Azərbaycan UNESCO-nun müxtəlif sahələrdəki məqsədlərinin təşviqinə sadiqdir

Başlığa çıxardığımız bu  sözlər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Meriban Əliyevaya məxsusdur. Mehriban xanımın  gərgin, davamlı  fəaliyyəti  nəticəsində son vaxtlar  UNESCO ilə Azərbaycanın əlaqələrində,  xüsusi canlanma hiss olunur.

 Mədəniyyətimizin  dünyaya inteqrasiya yolunda  qazandığı uğurlarda  bu təşkilatın əhəmiyyətli rolu vardır. Bu gün dünyanın əksər ölkələrində Azərbaycanın milli-mədəni dəyərləri davamlı olaraq təbliğ edilir, ölkəmiz beynəlxalq miqyasda keçirilən tədbirlərdə mütəmadi olaraq iştirak edir. Milli-mədəni dəyərlərimizin qorunmasında və təbliğində UNESCO -nun məxsusi xidmətləri vardır. Azərbaycan bu beynəlxalq təşkilata üzv olduqdan sonra mədəniyyətimizin beynəlxalq miqyasda tanınmasının yeni dövrü başlandı.

Azərbaycan ilə UNESCO arasındakı əlaqələrin möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin bu ixtisaslaşmış qurumun o vaxtkı baş direktoru Federiko Mayor ilə görüşləri mühüm əhəmiyyət kəsb edir. Həmin görüşlərdə Azərbaycanla bağlı təhsil, elm və mədəniyyət məsələləri müzakirə edilmişdi.

  Məhz o müzakirələrin nəticəsi olaraq, UNESCO-nun baş qərargahında və Bakıda  dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyinə həsr olunmuş mərasim keçirilmişdir. Bakıda  keçirilən tədbirdə Federiko Mayor şəxsən iştirak etmişdir. Bu səfər əməkdaşlığın yüksək səviyyədə qurulmasını göstərən amillərdən biri idi. Səfər zamanı mədəniyyət sahəsində ikitərəfli əməkdaşlıq haqqında saziş də imzalanmışdır.

Bununla yanaşı, “Mədəni sərvətlərin qanunsuz olaraq ölkədən aparılması, gətirilməsi və onların barəsində mülkiyyət hüququnun başqasına verilməsini qadağan etmək yolları” haqqında Beynəlxalq Konvensiyanın müddəalarını əsas götürməklə Azərbaycanın işğal olunmuş ərazilərindəki maddi-mədəniyyət abidələrinin qaytarılması, mühafizəsi və bərpası istiqamətində UNESCO ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan-UNESCO əməkdaşlığına dair 1996-cı ilin noyabrında imzalanmış saziş təhsil, elm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi çox əhəmiyyətli idi. Təsadüfi deyil ki, məhz bundan sonra Azərbaycanda ali təhsilin TASİS və TEMPUS proqramlarına uyğun şəkildə yenidən qurulmasına dair iki layihənin reallaşdırılmasına başlanılmış, 2000-ci il UNESCO tərəfindən “Böyük İpək yolu - TRASEKA ili” elan olunmuşdu.

Azərbaycanın mədəni və təbii irsinin qorunması məsələsi də UNESCO ilə əməkdaşlığın əsas istiqamətlərindən biridir. Bu baxımdan Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksi 2000-ci ilin dekabrında UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. Lakin Azərbaycanda baş vermiş zəlzələ nəticəsində İçərişəhərin ərazisində yerləşən memarlıq abidələrinə dəymiş zərər və bununla bağlı bir sıra problemlərə görə 2003-cü il iyulun 4-də Dünya İrsi Komitəsinin 27-ci sessiyasında İçərişəhər kompleksi UNESCO-nun Təhlükə Altında Olan Dünya irsi Siyahısına salınmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, İçərişəhərə dövlət qayğısı artırılmışdır. UNESCO-nun Dünya İrsi Komitəsinin ekspertlərinin hesabatlarında Azərbaycan hökuməti tərəfindən İçərişəhər Qoruğunun mühafizəsi istiqamətində görülən işlər təqdir edilmiş, nəticədə Dünya Mədəni İrsi Komitəsinin 2009-cu il iyunun 22-dən 30-dək İspaniyanın Sevilya şəhərində keçirilən 33-cü sessiyasının qərarına əsasən, İçərişəhər Kompleksi UNESCO-nun Təhlükə Altında Olan Dünya irsi Siyahısından çıxarılmışdır.

Bu təşkilatın  Dünya İrsi Komitəsinin 2007-ci ildə Yeni Zelandiyada keçirilmiş 31-ci sessiyasında qəbul edilmiş qərara əsasən, Qobustan Dövlət Tarixi Bədii Qoruğu da Dünya Mədəni  İrsi Siyahısına daxil edilmişdir.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 2009-cu il sentyabr 28–dən oktyabrın 2-dək Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən 4-cü sessiyasında Komitənin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və qeyri-maddi mədəni irs nümunəsi kimi Novruz bayramı bu nüfuzlu qurumun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

Müasir şəraitdə Azərbaycan-UNESCO münasibətlərinin inkişafında və onun genişlənməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzolunmaz xidmətləri  vardır. Mehriban xanım Əliyeva 2004-cü ilin sentyabrında ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və UNESCO-nun ideyalarına sadiqliyinə görə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülmüşdür.

Ötən illər ərzində UNESCO çərçivəsində Nəsirəddin Tusinin, Azərbaycan alimi, şərqşünas Mirzə Kazımbəyin, akademik Yusif Məmmədəliyevin, məşhur xalçaçı-rəssam Lətif Kərimovun, akademik Musa Əliyevin, görkəmli yazıçı-pedaqoq Mir Cəlal Paşayevin, məşhur rəssam Səttar Bəhlulzadənin yubileyləri yüksək səviyyədə qeyd edilmişdir.

Ümumiyyətlə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyi ilə Azərbaycan-UNESCO münasibətləri ən yüksək inkişaf səviyyəsinə yüksəlmişdir.

Qarşılıqlı əməkdaşlıq fəaliyyəti nəticəsində Azərbaycanın ev sahibliyi ilə keçirilən beynəlxalq forum, konfrans və seminarlarda dünyanın ən nüfuzlu elm, mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər. Onların sırasında 2008-ci il iyunun 10-11-də Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”, eləcə də mədəniyyətlərarası dialoqa dair dörd möhtəşəm forumun keçirilməsi kimi tədbirlər vardır.

Hələ 2005-ci ilin oktyabrında UNESCO-nun 60 illiyinə həsr edilmiş “Sivilizasiyalararası dialoq” həftəsi çərçivəsində Parisdə “Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda” mövzusunda keçirilmiş tədbirdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Şərqlə Qərbin qovuşduğu bir məkan olaraq Azərbaycanın qlobal mədəni dialoqa öz töhfəsini verməyə hazır olduğunu vurğulamışdır. Sonrakı illərdə bu yöndə əməli addımların atılması, konkret təşəbbüslərin irəli sürülməsi və ölkəmizdə keçirilən beynəlxalq tədbirlər bunu bir daha təsdiqləmişdir.

Bütün bu fəaliyyətin nəticəsində, 2010-cu il iyulun 30-da Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya UNESCO-nun baş direktoru İrina Bokova tərəfindən “Qızıl Motsart” medalı təqdim olunmuşdur.

2013-cü il sentyabrın 17-də Parisdə, UNESCO-nun mənzil-qərargahında TÜRKSOY-un, Azərbaycanın, Qazaxıstanın və Türkiyənin bu beynəlxalq qurum yanında daimi nümayəndəliklərinin təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 100 illiyinə həsr edilmiş bayram tədbirləri keçirilmişdir. Bu tədbirlərdə Şərqdə ilk musiqili operettanın müəllifi olan Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərinin beynəlxalq səviyyədə tanındığı, həmçinin onun bir çox dillərə tərcümə olunduğu və dünyanın bir çox ölkələrində müvəffəqiyyətlə nümayiş etdirildiyi haqqında məlumat verilmişdir. Bununla yanaşı, operettanın dünya incəsənətinin nadir incilərindən olduğu diqqətə çatdırılmış, zəngin və qədim tarixə malik Azərbaycan mədəniyyətinin parlaq nümunəsi kimi səciyyələndirilmiş, onun 100 illiyinin UNESCO kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən qeyd olunması ölkəmiz üçün əlamətdar hadisə şəklində dəyərləndirilmişdir.

Azərbaycanın UNESCO üzvlüyünə qəbul olunmasının 20 illiyi münasibətilə 2013-cü il iyulun 18-də Parisdə--qurumun baş qərargahında keçirilmiş mərasimdə Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva çıxışında qeyd etmişdir ki, ölkəmiz UNESCO-nun müxtəlif sahələrdə məqsədlərinin təşviqinə sadiqdir.

Bununla yanaşı, Azərbaycanın həm də UNESCO ilə mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlıq etdiyini bildirən birinci xanım qeyd etmişdir ki, bu gün beynəlxalq ictimaiyyət ölkəmizi yüksək dini və etnik dözümlülük sahibi, dialoqun mərkəzi kimi tanıyır və əsrlər boyu müxtəlif dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda sülh, harmoniya şəraitində yaşamışlar. UNESCO ilə Azərbaycan arasında bağlanmış çərçivə sazişinin də mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən Mehriban xanım Əliyeva ölkəmizin UNESCO ilə əməkdaşlığını davam etdirəcəyinə və mövcud olan böyük potensialı reallaşdırmaq üçün gələcəkdə əlaqələrimizin daha da güclənəcəyinə əmin olduğunu bildirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyətinin tarixinə yazılan parlaq səhifələrdən biri isə Azərbaycan aşıq və tar ifaçılığı sənətinin, eləcə də Azərbaycan kəlağayısının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsidir. Bundan başqa Azərbaycanın təşəbbüsü ilə qədim Şərq oyunu-çövkən UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Azərbaycan UNESCO-nun, demək olar ki, əksər tədbirlərində yaxından iştirak edir. Bu təşkilatın nümayəndələri  də dəfələrlə Azərbaycanda olmuş, ölkəmizin inkişafının canlı şahidinə çevrilmişlər.

Respublikamızın çoxtərəfli beynəlxalq mədəni əlaqələrinin inkişafına nəzər saldıqda, aydın olur ki, müasir geosiyasi şəraitdə nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən UNESCO tərəfindən dəstəklənən möhtəşəm tədbirlər respublikamızın beynəlxalq aləmdəki nüfuzunu daha da möhkəmləndirmiş, ölkəmizin tolerantlıq və dialoq məkanı kimi indiyədək oynadığı tarixi missiyaya təkan vermiş və nəticə olaraq mədəniyyətlərarası dialoq üzrə qlobal platformanın əsası qoyulmuşdur.

Hazırladı:
M. MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında