Azərbaycan Prokurorluğu hər zaman dövlətçiliyin və qanunçuluğun keşiyindədir

1 oktyabr prokurorluq işçilərinin peşə bayramı günüdür

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycan Prokurorluğu bundan sonra da Azərbaycan dövlətçiliyinə sadiq olaraq, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və inkişaf etməsi  prosesində fəal iştirak edəcək və Azərbaycanda qanunun aliliyinin təmin olunmasında öz xidmətlərini göstərəcəkdir.

Heydər  ƏLİYEV
 Ümummilli  lider


 


Hazırda prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durur. Əsas məqsədimiz prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


 

Hüquqi dövlət quruculuğu yolunu seçən Azərbaycanın dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer tutması ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyevin istiqamətləndirdiyi yolla uğurla addımlamaq, onun tövsiyələrini yerinə yetirmək və müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifahının daha da yaxşılaşdırılması üçün var qüvvə ilə çalışmaq müqəddəs borcumuz  və şərəf işimizdir.

Şəxsiyyətin böyüklüyü, bir tərəfdən onun öz zamanında gördüyü işlərin, yaratdıqlarının, həyata keçirdiklərinin əhəmiyyəti, əhatəsi və təsir dairəsi ilə ölçülürsə, digər tərəfdən bu fəaliyyətin tarixdə əks-sədasi ilə uzun illər, dövrlər müddətində hadisələrin gedişatını yönəltməsi ilə müəyyənləşir.

 XX əsrdə xalqımızın dünya siyasətinə bəxş etdiyi qeyri-adi və fenomen şəxsiyyət – ümummilli lider Heydər Əliyev respublikamız müstəqilliyinin itirilməsi, torpaqlarının parçalanması, dövlətçiliyinin məhv edilməsi ilə üz-üzə qaldığı bir vaxtda, hərc–mərcliyin baş alıb getdiyi, cinayətkar dəstələrin tüğyan etdiyi bir şəraitdə ölkəyə rəhbərlik etməyə başalayaraq onu çox qısa bir müddətdə sivil dövlətlər sırasına çıxarmışdır.

Heydər Əliyevi şəraitlə bağlı tarixin yetişdirdiyi görkəmli şəxsiyyətlərin fövqündə saxlayan əsas cəhət onun tarixin – öz ölkəsinin tarixinin yaradıcısı olmasıdır.

Məhz ulu öndərimizin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində 1993-cü ilin ikinci yarısından başlayaraq, respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edildi. Bütün hüquq-mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər olundu və “qanunun aliliyi” prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görüldü.

О, özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verərək bu meyarları demokratik inkişafın başlıca leytmotivi saymışdır. "Ədaləti ədalətsizliklə bərpa etmək olmaz", – deyərək ictimai həyatın ən müxtəlif sahələrində haqq-ədalət prinsipinin qorunmasına çalışan, bunu idarəçiliyin başlıca formuluna çevirən Heydər Əliyev dühası yalnız bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağı mümkün hesab etmişdir.

Dövlətin fəaliyyətində əhəmiyyətli yer tutduğuna görə statusu Konstitusiya normaları ilə nizama salınan prokurorluq yarandığı tarixdən indiyədək enişli-yoxuşlu yollar keçsə də, hər cür çətinliklərlə üzləşərək, zamanın sərt imtahanlarına məruz qalsa da, hər sınaqdan üzüağ çıxmış, hörmət və etibar qazanmış, diqqəti cəlb edən nüfuz sahibi olmuşdur.

Dövlətimizin həyatında bu gün də əhəmiyyətli yer tutan prokurorluğun insan hüquq və azadlıqlarının təmin edilməsi, demokratik inkişafa maneə yaradan halların aradan qaldırılması, məhkəmə-hüquq islahatlarının uğurla həyata keçirilməsi, ədalət mühakiməsinin beynəlxalq tələblərə cavab verən səviyyədə formalaşması və ictimai-siyasi həyatın bütün sahələrində müstəqil dövlətimizin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasında böyük rolu vardır. Ulu öndər Heydər Əliyev bu orqanın fəaliyyətini daim yüksək qiymətləndirmişdir. Onun söylədiyi “respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz yerini tutubdur və ölkəmizin müstəqilliyinə layiq xidmət edir” kəlamı həmişə ruh yüksəkliyimizin mənbəyi olmuşdur.

Dövlət müstəqilliyimizin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində digər dövlət orqanları ilə yanaşı, prokurorluğun da xüsusi rolu olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət təsisatı və SSRİ Prokurorluğunun tərkib hissəsi kimi uzunmüddətli və mürəkkəb bir inkişaf yolu keçən Azərbaycanın milli prokurorluq orqanları yalnız ölkəmiz öz dövlət müstəqilliyini qazandıqdan sonra ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə həyata keçirilən möhtəşəm və hərtərəfli islahatlar nəticəsində tamamilə yenidən qurulmuş, normal fəaliyyəti üçün mütərəqqi normativ-hüquqi bazası, demokratik məzmunlu fəaliyyət prinsipləri və iş metodları olan sivil təsisata çevrilmişdir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə, zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm təməl yaratmışdır.

2002-ci il sentyabr ayının 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktına əsasən, prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi də ona olan etimadın bariz nümunəsidir.

Hüquq-mühafizə orqanlarının müstəqilliyinin təmin edilməsini respublikamızda həyata keçirilən hüquqi islahatların əsas qayəsi və məqsədi kimi önə çəkən ulu öndər Heydər Əliyev bu vacib vəzifəni uğurla həyata keçirmək məqsədilə 21 fevral 1996-cı ildə Hüquq İslahat Komissiyasının yaradılması barədə sərəncam imzalamışdır. Ulu öndərin rəhbərliyi ilə aparılmış demokratik və hüquqi islahatlar ölkənin hüquq sistemində əsaslı dəyişikliklərin həyata keçirilməsinə şərait yaratmış, dünya təcrübəsi nəzərə alınmaqla, bir sıra mühüm qanun və məcəllələr qəbul edilmişdir ki, bu da prokurorluğun fəaliyyətinin hüquqi tənzimləmə prosesinin yeni mərhələyə keçməsinə şərait yaratmışdır.

Milli prokurorluq sisteminin əsası 98 il bundan əvvəl – Bakı Dairə Məhkəməsinin nəzdində prokurorluğun fəaliyyətə başlaması haqqında Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarının qəbul edilməsi ilə qoyulса da, prokurorluq işçilərinin peşə bayramı günü uzun illər ərzində təsis edilməmişdir. Məhz ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi, tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət qayğısının ifadəsi, ölkəmizdə prokurorluğun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürü olmuşdur. Müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə qeyd olunan Azərbaycan Respublikasında prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinin təntənəli açılış mərasimində dərin məzmunlu nitq söyləyən ulu öndər demişdir: "İlk dəfədir ki, Azərbaycanda Prokurorluğa belə diqqət və qayğı göstərilir və prokurorluq günü, prokurorların peşə bayramı müəyyən olunubdur. Hesab edirəm ki, müstəqil Azərbaycanın Prokurorluğu və prokurorluq orqanlarının əməkdaşları belə bir bayrama layiqdirlər". Ümummilli liderin həmin mərasimdə prokurorluq işçilərinə ünvanlanmış dəyərli tövsiyələri və prokurorluq işçilərinin əməyinə verdiyi yüksək qiymət hər bir prokurorluq işçisində xalqına və dövlətinə sədaqət hissini gücləndirməklə, böyük ruh yüksəkliyi və iftixar hissi yaratmış və onları öz fəaliyyətlərinə daha tələbkar, məsuliyyətli yanaşmağa səfərbər etmişdir.

Bu gün fəxarət hissi ilə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu məhkəmə-hüquq islahatları son 13 ildə onun layiqli davamçısı – Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Azərbaycan xalqına ünvanlanmış sonuncu müraciətində ulu öndər demişdir: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Yeni yüzillikdə Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən yaradıcı şəkildə davamı ulu öndərin əmanəti olan müstəqilliyi “daimilik, sarsılmazlıq və əbədilik” formuluna çevirmişdir. Xalqımız dövlətçilik tarixində ilk dəfə gerçəkliyə çevrilən 25 illik inkişaf və zəfər salnaməsini yarada, yaza bilmişdir.

Bu gün Azərbaycan suveren dövlətçilik yolunun əsrə bərabər olan bir mərhələsinin yeni inkişaf fazasının astanasındadır. Qarşıda Azərbaycanın öz tarixi torpaqlarını işğaldan azad etmək, ərazi bütövlüyünü təmin etmək, güclü dövlət quruculuğunu daha da möhkəmləndirmək kimi ümummilli vəzifələrin yerinə yetirilməsi durur. Onun reallaşdırılması üçün xalqımız bütün zəruri resurslara malikdir

Hər bir addımında, gördüyü hər bir işdə, həll etdiyi bütün taleyüklü məsələlərdə, Heydər Əliyev ideyalarına sadiqliyini bir daha təsdiqləyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında demişdir: “Mən çox şadam və çox böyük qürur hissi keçirirəm ki, biz – Heydər Əliyevin davamçıları ölkəmizi onun istədiyi kimi idarə edirik. Biz ölkəmizi idarə edərkən, ilk növbədə, onun kimi, Heydər Əliyev kimi öz siyasətimizi xalqın inamına arxalanaraq, xalqın iradəsi ilə aparırıq. Bu, hər bir ölkənin uğurlu inkişafı üçün başlıca şərtdir. Bütün başqa amillərlə bərabər, ən başlıca şərt xalqla iqtidar arasında olan birlikdir, aparılan siyasətə xalq tərəfindən olan dəstək və bütün cəmiyyətin ümumi bir ideya ətrafında, milli ideya ətrafında birləşməsi və vətəndaş həmrəyliyidir.”

İctimai münasibətlər qanunlarla tənzimləndiyindən cəmiyyətin həyatındakı mühüm yeniliklər hüquq sistemində də dəyişikliklər və yeniləşmə tələb edir. Dövlət başçısı peşəkar siyasətçi kimi bu amili ciddiliklə nəzərə alır, sosial-iqtisadi uğurların miqyasına, habelə cəmiyyətin demokratik şüur səviyyəsinin yüksəlməsinə paralel olaraq qanunların liberallaşdırılmasını, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsini vacib sayır.

Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsinə dair Referendum Aktı yeni dövrün çağırışlarının ifadəsidir. Belə ki, bu dəyişikliklər, yeniliklər, islahatlar müvafiq qanunlar, qaydalar, hüquqi sənədlərlə tənzimlənsə də, onları kompleks şəkildə əlaqələndirmək üçün Əsas Qanunda – Konstitusiyamızda müvafiq yeniləşmələrin aparılması zəruridir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə  ölkədə iqtisadi-sosial, maliyyə, aqrar sahələrdə genişmiqyaslı və səmərəli dəyişikliklər aparılır, inzibati idarəçilik və hüquq sferasında mühüm yeniliklər tətbiq olunur. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Konstitusiyaya irəli sürülən əlavə və dəyişikliklərin əsas mahiyyəti də məhz iqtisadi-sosial inkişafın yeni kursla davamını, dövlət idarəçiliyi mexanizminin daha da təkmilləşdirilməsini, insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasını, gənclərin ölkə həyatında daha fəal iştirakını, bir sözlə, bütün nailiyyətlərin indi “daha” ifadəsi ilə zənginləşməsini ehtiva edir.

 “Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin ümumxalq səsverməsi ilə tam dəstəkləməsi demokratik inkişaf istiqamətində mühüm addım olmaqla, xalqımızın demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləmişdir.

Hər bir prokurorluq əməkdaşında qürur hissi doğuran haldır ki, Heydər Əliyev siyasi kursunu və strateji inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən prokurorluğun fəaliyyətinin dünya standartları səviyyəsində təkmilləşdirilərək ən yüksək beynəlxalq tələblərə uyğun formalaşdırılması prosesi həyata keçirilməklə prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir. Prokurorluq orqanlarının müasir dövrün tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Prezident İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyətə malik olmuşdur. Həmin proqramın icrası ilə əlaqədar görülmüş çoxsaylı işlər, həyata keçirilmiş tədbirlər vətəndaş cəmiyyətində prokurorluğun rolunun artırılmasına, onun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmasına, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılmasına, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsinə, prokurorluğun beynəlxalq əlaqələrinin genişləndirilməsinə səbəb oldu.

Milli prokurorluq orqanlarının 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prokurorluğa ünvanladığı müraciətində ölkəmizdə zamanın ruhuna, yeni siyasi, iqtisadi, sosial reallıqlara uyğun olaraq prokurorluq orqanlarının statusunda, səlahiyyətində və fəaliyyətində köklü dəyişikliklərin baş verdiyi, kadr siyasətində ciddi dönüşün yaradıldığı və şəffaflığın təmin edildiyi, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks tədbirlərin görüldüyü qeyd olunmaqla yanaşı, prokurorluq orqanları qarşısında dayanan mühüm vəzifələr vurğulanaraq əsas məqsədin prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması olduğu xüsusi göstərilmişdir.

Ölkəmizdə  reallaşdırılan dövlətçilik siyasətinin nəticəsi olaraq, Azərbaycan Prokurorluğunun yeni məzmunda təşəkkül tapması və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərə qiymət verən dövlət başçısı cənab İlham Əliyevin Azərbaycan Prokurorluğunun 90 illik yubileyi münasibətilə prokurorluq əməkdaşları və veteranlarına ünvanladığı təbrikində dediyi sözlər: “Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir” bizim üçün ən böyük qiymətdir və ulu öndərimizin tövsiyələrinin reallaşdırılmasının bariz göstəricisidir. Biz, prokurorluq orqanlarına diqqəti, qayğını və dəstəyi  bu gün də görür və hiss edirik. Buna görə də prokurorluq işçiləri üzərinə düşən məsuliyyəti, dövlət başçısının yüksək etimadını dövlətçilik ideyalarına sədaqətlə, xidməti vəzifələrinin icrasına daim vicdanlı münasibət bəsləməklə doğrultmağa çalışırlar.

Azərbaycan Respublikasında müasir dövrün tələblərinə uyğun olaraq yeni keyfiyyət müstəvisində reallaşdırılan dövlət gənclər siyasəti çərçivəsində prokurorluq orqanlarına işə qəbulun müsabiqə yolu ilə aparılması prokurorluğun kadr tərkibinin hərtərəfli savadlı və yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvərliyi və dövlətçilik ideyalarına sədaqəti ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmış, dövlət başçısı cənab İlham Əliyevin ölkə həyatının bütün sahələrində gənclərin əməyindən daha geniş istifadə olunmasına dair verdiyi tapşırıqların icrası istiqamətində mühüm vasitə olmuşdur.

Prokurorluqda obyektivlik və ədalətlilik meyarlarına əsaslanaraq həyata keçirilən, yüksək peşəkarlığa və nəzəri biliklərə malik, sağlam mənəviyyatlı, dövlətçiliyə, xalqına və Vətəninə sadiq, qanunun aliliyinə, hüquqi dövlətin prinsiplərinə və milli dəyərlərə hörmətlə yanaşan, müasir dünyagörüşlü işçilərlə komplektləşdirilmə prosesi uğurla aparılır. Bu amillər həm prokurorluq orqanlarına qulluğa yeni qəbul edilən şəxslərin seçimi zamanı, həm də kadrların yerdəyişməsi (rotasiyası), xidməti vəzifələrinin icrasına vicdanla yanaşaraq fəaliyyətində nailiyyətlər qazanmış və peşə hazırlığı səviyyəsi ilə fərqlənən şəxslərin vəzifədə irəli çəkilməsi, müvafiq iş təcrübəsi, analitik düşünmə və təşkilatçılıq qabiliyyəti olan prokurorluq işçilərinin müstəqil işə təyin edilməsi prosesində əhəmiyyətli olmuşdur.

2002-ci ildən başlayaraq Mərkəzi İmtahan Komissiyası tərəfindən keçirilmiş test imtahanları və imtahanın digər mərhələlərindən bacarıqla çıxmış gənclərin qəbul olunmaları nəticəsində Hərbi Prokurorluğun fəaliyyəti yeni keyfiyyət müstəvisinə keçmişdir. Hazırda Hərbi Prokurorluq orqanlarında qulluq keçən 140 prokurorluq əməkdaşının 55,3 faizini qulluğa imtahan vasitəsilə qəbul olunmuş əməkdaşlar təşkil edir.

Son illər ictimai həyatın bütün sahələri üzrə yeniləşən Azərbaycanın möhkəm təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, milli dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən qorunmasında, kriminogen durumun qarşısının alınmasında, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının təminatında hərbi prokurorluq orqanlarının da mühüm xidmətləri vardır. Dövlətinə, xalqına və Prezidentinə hər zaman sadiq olan hərbi prokurorluq orqanları üzərinə düşən bütün vəzifələri məsuliyyətlə yerinə yetirməklə cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutur, ordunun qüdrəti və döyüş qabiliyyətinin artırılmasına çalışır.

Hərbi Prokurorluq orqanları Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində qarşısına qoyulmuş vəzifələri yerinə yetirməklə, orduda nizam-intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin və digər neqativ halların qarşısının alınması istiqamətində məqsədyönlü mübarizə tədbirləri həyata keçirmiş, ordu quruculuğuna mənfi təsir edən qanun pozuntularının və nöqsanların, cinayətkarlığı doğuran səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsini təmin etmişdir. Orduda nizam-intizamın bərpa edilməsi və cinayətkarlığa qarşı yönəlmiş mübarizə tədbirləri sayəsində əvvəlki dövrlərlə müqayisədə qeydə alınmış cinayətlərin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin, habelə hərbi cinayətlərin sayı kəskin surətdə azalmışdır. Konkret olaraq 1992-1993-cü illərlə müqayisədə bütövlükdə hərbi xidmət əleyhinə olan cinayətlərin sayı təqribən yüz dəfələrlə; hərbi xidmətdən yayınma cinayətlərinin, o cümlədən fərariliyin sayı min dəfələrlə, qəsdən adam öldürmə cinayətlərinin sayı iki dəfəyədək azalmış, döyüş şəraitində hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə cinayətləri isə qeydə alınmamışdır.

Cinayətlərin dinamika və strukturunda müsbət dəyişikliklərə nail olunması hərbi prokurorluq orqanları tərəfindən Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qanunların icrasına nəzarət və hərbi qulluqçular tərəfindən qanunazidd hərəkətlərin törədilməsinin qarşısının alınması sahəsində görülmüş çoxşaxəli tədbirlərin, eləcə də cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyinin və istintaq olunan cinayət işlərinə, ibtidai araşdırmaya prosessual rəhbərliyin gücləndirilməsi və işin düzgün təşkili nəticəsində mümkün olmuşdur.

Müsbət hal kimi qeyd edilməlidir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin birinci yarımilində qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlər, konkret olaraq tabelik qaydası əleyhinə, hərbi xidmətdən yayınma, həmçinin hərbi hissəni və xidmət yerini özbaşına tərketmə, odlu silah, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə, xüsusilə qəsdən adam öldürmə və özünü öldürmə həddinə çatdırma cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalmış, qeydə alınmış cinayətlərin 99,6 faizi, o cümlədən bütün ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunmuşdur. Bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı, sağlam və işgüzar əlaqələrin yaranmasının, habelə təsdiq edilmiş birgə tədbirlər planı əsasında həyata keçirilən fəaliyyətinin çox böyük əhəmiyyəti olub.

Belə ki, Hərbi Prokurorluq orqanlarının Müdafiə Nazirliyi ilə birgə tədbirlər planına əsasən həmin nazirliyin qurumları üzrə 635, Dövlət Sərhəd Xidməti ilə birgə tədbirlər planına uyğun olaraq 91, DİN Daxili Qoşunları ilə 52, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları ilə birgə 199, ümumilikdə, 977 mühazirə, görüş və hüquqi xarakterli tədbirlər keçirilmişdir.

Görülmüş səmərəli tədbirlərin nəticəsində 2015-ci ilin birinci yarımili ilə müqayisədə qəsdən adam öldürmə cinayətlərinin sayı 38,5 faiz, özünü öldürmə həddinə çatdırma cinayətlərinin sayı isə 50 faiz azalmışdır.

Ziyanlı və radikalyönümlü təşkilatların öz dayaqları vasitəsilə, iradəsiz, dünyagörüşü tam formalaşmamış və həyatda müxtəlif problemlərlə rastlaşan yeniyetmə və gəncləri tədbirlərinə cəlb etməklə müxtəlif yardımlar göstərdiyini, ziyankar və təxribat xarakterli ideyaların təbliğ etdiyini, gəncləri Vətənə hərbi qulluq borcunu yerinə yetirməkdən çəkindirməyə, İslamın və dünyanın digər dinlərinin əxlaqi-etik dəyərlərindən uzaqlaşdırmaqla özlərinin potensial tərfdaşları kimi formalaşdırmağa cəhd göstərdiklərini, həmçinin radikal dini təriqətlərin yayılmasının hərbi cinayətlərlə yanaşı, terrorçuluq, hakimiyyətin zorla ələ keçirilməsi, döyüş texnikasının, silah-sursatın dağıdılması, oğurlanması və quldurluq kimi digər ağır cinayətlərə səbəb olmasını nəzərə alaraq, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu üzrə qəbul edilmiş 27.11.2007-ci il tarixli Tədbirlər Planına müvafiq olaraq hərbi qulluqçuların dini yönümünün düzgün istiqamətləndirilməsi, dini fanatizmə qarşı dayanıqlı olmaları üçün Konstitusiyanın vicdan azadlığı və dini etiqad haqqında maddəsinin tələbləri izah edilməklə zərərli məzhəb, təriqət və etiqadlara, dini ekstremizmə meyilli olan fiziki və psixoloji cəhətdən zəif hərbi qulluqçuların müəyyən edilməsi üçün Respublika Hərbi Prokurorluğunun Mərkəzi Aparatının, həmçinin ərazi hərbi prokurorluqlarının əməkdaşları tərəfindən hərbi əks-kəşfiyyat qurumları və hərbi hissə komandirləri ilə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, DİN-in Daxili Qoşunları, Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan hərbi hissələrdə şəxsi heyətlə 2016-cı ilin ötən dövrü ərzində 242 görüş keçirilərək çıxışlar edilmiş, şəxsi heyəti maraqlandıran suallara cavab verilmişdir. 

 Silahlı Qüvvələrimizdə şəxsi heyətin hərbi vətənpərvərlik və döyüş ruhunun yüksəldilməsi, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığın qarşısının alınması məqsədilə hüquqi maarifləndirmə və profilaktik tədbirlərin həyata keçirilməsi Hərbi Prokurorluq orqanlarının daim diqqət mərkəzində duran vacib məsələlərdəndir.  Hərbi qulluqçuların asudə vaxtlarının daha maraqlı keçirilməsini, cəmiyyət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunmalarını təmin etmək və onların əhval-ruhiyyəsini yüksəltmək üçün hər il müxtəlif bayramlar – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Silahlı Qüvvələr Günü və Novruz bayramı ərəfəsində Respublika Hərbi Prokurorluğunun təşəbbüsü və təşkilatçılığı ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunların komandanlıqları və müvafiq şəhər, rayon icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə birgə hərbi birləşmələrdə, xüsusilə düşmənlə üzbəüz mövqelərdə dislokasiya olunmuş hərbi hissələrdə hüquqi təbliğat və mədəni-kütləvi xarakterli tədbirlər həyata keçirilir. 2016-cı ildə Novruz bayramı ərəfəsində Respublika Hərbi Prokurorluğu tərəfindən Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlarla hərbi hissələrdə keçiriləcək bayram tədbirləri, eləcə də hərbi qulluqçularla görüşlərə dair birgə Tədbirlər Planı hazırlanaraq, təsdiq olunmuş və ümumilikdə 22 hərbi hissədə keçirilmişdir.

Korrupsiya ilə bağlı cinayətlərin müstəsna dərəcədə ictimai təhlükəli olması ölkəmizdə bu qəbildən olan hüquqpozmalarla mübarizə sahəsində səmərəli nəzarət mexanizmlərinin yaranmasını, qabaqlayıcı tədbirlərin görülməsini şərtləşdirdiyi üçün dövlət səviyyəsində korrupsiyaya qarşı mübarizədə siyasi iradənin ifadəsi olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı” (2004-2006), “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üzrə Fəaliyyət Proqramı, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üzrə Milli Fəaliyyət Planı” qəbul edilərək uğurla icra edilmişdir.

Ölkə başçısı İlham Əliyevin bu ilin yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinə həsr edilmiş konfransdakı nitqində korrupsiyaya qarşı mübarizə sahəsində qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar hərbi prokurorluq orqanları fəaliyyətini daha da gücləndirmişdir.

2015-ci ilin birinci yarım ilində məhkəməyə göndərilmiş korrupsiya xarakterli cinayət işlərinin sayı 25 olduğu halda, bu ilin müvafiq dövründə 61, məhkəmə məsuliyyətinə verilmiş şəxslərin sayı 2015-ci ilin birinci yarımilində 43 nəfər olduğu halda, bu ilin müvafiq dövründə 76 nəfər olmuşdur.

 Bu il аprelin 2-dən 5-dək təcavüzkar Ermənistanın silahlı qüvvəlləri işğal altında saxladıqları ərazini bir qədər də genişləndirməyə və  Silahlı Qüvvələrimizin mövqelərinə doğru irəliməyə cəhd göstərərək geniş müharibə təhlükəsi yaratdı. Silahlı Qüvvələrimiz böyük cəsurluq və şücaət göstərərək, öz mövqelərini qorudu, həm də düşməni öz əvvəlki mövqelərindən də geri oturdaraq bəzi mühüm strateji məntəqələri işğaldan azad etdi. Bu döyüş əməliyyatlarında Azərbaycan hərbçilərinin göstərdiyi şücaət və qəhrəmanlıq ordumuzun torpaqlarımızı azad etməyə qadir olduğunu, yüksək döyüş qabiliyyətini, özlərinin yüksək döyüş ruhunu və vətənpərvərlik mövqelərini, qələbə əzmində olduqlarını əyani nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı və xalqın mübarizliyi Azərbaycanın hərbi üstünlüyünü təmin etdi.

Aprel ayında cəbhə bölgəsində baş vermiş insidentlə bağlı  Ermənistan silahlı qüvvələri tərəfindən milli ədavət və düşmənçilik niyyəti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının qəsdən öldürülmələri və qəsdən öldürməyə cəhd faktlarına görə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4, 29,120.2.7, 29,120.2.12, 120.2.7 və 120.2.12-ci maddələri ilə başlanmış cinayət işi üzrə yaradılmış  istintaq-əməliyyat qrupunun üzvləri xidməti vəzifələrini gərgin şəraitdə, yüksək peşəkarlıqla yerinə yetirərək, qısa müddət ərzində çoxsaylı istintaq hərəkətlərinin icrasını təmin etmişlər.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə və mülki əhalisinə qarşı  qadağan olunmuş mərmilərdən istifadə etməsi faktına görə Respublika Hərbi Prokurorluğunda  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və daha çox şəxsi öldürməyə cəhd etmə), 29,120.2.12-ci (milli, irqi, dini ədavət və düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd etmə) və 116.0.16-cı (Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə) maddələri ilə başlanmış cinayət işinin istintaqı davam etdirilməklə, iş üzrə hadisə yeri mütəxəssislərin iştirakı ilə müayinə edilmiş və çoxsaylı ekspertizalar təyin olunmuşdur.

Erməni təcavüzkarları tərəfindən xalqımıza qarşı törədilmiş cinayətlərin istintaqı ilə əlaqədar Respublika Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu tərəfindən məqsədyönlü və səmərəli tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror aktları, əsir düşmüş şəxslərə işgəncələr verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Azərbaycan Respublikası CM-nin soyqrımına görə məsuliyyət nəzərdə tutan 103-cü və digər maddələrinə tövsif edilmiş, iş üzrə 296 təqsirləndirilən şəxs barəsində məhkəmələr tərəfindən həbs və axtarış elan edilməsi təmin olunmuşdur. Erməni millətçilərinin xüsusi amansızlıqla və qəddarlıqla törətdikləri kütləvi qırğınların, bəşəriyyət və sülh əleyhinə cinayətlərin tarixin yaddaşına həkk oluması, bütovlükdə Qarabağ hadisələri ilə bağlı obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu sahədə gələcək nəsillərə tutarlı dəlillərin və ətraflı məlumatların çatdırılması məqsədi ilə toplanmış zəngin tarixi sənədlər, faktlar və istintaq materialları əsasında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında Memorial Soyqırımı Muzeyi yaradılmışdır. Gənclərin, məktəblilərin, hərbi təhsil müəssisələri kursantlarının muzeyə vaxtaşırı ziyarəti təşkil edilir və burada onlara erməni millətçiləri tərəfindən xalqımıza qarşı zaman-zaman törədilən vəhşiliklər, qətliamlar haqqında geniş məlumatlar verilir. Respublika Hərbi Prokurorluğunda yaradılmış bu muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən qanlı tarixi hadisələri reallığı ilə özündə əks etdirən mərkəzdir. Fəaliyyətə başladığı dövrdən bu günə kimi muzeyi 10000 nəfərə yaxın insan ziyarət etmişdir. Ermənistanın terror siyasəti ilə bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğu və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən “Terror: hadisələr, faktlar, sübutlar” adlı kitab çap edilmişdir. Bundan başqa, bu il Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutu ilə birgə layihəsi əsasında “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabı nəşr olunmuş və  19 fevral 2016-cı il tarixdə  Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında həmin kitabın təqdimatı keçirilmişdir.

Hərbi prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması işi daim diqqət mərkəzində saxlanılır. Vətəndaşların müraciətlərinə fərdi qaydada və hər birinə qayğı ilə yanaşılmaqla, bu sahəyə nəzarət xeyli gücləndirilmişdir. Bu ilin birinci yarımilində Azərbaycan Respublikasının hərbi prokurorluq orqanlarında vətəndaşların 995 müraciətinə baxılıb, 478 vətəndaş mərkəzi aparatda qəbul olunub, ərazi hərbi prokurorluğunda 1497 vətəndaşın fərdi qəbulu aparılıb, bilavasitə hərbi hissə və birləşmələrdə 1048 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar verilib.

 Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirildiyi, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirildiyi, ikitərəfli və regional əməkdaşlıq sahəsində böyük uğurlar əldə edildiyi bir şəraitdə Azərbaycan Hərbi Prokurorluğunun beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi bir çox dövlətlərin hərbi prokurorluq orqanları ilə əlaqələrin inkişaf etdirilməsi və eyni zamanda, səmərəli əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində müəyyən işlər görülmüşdür.

2000-2014-cü illərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndə heyəti Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində bu ölkənin hərbi ədliyyə korpusunun 300 illiyinə həsr olunmuş “Hərbi ədliyyənin ənənələri və gələcəyi” mövzusunda 8-ci beynəlxalq konfransda, Fransanın Lion şəhərində Beynəlxalq Polis Təşkilatı - İnterpolun təşəbbüsü ilə keçirilmiş “Müharibə soyqırımı və insanlıq əleyhinə olan cinayətlər” üzrə ekspertlərin 1-ci konfransında, Türkiyənin Ankara şəhərində keçirilmiş Türkiyə Respublikası Əsgəri Yarqıtayının (Ali Hərbi Məhkəməsinin) yaradılmasının 90 və 100-cü ildönümünə həsr olunmuş simpozium və digər beynəlxalq tədbirlərdə iştirak etmişdir.

Prokurorluq işçilərinin sosial müdafiəsi və maddi təminatı məsələləri dövlətimizin daim diqqət mərkəzindədir. Möhtərəm Pezidentimiz cənab İlham Əliyev prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarının sosial şəraitinin yaxşılaşdırılması istiqamətində müntəzəm addımlar atır. Ötən illər ərzində hərbi prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, əməkdaşlarımızın maddi və sosial təminatının yaxşılaşdırılması, müasir üslubda prokurorluq binalarının tikilməsi, digər prokurorluq binalarının əsaslı təmir edilməsi, əməkdaşlar üçün lazımi iş şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür.

Oktyabrın 1-i prokurorluq orqanları işçilərinin peşə bayramı günüdür və prokurorluğun yaradılmasının 98 illiyi tamam olur. Bayram münasibətilə prokurorluq orqanlarının hər bir işçisini, veteranları və onların ailə üzvlərini təbrik edir, prokurorluğun yüksək mövqe tutan bir qurum kimi formalaşmasında ulu öndərin misilsiz əməyini minnətdarlıqla qeyd edirəm. Diqqət və qayğısını prokurorluqdan əsirgəmədiyi üçün möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımı bildirir və əmin edirəm ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu bundan sonra da ordumuzun qüdrətlənməsi naminə qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə qanunçuluğun möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətini daim gücləndirəcək, insan hüquq və azadlıqlarının pozulmasına, cinayətkarlığa qarşı barışmaz mövqe tutacaq, insan amili ilə bağlı hər bir məsələdə həssaslıq göstərəcək. Hərbi prokurorluq işçiləri dövlətimizin əbədi yaşaması, səadəti, rifahı naminə Heydər Əliyev ideallarına sədaqət nümayiş etdirəcək, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesində qanunla üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəklər.

Xanlar VƏLİYEV,
Azərbaycan Respublikası baş prokurorunun müavini
- Azərbaycan Respublikasının hərbi prokuroru,
ədliyyə general-leytenantı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında