Referendumun nəticələri inkişafın növbəti mərhələsində yeni imkanlar yaradacaq

Konstitusiya hüquq sistemində siyasi və ictimai sabitliyin təmin edilməsində böyük rol oynayır. Vətəndaşla hakimiyyətin qolları arasında ictimai-siyasi münasibətləri tənzimləyən Əsas Qanunun ölkənin hərtərəfli inkişafında yeni imkanlar açdığı da məlumdur. Dövlət hakimiyyətinin əsasını təşkil edən Əsas Qanuna edilmiş yeni əlavə və dəyişikliklərin Konstitusiyanı daha da təkmilləşdirməklə bərabər, konstitusionalizmin inkişafının da yeni mərhələsinə yol açdığı, həmçinin xalqın sosial vəziyyətinin yaxşılaşmasına, eyni zamanda, vətəndaş-dövlət münasibətlərinin daha harmonik inkişafına güclü zəmin yaratdığı artıq şübhə doğurmur. Ən əsası, beynəlxalq ictimaiyyətin də təqdirlə qarşıladığı 26 sentyabr referendumunda ölkə ictimaiyyəti  reallığı yüksək qiymətləndirərək, inkişaf yolunda inamla irəliləyən Azərbaycanın gələcək uğurlarının davamlılığını təmin etmək üçün təklif olunan əlavə və dəyişikliklərə dəstəyini nümayiş etdirdi.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də 2016-cı il 26 sentyabr tarixli referendumun nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncam imzaladı. Dövlət başçısı Nazirlər Kabinetinə altı ay müddətində referendum nəticəsində qəbul edilmiş dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsini tapşırmışdır. Bundan başqa, sərəncamda Nazirlər Kabinetinin normativ- hüquqi aktlarının həmin referendum aktına uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi də qeyd olunmuşdur. Mərkəzi icra hakimiyyəti orqanlarına normativ -hüquqi aktlarının həmin referendum aktına uyğunlaşdırılmasını nəzarətdə saxlamaları və bunun icrası barədə dövlət başçısına məlumat vermələri də tapşırılmışdır. Bununla da Azərbaycan hüquq sistemində yeni inkişaf mərhələsinin başlanmasına rəsmən start verildi və referendumun nəticəsi olaraq yaranan hüquqi və siyasi baza Azərbaycanda iqtisadi və siyasi islahatların qarşıya qoyulan məqsədlərə nail olunmasına hədəflənmiş formada həyata keçirilməsinə başlanıldı.

Ümumiyyətlə, seçki cəmiyyətin idarə olunmasında vətəndaşın iştirakını təmin edən mühüm prosesdir. Demokratik cəmiyyətlərdə ölkənin idarə edilməsində hər bir vətəndaşın iştirakı təmin olunur və belə idarəetmənin ən kütləvi forması da məhz seçkilərdir. Buna görə də, demokratik dövlətlərdə seçki bülleteni ən güclü silah hesab edilir, hüquqi və demokratik dövlət quruculuğunda seçkilərin rolu yüksək qiymətləndirilir. Azərbaycanda da dövlət hakimiyyətinin əsasını təşkil edən xalq iradəsi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə keçirilən ümumxalq səsverməsində -- referendumda öz əksini tapır. Ən əsası, demokratik seçki xalqın dövlət idarəçiliyi prosesində daha məqsədyönlü iştirakına və bütün bunların sintezinin məntiqi yekunu kimi cəmiyyətin, dövlətin sivil inkişafına geniş imkanlar da açır. Məlumdur ki, demokratik seçkinin ən əsas şərti aşkarlıq, şəffaflıq, obyektivlikdir. Buna görə də, 26 sentyabr referendumunda seçicilərin azad seçim hüququna kənar müdaxilələrin minimuma endirilməsi üçün onların gizli səs vermək hüquqları təmin olunmuşdu. Aydındır ki, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması demokratik və şəffaf seçkilərin təşkilindən keçir. Ona görə də, azad və ədalətli seçkiləri hüquqi dövlət quruculuğunun əsas elementi hesab edirlər. Azərbaycanda keçirilən son ümumxalq səsverməsinin də demokratik prinsiplərə uyğun başa çatdırılması rəsmi Bakının dövlət quruculuğu prosesinə verdiyi yüksək dəyəri bir daha təsdiqlədi.

Azərbaycan xalqı referendumu birmənalı şəkildə dəstəklədi. Səsvermə günü yüksək mütəşəkkillik və  seçici fəallığı müşahidə olundu. Mərkəzi Seçki Komissiyasının və "exit poll" keçirən təşkilatların, seçkiləri izləyən yerli və xarici müşahidəçilərin məlumatlarına əsaslanaraq səsvermənin şəffaf və demokratik prinsiplərə uyğun keçirildiyi bildirildi. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələyə xüsusi olaraq toxunmuşdur: “Biz bu il ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan referendum keçirmişik. İlk növbədə onu deməliyəm ki, referendum demokratik, ədalətli, tam şəffaf şəkildə keçirilmişdir”.

 Səsvermədə seçicilərin təqribən 70 faizinin iştirak etməsi, seçicilərin böyük əksəriyyətinin dəyişiklikləri dəstəkləməsi Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüsün Azərbaycan xalqının iradəsini əks etdirdiyini, xalqımızın demokratik inkişaf yolunda yeni və diqqətəlayiq addım atdığını göstərdi.

Xalq sentyabrın 26-da sosial-iqtisadi inkişafın davamlılığına, siyasi və inzibati sistemin  təkmilləşməsinə, müstəqqilliyin, təhlükəsizliyin daha da möhkəmlənməsinə səs verdi. Mütəxəssislər əmindirlər ki, referendumun nəticələri ölkədə ictimai-siyasi sabitliyi, əmin-amanlığı daha da gücləndirəcəkdir. Bunun dünyada cərəyan edən ictimai-siyasi böhranlar fonunda Azərbaycandakı əmin-amanlığın olması və gələcəkdə də onun qorunub saxlanılması baxımından bunun çox böyük əhəmiyyəti var. Vətəndaşlarımız ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsinə və yeni islahatların aparılacağına əmin olduqları üçün seçkilərdə fəal iştirak etdilər.

26 sentyabrda xalqımızın dövlət quruculuğu, demokratiya yolunda  mühüm addım atdığının beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilməsi Azərbaycanın müasir, demokratik dövlət kimi imicinin daha da möhkənlənməsi baxımından çox əhəmiyyətlidir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasındakı çıxışında yüzdən çox xarici müşahidəçinin referendumu izlədiyini, bir neçə beynəlxalq rəy sorğusu agentliyinin “exit-poll” keçirdiyini xatırlatmışdır: “Exit-poll”un nəticələri və rəsmi nəticələr üst-üstə düşür. Bu da təbiidir. Çünki referendum tam şəffaf, ədalətli keçirildi”. Müşahidə aparan beynəlxalq qurumların, xüsusilə Avropa Şurası Parlament Assambleyası nümayəndələrinin referenduma çox yüksək qiymət verdiklərini vurğulayan dövlət başçısı əlavə etmişdir ki, bunun da çox böyük əhəmiyyəti var. Çünki, adətən, Avropa strukturlarında Azərbaycanı tənqid edirlər. Tənqidlərin bir çox hallarda əsassız olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev xüsusilə demişdir ki, hətta Azərbaycanı tənqid etməyə öyrəşən qurum da artıq heç bir irad tapa bilmir. Dövlət başçısı çıxışında Azərbaycanın heç bir təzyiq və uydurmalara diqqət yetirmədən demokratiya yolu ilə getdiyini açıqlamışdır. Ölkədə azad seçki, şəffaf referendum keçirildiyini deyən möhtərəm Prezident Azərbaycanın bir çox dövlət  üçün nümunə ola biləcəyini də vurğulamışdır: “Bizdə azad seçki, şəffaf referendum keçirilir. Biz bir çox ölkələr, xüsusilə özlərini demokratiyanın beşiyi sayan ölkələr üçün nümunə ola bilərik. Gəlsinlər, bizim təcrübəmizi öyrənsinlər”.

Bir sözlə, Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər vətəndaş azadlıqlarını və demokratiyanın müdafiəsini  gücləndirəcək. Bu dəyişikliklər islahatların yeni mərhələsində ölkədə fərqli institutların sabit və dinamik inkişafını təmin edəcək. Beynəlxalq münasibətlər sisteminin fəal üzvü olan Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürməsinin və vətəndaş azadlıqlarının qorunmasının da beynəlxalq əlaqələrin inkişafının mühüm elementi kimi strateji əhəmiyyəti var. Davamlı islahatlar nəticəsində  görüləcək işlər, reallaşdırılacaq böyük layihələr Azərbaycanın daha da irəli getməsinə, problemlərin  uğurlu həllinə imkan yaradacaq.

Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun gücləndirilməsində maraqlı olan xalqın da həm ölkə, həm də beynəlxalq miqyasda əldə olunmuş ictimai-siyasi inkişafın yeni zirvələrə çatdırılmasında Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləməsi milli maraqların təmin olunmasına yönəlmiş islahatların uğurla yekunlaşmasına əsas verir. Ölkə başçısı Nazirlər Kabinetinin son iclasında bu məqama belə münasibət bildirdirmişdir: “Referendumun ikinci əsas nəticəsi ondan ibarətdir ki, Azərbaycan xalqının mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz dəstəyini verdi. Bu da, əslində, bizim siyasətimizə növbəti dəfə xalq tərəfindən verilən böyük dəstəkdir. Mən şəxsən bunu belə qəbul edirəm. Çünki təklif olunan dəyişikliklər biz tərəfdən irəli sürüldü və Azərbaycan xalqı, onun böyük əksəriyyəti bu referenduma “hə” dedi. Bu, əlbəttə ki, bizə əlavə güc verir”. Buna görə də, referendum aktının Azərbaycanda inkişafın növbəti uğurlu mərhələsinə keçid üçün yeni imkanlar qazandıracağı və ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərinin daha da möhkəmlənməsinə şərait yaradacağı şübhə doğurmamalıdır.

Səbuhi Məmmədov,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında