Azərbaycan xalqı etibarlı gələcəyə səs verdi

Çağdaş cəmiyyətin sürətli inkişafına adekvat reaksiya göstərilməsi istənilən sivil dövlətin qarşısında dayanan vacib çağırışlardan biridir. Cənubi Qafqaz regionunun dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan Respublikası da cəmiyyətin bütün zümrələrinin arzu və istəklərinə, hərtərəfli inkişafa yeni nəfəs verəcək təklif və dəyişikliklərə hazır olduğunu bildirmiş və həmişə xalqın milli maraqlarına uyğun addımlar atmaqda gecikməmişdir. Bu mənada Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan dəyişikliklər və əlavələrin ölkədə demokratik proses və mexanizmlərin daha da güclənməsinə, eyni zamanda, dövlət idarəetməsində yeni mərhələnin əsasının qoyulmasına xidmət edir.

İlk Konstitusiyamız ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuşdu. Əsas Qanunun qəbulundan ötən müddət  ərzində Azərbaycanda  qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiə mexanizmlərinin formalaşdırılması və inkişaf etdirilməsi, o cümlədən siyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində kompleks islahatlar həyata keçirilmişdir. Vətəndaşlarımızın bütün həyat sferasını əhatə etmiş hərtərəfli islahatlar nəticəsində cəmiyyət inkişafında yeni mərhələyə qədəm qoymuşdur. İnkişafın doğurduğu yeniliklərin də qanunlarla tənzimlənməsinə, ən əsası, Konstitusiyamızda əksinin tapmasına ehtiyac yaranmışdır. Bu mənada Prezident İlham Əliyevin Konstitusiyaya dəyişikliklər edilməsi barədə sərəncam imzalaması cəmiyyətin inkişafında yeni sosial sifarişin yaranmasından irəli gəlirdi. Həyat normalarımızı müəyyənləşdirən Əsas Qanunda da hər hansı bir dəyişiklik və əlavələrin edilməsi ancaq referendum vasitəsilə mümkündür.

Sentyabrın 26-da seçki məntəqələrinə gedən vətəndaş da yaşadığı cəmiyyətin həyatına müsbət təsir göstərəcək dəyişikliklərə və əlavələrə müsbət münasibətini nümayiş etdirdi. Referendumda fəal iştirak edən seçicilər Azərbaycanda yeni bir mərhələnin başlanğıcını qoymaqla yanaşı, milli qanunvericilik və dövlət sisteminin əsaslarını daha da möhkəmləndirəcək islahatlara səs verdilər. Bununla yanaşı, referendumda dəyişiklik və əlavələrə səs verən vətəndaşlar demokratiyanın daha da möhkəmlənməsinə, insan hüquq və azadlıqlarının dövlət tərəfindən təminatlı olmasına,  habelə dövlət idarəçiliyi mexanizminin daha da təkmilləşdirilməsinə müsbət təsir göstərəcək prosesə də dəstək nümayiş etdirdilər.

Xatırladaq ki, referendum aktı layihəsində konstitusiyanın 23 maddəsində dəyişiklik edilməsi və 6 maddənin əlavə olunması nəzərdə tutulur. Hüquqşünaslar konstitusiyaya təklif olunan dəyişikliklərin başlıca hədəfinin dövlət idarəetmə sistemini daha da təkmilləşdirməkdən, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etməkdən, aparılan islahatların kursuna uyğun yeni çevik və effektiv idarəetmə mexanizminin formalaşdırılmasından  ibarət olduğunu açıqlayırlar. Məsələn, Konstitusiyanın 49-cu maddəsinə (sərbəst toplaşma azadlığı) ediləcək dəyişikliyin bu sahədə qanuni mexanizmlərin daha da güclənməsinə şərait yaradacağı bildirilir.

Qeyd etmək yerinə düşər ki, sərbəst toplaşmaq azadlığı könüllü olaraq həyata keçirilir və bu hüquq kollektiv hüquqlar kateqoriyasına aiddir. Onun təkbaşına həyata keçirilməsi mümkün deyil. Yeni əlavə Azərbaycan Respublikasının insan hüquqları sahəsində tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlara tamamilə uyğundur və demokratik, hüquqi dövlət prinsipləri ilə heç bir ziddiyyət təşkil etmir, cari qanunvericiliklə tənzimlənən məsələlərin konstitusion əsaslarını möhkəmləndirmək niyyətini daşıyır və əsas məqsədi bu hüququn realizə imkanlarını məhdudlaşdırmaq deyil, cəmiyyət və dövlət maraqlarının daha etibarlı qorunmasıdır. 

Mütəxəssislər Konstitusiyaya dəyişikliklərin müəyyən hissəsinin insanların iqtisadi hüquqları ilə bağlı olduğunu açıqlayırlar. Bu da Azərbaycanın son illər ərzində azad iqtisadi münasibətlərin formalaşması istiqamətində mühüm uğurlar əldə etməsi ilə əlaqələndirilir. Mülkiyyət hüququ ilə bağlı təklifin də bu zərurətdən yarandığı önə çıxarılır. Konstitusiyanın 29-cu maddəsinə təklif edilən hər iki əlavə bənd daha çox daşınmaz əmlaka mülkiyyətdən yaranan sosial vəzifə ilə əlaqəlidir. Qeyd etmək vacibdir ki, mülkiyyətdən yaranan bu vəzifə hələ qədim Romada mövcud idi və Avropanın bir çox ölkəsinin əsas qanunlarında bu məsələ öz əksini tapmışdır. Məsələn, İtaliyanın 1947-ci ildə qəbul etdiyi konstitusiyaya torpaqların sosial ədalətli və rasional istifadəsinə dair müddəalar daxil edilmişdi. Almaniyanın 1949-cu il konstitusiyasında qeyd olunmuşdu ki, mülkiyyət onu ümumi sosial rifah üçün istifadə etmək vəzifəsini yaradır və habelə həmin mülkiyyətin ictimai mülkiyyətə çevrilməsinə hüquqi imkan mövcud olmalıdır.

Torpaqdan təyinatı üzrə  və sosial ehtiyaclar üçün istifadə edilməsi müddəaları Avropanın İsveçrə, Fransa, Norveç kimi ölkələrində də mövcuddur. Azərbaycanda da mülkiyyət hüququ məhkəmə qaydasında məhdudlaşdırıla bilər. Təbii ki, bunun üçün qanuni səbəb olmalıdır. Məsələn, kompensasiya ödənilmək şərti ilə dövlət ehtiyacları üçün torpaq sahəsi məhkəmə qaydasında alına bilər və bu məsələ mübahisə yaratdığı halda, məhkəmə qaydasında həll oluna bilər. Konstitusiyanın 29-cu maddəsinə təklif edilən yeni əlavələr belə hallarda həmin torpağa mülkiyyətin məhdudlaşdırılmasına, sosial öhdəliklərlə yüklənməsinə hüquqi əsas yaratmış olur.

Bundan başqa, mütəxəssislərin sözlərinə görə, dəyişikliklərə və əlavələrə əsasən, sahibkarlıq sahəsində dövlətin tənzimləyici funksiyasının sərhədləri dəqiq müəyyən edilir, sahibkarlığın dövlət tərəfindən tənzimlənməsi liberallaşdırılır. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyat və sağlamlığının müdafiəsi ilə bağlı tənzimlənməni həyata keçirir.

Təklif olunan yeniliklər sırasında Milli Məclisin üzvü seçilmək üçün yaş məhdudiyyətinin aradan qaldırılması məsələsi də aktuallıq kəsb edir. Hüquqşünaslar bu yeniliklə bağlı bildirirlər ki, yaş məhdudiyyətinin aradan qaldırılması  təhsilli, enerjili, yeni ideyalarla çıxış edən gənclərin potensialından faydalanmağa yol açacaq. Buna görə də, yaş məhdudiyyətinin götürülməsi müsbət hal kimi qiymətləndirilir. Digər tərəfdən, bu dəyişiklik 18 yaşı tamam olan gənclərin deputat seçilmək hüququ qazanması, gənclərimizin önə çəkilməsi və gənc yaşında böyük siyasi təcrübə toplaması istiqamətində atılan mütərəqqi addımdır. Bunun da ölkənin qurucu gəncləri üçün böyük imkanlar açacağı şübhə doğurmur.

Azərbaycan dövləti seçmək və seçilmək hüququ olan vətəndaşın hər hansı bir məhdudiyyətlə qarşılaşmasını arzulamır. Qeyd etmək yerinə düşər ki, Avropanın aparıcı dövlətlərində belə məhdudiyyətlər yoxdur. Lakin seçmək hüququ olan Azərbaycanın çoxsaylı vətəndaşlarının böyük əksəriyyəti bəhs olunan yaş həddinə görə seçilmək hüququndan məhrum olunurlar. Bu məhdudiyyətin aradan qaldırılması vətəndaş hüquqlarını tam şəkildə təmin edəcək.

Ümumiyyətlə, hər bir dövlətin inkişafında demokratik və şəffaf seçkilər böyük rol oynayır. Vətəndaşlar seçkilərdə səs verməklə cəmiyyətin ictimai-siyasi həyatına təsir etmək hüququ qazanırlar. Buna görə də qeyd etmək vacibdir ki, hakimiyyət məhz seçkilər vasitəsilə, başqa sözlə, seçicilərin razılığı ilə legitimlik qazanır. Bu razılığı hökumətin səlahiyyətinə çevirən ən əsas mexanizmin də ədalətli və şəffaf seçkilərin keçirilməsindən ibarət olduğu məlumdur.

Seçkiləri çoxsaylı yerli və xarici təşkilarlar da müşahidə etdilər. Ölkədə demokratik seçkilərin keçirilməsinə mühüm önəm verən Azərbaycan hökuməti bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığın davam etdirilməsinə hazır olduğunu bildirir. Rəsmi Bakı seçkilər sahəsinin əhəmiyyətini nəzərə alaraq, istər seçki qanunvericiliyinin təkmilləşdirilməsi, istərsə də, seçkilərə hazırlıq və seçkilərin keçirilməsi istiqamətində gələcəkdə də qarşılıqlı və konstruktiv ruhda əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu açıqlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyasının prezidenti, AŞPA-nın fəxri üzvü Goris Emiel Stefaanın başçılıq etdiyi, Malta parlamentinin spikeri, Avropa Seçkilərin Müşahidəsi Akademiyasının qrup rəhbəri Farrugia Angelonun, eləcə də Malta, Serbiya, İtaliya, Fransa, Monteneqro, Bosniya və Herseqovina, Rumıniya parlamentlərinin deputatlarının və Avropa Şurası Parlament Assambleyasının üzvlərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən bildirmişdir ki, referendum zamanı müşahidələr aparmaq üçün 30-dan çox dövlətdən, həmçinin mühüm beynəlxalq təşkilatlardan çoxlu sayda müşahidəçi Azərbaycana gəlmişdir və onların səsvermənin gedişini izləmələri önəmlidir. Səsverməyə çıxarılan hər bir məsələ ilə bağlı ayrılmış müddət ərzində əhali arasında maarifləndirmə işlərinin aparıldığını, referendumun yüksək səviyyədə təşkil olunması istiqamətində bütün lazımi tədbirlərin görüldüyünü vurğulayan Prezident İlham Əliyev qeyd etmişdir ki, Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyasının təkcə Bakıda deyil, bölgələrdə də müşahidələr aparması əhəmiyyət kəsb edir. Farrugia Angelo müşahidə apardıqları məntəqələrdə səsvermənin dinc və mütəşəkkil şəkildə keçdiyinin, seçicilərin referenduma çıxarılan hər bir məsələyə diqqətlə yanaşdıqlarının şahidi olduqlarını demişdir.

Ölkə konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsini (referendum) 18 beynəlxalq təşkilatdan 117 müşahidəçi izləmişdir. Onlar 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə, müşahidəçilərin sayı 53 minə yaxındır. Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən, 20 faiz)  vebkamera quraşdırılmışdır. Seçki günü bu kameralar vasitəsilə videoların birbaşa internetdə yayımlanması və istənilən şəxsin məntəqəyə getmədən canlı olaraq seçkinin gedişini izləyə bilməsi seçkilərin obyektivliyi və şəffaflığı üçün çox vacib amildir.

Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan aşkarlıq institutlarının,  yerli və beynəlxalq müşahidəçilərin, eləcə də, kütləvi informasiya vasitələri nümayəndələrinin normal fəaliyyəti üçün yaradılan hərtərəfli və geniş imkanlar baxımından dünyanın bir çox ölkəsinə nümunədir. Seçki günü internet istifadəçilərinin, istər ölkə daxilindən, istərsə də,  xaricdən MSK-nın internet səhifəsinə daxil olaraq heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesini, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən canlı müşahidə etmək imkanına malik olmaları dediklərimizi bir daha təsdiqləyir. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var idi. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşürdü.

Xarici müşahidə missiyasının üzvləri də seçkilərin gedişatı ilə bağlı təəssüratlarının müsbət olduğunu bildirirlər. MDB Parlamentlərarası Assambleyasının (PA) müşahidə missiyasının rəhbəri İlyas Umaxanov demişdir ki, Azərbaycanda referendumun və seçkilərin keçirilməsinin təşkili baxımından hər şey artıq 10 illərdir çox yüksək səviyyədədir. Bunu müxtəlif beynəlxalq təşkilatların müşahidə missiyaları, beynəlxalq müşahidəçilər təsdiqləyirlər. Onun sözlərinə görə, bu, hamı tərəfindən qəbul edilmiş faktdır: "Bu, referenduma daxil edilən məzmunlu məsələlərdir. Bu məsələlər Azərbaycanın gələcəyini, demokratik inkişafını, cəmiyyətin demokratik əsaslarını müəyyənləşdirir".

 Avstraliya parlamentinin müşahidə missiyasının üzvü Lyuk Simpkins də Azərbaycanda referendumun qanunvericiliyin tələblərinə uyğun keçirildiyini açıqlamışdır. O, qeyd etmişdir ki, missiya heç bir qanun pozuntusu qeydə almamışdır və  seçici fəallığı olduqca yüksəkdir.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov sentyabrın 26-da referendumun ilkin nəticələri ilə bağlı "Seçkilər" İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər olunması ilə bağlı ümumxalq səsverməsində seçicilərin fəal iştirak etdiklərini bildirmişdir. MSK-nın qanunla nəzərdə tutulmuş qaydada seçki prosesinin təşkilini təmin etdiyini vurğulayan M.Pənahov gün ərzində məntəqələrdə səsvermənin gedişi barədə məlumatların beş dəfə – saat 10-da, 12-də, 15-də, 17-də və 19-da Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi şəbəkəsi üzərindən xüsusi proqram təminatı vasitəsilə birbaşa MSK-ya ötürülərək internet səhifəsində yerləşdirilməklə ictimaiyyətə təqdim olunduğunu əlavə etmişdir. Ümumi fəallığın 69,7 faiz olduğunu deyən MSK sədri məlumat vermişdir ki, seçicilərin 3 milyon 671 min 707 nəfəri səsvermədə iştirak etmişdir. Səslərin sayılması, hesablanması və MSK-ya çatdırılması müşahidəçilərin, KİV nümayəndələrinin və bütün maraqlanan tərəflərin iştirakı ilə həyata keçirilmişdir.

Ümumilikdə səsvermənin bütün məntəqələrdə Seçki Məcəlləsinin tələblərinə uyğun keçirildiyini açıqlayan M.Pənahov referendumun baş tutması üçün seçicilərin 25 faizinin iştirak etməli olduğunu qeyd etmişdir. Seçicilərin 69,7 faizi iştirak etdiyinə görə referendum baş tutmuş sayılır. Otuz dairə tam şəkildə nəticələrini təsdiq edib. MSK sədri mətbuat konfransında diqqətə çatdırmışdır ki, səsvermə ümumən sakit şəraitdə keçmiş, seçicilər özlərinin iradələrini sərbəst şəkildə ifadə etmişlər. Məntəqə seçki komissiyaları vəzifələrinin öhdəsindən yüksək səviyyədə gəlmiş və səsvermə prosesində xoşagəlməz hadisələr baş verməmişdir. Yüksək seçici fəallığının müşahidə edildiyini, bütün beynəlxalq və yerli müşahidəçilərin seçicilərin fəallığını xüsusi vurğuladıqlarını diqqətə çatdıran MSK sədri qeyd etmişdir ki, Azərbaycan seçiciləri ümumxalq səsverməsinə çıxarılan referendum aktına çox ciddi yanaşmış və səs vermək üçün məntəqələrə axışmışlar.

Azərbaycan müasir tarixində növbəti mühüm seçkiləri yüksək səviyyədə keçirməyə nail oldu. Ötən seçkilərdə olduğu kimi, bu seçkilər də şəffaf, demokratik və ədalətli keçirildi. Ölkə vətəndaşı da əmin oldu ki, 26 sentyabr seçkiləri yüksək standartlara uyğun keçirildi və baş tutan səsvermə prosesinin yekunları seçici iradəsini əks etdirdi. Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin zərurətdən, ölkədə və dünyada baş verən proseslərdən irəli gəldiyini düşünən Azərbaycan xalqı onları qəbul etməklə, həm konstitusiyamızın təkmilləşdirilməsinə, həm də dövlət idarəçiliyinin daha səmərəli olmasına, ən əsası, etibarlı gələcəyə səs verdi.

Səbuhi MƏMMƏDOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında