Azərbaycan beynəlxalq forumların keçirildiyi mühüm məkana çevrilmişdir

Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin kəsişməsində, coğrafi baxımdan Avropa ilə Asiyanın arasında yerləşir. Əlbəttə, bu coğrafi mövqe Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynamışdır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və təhlükəsizlik şəraitində bir ailə kimi yaşamışlar.

Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlərin nə qədər düzgün tənzim olunması bu gün dünya üçün artıq bir nümunədir. Bu baxımdan Azərbaycanın örnəklərinin öyrənilməsi sahəsində bir sıra addımlar atılmışdır. Mədəniyyətlərarası və dinlərarası dialoqla əlaqədar son illər Azərbaycanda bir sıra mühüm əhəmiyyətli tədbirlər keçirilmiş, beynəlxalq elmi konfranslar, genişmiqyaslı forumlar təşkil edilmişdir. Mötəbər beynəlxalq qurumların öz tədbirlərini respublikamızda keçirməsi ölkəmizin Avropa mədəniyyəti ilə İslam mədəniyyəti arasında körpü rolunu oynadığını təsdiqləyir. Məhz, 2008-ci ildə də "Bakı prosesi" ölkəmizin təşəbbüsü ilə başlamış və bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, multikulturalizmə aid məsələlər buraya daxildir. Nəticədə, iki sivilizasiya arasında dialoqun yüksək səviyyədə təşkil edilməsində mühüm rol oynayan Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu getdikcə yüksəlmişdir.

2011-ci, 2013-cü, eləcə də 2015-ci ildə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları yüksək səviyyədə təşkil olunmuş və bu sahədə Azərbaycan tərəfindən reallaşdırılan təşəbbüslər regional müstəvidən çıxarılaraq qlobal səviyyəyə qaldırılmışdır. Bakıda keçirilən üç Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, ISESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış etmişlər və bu mühüm tədbirlər ölkəmizin siyasi-mədəni həyatında mühüm hadisə kimi yadda qalmışdır. Eyni zamanda, bu təşəbbüs mədəniyyətlərarası dialoqun dünyada ən təxirəsalınmaz vəzifələrdən biri olduğunu göstərir. Forumda mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasi və praktiki aspektləri müzakirə olunmuş, dialoqa yönələn maneələr nəzərdən keçirilmiş və onun müxtəlif mühitdə ən yaxşı formada aparılması konkret şəkildə müzakirə edilmişdir.

 Bununla yanaşı, dünyanın bütün qitələrindən gəlmiş insanların təmsil olunduğu Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda siyasi liderlər və ictimai xadimlər, beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, mədəniyyət nazirləri və mədəniyyət məsələləri üzrə səfirlər, deputatlar, diplomatlar, mədəniyyət məsələləri üzrə ekspertlər və tanınmış ziyalılar iştirak etmişlər.

Son illər "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumuna, Madrid Klubunun toplantısına, birinci Cənubi Qafqaz Forumuna, BMT-nin VII İnternet İdarəçilik Forumuna, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasına, Dini Liderlərin Ümumdünya Sammitinə və digər nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan artıq Cənubi Qafqazda bütün sahələr üzrə müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu geosiyasi əhəmiyyətli mərkəzlərdən biri kimi qəbul olunur. Bundan əlavə, ölkəmizdə təşkil olunmuş III Qlobal Açıq Cəmiyyətlər Forumunda, Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısında, ümumilikdə 200-ə yaxın ölkədən yüzlərlə fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçıları, nüfuzlu ictimai-siyasi xadimlər, məşhur iqtisadçılar, elm adamları, dünya mədəniyyətinin tanınmış simaları və digər şəxslər iştirak etmişlər. Bundan əlavə, “Bakı-2015” ilk Avropa Oyunları idman tarixində yeni maraqlı səhifə açmışdır. Bu hadisə həm də Azərbaycanda idman sahəsində yaşanan inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir. Eyni zamanda, bu Oyunlar Azərbaycanın mədəniyyətinin, zəngin multikulturalizm ənənələrinin, turizm imkanlarının, həmçinin Azərbaycan brendi olan məhsulların təbliği baxımından da çox faydalı olmuşdur. Məlumdur ki, 2017-ci ildə Bakı şəhəri İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi edəcək. İki il ərzində hər iki mühüm idman bayramının Azərbaycanda keçirilməsi rəmzi məna daşıyan nadir tarixi hadisə olmaqla yanaşı, həm də Asiya ilə Avropa arasında körpü rolunu oynayan ölkəmizin sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına verdiyi böyük töhfədir.

Bütün bunlarla yanaşı, 2011-ci ildən başlayaraq hər il ölkəmizdə Bakı Beynəlxalq Humanitar Forumu keçirilir. İndiyə qədər reallaşan beş forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal məkandır. Dövlət və hökumət başçılarının, Nobel Mükafatı laureatlarının, dünyada tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu artıq ənənə halını almışdır.

2016-cı il sentyabrın 29-30-da keçirilən və 80-dən çox ölkədən 400-ə yaxın tanınmış elm, mədəniyyət xadiminin, Nobel mükafatı laureatlarının iştirak etdiyi V Bakı Beynəlxalq Humanitar Forumunda qeyd olunmuşdur ki, bu sahədə məsələlərin müzakirəsi üçün Bakıda, mütəmadi olaraq, unikal tribuna, platforma imkanı yaradılır və multikulturalizm nümunəsi olan Azərbaycan ziyalılarının mülahizələri də böyük marağa səbəb olmuşdur. Ümumiyyətlə, ölkəmizdə keçirilmiş çoxsaylı beynəlxalq tədbirlərdə dünyada milli və dini tolerantlığın gücləndirilməsi, multikulturalist dəyərlərin təbliği, dini zəmində ekstremizmə və ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi və digər aktual problemlər geniş müzakirə olunmuşdur.

V Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinin məqsədlərindən danışaraq Azərbaycanda multikulturalizmin inkişafını yüksək qiymətləndirmişdir: "...Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır. Eyni zamanda, bu beynəlxalq, siyasi və humanitar tədbirlər dünyaya da bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha da sıx birləşdirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki, dünyada xoşagəlməz meyillər üstünlük təşkil edir. Qanlı toqquşmalar, müxtəlif bölgələrdə müharibələr gedir, dini, milli zəmində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını ala və müsbət meyilləri gücləndirə bilər".

I Bakı Beynəlxalq Humanitar Forumu təşkil olunanda dünyada hələ bu gün mövcud olan təhlükələrin olmadığını bildirən ölkəmizin rəhbəri son bir neçə il ərzində həm bizim bölgədə, Yaxın Şərqdə, Avropada, digər yerlərdə çox təhlükəli, narahatedici hadisələrin baş verdiyini diqqətə çatdırmışdır: "...Qanlı toqquşmalar, müharibələr, bəzi ölkələr tamamilə dağıdılıb, yüz minlərlə günahsız insan həlak olub, milyonlarla, on milyonlarla insan qaçqın-köçkün vəziyyətinə düşüb. Bu, öz növbəsində bundan əziyyət çəkən ölkələrdə radikalizm meyillərini gücləndirir".

Belə qlobal miqyaslı tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun və obyektiv çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən dövlət başçısı İlham Əliyev V Bakı Beynəlxalq Humanitar Forumda vurğulamışdır ki, humanitar əməkdaşlığa, humanitar məsələlərin həllinə həmişə böyük diqqət göstərməyimizə baxmayaraq, xalqımız və dövlətimiz uzun illərdir humanitar fəlakətlə üzləşmişdir: "Bizim tarixi, əzəli torpağımız Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon Ermənistan tərəfindən işğal edilib, günahsız insanlar qətlə yetirilib, xalqımıza qarşı hərbi cinayət, Xocalı soyqırımı törədilib. Xocalı şəhərində soyqırımı nəticəsində 613 dinc insan qətlə yetirilib. Onlardan 106-sı qadın, 63-ü uşaqdır. Bütün bu erməni vəhşilikləri sənədləşdirilib, videomateriallar, fotomateriallar, şahidlərin ifadələri var. Artıq dünyanın on ölkəsi Xocalı soyqırımını soyqırımı kimi tanıyıb.İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Bu barədə də faktlar var”.

Bundan əlavə, Azərbaycan dövlətinin yürütdüyü tolerantlıq siyasətinin daha da genişlənməsi və möhkəmlənməsi, tolerantlıq mühitinin qorunub saxlanılması və təşviqi məqsədilə dövlət başçısı İlham Əliyev bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Bunun başlanğıcı olaraq, 2014-cü ilin fevral ayında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti yaradılmışdır. Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq dövlət başçısı 2014-cü il mayın 14-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında fərman imzalamışdır.

Beləliklə, multikulturalizm hazırda Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu çərçivədə keçirilən tədbirlər isə ölkəmizdə multikultural təhlükəsizliyin intellektual göstəricilərinin artıq formalaşdığını təsdiqləyir. Bu il aprelin 25-27-də BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu da dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir. Digər tərəfdən, bu, Azərbaycanda multikultural təhlükəsizliyin təmin olunmasına sistemli yanaşmanın mövcudluğundan xəbər verir. Müasir dövrdə Azərbaycanda etnik azlıqların hüquqlarının müdafiəsi ölkənin siyasi sabitliyinin təminatı və xarici siyasətin prioritet vəzifələrindəndir.

Ümumiyyətlə, ölkəmizdə keçirilən tədbirlərin məqsədi xalqlar, dövlətlər və sivilizasiyalar arasında dialoq imkanlarını genişləndirmək, cəmiyyətdə sülh, əmin-amanlıq və dözümlülük mühitini inkişaf etdirmək, müasir dünyamızda müzakirə olunan inkişaf modelləri ətrafında fikir mübadiləsi aparmaq, milli özünəməxsusluğu saxlamaqla bəşəri-mədəni dəyərləri mənimsəməkdən ibarətdir. Dünyada sivilizasiyalararası dialoq sahəsində ciddi problemlərin yaşanması, bu fonda münaqişələrin artması tendensiyasının müşayiət olunması, xüsusilə də, islamafobiya kimi təhlükəli meyillərin bir sıra dövlətlərin və digər subyektlərin siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində Azərbaycanın təcrübəsi digər ölkələr üçün örnək ola bilər.

Hazırda mühüm geosiyasi məkan kimi Azərbaycan regionda sülhün və  təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”.

Elçin ƏHMƏDOV, 
Azərbaycan Respublikasının Prezidenti yanında
  Dövlət İdarəçilik Akademiyasının dosenti,
siyasi elmlər doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında