Azərbaycan Respublikasının beynəlxalq siyasəti və təhlükəsizlik məsələləri

(əvvəli ötən sayımızda)

Obyektivlik naminə onu da qeyd edək ki, Ermənistan-Azərbaycan silahlı qüvvələrinin təmas xəttində baş vermis son hadisələr, xüsusilə də “aprel döyüşləri” ATƏT-in Minsk qrupunu da hərəkətə gətirmişdir. Bu prosesdə həmsədrlərdən biri olaraq Rusiya daha fəal siyasət yeridir. Son hərbi əməliyyatların gedişində Rusiyanın müdafiə və xarici işlər nazirlərinin münaqişə tərəflərindəki həmkarları ilə telefon danışıqları aparması, bunun ardınca Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfər etməsi və görüşlər keçirməsi, Baş nazir Dmitri Medvedevin Ermənistana və Azərbaycana işgüzar səfərlər etməsi, Moskvada Azərbaycan və Ermənistanın Baş Qərargah rəislərinin görüşünün təşkili və həmin görüşdə 5 aprel tarixindən etibarən atəşkəs haqqında razılaşmanın əldə edilməsi və nəhayət, Prezident Vladimir Putinin təmas xəttində baş verən hərbi insidentdən narahatlığını ifadə edərək Pezident İlham Əliyevə və Serj Sarkisyana telefon zəngi etməsi həmin fəallığın göstəricisi hesab oluna bilər. Düzdür, həmsədr ölkələr ATƏT-in Minsk qrupunun strukturunda hər hansı dəyişikliyi hələ ki, istisna edirlər. Buna baxmayaraq artıq yeni reallıqda iki yol vardır. Ya ATƏT-in Minsk qrupu indiyədək davam etdirdiyi passiv vasitəçilik missiyasından imtina edib, münaqişənin həlli ilə bağlı yaranmış yeni şəraiti düzgün qiymətləndirərək fəal tənzimlənmə hərəkətlərinə keçməlidir və bu prosesə ilkin olaraq özündə islahatlarla başlamalıdır, ya da uğursuzluğunu etiraf edib, özünü buraxmalıdır.

Zənnimizcə, 24 illik fəaliyyətindən (fəaliyyətsizliyindən) sonra ATƏT-in Minsk qrupunun yuxarıda göstərdiyimiz hər hansı yolu seçməsindən asılı olmayaraq qətiyyət göstərməsinin vaxtı gəlib çatmışdır.

Beləliklə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli potensialı və mövcud reallıqlar kontekstində yuxarıda apardığımız təhlillər bir sıra nəticələrə gəlməyə imkan verir. Fikrimcə, münaqişənin 3 mümkün həlli variantı vardır. Birinci 2 variant dinc, sonuncu variant isə hərbi həll imkanlarını özündə ehtiva edir.

Birinci variant – Ermənistanda S.Sarkisyan rejimi öz işğalçılıq siyasəti nəticəsində üzləşdiyi total və permanent böhran vəziyyətindən çıxmaq üçün siyasi iradə nümayiş etdirərək Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konkret konstruktiv addımlar ata bilər. Nəticədə danışıqlar prosesində keyfiyyətcə yeni mərhələnin əsası qoyular və qarşılıqlı kompromislər əsasında münaqişənin həlli prosesi həyata keçirilər. Başqa sözlə, Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək idarəetmə statusu verilə bilər.

İkinci variant – Ermənistan dövləti beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk qrupu tərəfindən sülhə məcbur edilə bilər. Regionda sülh və sabitlik naminə, xüsusilə də daşıyıcısı olduqları milli maraqlardan çıxış edərək həmsədrlər – ABŞ, Rusiya və Fransa S.Sarkisyan rejiminə müəllifi olduqları yeniləşmiş Madrid prinsiplərini qəbul etdirə bilərlər. Xüsusilə, bu istiqamətdə Rusiyanın imkan və potensialı daha böyükdür. Hələ ki, bu baş vermir. Bu, heç də o demək deyildir ki, həmin güclər Ermənistanın müqavimət potensialını qıra bilmirlər. Əsla yox. Sadəcə bu və ya digər səbəblərdən bunu etmirlər. Bəs onlar hansılardır? Əvvəla, Rusiyanın 2012-ci ildə qəbul etdiyi yeni xarici siyasət konsepsiyasında məhz MDB məkanının birinci prioritet istiqamət kimi göstərilməsi təsadüfi sayılmamalıdır. Rusiya bu addımı ilə əslində, bu regionda inhisarçı mövqedə olduğunu opponentlətinə çatdırmışdır. Deməli, bu yanaşma tərzi münaqişələrin həllində də məhz Rusiyanın inhisarçı mövqeyə malik olduğunu ön plana çəkir. Rəsmi Moskva Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı tərəf olduğunu konkret əməli addımları ilə sübut edə biləcək addımlar atmamışdır.

ABŞ münaqişənin həllində maraqlıdır. Bu dövlətin geopolotik, xüsusi olaraq isə enerji təhlükəsizliyi maraqlarını nəzərə aldıqda bu qənaətə gəlmək mümkündür. Bununla yanaşı, rəsmi Vaşinqton münaqişənin həlli ilə bağlı siyasətində Ermənistanın Rusiyanın forpostu olması reallığını nəzərə alır. Rusiyanı bu məsələdə narazı sala biləcək addımlar atmaqda maraqlı görünmür. Bu iki dövlət arasında onsuz da gərginlik yaradan digər məsələlərin ön planda olduğu reallığını nəzərdən qaçırmaq olmaz. Bunların sırasında İranın nüvə proqramı, Suriya böhranı, Avropada NATO-nun raket əleyhinə müdafiə sistemi yaratmaq təşəbbüsünü və s. qeyd etmək olar.

Fransaya gəldikdə isə, bu dövlətin münaqişənin həllinə real dəstək vermək siyasətinə malik olduğu şübhə doğurur. Sanki bu dövlət digər iki həmsədrlə müqayisədə daha zəif olduğunun fərqindədir. Bir çox hallarda isə bu dövlətin “qondarma erməni soyqırımı” ətrafında manipulyasiya siyasəti sözügedən münaqişənin həlli imkanlarını məhdudlaşdırmış olur. Bir sözlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli hələ ki, buna məsul tərəflərin beynəlxalq gündəliyinin prioritet məsələsinə çevrilməmişdir.

Üçüncü variant – birinci və ikinci variantlar heç bir halda nəticə verməyəcəyi təqdirdə müharibə variantı qaçılmaz ola bilər. BMT TŞ-nın münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməsi (822, 853, 874, 884-1993-cü ildə qəbul olunmuşdur), təşkilatın nizamnaməsinin özünümüdafiə hüququ ilə bağlı 51-ci maddəsi, qurumun qəbul etdiyi qərarlarının yerinə yetirilməsinin icbari xarakter daşıması haqqında 25-ci maddəsi, habelə AŞPA, İKT və Avropa Parlamentinin Ermənistanı işğalçı dövlət elan etməsi kimi məlum hüquqi arqumentlər Azərbaycana öz ərazi bütövlüyünü təmin etməsi məqsədilə istənilən təsir mexanizmlərini, o cümlədən hərbi tənzimləmə variantını işə salmaq səlahiyyəti verir.

Qənaətimiz ondan ibarətdir ki, Azərbaycanın Ermənistandan bir neçə dəfə deyil, on dəfələrlə ölçülən hərbi üstünlüyü fonunda torpaqlarımızın təkcə güc yolu ilə deyil, eləcə də I və II variantda qeyd etdiyimiz dinc tənzimləmə üsulu ilə azad olunması imkanı son dərəcədə arta bilər. Başqa sözlə, Azərbaycanın mövcud  iqtisadi-hərbi potensialı qarşısında ya S.Sarkisyan rejimi vahimələnib münaqişənin həlli naminə siyasi iradə nümayiş etdirər, ya da regionda müharibənin yenidən alovlanmasını heç bir halda istəməyən, lakin bunun son dərəcə labüd olduğunun fərqinə varan beynəlxalq güclər Ermənistanı anoloji addım atmağa məcbur edər. İstənilən halda Azərbaycanın artmaqda olan güc potensialı münaqişənin təmzimlənməsində öz həlledici rolunu oynamaqdadır. Artıq Azərbaycan beynəlxalq koordinatlar sisteminin subyekti deyil, onun fəal aktoruna çevrilmişdir. Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir. Azərbaycan Respublikasının 2011-ci il oktyabr ayının 24-də BMT TŞ-ya 2012-2013-cü illər üzrə qeyri-daimi üzv seçilməsi bu həqiqəti bir daha təsdiqlənmişdir. 155 ölkənin Azərbaycanın lehinə səs verməsi, əslində, dünya ictimaiyyətinin ölkəmizə olan münasibətinin ifadəsidir, respublikamızın həm regionda, həm də beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən beynəlxalq proseslərdə yaxından iştirakının və eyni zamanda, sülhün və əmin-amanlığın bərpa edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir.

Bir çox mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyinin sübutudur. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır. Təkcə son üç ildə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə beynəlxalq konfransın, III, IV və V Beynəlxalq Humanitar forumların, Mədəniyyətlərarası Dialoq forumlarının, Davos Dünya İqtisadi Forumunun, I Avropa Oyunlarının, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun və digər yüksək səviyyəli qlobal tədbirlərin keçirilməsi bunu bir daha təsdiq edir. Dövlətimiz dünyada etibarlı tərəfdaş kimi tanınır. Başqa sözlə, ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, multikulturalizm siyasətinin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, uğurlu xarici siyasətin və pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və təminatçısı olan Prezident İlham Əliyevin sözləri ilə desək, “Azərbaycan dünya miqyasında o qədər də böyük ölkə deyildir, ancaq sözümüzün mənası və çəkisi böyükdür”.

Eyni zamanda, Azərbaycan dünyanın üzləşdiyi potensial və real risklərin, o cümlədən, ksenofobiya, irqçilik, islamofobiya və multikulturalizmin alternativi olan digər təhdidlərin aradan qaldırılması mənafeyinə xidmət göstərən orijinal həll yollarını da irəli sürür. Bu baxımdan Prezident İlham Əliyevin sadə, lakonik və olduqca müdrik yanaşması unikallığı ilə seçilir: “Siz qonşunuzdan milliyyətini, kilsədə, sinaqoqda və ya məsciddə ibadət etməsini soruşmadan onunla yanaşı, yaşamalısınız. Yalnız bu halda potensial riskləri azalda bilərik”.

Enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir. Bu baxımdan bir sıra nüfuzlu ekspertlərin “müasir dünyanın siyasi mənzərəsi daha hərbi bloklara mənsubiyyətlə yox, enerji ehtiyatlarına maliklik və malik olmamaq üzrə bölgüylə müəyyən ediləcək”, – fikri təsadüfi sayılmamalıdır.

Bu bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi sahəsində ciddi problemləri mövcuddur. Onların bir çoxunun – ümumiyyətlə, karbohidrogen resursları yoxdur (Yaponiya, Cənubi Koreya, Tayvan, bəzi Avropa ölkələri və s.), digərlərinin malik olduqları köhnə yataqlar isə tükənmək üzrədir (Böyük Britaniya, Norveç, Niderland). ABŞ isə dünya neft hasilatında 8 faizlik paya malik olmasına baxmayaraq, istehlakda payı 24 faizdən artıqdır. Bu fikirlərin təsdiqi kimi onu da qeyd edək ki, ABŞ Neft Şurasının statistik məlumatlarında qeyd olunur ki, 1996-cı ildə neftə olan sutkalıq tələbat 71 milyon barrel təşkil edirdisə, 2030-cu ildə bu göstəricinin 138 milyon  barrelə yüksələcəyi proqnozlaşdırılır, onun da 30 milyon barreli təkcə ABŞ-ın payına düşəcəkdir.

Dünya neft-qaz bazarı istehlakçılarının strukturunda da dəyişiklik baş vermişdir. Əvvəllər 3 yüksək inkişaf etmiş region neft və qazın əsas istehlakçıları hesab olunurdu: Şimali Amerika (ilk növbədə ABŞ), Avropa İttifaqı (ilk növbədə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya) və Şimal-Şərqi Asiya (Yaponiya, Cənubi Koreya, Tayvan). Hazırda dinamik iqtisadi inkişaf tempi ilə bağlı olaraq Çin, Hindistan, Braziliya, Tailand və bir sıra digər dövlətlərin karbohidrogen ehtiyatlarına olan tələbatı xeyli dərəcədə artmışdır. Çin hətta Yaponiyanı bu sahədə ötərək dünya neft istehlakında 9 faizlik göstəriciyə malik olmuşdur və yalnız ABŞ-dan geri qalır.

Dünyanın müasir enerji xəritəsində mövcud vəziyyətin natamam təqdimatı belə təsdiqləyir ki, dünyada enerji resurslarına olan tələbat ilbəil artmaqdadır və bu strateji məhsulların təkrar istehsalının olmaması reallığı fonunda tələb və təklif arasında qeyri-mütənasibliyin dinamik olaraq artacağını proqnozlaşdırmaq mümkündür. Bu reallıq əsas enerji istehlakçılarını, o cümlədən Avropa ölkələrini alternativ enerji hasilatçıları axtarmağa sövq edir. Belə enerji mənbələri içərisində Xəzər regionu dövlətlərinin, xüsusilə də Azərbaycanın müstəsna mövqeyi vardır.

Azərbaycan zəngin enerji ehtiyatlarına malik ölkədir. Hələ 1846-cı ildə, yəni Pensilvaniyada neft yataqlarının aşkar olunmasından (1859-cu il) 10 il əvvəl Azərbaycanda, Bibiheybət ərazisində ilk neft quyusu fontan vurmuşdur. Yeri gəlmişkən, dünyada sənaye üsulu ilə neft hasilatı ilk dəfə XIX əsrdə məhz Azərbaycanda həyata keçirilmişdir. Dünyada dəniz yataqlarından da ilk dəfə neft 1949-cu ildə Azərbaycanda çıxarılmışdır.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin enerji hasilatı tarixində keyfiyyətcə yeni mərhələ başlandı. Azərbaycan öz sərvətlərinin real sahibi olmaq hüququ əldə etdi. Təəssüf ki, 1993-cü ilədək hakimiyətdə olmuş iqtidarların səriştəsiz və bacarıqsız siyasəti nəticəsində faktiki olaraq Azərbaycanın müstəqil və səmərəli enerji siyasəti formalaşmadı. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə  siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan bütün sahələrdə, o cümlədən, enerji sektorunda milli maraqlara söykənən siyasət həyata keçirməyə başladı.

Azərbaycanın yeni enerji strategiyasının memarı ümummilli lider Heydər Əliyevin ötən əsrin 90-cı illərində müəllifi olduğu iki siyasi qərar ölkəmizin neft-qaz siyasətinin formalaşmasında həlledici əhəmiyyətə malik olmuş, eyni zamanda respublikamızın Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirmişdir. Daha dəqiq desək, 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 12 şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin yeni neft strategiyasının başlanğıcı olmuşdur. 1996-cı il iyunun 6-da regionun enerji təhlükəsizliyi sahəsində və eləcə də enerji təhlükəsizliyində vacib rol oynayan “Şahdəniz” qaz yatağının işlənməsinə dair müqavilənin imzalanması ilə bu proses dönməz xarakter almışdır.

Azərbaycan üçün enerji təhlükəsizliyi ilk növbədə enerji marşrutlarının şaxələndirilməsində öz təsdiqini tapır. Avropa üçün isə enerji təhlükəsizliyi birinci növbədə enerji mənbələrinin şaxələndirilməsində ifadə olunur. Bu gün ölkənin təsdiq edilmiş enerji ehtiyatları 1,5-2 milyard tondan artıq neft və 2,6 trilyon kubmetr qazdan (təkcə “Şahdəniz” yatağında təsdiqlənmiş qaz yaraqları 1,2 trilyon kubmetrdir) ibarətdir və 7 kəmərlə Avropa və dünya bazarlarına çatdırılır. Bunlardan 3-ü neft (Rusiya, Gürcüstan və Türkiyə istiqamətləri) 4-ü isə qaz ( Türkiyə, Gürcüstan, Rusiya və İran istiqamətləri) kəmərləridir. Bunların içərisində 2006-cı ildə Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz boru kəmərlərinin istifadəyə verilməsi həm regional, həm də Avropanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. Bu reallıqlar fonunda Azərbaycan dövləti qarşısında ya yeni qaz bazarlarına çıxış yolları axtarmaq, ya da ənənəvi istiqamətlər üzrə ixracı artırmaq vəzifəsi dururdu. Elə bu vəzifədən irəli gələrək 2011-ci ilin yanvar ayında Azərbaycan ilə Avropa İttifaqı arasında strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu imzalandı. Bu istiqamətdə əməkdaşlığı həyata keçirmək üçün birgə işçi qrupu yaradıldı. Ümumən, ölkəmiz qaz ixracı prosesində “Cənub” qaz dəhlizi layihəsinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.

1994-cü ildə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində imzalanmış “Əsrin müqaviləsi” XX əsrin layihəsi hesab olunurdusa, “Cənub” qaz dəhlizi layihəsi Azərbaycan, bütöv region və Avropa üçün XXI əsrin meqa layihəsidir. Dəyəri 45 milyard dollar olan bu layihə çərçivəsində hasil edilən qaz 3500 kilometr  uzunluğunda 3 qaz kəməri vasitəsilə Azərbaycanı İtaliyanın limanları ilə birləşdirəcək. 2012-ci ildə bu dəhlizin mühüm seqmenti olan TANAP-Trans-Anadolu boru kəmərinin çəkilməsinə dair Türkiyə ilə Azərbaycan arasında tarixi saziş imzalandı.

Cari ilin 29 fevral tarixində “Cənub” Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçirilən 2-ci iclasında 11 dövlətin və Avropa Komissiyasının imzaladığı bəyannamə bir daha göstərdi ki, bu meqalayihənin reallaşdırılması yolunda bütün ciddi maneələr artıq arxada qalmışdır. Onu da xüsusi olaraq qeyd edək ki, layihənin iştirakçısı olan 7 dövlətlə yanaşı (Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya), daha 2 dövlət də (Monteneqro və Xorvatiya) bəyannaməyə imza atmışdır. Həmin dövlətlərin də sözügedən layihəyə qoşulacaqlarının artıq zaman məsələsi olduğunu əminliklə proqnozlaşdırmaq olar. Bu dövlətlərdən savayı, ABŞ və Böyük Britaniyanın yüksək səviyyəli nümayəndələri, habelə Avropa Komissiyasının vitse-prezienti də Bakı Bəyannaməsinə imzalarını qoymuşlar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “12 imza onu nümayiş etdirdi ki, “Cənub” qaz dəhlizi artıq reallıqdır.”

Beləliklə, beynəlxalq arenada qazanılan bu möhtəşəm uğurların əsasında ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi balanslı və çevik xarici siyasət strategiyası və onun dünyanın yeni geosiyasi reallıqları nəzərə alınmaqla Prezident İlham Əliyev tərəfindən novatorcasına davam etdirilməsi kursu dayanır.

Elman Nəsirov,
Milli Məclisin deputatı,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar
İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında