Hakkı Kəskin: Azərbaycan hər dəfə böyük forumlarla dünyanı heyran qoyur

Azərbaycanda keçirilən V Beynəlxalq Humanitar Forumla bağlı dünyanın tanınmış ekspertləri yüksək fikirlər bildirirlər. Forumun əhəmiyyətini, Bakının bu kimi tədbirlərə ev sahibliyi etməsini təqdir edən dünya səviyyəli ictimai-siyasi xadimlərdən biri də Almaniyanın tanınmış siyasətçisi, Bundestaqın və AŞPA-nın türk əsilli sabiq üzvü  Hakkı Kəskindir. Sonuncu humanitar forumla bağlı fikirlərini bildirən Hakkı Kəskin bunları dedi:

– Hər il olduğu kimi, bu dəfə də Bakı özünəməxsus böyüklük göstərərək, dünyanı düşündürən məsələlərin müzakirəsinə ev sahibliyi etdi. Xüsusilə ona diqqət etmək lazımdır ki, Bakı artıq bu kimi tədbirləri ənənəyə çevirib. Artıq beş ildir ki, ölkəniz beynəlxalq humanitar forumlara ev sahibliyi edir. Bundan əvvəl Bakıda IV Qlobal Bakı Forumu keçirilmişdi. Həm o tədbirdə, həm də sonuncu V Beynəlxalq Humanitar Forumda  çoxsaylı dövlət başçılarının, sabiq dövlət və hökumət təmsilçilərinin iştirak etməsi bir daha onu göstərdi ki, dünya ölkələri arasında  Azərbaycanın öz missiyası var və bu missiyanı qardaş ölkəmiz layiqincə daşıya bilir. Bu, bizi sevindirməyə bilməz. Təsəvvür edirsinizmi bir vaxtlar bu bizim üçün, Azərbaycanı sevən insanlar üçün nə qədər əlçatmaz görünürdü. Qardaş türk ölkələri Sovet İttifaqının tərkibində olanda çoxumuz ağlımıza belə gətirmirdik ki, Azərbaycan və digər türk xalqları azadlığa çıxacaq və biz bunu görəcəyik. Necə ki, bu gün Dağlıq Qarabağ mənfur erməni işğalı altındadırsa və hər bir azərbaycanlı gənc, ahıl o torpaqların  azad edilməsini səbirsizliklə  gözləyirsə, biz də elə düşünürdük. Böyük Atatürkün gələcək türk nəsillərinə təlimatı belə idi ki, mütləq Sovet İttifaqının tərkibindəki qardaşlarınızı unutmayın və onların sizə yaxınlaşmasını gözləməyin, siz onlara yaxınlaşın, dəstək olun. İndi bu gün dünyaya qorxu saçan SSRİ dağılmış və qardaş xalqlarımız öz istiqlalına qovuşmuşlar. İndi Azərbaycanı da böyük ölkələrlə bir masada vacib, problemli məsələləri müzakirə edən, öz təkliflərini verən güclü dövlət kimi görməyimiz, şübhəsiz ki, bizim üçün yüksək təəssürat yaradır. Müstəqillikdən sonra qardaş Azərbaycan böyük uğurlar qazandı və hətta iki il BMT Təhlükəsizlik Şurasının üzvü oldu, bir il bu şuraya rəhbərlik etdi. Bu, çox böyük uğur idi. Silsilə olaraq beynəlxalq forumların, I Avropa Oyunlarının və digər dünya səviyyəli idman yarışlarının keçirilməsi Azərbaycanın gücünü, sağlam təməllərə söykənən yolla irəlilədiyini sübut edir. Azərbaycan hər dəfə böyük forumlarla dünyanı heyran qoyur.

H.Kəskin bildirdi ki, dünyanın bu qədər tanınmış insanlarının paytaxtınıza toplaşması böyük təbliğatdır: "Bu, lobbiçliyin inkişafına təkan verir və Azərbaycan dəyərlərinin və həqiqətlərinin yaxından öyrənilməsi üçün böyük şans yaradır. Dünyaya bu tədbirlərlə böyük sülh mesajı verən Azərbaycan həm də onu göstərir ki, Ermənistanın işğalçılıq siyasətinə baxmayaraq  biz öz sülh siyasətimizi davam etdiririk. Siz göstərirsiniz ki, həqiqətən sülh istəyirsiniz. Lakin, təəssüf ki, bu gün dünyanın böyük təşkilatları hələ də bu münaqişəni həll etməkdə Azərbaycana yaxından yardım etmirlər. İşğalçının hərəklətləri tam sübut olunub, birmənalı şəkildə Azərbaycan torpaqları boşaldılmalıdır. Amma Ermənistan nə edir, əksinə, təzyiqləri, müharibə vəziyyətini daha da artırır. Elə isə niyə beynəlxalq təşkilatlar, böyuk ölkələr bu cinayətkar dövlətə qarşı konkret addımlar atmırlar. Bu gün qardaş Azərbaycan və Türkiyə regionda böyük qüvvəyə çevrilməkdədir, iki qardaş dövlətin istəyi, amalı birdir və bunu gözü götürməyən qüvvələr vardır. Bütün gücümüzlə çalışmalıyıq ki, Azərbaycan və Türkiyənin müqəddəs birliyi həmişə soydaşlarımızı sevindirsin və onlara dayaq olsun. Bu gün dünyada geostrateji məsələlərdə iki ölkənin birliyə söykənən siyasəti çox mühümdür və gələcəyimiz üçün əhəmiyyətlidir. Düşünürəm ki, Azərbaycan  üzərinə götürdüyü sülh, dialoq missiyasını daşımaq əzmini davam etdirəcək və belə möhtəşəm tədbirlərə məkan rolunu oynamaqla BMT-nin nümunəvi dövlətlərindən birinə çevriləcək”.

Hazırladı:
Anar TURAN,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında