Novruz Məmmədov: Azərbaycan müstəqil olduğu 25 il ərzində böyük inkişaf yolu keçib

Dünən Bakıdakı “Hilton” otelində Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr edilmiş “Azərbaycanın qlobal və regional arenada rolu: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbirdə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri, birinci dərəcəli dövlət müşaviri Novruz Məmmədov, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, digər qonaqlar iştirak edirdilər.

Konfransı SAM direktoru Fərhad Məmmədov açaraq bildirdi ki, yaxın günlərdə ölkəmizin öz müstəqilliyini bərpa etməsinin 25 ili tamam olur. Bu illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, bir çox uğurlu layihə icra edib. Həmin layihələr haqqında təqdim edilən kitablarda ətraflı məlumat öz əksini tapıb. SAM rəhbəri mərkəz əməkdaşlarının məqalələrindən ibarət digər topluların da təqdim edildiyini qeyd etdi.

Beynəlxalq konfransın “Azərbaycan qlobal arenada: nailiyyətlər və çağırışlar” mövzusunda birinci hissəsində  məruzə ilə çıxış edən Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ötən 25 il ərzində Azərbaycanın uğurlu və şərəfli yol keçdiyini bildirdi. Ancaq bu müddətdə dünyanın başqa yerlərində çoxlu təhlükəli proseslər baş verib. Novruz Məmmədov ötən müddətdə ölkəmizin çətin və ağır sınaqlardan keçdiyini, lakin 1993-cü ildə Azərbaycanın rəhbərliyinə gəlmiş ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qurtuluş tapdığını qeyd etdi.

Prezident Administrasiyası rəhbərinin müavini dedi ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünyaya yeni inkişaf modelini təqdim edir. Dövlət başçısının apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkədə yoxsulluğun və işsizliyin səviyyəsi kəskin şəkildə aşağı düşüb, yeni iş yerlərinin yaradılması istiqamətində kəsərli addımlar atılıb. Hazırda Azərbaycanın ümumdaxili məhsulu bütün Cənubi Qafqaz regionundakı ÜDM-in 75 faizini təşkil edir. Ölkədə yüksək insan inkişafı təmin edilib, iqtisadiyyatın diversifikasiyası sahəsində səmərəli addımlar atılıb. Azərbaycan “qara qızıl”ı insan kapitalına çevirmək yolu ilə uğurla irəli gedir. Artıq ölkə özünün peykini orbitə buraxıb və kosmik dövlətə çevrilib. 

Novruz Məmmədovun sözlərinə görə, bu gün Azərbaycan balanslaşdırılmış, çoxvektorlu, milli maraqlara əsaslanan xarici və daxili siyasət həyata keçirir. Bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan nadir ölkədir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ölkəmizin əldə etdiyi ən böyük uğurlardan biridir. Ölkəmiz BMT-dən sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatına da üzv olub. Azərbaycan beynəlxalq antiterror koalisiyasına qoşularaq dünyada sülhün bərqərar olunmasına öz töhfələrini verir. Bu gün Azərbaycan əsgərləri beynəlxalq antiterror koalisiyasının tərkibində Əfqanıstanda, İraqda xidmət edir. Ölkə 2014-cü ilin may-oktyabr aylarında Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edib. Azərbaycanın təşəbbüsü ilə qonşu ölkələrlə üçtərəfli əməkdaşlıq formatı inkişaf etdirilir. Azərbaycan Avropa ölkələri ilə də əlaqələri genişləndirir, Uzaq Şərq, Latın Amerikası, Afrika ölkələri ilə münasibətlərə önəm verir və bu əlaqələri inkişaf etdirir.

O qeyd etdi ki, ölkəmiz dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalayıb, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng layihələri həyata keçirib. Azərbaycan TANAP, TAP kimi layihələrin təşəbbüskarıdır, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir.

Novruz Məmmədov qeyd etdi ki, ölkəmiz, eyni zamanda, müxtəlif mədəniyyətlərin beşiyidir, Şərqdə ilk opera, balet Azərbaycanda yaranıb. Burada hər il ən müxtəlif beynəlxalq tədbirlər keçirilir. 

Prezident Administrasiyası rəhbərinin müavini bildirdi ki, bu gün Azərbaycanın qarşısında duran ən başlıca məsələ Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bu problemin həll olunmaması regionun inkişafı üçün ən böyük maneədir. BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, habelə Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr, beynəlxalq hüququn norma və prinsipləri Azərbaycanin ərazi bütövlüyünün bərpasını tələb edir. Lakin təəssüf ki, bu gün beynəlxalq hüquqa hörmət unudulub, yalnız böyük dövlətlərin özlərinə lazım olanda yada salınır. “Qəribədir, münaqişənin həlli üzrə vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri indiyədək hansı məntiqli təklif irəli sürüblər ki, Azərbaycan bununla razılaşmayıb? Rəsmi Bakı ən mürəkkəb məqamlarda belə konstruktivlik nümayiş etdirib, sülh naminə danışıqları davam etdirməyə hazır olduğunu bəyan edib. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Gəlin bir anlıq təsəvvür edək ki, guya bu ərazi mübahisəli ərazidir. Bəs işğal olunmuş yeddi rayon?! Onlara ki, Ermənistanın heç bir iddiası yoxdur! Yüz minlərlə insanın yaşamış olduğu bu 7 rayonun azad edilməsi üçün bu böyük dövlətlər hansı addımlar atıblar? Həmsədrlərin ötən illərdə düşünüb tapdığı yeganə yol odur ki, Azərbaycan və Ermənistan özü razılığa gəlsin. Bu, Azərbaycana qarşı ədalətsiz, ikili standartlara əsaslanan münasibətin təzahürüdür. İnsan hüquqlarını, ədalət prinsiplərini ortaya qoyan böyük dövlətlər və təşkilatlar əvvəlcə güzgüdə özlərinə baxsınlar”.

Məruzə ətrafında Macarıstan Xarici Məsələlər və Ticarət İnstitutunun direktor müavini Laszlo Vasa, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov, SAM-ın direktoru Fərhad Məmmədov, ABŞ-ın Ceymstaun Fondunun prezidenti Qlen Hovard, Helvan Universitetinin professoru, Azərbaycandakı Misir Mədəniyyət Mərkəzinin keçmiş direktoru Adel Dərviş çıxış edərək Azərbaycanın qlobal və regional arenadakı rolu ilə bağlı fikirlərini bölüşdülər.

“Azərbaycan yolların kəsişməsində: regional baxış” mövzusunda ikinci sessiyada isə Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzinin direktoru Əli Rəsul Usul, İran İslam Respublikası XİN Beynəlxalq Tədqiqat və Təhsil Mərkəzinin rəhbəri Seyid Kazım Səyyadpur, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu Postsovet Araşdırmaları Mərkəzinin direktoru Stanislav Çernyavski, Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Yerlan Karin, Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunun baş elmi işçisi Giorgi Badridze, Türkmənistanın xüsusi tapşırıqlar üzrə səfiri Murad Nazarov, SAM xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev çıxış etdilər.

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında