz dəstəyini verdi: “Bu da əslində, bizim siyasətimizə növbəti dəfə xalq tərəfindən verilən böyük dəstəkdir. Mən şəxsən bunu belə qəbul edirəm. Çünki təklif olunan dəyişikliklər biz tərəfdən irəli sürüldü və Azərbaycan xalqı, onun böyük əksəriyyəti bu referenduma “hə” dedi. Bu, əlbəttə ki, bizə əlavə güc verir. Bu, bizim üçün böhranlı ildə növbəti bir test, sınaq idi”.

Bəs nə üçün Azərbaycan xalqı bu referendumda böyük fəallıqla iştirak etdi və gündəliyə çıxarılan məsələlərin hamısına “hə” dedi? Təbii ki, bu suala hərənin öz cavabı ola bilər. Fikrimizcə, həmin sualın ən doğru cavabını məhz dövlət başçımızdan eşitdik: “Əlbəttə, onsuz da mən bilirəm ki, ölkəmizdə hansı ab-hava var, insanları hansı məsələlər düşündürür və onların ümumi işimizə münasibəti necədir. Bunu mən yaxşı bilirəm. Referendumun nəticələri bütün ölkəyə, bütün xalqımıza, dünyaya bunu bir daha əyani şəkildə təqdim etdi. Azərbaycan xalqı apardığımız siyasəti dəstəkləyir, bu dəstəyə sadiqdir və görür ki, bizim siyasətimizə alternativ siyasət yoxdur. Alternativ siyasət fəlakət ola bilər, yenə Azərbaycanı uçuruma apara bilər, yenə Azərbaycanı qırğın meydanına çevirə bilər. Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyərək referendumda “hə” dedi”. Yəni xalqımız sentyabrın 26-da təkcə bir siyasi prosesdə səs vermədi, həm də gələcək siyasi prosesləri bilavasitə müstəqil Azərbaycanın mənafelərinə cavab verən məcralara yönəltdi. Bu, bizim böyük siyasi uğurumuz idi.

Yeri gəlmişkən, Konstitusiyaya dəyişiklik və əlavələr edilməsi üçün keçirilən referendumda xalqın göstərdiyi fəallığı hamı, həm də tez-tez yada salır. Ancaq həmin məzmunlu ən dəqiq məlumatları oktyabrın 11-də Mərkəzi Seçki Komissiyasının Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasında ­eşitdik: “Referendum geniş ictimaiyyətin də böyük maraq dairəsində olub. Belə ki, səsvermə prosesi müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını, referendum üzrə təşviqat qruplarını təmsil edən, habelə öz təşəbbüsləri ilə referendumun müşahidəsinə qatılan 53 mindən çox yerli müşahidəçinin, 33 ölkədən olan 117 beynəlxalq müşahidəçinin, 16 nüfuzlu beynəlxalq KİV-in və heç bir qeydiyyat tələb olunmadan proseslərin izlənilməsinə qatılmış yerli KİV-lərin çoxsaylı nümayəndələrinin müşahidəsi ilə keçirilib. Bütün qeyd edilənlərlə yanaşı, səsvermə prosesi işğal olunmuş ərazilər istisna olmaqla, respublikanın bütün ərazisini əhatə edən 1000 seçki məntəqəsində (səsvermə keçirilən məntəqələrin təxminən 20 faizində) quraşdırılmış veb-kameralardan geniş miqyasda izlənməklə qanunvericiliyin tələblərinə müvafiq olaraq azad, ədalətli, şəffaf və geniş aşkarlıq şəraitində keçib. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, real zaman rejimində məntəqələrdə səsvermə günü baş verən bütün prosesləri əvvəldən axıradək izləmək imkanına malik olublar”.

Bu isə o deməkdir ki, gündən-günə inkişaf edən gənc müstəqil dövlətimizin tərəqqisini daha da sürətləndirmək üçün atılan bütün addımları xalqımız dəstəkləyir, beynəlxaq ictimaiyyət isə doğru, düzgün seçilmiş bir yol kimi qəbul edir. Yeri gəlmişkən, Azərbaycan xalqı bugünlərdə öz dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünü bayram edir. Fikrimizcə, xalqın böyük əksəriyyətinin sentyabrın 26-da keçirilmiş referendumda “hə” deməsi elə müstəqilliyimizin bərpasının 25 illiyinə ən dəyərli töhfə kimi qəbul edilə bilər.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında