BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu: Azərbaycan multikulturalizmi dünyada mütərəqqi model kimi qəbul olunur

Bakı forumu Azərbaycanın dünyaya tolerantlıq və multikultural ənənələrini nümayiş etdirib

Böyük dövlətçilik tarixinə malik, müstəqilliyini 25 ildir bərpa edən gənc və müasir Azərbaycan dövləti bu gün sivilizasiyaları bir-birinə yaxınlaşdırmaq, fərqli adətlərə, dini baxışlara sahib cəmiyyətlərlə mədəni əlaqələri daha da gücləndirmək, onları tolerantlıq, humanizm kimi əxlaqi-mənəvi keyfiyyətlərlə bütövləşdirmək üçün genişmiqyaslı fəaliyyətdədir. Ölkəmiz bütöv bəşəriyyət üçün dinlərarası və mədəniyyətlərarası dialoq, düşüncə mərkəzi rolunu oynayır.

2014-cü ildə azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın mədəni, dini və dil müxtəlifliyinin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural modelləri tədqiq və təşviq etmək üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Dünyada ilk və yeganə olan bu mərkəz bir daha sübut edir ki, multikultural və tolerant dəyərlər keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda həyat tərzidir.

Siyasi sabitliyin və təhlükəsizliyin bərqərar olduğu Azərbaycan din və mədəniyyətlər arasındakı münasibətlərin inkişafına verdiyi töhfələrlə də dünyanın diqqət mərkəzinə düşməyə nail olub. Bunun nəticəsidir ki, regional proseslərin aktiv iştirakçısı, hətta çox zaman təşəbbüskarı olan Azərbaycan hazırda dünyəvi proseslərin nizama salınmasında da dialoq mərkəzi rolunu oynayır. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi təşəbbüsü ilə çıxış edib. Təbii ki, qardaş ölkə rəhbərinin bu təklifi təkcə iki xalq arasında doğmalıq və yaxınlıqdan irəli gəlmir. Bu, həm də son illər Azərbaycanın din və mədəniyyətlərarası münasibətlərin inkişafı istiqamətində mühüm və nümunəvi fəaliyyəti ilə bağlıdır.

 Azərbaycanın bu mötəbər tədbirə uğurla ev sahibliyi etməsi söylənilən fikirlərin əyani sübutudur. Forum 700-dən çox beynəlxalq televiziya, qəzet və digər mətbuat orqanları tərəfindən yayımlanıb və xüsusilə sosial şəbəkələrdə tədbir barədə 46 milyondan artıq təəssürat paylaşılıb və 14 milyondan çox şəxs bu təəssüratlara münasibət bildirib. Təkcə forumun internet səhifəsindən cari ilin aprel ayı ərzində 250 mindən çox insan istifadə edib. Göstərilən rəqəmlər tədbirin qlobal auditoriyaya necə təsir etdiyini bir daha təsdiqləyib.

Sivilizasiyalar arasında körpü rolunu öz üzərinə götürən Azərbaycan, diqqət yetirsək, coğrafi baxımdan da müsəlman və xristian aləminin kəsişmə nöqtəsində yerləşir. Dövlətimiz bu amildən bir üstünlük kimi istifadə edərək sivilizasiyaların bir-birinə daha da yaxınlaşması istiqamətində uğurlu fəaliyyət aparmaqdadır. Bunun nəticəsidir ki, dünyanın müxtəlif yerlərində qaynar nöqtələrin, münaqişə ocaqlarının artmasına, daha da alovlanmasına, əksəriyyətinin dini və irqi zəmində baş verməsinə baxmayaraq, keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda istənilən din və irqin daşıyıcısı sərbəst şəkildə yaşaya, çoxsaylı ibadət ocaqlarında dini rituallarını icra edə bilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun verdiyi məlumata görə, bunun üçün ölkədə 2054 məscid, 12 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Heç bir din (dini cərəyan) və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz.  G.İsmayılov bildirib ki, ümumilikdə, Azərbaycanda 646 dini icma qeydiyyatdan keçərək fəaliyyətini davam etdirir: “Bunlardan 623-ü müsəlman, 23-ü qeyri-müsəlman – xristian, yəhudi, krişna və bəhai dini icmalarıdır”.

Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu başa çatsa da, terror, ekstremizm, dini və irqi ayrı – seçkiliyin aradan qaldırılması, sivilizasiyalar arasındakı münasibətlərin normallaşdırılması, əlaqələrin tolerantlıq, multikulturalizm ənənələri əsasında formalaşdırılması istiqamətində aparılan müzakirələr, edilən təkliflər və verilən mesajlar öz aktuallığını qorumaqdadır.

Multikulturalizm ənənələri, tolerant mühitin bərqərar olduğu, müxtəlif dinlərə məxsus insanların ən yüksək səviyyədə birgəyaşayışının təmin olunduğu Azərbaycan bu mötəbər tədbirə ev sahibliyi etməklə, həm də əyani şəkildə ölkəmizə səfər edən 2 minə yaxın qonağı bu istiqamətdə sahib olduğumuz təcrübə ilə tanış edib, islamofobiyanın geniş yayıldığı bir dövrdə müsəlman ölkəsində başqa dinlərin daşıyıcıları ilə əlaqələrin ən yüksək səviyyədə qurulduğunu nümayiş etdirib və terrorizm, ekstremizm kimi bəd ünsürlərin heç bir halda İslam dini ilə bağlı olmadığını dünya ictimaiyyətinə sübut edib.

Əlbəttə ki, ölkədə sivilizasiyalararası münasibətlərin inkişafı istiqamətində görülən bütün işlər beynəlxalq ictimaiyyətin də diqqətindən kənarda qala bilməzdi. Bunun nəticəsidir ki, "İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd" şüarı altında keçirilən Qlobal Forumda iştirak etmək üçün 147 ölkədən Azərbaycana səfər edən dövlət rəsmiləri, ictimai-siyasi xadimlər ölkəmizi ən xoş təəssüratlarla tərk ediblər. BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Nassir Abdulaziz Al-Nasser Azərbaycan Respublikasının yüksək dəstəyi ilə təşkil edilən 7-ci Qlobal Forumun, həm ölkələrin iştirak səviyyəsi, həm də iştirakçıların tərkibinə, keçirilən sessiya və tədbirlərin mövzularının əhəmiyyətinə, tədbirin yekun sənədi olan Bakı Bəyannaməsinin qəbul edilməsinə görə öz məqsədlərinə və hədəflərinə çatdığını bəyan edib.

Beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut isə bildirib ki, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çox mühüm beynəlxalq tədbir, dünyanın intellektual elitası üçün həqiqi və real məkandır: “Burada siyasətçilər, dövlət başçıları, keçmiş xarici işlər nazirləri, mədəniyyət xadimləri, vətəndaş cəmiyyətinin nümayəndələri görüşürlər. Bu gün dünyada praktiki olaraq elə bir intellektual məkan yoxdur ki, orada dünya birliyi üçün multikulturalizmin müqayisəli tədqiqi, qlobal təhsil, vətəndaş cəmiyyəti və biznes, təhlükəsizlik və inkişaf, qlobal miqrasiyada şəhərlərin rolu, sülh üçün şəraitin yaradılması və terrorun qarşısının alınması, zorakı ekstremist təbliğatın qarşısının alınmasında jurnalistikanın rolu, informasiya məkanında qloballaşma şəraitində aktual media məsələləri kimi mühüm problemləri həll etməkdən ötrü dünyanın 140-dan çox ölkəsinin siyasi, elmi, intellektual və biznes elitasının nümayəndələri görüşsünlər".

İsrail ekspertinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı parlaq, bənzərsiz, konkret və yaddaqalan olub. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olub: “Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olub. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir”.

İtaliya mədəniyyət nazirinin müavini xanım Dorina Byanki qeyd edib ki, BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilmiş VII Qlobal Forumu mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun möhkəmlənməsinə, sülhə, əmin-amanlığa böyük töhfə verəcək: “Forum yüksək səviyyədə təşkil edilib. Dünyanın 140-dan artıq ölkəsindən yüksək səviyyəli nümayəndələrin bu mötəbər tədbirdə müasir dünyamız üçün aktuallıq kəsb edən məsələləri müzakirə etmələri olduqca vacib amildir”. Dorina Byanki forumun nəticələrinin uğurlu olacağına əminliyini bildirib. Ölkələrimiz arasında əlaqələrə toxunan mədəniyyət nazirinin müavini İtaliya–Azərbaycan münasibətlərinin daha da inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə İtaliyaya rəsmi səfəri zamanı iki ölkənin hökumətləri arasında qəbul olunmuş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əlaqələrimizin genişlənməsinə təkan verdiyini deyib.

Beynəlxalq Miqrasiya Təşkilatının BMT-dəki nümayəndəliyinin eksperti Əşrəf əl-Naur BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda təşkil olunmasını əlamətdar hadisə kimi qiymətləndirib: “Forumda müxtəlif millətləri təmsil edən insanların iştirakı və qarşılıqlı fikir mübadiləsinin aparılması təqdirəlayiqdir. Hesab edirəm ki, burada müzakirə olunan bütün məsələlər qlobal əhəmiyyətə malikdir”. Əşrəf əl-Naur Azərbaycanın dünyada tolerantlıq və multikultural ənənələri ilə tanındığını, Qlobal Forumun bunu bir daha nümayiş etdirdiyini vurğulayıb.

Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenov isə hesab edib ki, Sivilizasiyalar Alyansının Bakı Forumu İslam və xristian aləmini sülhə səsləyir. Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov  bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda aktual məsələlər müzakirə edilib: “Forum yüksək səviyyədə təşkil olunub. Hələ bura gəlməzdən əvvəl forum haqqında məlumat əldə etdim və onun böyük əhəmiyyət daşıdığı qənaətinə gəldim”.

Azərbaycan xalqına böyük hörmətini ifadə edən Sergey Markov Bakıda olmağından məmnunluğunu dilə gətirib. Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrindən çoxsaylı iştirakçıların Bakıya gəlməsi bir daha bu forumun vacibliyini göstərib.

S.Markov Azərbaycan rəhbərliyinin bütün istiqamətlərdə fəaliyyətinin yüksək səviyyədə olduğunu bildirib: “Bizim mədəniyyətlərimiz, dinimiz müxtəlifdir. İnsanların isə bir-birilərinə inanmaları üçün üsullar lazımdır. İlk baxışda, bu, asan görünür. Lakin inamı reallaşdırmaq üçün məhz Bakıda keçirilən belə forumlar vacibdir. Mən həm yeni, həm də köhnə Bakıda olmağıma həmişə şadam. Bu məkan planetimizdə çox azsaylı yerlərdəndir ki, hər kəs, hər ay dəyişiklik hiss edir. Siz xoşbəxt insanlarsız və xoşbəxt dövlətdə yaşayırsınız”.

Göründüyü kimi, Qlobal Bakı Forumu dünya ictimaiyyəti üçün mühüm mesajdır: Qlobal təhlükələrə qarşı birgə mübarizə, səylərin birləşdirilməsi problemdən yeganə çıxış yoludur. Ona görə də forumun əhəmiyyəti birmənalı olaraq yüksək qiymətləndirilir və şübhə doğurmur ki, tədbir çərçivəsində müzakirə olunan məsələlər davamlı mübarizə yollarının tapılması və həyata keçirilməsinə şərait yaradacaq.

Bütün bunlar onu deməyə əsas verir ki, irəlidəki illərdə sivilizasiyalar arasındakı münasibətlərin tənzimlənməsi, beynəlxalq terrora, ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və əldə olunan müsbət nəticələrə diqqət yetirildikdə, Azərbaycan və onun multikulturalizminin, tolerantlıq ənənələrinin dünyada təbliğ olunması, yayılması istiqamətində atdığı addımlar aparılan birgə fəaliyyətin mərkəzində təkanverici qüvvələrdən biri kimi xatırlanacaq, Bakının bu prosesə dəstəyi bir daha yüksək qiymətə layiq görüləcək.

Nəriman HƏSƏNOV

Məqalə Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün yazılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında