Əhməd Tarabeik: Bakı forumu Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verəcək

V Bakı Beynəlxalq Humanitar Forumunun çoxsaylı iştirakçıları arasında Azərbaycan ictimaiyyətinə kifayət qədər yaxşı tanış olan misirli tədqiqatçı-jurnalist Əhməd Tarabeik də var. Qafqaz və Orta Asiya xalqlarının tarixi və mədəniyyəti barədə bir neçə sanballı kitabın müəllifi olan misirli həmkarımız hazırda Qahirədə nəşr olunan populyar “Ruz el-Yusif” qəzetində çalışır. Onunla Bakıda dünən öz işini uğurla başa çatdıran forum çərçivəsində təşkil olunan panel iclasların birində tənəffüs zamanı görüşərkən tədbir barədə düşüncələrini qəzetimizin oxucuları ilə bölüşməsini xahiş etdim. Misirli jurnalist bunları dedi:

– Dərhal qeyd etmək istəyirəm ki, Azərbaycan paytaxtında keçirilən belə bir nüfuzlu beynəlxalq tədbirə dəvət aldığım üçün hədsiz qürur duyuram. Forumda bir-birindən maraqlı çıxışlar, yeni ideyalar və təkliflər səsləndirilir. Hiss olunur ki, gündəliyə çıxarılan qlobal problemlər hər kəsi düşündürür.

Hesab edirəm ki, Bakı forumunun əsas məqsədi dünyanın bu qarışıq vaxtında planetimizdə hazırda bir sıra münaqişə bölgələrində baş verən zorakılıqlara alternativ olaraq tolerantlığın, humanist, bəşəri dəyərlərin təbliğidir. Axı, bu gün dünyanın həqiqətən humanizmə, əmin-amanlığa, sülhə çox böyük ehtiyacı var. Çıxış yolu dialoq və tolerantlıqdır. Belə ki, xalqlar və millətlər arasında dialoq olmadan sülhü, sabitliyi qorumaq, təhlükəsizliyi təmin etmək sadəcə mümkün deyil. Bu missiyanın əhəmiyyətini hər birimiz dərk etməliyik. Bakı forumu da bəşəriyyəti məhz buna çağırır!

Fikrimcə, Bakıda tədbirin çox uğurla, konstruktiv ruhda başlanmasına, bu məcrada da davam edərək uğurla sona çatmasına Azərbaycan Prezidenti cənab İlham Əliyevin forumun açılış mərasimində dərin məzmunlu nitqinin böyük təsiri oldu. Yəni bu parlaq nitq forumda bütün sonrakı səmimi, konstruktiv məruzə və çıxışlara güclü bir təkan, stimul verdi.

Azərbaycan liderinin xalqının qədim tarixinə və mədəniyyətinə olan sonsuz sevgisi, eləcə də sivil, bəşəri dəyər və prinsiplərə rəğbəti bütün iştirakçılar kimi, məni də çox təsirləndirdi. Həqiqətən, cənab İlham Əliyev gənc, müstəqil Azərbaycanın sivil dünya ailəsində öz layiqli yerini tutması üçün çox və uğurlu işlər görür. Azərbaycan dövləti, eyni zamanda, regionun və dünyanın daha təhlükəsiz olmasına çalışır.

Mənim Azərbaycan xalqına dərin rəğbətim var. Son dəfə Bakıda ötən ilin sentyabrında olmuşam. O zaman “Qarabağ: Qafqazda sülh yolu” adlı kitabımın Bakı Avrasiya Mətbuat Mərkəzində təqdimatı oldu. Bu əsərdə Azərbaycan torpaqlarının bir hissəsini işğal edən erməni vəhşiliyindən söz açmışam. Mən Azərbaycanın haqq işi barədə hər yerdə, hər zaman danışmağa hazıram. Dünya bilməlidir ki, özlərini “yazıq”, “məzlum millət” kimi təqdim etməyə çalışan ermənilər Xocalıda necə ağır vəhşilikilər törədiblər.

Hesab edirəm ki, V Bakı Beynəlxalq Humanitar Forumu Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verəcək. Bu sahədə Azərbaycan mediası, jurnalistlər daha çox iş görməyə çalışmalıdırlar. Bu, sizin, bizim, bütün vicdanlı qələm əhlinin müqəddəs vəzifəsi olmalıdır.

Mən forum çərçivəsində “Müasir cəmiyyətin çağırışları kontekstində virtual jurnalistikanın və sosial şəbəkələrin rolu” mövzusunda keçirilən panel iclasında çıxış etdim. Bir çox məsələlərdən, o cümlədən yeni texnologiyaların qlobal mediada yaratdığı geniş imkanlardan bəhs etdim. Ümid edirəm ki, virtual media və sosial şəbəkələr daha çox haqqın, ədalətin tərəfində durmağa üstünlük verəcək. Çox istərdim ki, məhz belə olsun.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında