Azərbaycanın taleyini yalnız xalq müəyyənləşdirir

Azərbaycan Prezidenti cənab İlham Əliyev regionun ən qüdrətli dövlətinin lideri kimi bütün beynəlxalq toplantılarda ölkəmizin həqiqətlərini səsləndirir, respublikamıza qarşı olan hücumlara layiqli cavab verir. Bunu təkcə xalqımız yox, bütün dünya seyr edir.

Hazırda həyata keçirilən düşünülmüş siyasət nəticəsində Azərbaycan, həm öz iqtisadi təhlükəsizliyini təmin edir, həm də müasir dövrün çağırışlarına uyğun yeni inkişaf strategiyası müəyyənləşdirir, eyni zamanda, onun maneəsiz icrası üçün səmərəli islahatlar reallaşdırır. Bir müddət bundan əvvəl keçirilən referendumda xalqımızın öz sözünü deyərək Prezident İlham Əliyevə bir daha dəstək nümayiş etdirməsi məhz bununla bağlıdır. 

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da qeyd edilən məsələlərlə bağlı ətraflı danışıldı. Möhtərəm dövlət başçımız referendumun nəticələrinə münasibət bildirdi. Ölkə rəhbəri Azərbaycan xalqının referendumun nəticələrini dəstəklədiyini, onun iradəsinin ümumxalq səsverməsinin nəticələrində öz əksini tapdığını vurğuladı. Qeyd etdi ki, müşahidə aparan beynəlxalq qurumlar, xüsusilə Avropa Şurası Parlament Assambleyasının nümayəndələri referenduma çox yüksək qiymət veriblər. Bunun da çox böyük əhəmiyyəti var. Çünki adətən, Avropa strukturlarında bizi tənqid edirlər. Bir çox hallarda bu, əsassız olur. Ancaq, hətta, bizi tənqid etməyə öyrəşən qurum da artıq heç bir irad tapa bilmir. Bu, referendumun müsbət nəticəsidir. Bu, həm də  onu göstərir ki, kim nə deyirsə-desin, hansısa uydurma fikri ortaya atırsa-atsın, Azərbaycan demokratiya yolu ilə gedir. Bizdə azad seçki keçirilir, referendum şəffaf şəkildə reallaşdırılır. Biz bir çox dövlətlər, xüsusilə, özlərini demokratiyanın beşiyi sayan ölkələr üçün nümunə ola bilərik. Gəlsinlər, bizim təcrübəmizi öyrənsinlər.

Dövlət başçısı vurğuladı ki, Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyərək referendumda “hə” dedi. Azərbaycan xalqına göstərdiyi böyük etimada və dəstəyə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da bu yolla gedəcəyəm, Azərbaycanın inkişafını təmin edəcəyəm və heç bir kənar qüvvə bizi bu yoldan çəkindirə bilməz.

Prezident İlham Əliyev iclasda daha sonra bildirdi: “Mən bilirəm ki, ölkəmizdə hansı ab-hava var, insanları hansı məsələlər düşündürür və onların ümumi işimizə münasibəti necədir. Bunu mən yaxşı bilirəm. Referendumun nəticələri bütün ölkəyə, bütün xalqımıza, dünyaya bunu bir daha əyani şəkildə təqdim etdi. Azərbaycan xalqı apardığımız siyasəti dəstəkləyir, bu dəstəyə sadiqdir və görür ki, bizim siyasətimizə alternativ siyasət yoxdur. Alternativ siyasət fəlakət ola bilər, yenə Azərbaycanı uçuruma apara bilər, yenə Azərbaycanı qırğın meydanına çevirə bilər”.

Dövlətimizin başçısı  Nazirlər Kabinetinin   iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxundu. Bu ilin aprel ayında Azərbaycanın böyük hərbi qələbə əldə etdiyini söyləyən Prezident aprel döyüşlərinin tariximizin şanlı səhifəsi olduğunu vurğuladı. Aprel döyüşlərindən sonra vasitəçilərin bir qədər fəallaşdıqlarını, may-iyun aylarında görüşlər keçirildiyini bildirən dövlət başçısı dedi: “Amma artıq biz oktyabr ayında yaşayırıq. Ermənistan öz çirkin taktikasını işə salaraq və erməni lobbisinin dəstəyinə arxalanaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın. Biz buna imkan verməməliyik və məsələ tezliklə həllini tapmalıdır”.

“Bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil”,  – deyən dövlət başçısı diqqətə çatdırdı ki, Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Məsələnin həll olunmamasının səbəbi budur. Ona görə bu məsələyə aydınlıq gətirilməlidir.

Biz həm iqtisadi, siyasi, həm də hərbi cəhətdən daha da güclü olmalıyıq və bu güc bizdə var. Sadəcə olaraq,  istəyirik ki, məsələ sülh yolu ilə həll edilsin və bu istiqamətdə ardıcıl siyasətimizi aparırıq”, – deyə Prezident əlavə etdi.

Prezident daha sonra xatırlatdı ki, Amerika, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri bir tezis var: “Status-kvo qəbuledilməzdir”. Biz bunu alqışlayırıq. Düzdür, bu sözdən sonra heç bir praktik iş aparılmır. Amma hər halda bu sözün artıq ortaya çıxması bizim böyük uğurumuzdur. Belə bir ciddi bəyanat ola-ola, “hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir”, - demək, sadəcə olaraq, Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir. Bunun başqa izahı ola bilməz. Düzdür, indi müxtəlif bəyanatlar verilir ki, bu ifadələr kontekstdən çıxarılıb, düzgün başa düşülməyib. Biz hər şeyi yaxşı başa düşürük və bu gün internet dövründə yaşayırıq. Haradasa bir kəlmə deyilirsə, dərhal onun əks-sədası olur. Biz belə bəyanatları qəbul etmirik”.

Göründüyü kimi, dövrünün çağırışlarını nəzərə alan, cəmiyyətin idarəetmə və hüquq sistemlərinin yeni mərhələyə hazırlanmasını, islahatların daha da sürətləndirilməsini vacib sayan Azərbaycan Prezidenti cənab İlham Əliyev bu gün  xalqın iradəsi əsasında sosial tələbatı əks etdirən kardinal dəyişikliklərin reallaşdırılmasını təmin edir. Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilmiş referendum da məhz bu məqsədə xidmət etməklə ölkəmizin hərtərəfli inkişafında keyfiyyətcə yeni mərhələ açır.

Günel SƏFƏROVA,
 Qloballaşmada Gənclərin
 Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzinin icraçı direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında