Azərbaycan ölkəmizdə yaşayan bütün xalqların doğma Vətənidir. Azərbaycan möhkəm ayaqda durur. Biz müasir, dünyəvi, inkişaf edən, əməkdaşlığa açıq olan ölkəyik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Hazırda ölkəmiz mühüm əhəmiyyətli siyasi hadisə ərəfəsindədir. Söhbət bu ay respublikamızın dövlət müstəqilliyinin 25-ci ildönümünün qeyd olunmasından gedir. Arxada qalan illərə nəzər saldıqda, bir daha aydın olur ki, 1991-ci ildən – müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçmiş, demokratik proseslərin inkişafına xüsusi önəm vermiş, beynəlxalq aləmdə əlaqələrini getdikcə genişləndirmiş və ötən müddətdə sürətli iqtisadi artım templəri nümayiş etdirərək Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir.
Ölkədə bir-birinin ardınca həyata keçirilən beynəlxalq əhəmiyyətli iri infrastuktura malik layihələr, xüsusi sosial proqramlar, pensiya islahatları, "ASAN xidmət"in yaradılması, insan kapitalının inkişafı sahəsində mühüm addımlar atılması, nüfuzlu beynəlxalq qurumlara üzvlük və digər tədbirlər respublikamızı dünya birliyində söz sahibinə çevirmişdir. Artıq beynəlxalq birlikdə də etiraf olunur ki, Azərbaycan bu gün həyata keçirdiyi islahatlara görə regionun aparıcı dövlətinə çevrilib.
Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasi kurs ölkəmizin dünya birliyindəki reytinqini daha da artırmış, mövqelərini möhkəmləndirmişdir. Bütün bunların nəticəsidir ki, 2010-cu ildən etibarən Azərbaycan insan inkişafı reytinqi üzrə BMT-nin İnkişaf Proqramında öncül yerlərdən birini tutur. Təbii ki, bütün bu nailiyyətlər, Azərbaycanda əldə edilmiş yüksək nəticələr Avrasiya, Avropa və Orta Şərq regionlarında humanitar məsələlərin həllinə də öz töhfəsini verib. Bununla yanaşı, Azərbaycanın qlobal və regional böhranların həllinə də töhfələr verdiyi beynəlxalq aləmdə öz təsdiqini tapıb. Azərbaycanın sülhməramlı qüvvələrin tərkibində iştirakı, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və bu quruma iki dəfə sədrlik etməsi, dünyanın iqtisadi cəhətdən zəif inkişaf etmiş bir sıra dövlətlərinə humanitar yardımlar göstərməsi respublikamızın beynəlxalq aləmdəki şöhrətini xeyli yüksəldib. Son illər dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini məhz Azərbaycanda keçirməsi, bir çox dövlət və hökumət başçılarının səfərləri, həmçinin Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzunun yeni mərhələyə qədəm qoymasından xəbər verir.
Qlobal iqtisadi və maliyyə böhranı dünyanı ağuşuna aldığı bir dövrdə digər dövlətlərlə müqayisədə ölkəmizin inkişaf tempini qoruyub saxlaması və nəzərdə tutulan proqramların icrasını davam etdirməsi beynəlxalq aləmdə Azərbaycanın düzgün yolda olduğuna əminlik yaradıb. Məlum olduğu kimi, 2030-cu ilə olan davamlı inkişaf gündəliyində qoyulmuş məqsədlər Nyu-Yorkda 103 üzv dövlət tərəfindən qəbul edilib.
Son günlər ölkəmiz yenə də dünya birliyinin diqqət mərkəzində oldu. Bakı yenidən Beynəlxalq Humanitar Forumun Mərkəzinə çevrildi. Təbii ki, söhbət bu günlərdə öz işini başa vurmuş V Bakı Beynəlxalq Humanitar Forumundan gedir. Bu tədbirdə dünyanın tanınmış dövlət xadimləri, ictimai xadimlər, görkəmli alimlər – onların arasında 13 Nobel Mükafatı laureatı var idi – jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, digər nüfuzlu qonaqlar iştirak edirdilər. Ümumiyyətlə, forumda 80-ə yaxın ölkədən 400-dən çox nümayəndə iştirak etmişdir. Bu, özlüyündə ölkəmizin dünya birliyindəki reytinqinin yüksək olmasından xəbər verir.
Onu da qeyd edək ki, mötəbər tədbirlər arasında beynəlxalq humanitar forumların xüsusi yeri var. Bu tədbirlər son illər ərzində beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Qürurverici haldır ki, bu forum artıq beşinci dəfədir ki, keçirilir. Bu da ölkəmizin beynəlxalq humanitar əməkdaşlığa həmişə çox böyük diqqət yetirməsindən və bu sahədə böyük təcrübə qazanmasından irəli gəlir. İki ildən bir ölkəmizdə Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi, bir neçə il əvvəl dünyanın dini liderlərinin Zirvə görüşü, bu il BMT-nin Sivilizasiyalararası Alyansının VII Qlobal Forumunun məhz Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun getdikcə yüksəldiyini təsdiqləyən faktlardır.
Bu yaxınlarda ölkəmiz daha bir mötəbər qonağı qarşıladı. Roma Papası Fransiskin Azərbaycana səfərə gəlməsi və burada dövlətimizin başçısı, onun ailə üzvləri ilə görüşməsi, Bakıdakı Katolik Kilsəsində dua mərasimi keçirməsi, Heydər Məscidində din xadimləri ilə fikir mübadiləsi aparması, bu gün ölkəmizdə dinlərarası, xalqlararası, millətlərarası münasibətlərin nümunəvi xarakter daşımasından xəbər verir. Roma Papasına da məlum oldu ki, Azərbaycanda əsrlər boyu bütün dinlərin, xalqların nümayəndələri dinc-yanaşı, sülh, mehribanlıq şəraitində yaşamışlar.
Son illər keçirilən humanitar forumlar və mədəniyyətlərarası dialoqlar da təsdiqləyir ki, dinlərarası səmimiyyət bu gün də yüksək səviyyədə qorunub saxlanılır. İctimai-siyasi quruluşundan asılı olmayaraq, Azərbaycan daim Şərq ilə Qərb arasında körpü rolunu oynamışdır.
Məlumat üçün qeyd edək ki, Azərbaycan XX əsrin 90-cı illərində müstəqilliyini elan etdikdən sonra katoliklərin lideri ikinci dəfədir ki, Bakıya səfər edir. Birinci dəfə Roma Papası II İohan Pavel 2002-ci ildə--ümummilli lider Heydər Əliyevin zamanında Azərbaycana səfər etmişdir. Bu dəfə isə Papa Fransisk Azərbaycana gələrək, bir sıra mühüm görüşlərdə iştirak etdi. Onu da qeyd edək ki, Vatikan başçıları, adətən, əhalisinin əksəriyyəti müsəlman olan ölkələrə səfərlər etmirlər. Ancaq göründüyü kimi, bu, Azərbaycana ikinci səfərdir. Bu, ölkəmizin beynəlxalq aləmdəki reytinqinin göstəricisidir.
Azərbaycanda katoliklərin sayı bir neçə yüz nəfərdir. Buna baxmayaraq, Roma Papasının müsəlman ölkəsi olan Azərbaycana səfəri respublikamızın dini və etnik tolerantlıq nümunəsi olduğunu göstərir. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu Vatikanın bəzi muzeylərinin təmirinə maliyyə ayırır. Bu isə Roma Papası tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin multikulturalizmə söykənən – dini dözümlülük siyasəti Roma Papası tərəfindən yüksək dəyərləndirilib. Qeyd edək ki, burada rəsmi Bakının siyasi məqsədi də var. Bununla, Azərbaycan dini tolerant ölkə olduğunu nümayiş etdirir, həm də dünyada böyük nüfuza malik olan Vatikanın ərazi bütövlüyü prinsipinə diqqət ayırmasına çalışır.
Dövlətimizin başçısı ölkəmizdə səfərdə olan Roma Papası Fransisk ilə keçirdiyi görüşdə də Ermənistanın işğalçılıq siyasətini hələ də davam etdirməsi, azərbaycanlılara qarşı törədilən soyqırımı və humanitar fəlakətlər barəsində məlumat vermişdir: "1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində tarixi torpağımız olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bizim vətəndaşlarımız – bir milyon azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Torpaqlarımızın 20 faizi işğal altındadır, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Xalqımıza qarşı Xocalı soyqırımı törədilmişdir ki, bu gün 10 ölkə bu soyqırımını rəsmən tanıyıb. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərib. O missiyaların məruzələri insanı dəhşətə gətirir. Bizim bütün tarixi, dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Bizim məscidlərimiz, qəbirlərimiz dağıdılıb, muzeylərimiz talan edilib. Biz isə Bakıdakı erməni kilsəsini bərpa etdik. Bu kilsədə erməni dilində beş mindən çox kitab saxlanılır. Bax, fərq bundan ibarətdir. Bu, onların hərəkətləri, bu da bizim münasibətimiz. Ona görə, təsadüfi deyil ki, Azərbaycanı dünyada multikulturalizmin mərkəzi kimi tanıyırlar".
Bütün görüşlərdə, habelə nüfuzlu beynəlxalq qurumların tədbirlərində xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərindən söhbət açan və erməni silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən hələ də əl çəkmədiklərini, beynəlxalq təşkilatların qətnamələrinə, beynəlxalq hüququn normalarına saymazlıq göstərmələrini dünya katoliklərinin də rəhbərinin diqqətinə çatdırdı və bildirdi ki, bu münaqişə beynəlxalq hüquq çərçivəsində həll edilməlidir: "BMT Təhlükəsizlik Şurası – dünyanın ali qurumu bu münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir və iyirmi ildən çoxdur torpaqlarımız işğal altındadır".
Dövlətimizin başçısı bəyan etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün başqa münaqişələr kimi, ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: "Bu münaqişədən ölkəmiz, xalqımız böyük əziyyət çəkir. 1990-cı illərin əvvəllərində əhalimiz 8 milyon nəfər idi ki, onlardan bir milyonu qaçqın-köçkün vəziyyətinə düşüb. Yəni, o humanitar fəlakəti biz öz gücümüzə həll etdik və həll edirik. Buna baxmayaraq, ölkəmiz inkişaf edir".
Son illər ərzində Azərbaycanın mötəbər idman yarışlarına da ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdəki reytinqinin göstəricisidir. Təkcə bu il Bakıda ilk dəfə olaraq "Formula-1" yarışı və Ümumdünya Şahmat Olimpiadası keçirilmişdir. Keçən il isə tarixdə ilk dəfə olaraq Bakıda birinci Avropa Oyunları keçirilmişdir. Gələn il isə Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcəkdir.
Azərbaycanın sürətli inkişafı və beynəlxalq aləmə inteqrasiyası respublikamızı Şərqi Avropa dəyərlərinə uyğun formada birləşdirən ölkəyə çevirib. Bu yaxınlarda Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş əlavə və dəyişikliklərlə əlaqədar keçirilmiş ümumxalq səsverməsinin (referendumun) nəticələrinin ABŞ Dövlət Departamenti tərəfindən tanınması, həmçinin dünyanın 33 ölkəsindən gəlmiş beynəlxalq müşahidəçilər, eyni zamanda, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri tərəfindən müsbət rəy verilməsi referendumun dünya standartlarına uyğun keçirilməsindən xəbər verir. Ümumiyyətlə, son illər respublikamızda keçirilən seçkilərdə şəffaflığın, demokratik prinsiplərin və obyektivliyin yüksək səviyyədə təmin olunması Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu daha da artırır. Qazanılan bu uğurlar isə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir.
Əliqismət BƏDƏLOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.