Azərbaycan bu gün inkişafın yeni trendlərini müəyyənləşdirir

Azərbaycan ötən 25 il ərzində siyasi, iqtisadi və sosial baxımdan böyük bir inkişaf yolu keçib. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə dünyaya yeni inkişaf modelini təqdim edib, “qara qızıl”ı insan kapitalına çevirərək inamla irəli gedib. Bunun üçün ölkədə təhsilə, informasiya texnologiyalarının inkişaf etdirilməsinə investisiyalar yatırılıb, habelə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan telekommunikasiya peykini orbitə buraxmaqla kosmik ölkələr arasına daxil olub. “ASAN xidmət” modeli isə artıq bu gün dünyada Azərbaycan brendinə çevrilib.

Azərbaycan hazırda balanslaşdırılmış, çoxvektorlu, bərabərhüquqlu əməkdaşlığa, milli maraqlara əsaslanan daxili və xarici siyasət həyata keçirir. Bu praqmatik siyasi kursun əsası dahi öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin əldə etdiyi ən böyük uğurlardan biridir. Bu təşkilata üzv seçilən zaman dünyanın 155 ölkəsinin səsini qazanması Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun göstəricisidir. Bu, həm də o deməkdir ki, Azərbaycan apardığı həm daxili, həm də xarici siyasət ilə beynəlxalq arenada böyük rəğbət qazanıb. Ölkəmiz BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına da üzv olub, Avropa Şurasının Nazirlər Komitəsinə uğurla sədrlik edib.

Bütün bunlarla yanaşı, onu da qeyd etməliyəm ki, bu gün həyata keçirilən düzgün və düşünülmüş, balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun əhəmiyyətli layihələrin təşəbbüskarına və etibarlı tərəfdaşa çevrilib.

Azərbaycanın əldə etdiyi bu uğurlar təsadüfi deyil. Bu, xalqla iqtidarın birliyinin, düşünülmüş siyasətin məntiqi nəticəsidir. Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ətraflı bəhs edib. Dövlətimizin başçısı bildirib ki, bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq. Ona görə bu gün Azərbaycanda inkişaf və sabitlik var.

Azərbaycan Prezidentinin bildirdiyi kimi, bəzi insanlar bu gün də belə deməkdə davam edirlər ki, biz harasa inteqrasiya etməliyik. Bəlkə özləri də dərk etmirlər ki, bu, nə deməkdir. Biz hara lazımdırsa, artıq ora inteqrasiya etmişik. Bu gün Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynayır və böyük rəğbət qazanıbdır. Ancaq biz hara inteqrasiya etməliyik? Bəziləri deyirlər ki, kiminsə xoşuna gəlmək üçün, yaxud da ki, donor pullarını əsaslandırmaq üçün biz Avropaya inteqrasiya etməliyik. Sual olunur, biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa göz qabağındadır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələrinə də toxunub. Bildirib ki, ölkəmizdə hansı ab-havanın olmasından, insanların hansı məsələlər barədə düşünmələrindən və vətəndaşların ümumi işə necə münasibət bəsləmələrindən yaxşı xəbərdardır. Referendumun nəticələri bütün dünyaya bir daha əyani şəkildə sübut etdi ki, Azərbaycan xalqı aparılan siyasəti dəstəkləyir, bu dəstəyə sadiqdir və görür ki, reallaşdırılan siyasətə alternativ siyasət yoxdur. Alternativ siyasət fəlakət ola bilər, yenə Azərbaycanı uçuruma apara, yenə Azərbaycanı qırğın meydanına çevirə bilər.

Göründüyü kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yeridilən daxili və xarici siyasət milli maraqlara və inkişaf prioritetlərinə əsaslanır. Bütün bunlar isə nəticə etibarilə ölkədə siyasi sabitliyin qorunub saxlanmasını təmin edir, sosial-iqtisadi sahələrdə uğurların əldə olunmasını şərtləndirir. Hazırda Azərbaycan inkişafın yeni trendlərini müəyyənləşdirir. Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan bu inkişaf strategiyası digər ölkələr üçün də nümunədir.

Azərbaycanın beynəlxalq səviyyədə əməkdaşlığa böyük önəm verməsi, ölkəmizin xarici investisiyalar üçün əlverişli məkana çevrilməsi, eyni zamanda, respublikamızın da başqa ölkələrə investisiya yatırması, bir sıra transmilli layihələrin icrasında uğurlar qazanması da dövlət siyasətimizin milli maraqlara və inkişaf prioritetlərinə əsaslanmasının nəticəsidir.

Azər VERDİYEV,
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası
Analitik-Təhlil Mərkəzinin rəhbəri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında