Ukraynalı jurnalist: Azərbaycan beynəlxalq aləmdə maraqlı geosiyasi oyunçuya çevrilib

Sentyabrın 29-30-da Bakıda V Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. Böyük əhəmiyyət daşıyan tədbirdə 80-ə yaxın ölkədən 400 nümayəndə iştirak edib. Onların arasında dövlət xadimləri, sabiq dövlət və hökumət başçıları, dünya şöhrətli alimlər, Nobel Mükafatı laureatları, KİV nümayəndələri olub.

Bakı Beynəlxalq Humanitar Forumunun ukraynalı iştirakçısı, jurnalist Aleksandr Serqiy qəzetimizə eksklüziv müsahibəsində bildirdi ki, Azərbaycan və Rusiya prezidentlərinin birgə təşəbbüsü ilə keçirilən forum mədəniyyətlərarası dialoqa böyük töhfələr verir. Bu tədbirdə də  dünyada mövcud olan problemlər, münaqişələr ətrafında geniş müzakirələr açıldı, görkəmli şəxsiyyətlərin bu və ya digər məsələyə münasibəti ilə tanış olmaq imkanı yarandı.

Aleksandr Serqiy daha sonra qeyd etdi:

-- Bakı Beynəlxalq Forumunda birinci dəfədir ki, iştirak edirəm. Amma tədbir məndə böyük təəssürat oyatdı. Bu da onunla əlaqədardır ki, forumda dünyanın ən müxtəlif ölkələrindən gəlmiş fikir sahibləri, müdrik insanlar, Nobel mükafatı laureatları, fizika, iqtisadiyyat, kimya və s. sahələrin görkəmli mütəxəssisləri iştirak və çıxış etdilər, beynəlxalq aləmdə baş verən problemlərə dair öz maraqlı baxışlarını ifadə etdilər. Bakıda keçirilən iki günlük tədbirdə, zənnimcə, ən yaddaqalan çıxış Azərbaycan Prezidenti İlham Əliyevin məruzəsi oldu. O, günümüzün ən vacib problemləri haqqında danışdı. Biz onsuz da bilirik ki, Azərbaycan artıq çoxdandır beynəlxalq aləmdə maraqlı geosiyasi oyunçuya çevrilib. Ölkənin dünyada baş verən hadisələrə öz baxışı var. Azərbaycan məhz bu məsələlər ətrafında öz dəyərli mülahizələrini iştirakçılara çatdırdı. 

Prezident, eyni zamanda, Azərbaycanın müstəqilliyə qovuşduğu 25 il ərzində keçdiyi böyük sosial-iqtisadi inkişaf yolundan da danışaraq bildirdi ki, bir neçə il əvvəl dünyanın 155 ölkəsi etimad göstərərək Azərbaycanı BMT-nin qeyri-daimi üzvü seçib. Son 13 il ərzində Azərbaycanda 3 mindən çox məktəb, 600-dən çox xəstəxana tikilib. Məcburi köçkünlər üçün 90-dan çox qəsəbə salınıb, 250 mindən çox məcburi köçkünə yeni evlər verilib. Azərbaycanın böyük valyuta ehtiyatları var, işsizliyin, yoxsulluğun azaldılması üçün ciddi addımlar atılıb. Azərbaycanda yoxsulluq və işsizlik 5 faiz həcmindədir. Dövlət başçısı son 25 ildə ölkənin müstəqil siyasət yürütdüyünü, taleyinin öz əlimizdə olduğunu, heç kimdən asılı olmadığını qeyd etdi. Onun "gözəl ölkə qurmuşuq, bundan da gözəl olacaq" deməsi forum iştirakçılarının xüsusilə diqqətini cəlb etdi. Biz də dost ölkə kimi Azərbaycanın uğurlarına sevinirik və ona hərtərəfli inkişaf yolunda daha böyük müvəffəqiyyətlər arzulayırıq.

Vətənə qayıtdıqdan sonra, təbii ki, Bakıda gördüklərim haqqında geniş məqalə ilə çıxış edəcəyəm. Xüsusən Azərbaycan xalqının qonaqpərvərliyi, tolerantlığı, multikultural dəyərlərə sadiqliyi haqqında dünyaya car çəkmək vaxtıdır.

Söhbəti yazdı: 
Paşa ƏMİRCANOV, 
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında