Rusiya islahatlar yolunda

Soçidə təşkil edilmiş Beynəlxalq Sərmayə Forumunda Rusiya rəsmiləri düşündürücü fikirlər ifadə ediblər. Baş nazir, "Sberbank"ın rəhbəri, keçmiş maliyyə naziri kimi yüksək səviyyəli mütəxəssislər ölkənin idarəetmə sistemində islahatların aparılmasının həyati əhəmiyyətli məsələ olduğunu vurğulayıblar, əks təqdirdə, ölkəni ciddi problemlərin gözlədiyi bildirilib. Dmitri Medvedev, German Qref, Aleksey Kudrin yuxarıda təsvir edilən proqnozu verərkən konkret faktlara əsaslanıblar. Problemin kökündə Rusiyada köhnə idarəetmə fəlsəfəsinin və mexanizmlərinin durduğu göstərilib. Belə qənaətə gəlinir ki, yaxın zamanlarda islahatlar aparılmasa, 2017-ci ildə onu reallaşdırmaq daha çətin olacaq, iki ildən sonra isə "şok vəziyyəti" yarana bilər. Burada daha çox vurğulanan fakt ölkənin ehtiyat fondunun kasadlaşmasıdır. Lakin Rusiya böyük dövlətdir və burada baş verən kataklizmlər geniş bir ərazidə böhran yarada bilər. Bu məqam üzərində düşünmək faydalı ola bilərdi.

 

Obyektiv analizin real nəticələri

 

Rusiyada ən yüksək səviyyədə dövlət idarəetməsində islahatlara başlamaqdan bəhs edirlər. Baş nazir Dmitri Medvedev Soçidə Beynəlxalq Sərmayə Forumu çərçivəsində təşkil olunmuş tədbirlərdə bu barədə bir daha konkret fikir söyləyib. Onun proqnozu 3 faktora əsaslanır. Birinci amil sovet sistemindən qalmış və idarəetmədə hələ də üstünlük təşkil edən inzibati-bürokratik əngəllərdir. İkincisi, keçən əsrin 90-cı illərində islahatlar adı altında reallaşdırılan bəzi proqramların hələ də qüvvədə qalmasıdır. Üçüncüsü isə qəbul edilən yeni qanunlar paketinin həyata keçirilmə mexanizmlərinin səmərəsizliyidir. Sonuncu amil ilk iki faktordan irəli gəlir. Yəni yeni qəbul edilən qanunların işlək olması üçün sovetlərdən miras qalmış idarəetmə sistemi və 1990-cı illərdə formalaşdırılan bir sıra mexanizmlər yenilənməlidir.

Sadalanan faktorlardan görünür ki, reallıqda söhbət Rusiyada idarəetmə sistemində köklü islahatlardan gedir. Bu qənaətin əldə edilməsi konkret təcrübəyə əsaslanır. Belə ki, keçən müddət ərzində Rusiyanın sosial-iqtisadi sferasında elə də ciddi yeniliklər tətbiq edilməyib. Əsasən SSRİ zamanından qalmış idarəetmə üsulu hər addımda hiss edilir. Bu da sovetlər üçün səciyyəvi olan korrupsiya, "təlimatlarla fəaliyyət göstərmək" kimi sindromların yaşamasına səbəb olur. D.Medvedev də məhz bu məqamlardan danışıb.

Onun sözlərinə görə, iqtisadi islahatların zəifliyi köhnə idarəetmənin ömrünü uzadıb ki, bu da yerlərdə rəhbər işçilərin proseslərə yaradıcı yanaşa bilməməsinə səbəb olub. Nəticədə, onlar "yuxarıdan göstərişlər" gözləyiblər. Müasir qlobal sosial-iqtisadi reallıqlar isə tamamilə fərqli yanaşma tələb edir. Rusiyanın dünyanın əksər dövlətləri ilə iqtisadi-ticari əlaqələri var və o, həmin ölkələrlə bazar iqtisadiyyatının şərtləri daxilində əməkdaşlıq etməyə məcburdur. Daxili iqtisadi sistemin köhnə mexanizmlərlə işləməsi xarici bazarlarla ziddiyyət yaradır. Baş nazir bu vəziyyəti belə ifadə edib: "Rusiya idarəetmə sistemi çevik deyil".

Məsələnin başqa aspekti Rusiyanın uzun illər bir dövlət çərçivəsində yaşadığı bəzi keçmiş sovet respublikalarında dərin islahatların aparılması ilə bağlıdır. Onlarda bu sahədə yeniliklərin baş verməsi, Rusiyanı dəyişməlidir. Məsələn, Azərbaycan keçən müddətdə çox ciddi və geniş islahat proqramları həyata keçirib. Ölkənin idarəetmə sistemi keyfiyyətcə yeniləşib və Konstitusiyaya dəyişiklikləri nəzərdə tutan ümumxalq səsverməsindən sonra daha təkmil məzmun kəsb edəcək. Faktiki olaraq Azərbaycan keçmiş SSRİ respublikaları arasında ən çox islahatlar həyata keçirən ölkədir.

Təsəvvür edin ki, yeniləşən Azərbaycanla Rusiya arasında əməkdaşlığı inkişaf etdirməyə bəzi mexanizmlər mane olacaq. Bu da hər iki ölkəni qane etmir. Qarşılıqlı maraq doğuran əməkdaşlıq sferalarında müasir tələblərə uyğun inkişaf dinamikasına nail olmaq çətinləşə bilər.

Bundan başqa, Rusiya ilə sıx müttəfiqlikləri olan Qazaxıstan və Belarus da yeni idarəetmə modelinə ciddi ehtiyac hiss edirlər. KİV bir neçə dəfə Belarus prezidentinin mövcud əməkdaşlıq modelinin ölkəyə səmərə vermədiyini bəyan edib. Bu reallıqdan uzun müddət qaçmaq mümkün deyildir.

 

Gecikmənin bədəli

 

Yuxarıda vurğulanan məqamlardan əlavə, Rusiyanın qabaqcıl mütəxəssisləri və yüksək vəzifəli məmurları elə faktlardan bəhs edirlər ki, böyük bir ölkənin idarəetmədə nə dərəcədə problemlər yaşadığına tam əminlik yaranır. Məsələn, Soçidəki tədbirdə keçmiş maliyyə naziri Aleksey Kudrin, "Sberbank"ın rəhbəri German Qref və indiki maliyyə naziri Anton Siluanov müzakirələr zamanı düşündürücü tezislər ifadə ediblər. Onlar belə bir ortaq nəticəyə gəliblər ki, Rusiyanın hazırkı büdcə siyasəti acınacaqlı vəziyyətdədir. Buna görə də A.Siluanova qibtə etmək olmaz, o, həssas durumla üzləşib.

Bütövlükdə G.Qref də təxirəsalınmaz islahatların aparılması barədə danışıb. Onun fikrincə, Rusiyada islahatları "arzulamamaq ehtiyatı" tükənir. Misal olaraq o, vergi sisteminin problemlərini göstərir. Əgər vergi artırılmasa, islahatlar qaçılmazdır. Vergini sonsuz artırmaq isə mümkün deyildir. Deməli, islahatları aparmamağın heç bir əsası qalmır. G.Qref vurğulayıb ki, əgər tezliklə bunu həyata keçirmək mümkün olmasa, bir ildən sonra islahatları aparmaq daha çətin olacaq, iki ildən sonra isə bunu "şok rejimi"ndə etmək lazım gələcək.

Bunların əsasında G.Qref həyəcanlı bir qənaətə gəlir – 2017-ci ildə Ehtiyat Fondu tükənə bilər. Ölkənin bir çox subyekti borc içində batır və bu, son hədd deməkdir. Etiraf edək ki, kifayət qədər ciddi müddəalardır. Əgər vəziyyət belə davam etsə, gələn ildən Rusiya bütün sahələrdə dərin böhran içinə düşə bilər. Çıxış yolu  isə idarəetmə sistemində köklü islahatların aparılması ola bilər.

Mütəxəssislər bu qənaəti əsaslandıran xarici faktor kimi dünyanın müxtəlif regionlarında baş verən münaqişələrin Rusiya iqtisadiyyatına və siyasətinə mənfi təsirini göstərirlər. Xüsusilə Ukrayna və Suriya prosesləri Moskvanın çox xərc sərf etməsinə səbəb olur. Bu tendensiyanın dayandırılması zəruridir. Ancaq hazırkı beynəlxalq vəziyyətə görə onu reallaşdırmaq imkan xaricindədir. Qərbin sanksiyaları davam edir, neftin qiyməti müəyyən ətrafda tərəddüd edir və onun kəskin yüksəlməsi gözlənilmir. Rusiya isə bu il onun istehsalını maksimum həddə çatdırıb. Mütəxəssislər hesab edirlər ki, bu üsulla ölkəni uzun müddət sabit saxlamaq mümkün olmayacaq.

Digər təhlükəli məqam terror dalğasının Rusiyaya sıçraması ehtimalı ilə bağlıdır. İŞİD, "əl-Qaidə", "Cəbhətül-Nusra" və başqa radikal qruplaşmalar Mərkəzi Asiya vasitəsilə Rusiyaya keçməyə çalışırlar. Bu haqda Rusiya rəsmiləri artıq proqnozlar verirlər. Terrorçuların əsas hədəfinin Rusiya olması faktı da gizlədilmir. Əgər bu tendensiya reallaşsa, Rusiya iqtisadiyyatının bütün ağırlığa tab gətirə biləcəyi böyük şübhə doğurur. Deməli, təhlükəsizlik aspektində də ciddi problemlər meydana gələ bilər ki, onların da həlli üçün güclü və çevik iqtisadi sistem yaradılmalıdır.

Beləliklə, D.Medvedevin Soçidə dediyi "dövlət idarəetməsi çox aşağı səmərə verir" fikri təsadüfən dilə gətirilməyib. Bu, bütün sistemin yeniləşməsinə ehtiyac duyulmasına işarədir. Baş nazir onu da ifadə edib ki, müxtəlif regionları olan Rusiya kimi böyük dövlətdə çoxpilləli idarəetmə sisteminin mövcudluğu daha keyfiyyətli idarəetmə mexanizminin işlənməsini tələb edir. Həmin məqsədə çatmaq isə çox yüksək peşəkarlıq tələb edir.

Doğrudan da, şimal qonşumuz üçün çox mürəkkəb situasiyadır. Böyük bir dövlətdə ciddi islahatlar aparmaq çoxlu sayda faktor arasında harmoniya yaratmağı tələb edir. Rusiyanın buna gücü çatacaqmı? Sual ölkə rəhbərliyi qarşısında kəskinliklə qoyulub. Əgər həmin istiqamətdə səmərəli çıxış yolu tapılmasa, Rusiya problemlərlə üzləşə bilər. Bununla yanaşı, bütün postsovet məkanında mürəkkəb sosial-iqtisadi, siyasi, geosiyasi və hərbi problemlər meydana gələ bilər. Deməli, məsələ yalnız Rusiya ilə məhdudlaşmır – geniş bir ərazidə ciddi gərginlik ocağı təhlükəsinin yaranmasına yol verməmək üçün əməli addımlar atılmalıdır.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında