Azərbaycan multikulturalizminin Konstitusiya əsasları

Multikulturalizm anlayışı 1960-cı ildə Kanada meydana gəlsə də, bir termin kimi ondan ötən əsrin 70-ci illərindən Avropa və ABŞ-da istifadə etməyə başlamışlar. Multikulturalizm sosial ədalət, imkanların bərabərliyi, demokratiya kimi müzakirə olunan anlayışların sırasına daxildir. Multikulturalizm etnik-mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən dəyərlərin qorunması və inkişafını nəzərdə tutur.

 Multikulturalizmi təbliğ edən ölkə onu dövlət ideologiyasının tərkib hissəsi kimi dövlət siyasəti səviyyəsinə qaldırır. Bu baxımdan azərbaycançılıq ideologiyasını xüsusi qeyd etmək lazımdır. Bu ideologiya ölkədə yaşayan xalqların siyasi, iqtisadi, sosial və mədəni yüksəlişinə yönələn bir siyasi məfkurədir. İlk olaraq, azərbaycançılıq ideologiyası M.F.Axundov, H.Zərdabi, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Rəzulzadə. Ə.Topçubaşov və başqalarının fəaliyyətlərində öz əksini tapmışdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra yenidən azərbaycançılıq ideologiyasına müraciət edilmişdir. Bu gün azərbaycançılıq milli ideologiyamızın ana xəttini təşkil edir.

Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi müstəvidə dəyərlər toplusu olub. Hazırda isə multikulturalizm ölkəmizdə alternativi olmayan həyat tərzidir. Əsrlər boyu Azərbaycanda insanlar multikultural və tolerantlıq şəraitində yaşayıb. Ümummilli lider Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi və hüquqi banisidir. Həm Azərbaycan Konstitusiyasında, həm də bir çox qanunlarda Azərbaycan multikulturalizmini əks etdirən bir çox müddəalar yer alıb. Multikulturalizm siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dövlət başçımızın ardıcıl səyləri ilə Azərbaycan multikulturalizminin mahiyyəti, üstünlükləri bütün dünyaya tanıtdırılır. Bu yöndə ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq məclislər daha önəmli rol oynayır. Bugünlərdə Bakıda uğurla keçirilmiş V Beynəlxalq Humanitar Forum dünyanın diqqət mərkəzində oldu. Dünyanın tanınmış siyasət, elm, mədəniyyət xadimlərinin iştirak etdiyi bu nüfuzlu toplantıda digər önəmli bəşəri məsələlər sırasında Azərbaycan multikulturalizminin örnəkləri hamılıqla təqdir olundu. Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Forum iştirakçıları əmin oldular ki, ölkəmizdə dövlət siyasəti səviyyəsində himayə və inkişaf etdirilən multikultural dəyərlər, həqiqətən, cəmiyyətdə bütün etnosların yaşam tərzi kimi təzahür edir.

İnsan hüquq və azadlıqları ali səviyyəli kriteriya olmaqla, müasir dünyada insanlar arasında, onların dövlət və cəmiyyətlə münasibətlərində ifadə və realizə olunur. Bu dəyərlərin müdafiəsinin məqsədlərindən biri də bütün şəxslərə cəmiyyətdə mövcud olan imkanlara çatmaqları üçün bərabər və ədalətli imkanlar təmin etməkdir.

Elə bir bərabərlik prinsipi nəzərdə tutur ki, insan hüquqları ayrı-ayrı qruplara deyil, müstəsna surətdə ayrı-ayrı fərdlərə aid olsun. Buna görə də "müsbət ayrı-seçkilik" (xüsusi hüquqi status) hallarına, məsələn, Fransa Konstitusiya Şurasının qərarlarında ifadə olunduğu kimi, yalnız sosial vəziyyətdə, yaxud ictimai mənafenin məqsədlərində fərq əsas götürülməklə yol verilir.

Lakin aydındır ki, ayrı-seçkilik kimi tanınan sosial (və mədəni) vəziyyətdəki fərqin sərhədi (ölçüsü) olduqca nisbi və kontekstualdır: ayrı-ayrı tarixi dövrlərdə və ayrı-ayrı sivilizasiyalarda fərqlərin "dözülməz" və beləliklə, ayrı-seçkilik fərqlərinə aid edilməsinin müxtəlif meyarları mövcuddur. İstənilən halda belə fərqləndirmənin və əhalinin müəyyən qruplarına, kateqoriyalarına müəyyən hüquqi status verilməsinin universal meyarları mövcud deyildir. Bu, hər şeydən əvvəl, həmin dövrdə və həmin mədəniyyətdə hökmran olan, ictimai rəyi formalaşdıran dünyagörüşündən asılıdır.

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi elan etmiş Azərbaycan Respublikasında müstəqillik dövründə bu sahədə hüquqların müdafiəsi ilə bağlı fundamental qanunvericilik bazası yaradılmışdır. Həyatın sınağından çıxmış qanunvericilik bazasının əsasını ümummilli lider Heydər Əliyevin müəllifliyi və rəhbərliyi ilə yaradılmış, 12 noyabr 1995-ci ildə ümumxalq referendumu yolu ilə qəbul olunmuş Azərbaycan ­Respublikasının Konstitusiyasıdır.

Bu Konstitusiyanın qəbulu və fəaliyyətə başlaması ölkəmizin totalitar sistemdən demokratiyaya, planlı iqtisadiyyatdan bazar münasibətlərinə keçid şəraitində insanların bərabərhüquqlu vətəndaş kimi formalaşmasını və nəticədə, millətin inkişafını təmin edən çox mühüm, əvəzsiz hüquqi vasitə kimi təzahür edə bildi. Sonrakı dövrdə və bugünlərdə keçirilən referendumlarda Konstitusiyamız insan hüquq və azadlıqları prinsipləri baxımından daha da zənginləşdi.

Bu gün müstəqilliyimizin inkişafı və möhkəmləndirilməsi üçün Azərbaycanda mədəniyyətin, dinin, milli azlıqların birgə yaşaması, tolerantlığın, dünyəvi dövlətçilik sisteminin inkişaf etdirilməsi zəruri və mühüm istiqamətlərdən sayıla bilər. Azərbaycan Respublikasında əxlaqi və mənəvi inkişaf modellərinin seçilməsi, dini tolerantlıq, millətin azərbaycançılıq ideyası ətrafında birləşməsi, dünya xalqları ilə birgə sülh və bərabər mədəni əlaqələr müstəvisində yaşamaq sahəsində görülən işlər və dünya əhəmiyyətli fəaliyyət dövlətimizin simasında dəyərləndirilən aşkar faktdır.

Konstitusiyamızda mədəniyyət, bərabərlik, milli mənsubiyyət hüququ, təhlükəsiz yaşamaq hüququ, azadlıq hüququ, yaşamaq hüququ, şəxsi toxunulmazlıq hüququ, təhsil hüququ, fikir və söz azadlığı, vicdan azadlığı, ana dilindən istifadə hüququ, yaradıcılıq azadlığı, hüquqi yardım almaq kimi maddələr-- normalar təsbit edilmişdir. Əsas insan və vətəndaş hüquq və azadlıqlarını ifadə edən maddələrin konstitusiyamızda ön sırada – ikinci bölmə, üçüncü fəsildə verilməsi və son referendum aktında da bu sferanın aparıcı yer tutması təsadüfi deyil.

Azərbaycan Respublikasının qoşulduğu "İnsan hüquqları haqqında" Avropa Konvensiyası dövlətimizin hüquq sisteminin qanunvericiliyinin tərkib hissəsidir. Bu konvensiyaya qoşulmağın ölkə üçün səciyyəvi olan önəmi ondan ibarətdir ki, multikulturalizmin əhatə etdiyi və tərkibinə qatıldığı əsas insan hüquq və azadlıqları 1995-ci ildən qüvvədə olan konstitusiyamızda həm təsbit edilmiş, həm də ki, dövlətçilik baxımından təmin edilir və qorunur.

Konstitusiyanın qəbulu ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyini, dünya dövlətləri sırasında yer almasını, dünyəvi, demokratik dövlət olmasını təsdiq edən, gələcəyə hesablanmış siyasi uzaqgörənliyinin bəhrəsi idi. Azərbaycanda 2016-cı ili ulu öndərin siyasi kursunun davamçısı, Prezident İlham Əliyev "Multikulturalizm ili" elan etmişdir. Ölkəmizdə multikulturalizmə həsr edilmiş davamlı beynəlxalq tədbirlər sırasında Azərbaycan Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin 16-17 aprel 2015-cı ildə birgə keçirdiyi "İslam maarifçiliyi və müasir dünya" mövzusunda beynəlxalq konfrans böyük əks-səda doğurdu.

Dövlətimiz belə fəaliyyətlər üçün əlverişli şərait yaradır və konstitusiyamızın bu yöndə uğurlara hərtərəfli təminat verən qanunvericilik aktı olduğunu sübut edir. Azərbaycan Respublikası Konstitusiyası multikulturalizmin əsaslarını təsbit etməklə yanaşı, dünyadakı dəyişikliklərə, Azərbaycan dövlətçiliyinin inkişafı istiqamətində transformasiyalara da cavab verməyə və dünyəviliyi təmin etməyə qadirdir.

Azərbaycan bu dünyəvi transformasiyalarda yer almağını beynəlxalq hüquqi sənədlərə qoşulmaqla sübut edir. Azərbaycan Respublikası müstəqil dövlət olaraq, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyaya (4 noyabr 1950), "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Pakt (16 dekabr 1966), "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq Pakt (16 dekabr 1966), "İşgəncələr əleyhinə" BMT Konvensiyasına (9 dekabr 1975), "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvinə dair" BMT Konvensiyasına (4 yanvar 1969), "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvinə dair" BMT Konvensiyasına (18 dekabr 1979), "İnsan hüquqları haqqında" Ümumi Bəyannaməyə (10 dekabr 1948) qoşulmuşdur.

Hazırda multikultralizmin tərkib elementi olan sosial tolerantlıq (latın sözü olub tolerantia – dözümlülük, səbirlilik) digər sosial qrupların, azlıqların adət və ənənələrinə, dini etiqadlarına hörmətlə yanaşmanı ehtiva edir. Sosial tolerantlıq digər mədəniyyətlərin qəbul edilməsini, onlara hörmətlə yanaşılmasını, etnik icmaların özlərinin inkişafını təmin etməsinə şərait yaradılmasını aktual edir. Tolerantlıq bütün xalqların sosial-iqtisadi və mədəni inkişafını həm vacib prinsip, həm də ki, zəruri şərt kimi qəbul edir.

Azərbaycan Respublikası Konstitusiyasının 44-cü maddəsi milli mənsubiyyət hüququnun inkişaf etdirilməsini, 45-ci maddəsi ana dilindən istifadə hüququnu, 47-ci maddə isə hər kəsin fikir və söz azadlığını təsbit edir. Həmin maddələr dövlətimizin sosial tolerantlıq prinsipinin düzgün tətbiqi baxımından hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq, hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüquqlarını, irqi, milli, dini sosial ədavət və düşmənçilik oyadan təşviqatın qadağan edilməsi kimi həyat tərzini cəmiyyət üçün norma, yaşayış tərzi müəyyən etməklə, dövlətin multikulturalizm dəyərlərinin qorunması və inkişaf etdirməsinin hüquqi əsaslarını müəyyən edir.

Qloballaşma iqtisadi, sosial-mədəni və digər sərhədlərin ləğvi prosesini, ölkələr arasında kommunikasiyaların yüksəlməsini, inteqrasiyalara, transformasiyaya yeni yanaşmanı tələb edir. Bu sahədə tolerantlıq bütün xalqların sosial-iqtisadi və mədəni inkişafının zəruri elementi kimi qəbul edilir. Tolerantlıq təkcə fərdlərin bir-birinə diqqəti, həmrəyliyi deyil, həmçinin ərazi həlqəsi, etnik və dini icma, ailələr, sosial qurumlar və institutlar səviyyəsində əlaqələri, inteqrasiyanı şərtləndirir.

Bununla bağlı milli azlıqların hüquqlarının konstitusiyada təsbit edilməsi və qorunmasının hüquqi əsaslarını da qeyd etmək olar. Dünyanın coğrafi mənzərəsində Afrika və Asiya regionlarında azlıqların ayrı-seçkiliyə məruz qalması kimi çoxsaylı problemlər dünya ictimaiyyətini rahatsız edən hadisələrdən sayılır. Hazırda dünyada Suriyada davam edən müharibə nəticəsində insanların müxtəlif ölkələrə axını, kütləvi köçü baş verir.

Azərbaycan da belə kəskin miqrasiya axınının və problemlərinin mərkəzində olmuş ölkədir. 1988-ci ildən başlanmış və kütləvi şəkildə azərbaycanlıların öz doğma tarixi yerlərindən, Ermənistandan məcburi deportasiyası dünya ölkələrinin passiv müşahidəsi ilə baş vermişdir. Ermənistanın monoetnik dövlətə çevrilməsi, məhz azərbaycanlıların deportasiyası, qaçqın və məcburi köçkünlərin də baş verən miqrant axınlarından fərqli olaraq tərkibcə azərbaycanlıları əhatə edən miqrasiya prosesi dünyada gələcəkdə baş verə biləcək təhlükəli proseslərin əsasında dayandı.

Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin üçüncü hissəsində  təsbit edilir: "Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır".

Multikulturalizmin Azərbay­can­da dövlət səviyyəsində inkişafı  dünyada yeni Azərbaycan modelinin formalaşmasına gətirib çıxarmışdır. Həmin modelin inkişaf etdirilməsi tarixin dönüş məqamlarında dünyada gedən qloballaşma prosesində həyat fəaliyyətinin yeni şəraitə adaptasiyası prosesinin davam etdirilməsi zərurəti ilə nəticələnir. Bu proseslər içərisində tolerantlıq multikulturalizmin zəruri elementi kimi təkcə Azərbaycan sərhədləri çərçivəsində deyil, dünyaya da müxtəlif dinlərin və mədəniyyətlərin birgə yanaşı yaşamaq modelini təqdim edir.

Azərbaycan Respublikasında hazırkı tarixi şəraitdə müxtəlif dinlər yanaşı yaşamaqla millətlərin dünyəvi dövlət quruculuğuna töhfəsini artırır. Konstitusiyamızın 48-ci maddəsinin ikinci hissəsində "Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ" olması təsbit edilir.

Millətin formalaşması, özünüdərki modelləri milli-mədəni forma daşıyan hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaradılması ilə həyata keçirilməlidir. Dini etiqad azadlığı hər hansı dinə etiqadetmənin seçilməsi və etiqadetməni hər kəsin hüququ kimi müəyyən edir.

Azərbaycan Respublikası "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Konvensiyaya da qoşulmuşdur. Həmin konvensiyanın 18-ci maddəsində vicdan azadlığı, sərbəst dini etiqad, dini mərasimlərin yerinə yetirilməsi, dini ənənələrin icrası, eləcə də, heç kəsin dini etiqadını və əqidəsini ifadə etməyə məcbur edilməməsi müəyyən edilir. Azərbaycan Konstitusiyasında təsbit edilmiş "Vicdan azadlığı" maddəsi (48) həmin beynəlxalq konvensiyada müəyyən edilən dini etiqad və əqidələrin reallaşmasına təminat verir.

Konstitusiyamızda təsbit edilmiş vicdan azadlığı, fikir və söz azadlığı, mədəniyyət hüququ, yaradıcılıq azadlığı, normaları multikulturalizmin inkişafını və Azərbaycanın dünyəvi dövlətçilik sistemində öz mədəniyyət modelini ortaya qoymağa çox böyük imkanlar açır. Konstitusiyamız zamanın sınağından uğurla çıxaraq, Azərbaycanın dünyəvi dövlətçilik sistemində yeri və cəmiyyətdə rolu haqqında, eləcə də dünyada rolu haqqında, multikulturalizmin təbliği və tətbiqi ilə bağlı yeni və daha geniş müzakirələrin aparılması üçün tam hüquqi mühit və şərait yaradır.

Multikulturalizm çoxmədəniy­yətliliyi və müxtəlif mədəniyyət daşıyıcısı olan fərdlərin və icmaların milli-etnik qurumların birgə, dinc və sülh şəraitində yaşamasını təmin edən fəlsəfi cərəyan rolunda çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyası (maddə 40) hər bir vətəndaşın milli, sosial, siyasi, cinsi, dini baxışları, əmlak vəziyyəti, yaşayış yeri, təhsili və peşəsindən asılı olmayaraq mədəniyyət fəaliyyəti hüququnu müəyyən edir. Mədəni həyatda iştirak etmək hüququ hər kəsin mədəniyyət sərvətlərindən, muzeylərdən, incəsənət sərgilərindən istifadə etmək imkanını müəyyən edir.

Multikulturalizmin fərqli mədəniyyətlərin bərabər səviyyədə inkişafı üçün verdiyi bugünkü töhfələrin hüquqi əsası konstitusiyamızın "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" bölməsində, 40-cı maddədə birbaşa təsbit edilir. Bu bölmənin bir çox maddələri, o cümlədən bərabərlik hüququ (25), azadlıq hüququ (28), əqli mülkiyyət hüququ (30), mədəniyyət hüququ (40), təhsil hüququ (42), ana dilindən istifadə hüququ (45), şərəf və ləyaqətin müdafiəsi hüququ (46), fikir və söz azadlığı (47), vicdan azadlığı (48), yaradıcılıq azadlığı (51), əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları (69), insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı (71) maddələri bütünlüklə multikulturalizmin hüquqi əsaslarını və bazasını təşkil edən təminatlı normalardır.

Azərbaycan Respublikasında dünyaya verilən töhfələrin, o cümlədən multikulturalizmin Azərbaycan modelinin formalaşması və digər ölkələrə transformasiyasının reallaşmasında böyük uzaqgörənliyə və ciddi hədəflərə hesablanmış və referendumla təkmilləşdirilən Azərbaycan Konstitusiyası təminat rolunda uğurla çıxış edir.

Azərbaycan mədəniyyətinin, əxlaqının inkişafı, qorunması ilə yanaşı, multikulturalizmin ayrı-ayrı sahələrində irəliləyiş  üçün də bütün hüquqi imkanlar və təminatlar Azərbaycan Konstitusiyasında nəzərdə tutulub.

Araşdırmamızın  nəticəsi olaraq, dünya təcrübəsindən çıxış edərək, Azərbaycanda multikulturalizmin rəmzlərinin yaradılmasını və hüquqi cəhətdən təsbit edilməsini məqsədəuyğun hesab edirik.

Habil QURBANOV,  
hüquq elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında