26 sentyabr referendumunun nəticəsi xalqın iradəsinin ifadəsi oldu

 

 

 

 

 

 

 

 

 

 

 


Biz bu il ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan referendum keçirmişik. İlk növbədə onu deməliyəm ki, referendum demokratik, ədalətli, tam şəffaf şəkildə keçirilmişdir. Yüzdən çox xarici müşahidəçi referendumu izləmişdir. Bir neçə beynəlxalq rəy sorğusu agentliyi “exit-poll” keçirmişdir. “Exit-poll”un nəticələri və rəsmi nəticələr üst-üstə düşür. Bu da təbiidir. Çünki referendum tam şəffaf, ədalətli keçirildi. İnsanlar, Azərbaycan xalqı referendumun nəticələrini dəstəkləyir. Onların iradəsi referendumun nəticələrində öz əksini tapmışdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Mərkəzi Seçki Komissiyasının oktyabrın 11-də keçirilən iclasında  Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinə  yekun vurulması və referendumun nəticələrinin rəsmi bildiriş kimi elan edilməsi məsələsi müzakirəyə çıxarılmışdır. MSK məsələ ilə bağlı qərar qəbul etmişdir. Qərarda bildirilir ki, səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu ümumxalq səsverməsinə (referenduma) çıxarılmış Referendum Aktı layihəsinin 29 hissəsinin hər birinin lehinə səs verdiyindən, layihə qəbul edilmiş hesab edilməlidir. Həmçinin qeyd edilir ki, MSK-nın protokolu təsdiq edilərək referenduma yekun vurulsun, ümumxalq səsverməsi (referendum) baş tutmuş sayılaraq, Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsi qəbul edilmiş hesab edilsin.

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin 2016-cı il 26 iyul tarixli sərəncamı ilə  “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi 2016-cı il sentyabrın 26-da ümumxalq səsverməsinə (referenduma) çıxarılmışdır. Əsas məqsədin dövlətin və dövlətçiliyin möhkəmləndirilməsinin, idarəetmənin təkmilləşdirilməsinin olduğu əlavə və dəyişikliklər,  sabit və davamlı inkişafa,  insan hüquqlarının səmərəli qorunması kimi məsələlərin də əksini tapdığı yeni Referendum Aktının hədəfləri cəmiyyət və xalq tərəfindən birmənalı  şəkldə müdafiə olunmuşdur. Bunu səsvermənin yekunu da təsdiqləyir.

Ümumxalq səsverməsində seçicilər azad və maneəsiz şəkildə seçki məntəqələrinə gələrək, öz iradələrini ifadə etmişlər. Ümumilikdə, ölkə üzrə seçicilərin ümumi sayının 69,7 faizi səsvermədə iştirak etmişdir. Səsvermə günü də daxil olmaqla, bütün referendum prosesi boyunca Mərkəzi Seçki Komissiyasına və aşağı seçki komissiyalarına heç bir şikayət daxil olmamışdır.

Son illər ölkəmizdə keçirilən bütün seçkilər beynəlxalq birliyin diqqət mərkəzində olmuşdur. Bu da təsadüfi deyildir. Ölkəmizdə aparılan islahatlar, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər, seçki prosesinin getdikcə təkmilləşdirilməsi ilə əlaqədar Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər, seçkilərin azad, ədalətli, şəffaf və obyektiv  keçirilməsi naminə dövlət başçısının siyasi iradə nümayiş etdirməsi demokratik proseslərin inkişafına xüsusi önəm verilməsinin təzahürüdür. Respublikamızda keçirilən seçkiləri izləmiş beynəlxalq müşahidəçilər də yekun rəylərində bu yenilikləri xüsusi vurğulamışlar. Səsvermə kabinələrinə veb-kameraların quraşdırılmasını, seçicilərin barmaqlarının gözə görünməyən mürəkkəblə işarələnməsini, adı seçici siyahısında olmayan seçicilərin həmin gün səsvermədə iştiraklarının təmin olunmasını seçki prosesində yenilik adlandırmışlar. Hətta bəzi beynəlxalq müşahidəçilər bu yeniliklərin öz ölkələrində keçiriləcək seçkilərdə də tətbiq olunması barədə məsələ qaldıracaqlarını bildirmişlər.

Səsvermənin mütəşəkkilliyi də təsdiqlədi ki, referendum geniş ictimaiyyətin böyük maraq dairəsində olub. Səsvermə prosesi müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını, referendum üzrə təşviqat qruplarını təmsil edən, habelə öz təşəbbüsləri ilə referendumun müşahidəsinə qatılan 53 mindən çox yerli müşahidəçinin, 33 ölkədən olan 117 beynəlxalq müşahidəçinin, 16 nüfuzlu beynəlxalq  kütləvi informasiya vasitəsinin və heç bir qeydiyyat tələb olunmadan proseslərin izlənilməsinə qatılmış yerli KİV-lərin çoxsaylı nümayəndələrinin müşahidəsi ilə keçirilmişdir. Bütün qeyd edilənlərlə yanaşı, səsvermə prosesi işğal olunmuş ərazilər istisna olmaqla, respublikanın bütün ərazisini əhatə edən 1000 seçki məntəqəsində (səsvermə keçirilən məntəqələrin təxminən 20 faizində) quraşdırılmış veb-kameralardan geniş miqyasda izlənilməklə qanunvericiliyin tələblərinə müvafiq olaraq azad, ədalətli, şəffaf və geniş aşkarlıq şəraitində keçmişdir. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də, xaricdən Mərkəzi Seçki Komissiyasının internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, məntəqələrdə səsvermə günü baş verən bütün prosesləri əvvəldən axıradək izləmək imkanına malik olmuşlar.

Aşkarlığın təmin olunmasında əlavə vasitə kimi dörd təşkilat tərəfindən referendumda “exit-poll” keçirilmişdir. Onlardan ikisi öz fəaliyyətlərini nüfuzlu beynəlxalq təşkilatlarla birgə təşkil etmiş və “exit-poll”ların nəticələri MSK-nın rəsmi nəticələri ilə, demək olar ki, üst-üstə düşmüşdür. Referendumu legitim və milli qanunvericiliyin tələblərinə tam cavab verən proses kimi qiymətləndirən, habelə səsvermənin yüksək səviyyədə təşkilini, səsvermənin nəticələrinə təsir etmək baxımından heç bir qanun pozuntusunun aşkar edilməməsi faktlarını xüsusi qeyd edən Avropa Şurası Parlament Assambleyası da referendum prosesini müsbət qiymətləndirərək, digər yerli və beynəlxalq müşahidə subyektləri ilə eyni mövqedən çıxış etmişdir. Həmçinin ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner Azərbaycanda keçirilən referendumun nəticələrinin  bu dövlət tərəfindən  tanındığını və dövlət başçısının səlahiyyət müddəti ilə bağlı məsələyə müdaxilə etmək fikrində olmadığını bəyan etmişdir.

Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi zamanın tələbidir. Ölkə inkişaf etdikcə, təhlükəsizlik sistemi yaxşılaşdıqca, dövlət strukturlarında islahatlar həyata keçirildikcə, beynəlxalq konvensiyalara qoşulduqca münasibətlərin tənzimlənməsi üçün Konstitusiyaya müvafiq dəyişikliklərin olmasına zərurət yaranır. Azərbaycan bu gün sosial-iqtisadi, siyasi-hüquqi və mədəni inkişafının elə yüksək mərhələsindədir ki, qazanılmış uğurlar, fundamental nəticələr cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiyada demokratik xarakterli bir sıra əlavə və dəyişiklikləri sosial sifarişə çevirib.

Azərbaycanda Konstitusiya 1995-ci ildə qəbul olunmuşdur. Ötən 21 il müddətdə  iki dəfə – 2002 və 2009-cu illərdə  Konstitusiyaya dəyişikliklər edilməsi üçün  referendum keçirilmişdir. Bu referendumlarda  birbaşa Konstitusiyanın mətnində dəyişikliklər edilmişdir.Dünyanın bütün ölkələrində Konstitusiyaya  zamanla müvafiq dəyişikliklər edilib. ABŞ və Fransa konstitusiyalarına da çoxlu dəyişiklik olunub. Qonşu Türkiyədə  Konstitusiyaya dəyişikliklər gündəmdədir. Qeyd edək ki, Türkiyədə Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər prezident üsul-idarəsinin gücləndirilməsi ilə bağlıdır. Ona görə də respublikamızda  keçirilən referendum təəccüblə qarşılanmamalıdır. Bu il keçirilən referendumda təklif edilən yeni dəyişikliklər həm Azərbaycanda, həm də dünyada baş verən qlobal proseslərlə bağlıdır. Hələ bu  ilin əvvəlində Prezident İlham Əliyev 2016-cı ili islahatlar ili elan etmişdi və bu məqsədlə  yeni qurumlar təsis edilmişdi. Konstitusiyaya dəyişiklikləri ölkədə aparılan siyasi və iqtisadi islahatların davamı hesab etmək olar. Son illər ölkəmizin sürətli inkişafı, dünya birliyinə inteqrasiyası, insan hüquq və azadlıqlarının qorunması istiqamətində əhəmiyyətli tədbirlərin keçirilməsi və bu istiqamətdə  yeni qanunvericilik aktlarının qəbul olunması, təhlükəsizliyin tam təminatı kimi güclü prezidentlik institutunun yaradılması, insan hüquqlarının səmərəli qorunması kimi məsələlər və digər əhəmiyyətli amillər də Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi, indiki mərhələdə qanunvericiliyin təkmilləşdirilməsi zərurətini meydana çıxarmışdır.

Həyat günbəgün inkişafdadır.  Son illər elə dəyişikliklər baş verir ki, insanların çoxu 1 il öncə bunu gözləmirdi. Dövlətin də Əsas Qanunu cəmiyyətdə baş verən dəyişikliklərdən kənarda qala bilməzdi. Təbii ki, baş verən dəyişikliklərə dövlət səviyyəsində münasibət bildirilməlidir. Bu baxımdan Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər böyük maraq doğurmuşdur. Səsvermənin də nəticəsi təsdiqlədi ki, Referendum Aktı layihəsində əksini tapan əlavə və dəyişikliklərin hər biri mütərəqqi xarakter daşıyır və xalq tərəfindən  dəstəklənmişdir.

Xüsusilə qeyd edilməli məqamlardan biri də odur ki, Konstitusiyaya 29 yeni dəyişikliyin 15-i insan hüquqları bölməsinə aiddir. Bu dəyişikliklər Azərbaycanda insan hüquqlarının daha möhkəm təmin edilməsi və qorunmasını nəzərdə tutmuşdur. Təklif edilən digər 4 dəyişiklik də müxtəlif vəzifələrə təyin olunma və ya seçilmə ilə əlaqədar yaş senzinin götürülməsi ilə bağlı idi. Bu, insan hüquqlarının müdafiəsi yolunda qətiyyətli addım kimi qiymətləndirilmiş və yaş məhdudiyyətlərini  aradan götürmüşdür. Bir çox dəyişikliklər dövlət orqanlarının sisteminin təkmilləşdirilməsi, eyni zamanda, dövlət orqanlarının məsuliyyətinin artırılması ilə əlaqədardır. Bəzi dəyişikliklər isə   Konstitusiyada olan anlayışların dəqiqləşməsi ilə bağlıdır. Məsələn, artıq dəyişikliklər layihəsi qəbul edilmişdir. Bundan sonra, Konstitusiyada Silahlı Qüvvələr anlayışı daha dəqiq veriləcək. Çünki Silahlı Qüvvələrə tək ordu yox, həm də digər silahlı birləşmələr də aid edilir.

Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər sırasında vitse-prezidentlik institutunun yaradılması və yaş senzinin aradan qaldırılması  böyük maraq doğurmuşdur. Siyasi analitiklər, həmçinin tanınmış hüquqşünaslar da bildirirlər ki, ölkədə konstitusional islahatlar çərçivəsində vitse-prezidentlik institutunun təsis edilməsi dövlət idarəçiliyinin çevikliyini və operativliyini artırmaq məqsədi daşıyır. Azərbaycanda siyasi və iqtisadi islahatların davamlılığını təmin etmək üçün dövlət idarəçiliyinin təkmilləşdirilməsinə ehtiyac yaranmışdı. Son illər dünyada baş verən hadisələr də təsdiqləyir ki, dövlət idarəçiliyi mexanizmi daha effektli və çevik olmalıdır. Söhbət indiki vəziyyətdə qəbul edilən qərarların sürətli və tam həcmdə icrasından, həmçinin bu və ya digər vəziyyətə operativ reaksiyadan gedir. Vitse-prezidentlik dünyada geniş yayılmış dövlət idarəçilik formasıdır. Bu gün dünyanın 67 ölkəsində vitse-prezident vəzifəsi var. İranda 10-dan çox vitse-prezident var. Amerikada, Avropada vitse-prezidentlik institutu mövcuddur. Hadisələrin gedişi də təsdiqləyir ki, bu idarəçilik formasının inkişaf etdirilməsi  zamanın tələbidir. Bizim ölkə bu gün prezident üsul-idarəsi olan dövlətlər sırasında olduğundan sonuncu  referendumla dövlətçilik daha da güclənəcək.

Prezidentlik müddətinin artırılması təklifinin də böyük səs çoxluğu ilə qəbul olunması diqqəti cəlb etmişdir. Çünki  mövcud 5 illik müddət ölkənin strateji məsələlərini həll etmək baxımından kifayət  etmirdi.  Qarşıya qoyulan iri layihələrin, sosialyönümlü dövlət proqramlarının həyata keçirilməsi üçün 5 illik müddətdən 7 illik müddətə keçilməsi  daha münasibdir və nəzərə alınmalıdır ki, beynəlxalq siyasi təcrübədə 7 illik prezidentlik müddəti geniş yayılıb. Dünya üzrə bir çox ölkələrin konstitusiyalarında prezidentlik müddəti  6-7 il müəyyən olunub. Məsələn,  İtaliya, Finlandiya, Avstriya, İsrail, İrlandiya, Rusiya və Meksika kimi ölkələr buna nümunədir.

Ümumiyyətlə, Azərbaycan Respublikasının Konstitusiyasına  edilmiş əlavə və dəyişikliklər ölkəmizin konstitusion quruluşuna və idarəçilik ənənələrinə yeni səhifələr gətirəcək, dövlətin və dövlətçiliyin möhkəmləndirilməsində  mühüm rol oynayacaq.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında