Prezident İlham Əliyev: Azərbaycan bütün məsələlərdə prinsipial mövqe nümayiş etdirir

Yapon mənşəli amerikalı politoloq Frensis Fukuyama 1992-ci ildə yazdığı “Tarixin sonu və son insan” adlı əsərinə görə daha çox tanınır. Kitabda o, insan tarixinin inkişafının ideologiyalararası mübarizədən ibarət olduğunu və sonda liberal-demokratiyanın qalib gəldiyini qeyd edir. Amerikalı politoloq iddia edir ki, liberal demokratiyaların dünyada yayılması bəşəriyyətin sosiomədəni təkamülündə yekun nöqtənin qoyulmasını təsdiqləyəcək və insan hakimiyyətinin son forması olacaq. Yəni ABŞ və SSRİ-nin hegemon olduqları ikiqütblü sistemdən yaxasını qurtaran bəşəriyyət qarşıdurmadan uzaqlaşaraq, liberal münasibətlər sisteminə qədəm qoyacaq.

Ancaq son illərin müşahidələri göstərir ki, Frensis Fukuyamanın tezisi özünü doğrultmadı. Əksinə, dünya sürətlə qütbləşir, qloballaşmanın aradan qaldırmağa çalışdığı ayırıcı sərhədlər də yenidən ucaldılır. Belə  təhlükəli atmosfer şəraitində formalaşmış mürəkkəb geosiyasi reallıqları nəzərə alan Azərbaycan dövləti milli maraqların təmin olunmasına yönəlmiş müstəqil siyasətini uğurla davam etdirir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dediyi kimi, “Azərbaycan xalqı apardığımız siyasəti dəstəkləyir, bu dəstəyə sadiqdir və görür ki, bizim siyasətimizə alternativ siyasət yoxdur”.

XX yüzillikdə Qərbdə uzun illər düşüncələrdə kök salmış klassik ideya və meyarların şübhə altına alınması artıq tarixi reallıqdır. Bunun nəticəsində də süngərlə qarşılanan və ilk baxışdan paradoksal görünən yeni yanaşmaların meydana gəlməsi zaman məsələsinə çevrilmişdi. Qeyd yerinə düşər ki, həmin yanaşmalar nizamlılıqdan xaosa, pozitivdən neqativə keçidi ifadə edən və klassik dövr üçün ziddiyyətli hesab olunan nəzəri təhlil üsullarına üstünlük verirdi. Amerikalı politoloq Frensis Fukuyama da eyni yolu seçdi. O, elmi təfəkkür üçün qeyri-adi olan "tarixin sonu” terminini irəli sürdü və sonra isə ağılları qarışdıran "tarixin gələcəyi” haqqında təhlili qələmə aldı.

Qərb oxucuları F.Fukuyamanın belə bir tezisini alqışladılar ki, Qərbin seçdiyi mənəvi dəyərlər və həyat tərzi yeganə düzgün yoldur və tarixin gedişi də bunu sübut edir. Amma kitabın işıq üzü görməsindən ötən müddət ərzində tarixin gedişatı göstərdi ki, dünya liberal   münasibətlər sisteminə keçməkdən çox uzaqdır. Qərbin seçdiyi və dəstəklədiyi mənəvi dəyərlərin və həyat tərzinin yeganə doğru yol olduğu iddia edilən tezislər “axsayır” və cəmiyyətin inkişafında milli xüsusiyyətlərin nəzərə alınmasının vacibliyini önə çıxaran mövqelərin güclənməsinə səbəb olur.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dünyanın, xüsusilə də Qərbin qarşılaşdığı problemlərin doğurduğu siyasi-iqtisadi, eləcə də humanitar çətinliklər yaratması barədə fikirlərini açıqlamışdır. Hazırda dünyada siyasi və hərbi böhran yaşandığını qeyd edən dövlət başçımız xüsusilə vurğulamışdır ki, dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar, müharibələr alovlanır, risklər, təhdidlər artır. Yaxın Şərqdə vəziyyətin kritik həddə çatdığını bildirən Prezident İlham Əliyev əlavə etmişdir ki, Yaxın Şərqdə müşahidə olunan qarşıdurma çox böyük fəlakətə gətirib çıxara bilər. Çünki vəziyyət getdikcə kəskinləşir.

Dövlət başçısı çıxışında Yaxın Şərq böhranının “məhsulu” olan mühacir probleminə də toxunmuşdur. Mühacir probleminin bütün dünyada müşahidə olunduğunu deyən Prezident İlham Əliyev təəssüflə bildirmişdir ki, çıxılmaz vəziyyətdə qalmış mühacirlər Avropada  çox vaxt yaxşı qarşılanmırlar. Dövlət başçısı vurğulamışdır ki, Avropada mühacir probleminin dərinləşməsi sivilizasiyalararası münasibətlərə çox zərbə vurur: “Biz artıq neçə ildir çalışırıq ki, mədəniyyətlərarası dialoqu gücləndirək. Bizim fəaliyyətimiz dünyada böyük rəğbət qazanıb. Ancaq əfsuslar olsun ki, dünyanın müxtəlif ölkələrində tendensiya əks istiqamətdə gedir”.

F.Fukuyama liberal demokratiya ideyalarının təntənəsinə ümid bəsləyir. Ancaq mühacir probleminin Qərbdə tam başqa mənzərə yaratdığını, radikal əhval-ruhiyyənin gücləndiyini göstərir. Bu məqama diqqət yetirən Prezident İlham Əliyev mühacir probleminin doğurduğu riskləri belə qiymətləndirir: “Miqrant böhranı öz növbəsində Qərb ölkələrində radikal partiyaların xeyrinə işləyir, onlar daha çox səs toplayırlar. Bu, ilk növbədə, onu göstərir ki, cəmiyyət artıq onlara daha böyük dəstək verir, eyni zamanda, əgər gələcəkdə bu meyil davam etsə, bu partiyalar hakimiyyətə gələcəklər, – ondan sonra onların siyasətinin nədən ibarət olacağı heç kəs üçün sirr deyil”. Ölkə başçısı radikal qüvvələrin Avropa hakimiyyətə gələcəyi təqdirdə sivilizasiyalararası qarşıdurmanın dərinləşəcəyini də istisna etmir. Azərbaycan Prezidenti çıxışında, xüsusi olaraq, vurğulamışdır ki, xalq bütün bu reallıqları bilməlidir. İstər Cənubi Qafqaz regionunun, istərsə bütovlükdə, dünyanın dəyişdiyini qeyd edən dövlət başçısı bildirmişdir ki, Azərbaycan öz siyasətini yeni reallıqlara uyğun yürütməlidir.

Məşhur politoloq Zbiqnev Bjezinskinin vacib əhəmiyyətli strateji materik saydığı Avrasiyada mühüm rol oynaması ilə seçilən Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvü kimi, bu prosesləri yaxından izləyir və sərt, eyni zamanda, amansız rəqabətin aparıldığı mürəkkəb geosiyasi atmosferdə ölkənin hərtərəfli inkişafında milli maraqların təmin edilməsinə yönəlmiş müstəqil siyasət yürüdür. Prezident İlham Əliyev Nazırlər Kabinetinin son iclasındakı çıxışında Azərbaycan dövlətinin müstəqil siyasət yürütdüyünü və buna görə də, ölkədə inkişaf və sabitliyin olduğunu demişdir. Azərbaycan xalqının aparılan siyasəti dəstəklədiyini, bu dəstəyə sadiq olduğunu vurğulayan ölkə başçısı əlavə etmişdir ki, xalq iqtidarın həyata keçirdiyi siyasətə alternativ siyasətin olmadığını görür: “Alternativ siyasət fəlakət ola bilər, yenə Azərbaycanı uçuruma apara bilər, yenə Azərbaycanı qırğın meydanına çevirə bilər”. Ölkə başçısı Azərbaycanın öz yolu ilə getdiyini bildirmiş və ölkənin inkişafında ancaq milli maraqlara cavab verən addımların atılacağını diqqətə çatdırmışdır. “Bu gün Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynayır və böyük rəğbət qazanıbdır. Ancaq biz hara inteqrasiya etməliyik?”, sualını verən Prezident İlham Əliyev, həm də əlavə etmişdir ki, ikili standartların olduğu birliyə inteqrasiya olunmadığına görə Azərbaycan dövlətinə qarşı bəzi hallarda təzyiqlər də olur, kampaniyalar da aparılır, müxtəlif iftiralar da uydurulur.

Azərbaycan Prezidenti müstəqilliyin, müstəqil siyasətin, milli maraqların qorunmasının ölkə üçün əsas vəzifə olduğunu dəfələrlə vurğulamışdır. Azərbaycanın bütün təzyiqlərə, bəzi hallarda təxribatlara baxmayaraq, öz yolundan dönməyəcəyini həmişə açıqlamışdır. Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı bir daha vurğulamışdır ki, Azərbaycan öz yolu ilə gedir.

Prezident İlham Əliyev Avropanın vacib strukturları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu xatırlatmışdır. Avropa İttifaqının 9 üzv ölkəsi ilə strateji tərəfdaşlıq müqaviləsinin imzalandığını xatırladan ölkə başçısı əlavə etmişdir ki, Azərbaycan 15 ildir Avropa Şurasında fəaliyyət göstərir və həmin mühüm təşkilatda mövqelərimiz gündən-günə möhkəmlənir: “Biz hətta o təşkilatda da dönüş yarada bilmişik. Avropa Şurası Parlament Assambleyasındakı deputatların əksəriyyəti artıq görür ki, bizə qarşı ədalətsizliklər, ikili standartlar olub və bu gün vəziyyət tam normaldır. Ona görə əməkdaşlıqla bağlı bizim heç bir problemimiz yoxdur”. Rəsmi Bakının Avropa strukturları ilə əməkdaşlığa meyilli olduğunu bildirən Prezident İlham Əliyev tövsiyəsini də belə açıqlamışdır: “Biri var əməkdaşlıq, biri də var inteqrasiya. Bax, bu iki sözün arasında fərqi bilməyənlər bu gün bir daha eşitsinlər və yersiz, özlərini təbliğ etmək, kiminsə xoşuna gəlmək üçün söz-söhbətlərə son qoysunlar”.

Prezident İlham Əliyev çıxışında digər beynəlxalq təşkilatlarla münasibətlərə də toxunmuşdur. Bir il ərzində Azərbaycanın Avropa Parlamenti ilə bütün əlaqələrini kəsdiyini, Avronest qurumundan çıxdığını xatırladan ölkə başçısı demişdir ki, sadalanan təşkilatlarla münasibətlərin böhrana girməsinin günahı qarşı tərəfdə olmuşdur. Azərbaycana qarşı ədalətsizlik nümayiş etdirilməsinin hər iki təşkilatla münasibətlərin belə xoşagəlməz həddə gəlməsinin əsas səbəbi olduğunu vurğulayan dövlət başçısı açıqlamışdır ki, heç bir təzyiq və təhqirlə məqsədlərinə çata bilməyəcəklərini anlayanlar bu gün ikitərəfli münasibətlərdə yaranmış xoşagəlməz vəziyyəti müsbətə doğru dəyişdirməyə çalışırlar. Avropa Parlamentinin belə hərəkətlərə yol verdiyinə görə təəssüf etdiyini bildirən bəyanatını xatırladan ölkə başçısı əlavə etmişdir ki, Azərbaycan da konstruktiv mövqe nümayiş etdirərək, münasibətlərin bərpa olunmasına razılıq vermişdir. Qeyd etmək vacibdir ki, Prezident İlham Əliyev bu yaxınlarda Avropa Parlamenti tərəfindən səslənən rəsmi bəyanatı qurumun Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli mövqe nümayiş etdirməsi kimi qiymətləndirmişdir.

Hazırda beynəlxalq ictimaiyyət mürəkkəb siyasi-iqtisadi, eləcə də, humanitar problemlərlə üz-üzədir. Avrasiyanın həyati əhəmiyyətli regionlarında qanlı toqquşmalar davam edir. Qütbləşmənin sürətləndiyi bir vaxtda Azərbaycan rəhbərliyi müstəqil siyasət yürüdülməsini ölkənin milli maraqlarına uyğun hesab edir və iqtisadi potensialı artıracaq addımlar atacağını açıqlayır. Prezident İlham Əliyevin dediyi kimi, bu gün Azərbaycan bütün məsələlərdə prinsipial mövqe nümayiş etdirir, dünyada gedən işlərlə bağlı mövqeyi var, rəsmi Bakı da bu mövqeyi çəkinmədən ifadə edir.

Bir sözlə, ölkə başçısının Nazirlər Kabinetinin son iclasında səsləndirdiyi fikirlər belə deməyə əsas verir ki, Azərbaycan dövləti mövqelərinin güclənməsinə müsbət təsir göstərən fəaliyyətini bundan sonra da davam etdirəcək, mümkün təsir və təzyiqlərə rəğmən xalqın rifah halını daha da yüksəltmək istiqamətində əzmlə çalışacaq.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında