Turqut Ərin hədəfi həm də Mustafa Kamal Atatürkdür

Məqalənin başlığı sizi çaşdırmasın. Bu, reallıqdır və biz Turqut Ər kimi küçə psixologiyasına malik olan insanların hansı vasitələrlə, həmçinin dolayı yollarla türk dünyasının böyük liderlərinə, o cümlədən ulu öndər Mustafa Kamal Atatürkə qarşı təbliğat apardıqlarını arqumentlərimizlə əsaslandıracağıq.
Birbaşa mətləbə keçək. Artıq hər kəsin bildiyi kimi, Turqut Ər və ya onu dəstəkləyən avantürist dairələr gündəmə gətirdikləri boş və mənasız sözlərdən ibarət olan "kitab"da əbədi öndərimiz Heydər Əliyevə qarşı əsassız fikirlər səsləndirib, tarixi faktları kobud şəkildə təhrif ediblər. Məqsəd isə ümummilli liderimizin Azərbaycan xalqı və dövləti, ümumilikdə türk dünyası üçün gördüyü işlərə kölgə düşürməklə ictimaiyyəti çaşdırmaqdır. Bunu çox pirimitiv və səviyyəsiz bir şəkildə həyata keçirən ermənipərəst qüvvələr əsassız olaraq Heydər Əliyevi Azərbaycanda, guya, demokratiyanı boğmaqda günahlandırıblar. Əgər belədirsə, onda bunu iddia edən həmin dönüklərə belə bir suala veririk: Vətəni bölünməkdən, parçalanmaqdan xilas etmək, burada demokratik dövlət qurmaq nə vaxtdan tiranlıq sayılıb? Bəzi taleyüklü məsələlərdə siyasi iradə, qətiyyət nümayiş etdirmək, dövlətə qarşı çıxan silahlı dəstələri tərksilah etmək, onları zərərsizləşdirmək, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq nə zamandan demokratiyanı boğmaq kimi səciyyələndirilir?
Vətəni xarici və daxili qüvvələrdən qorumaq və qüdrətli dövlət yaradılması üçün bəzən qətiyyətli addımların atılması zəruridir. Bu, beynəlxalq ictimaiyyət tərəfindən də birmənalı şəkildə qəbul edilir. Ancaq ölkəsi üçün gözəgörünən heç bir iş görməyən və bir vaxtlar Türkiyənin Azərbaycandakı səfirliyində çalışsa da, diplomat kimi deyil, daha çox qardaş ölkədəki avantürist dairələrin xəfiyyəsi kimi hərəkət edən Turqut Ər bütün bunları sırf ermənilərin mövqeyinə uyğun dəyərləndirib.
Turqut Ər qardaş ölkənin vətəndaşı, keçmiş "diplomat" kimi, hər halda, Türkiyə Cümhuriyyətinin yaranma tarixindən də xəbərsiz deyil. Əgər ölkəsinin tarixini bilməyəcək dərəcədə savadsızdırsa, onda biz xatırlada bilərik. Mustafa Kamal paşanın ətrafında sıx birləşən türk xalqı çox çətin mücadilənin nəticəsində Qurtuluş savaşında zəfər qazandı və düşmən qüvvələri ölkədən qovdu. Bundan sonra dövlət quruculuğu prosesi sürətləndirildi. 29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyəti elan olundu. Buna etiraz edən daxili qüvvələr də tapıldı. Hələ 3 mart 1924-cü ildə xilafətin ləğv olunması (həmin vaxtadək Osmanlı imperiyasının sultanı özünü xəlifə kimi də təqdim edirdi - R.Ə.) və bunun ardınca, təriqətlərin ləğv olunması, ərəb əlifbasından latın qrafikasına keçilməsi, dünyəviliyin qəbulu və s. həmin qüvvələri daha da qıcıqlandırdı. Ona görə də bu qruplar xaricdən dəstək alaraq, bəzən ermənilərdən və digər azlıqlardan istifadə edərək müəyyən zamanlarda Türkiyənin bəzi vilayətlərində hətta silahlı üsyana da təşəbbüs göstərmişdilər. Lakin bu üsyanların qarşısı ulu öndər Atatürkün qətiyyəti sayəsində Türkiyə Cümhuriyyətinin təhlükəsizlik qüvvələri tərəfindən alınıb. Beləliklə, Atatürk ölkənin inkişafı naminə ictimai-siyasi, sosial-iqtisadi, təhsil, mədəniyyət və hüquq kimi əhəmiyyətli sahələrdə inqilabi dəyişikliyə nail oldu. Məhz bütün bunlardan sonra Türkiyə müasir dünya ölkələri səviyyəsinə yüksəldi.
Təbii ki, həmin dövrdə ölkədə sabitlik yaratmaq üçün Mustafa Kamal Atatürkün atdığı addımlar başadüşülən idi. Lakin gəlin, həmin hadisələri bir də erməni mirzəsi Turqut Ərin məntiqi ilə dəyərləndirək. İnanırıq ki, əgər Turqut Ər bu mövzuda da bir "kitab" yazsaydı, ümummilli liderimiz Heydər Əliyevin gördüyü çox əhəmiyyətli işləri özünün dar dünyagörüşü çərçivəsində "şərh" etdiyi kimi, eləcə də ulu öndər Atatürkü ictimaiyyətə xilaskar, dövlət qurucusu kimi yox, "tiran" kimi təqdim edəcəkdi.
Yəqin ki, Turqut Ər ulu öndər Atatürk haqqında yazacağı kitabda onun 1924-cü il noyabrın 17-də Kazım Qarabəkir paşa, Rauf Orbay, Adnan Adıvar və digər tanınmış şəxslər tərəfindən qurulan Tərəqqipərvər Cümhuriyyət partiyasının "Şeyx Səid üsyanı"ndan sonra qapadılmasını da "tiranlıq" adlandıracaqdı. Atatürkə İzmirdə edilən suiqəsddən sonra həmin partiyanın aparıcı şəxslərinin həbs olunması da yəqin ki, "demokratiyanın boğulması" mənasına gələcəkdi. Hələ 1930-cu ildə yaradılan Sərbəst Cümhuriyyət firqəsinin 99 gün sonra elə həmin il, noyabrın 17-də ləğv edilməsi, bunun ardınca 1930-cu il dekabrın 23-də İzmirin Menemen qəsəbəsində İslami təmayyüllü radikal qruplar tərəfindən törədilən iğtişaşlar və onun ordu tərəfindən qarşısının alınmasına da başqa don geyindirərdi. Atatürkün 1923-cü ildən 1938-ci ilin sonunadək hakimiyyətdə qalması və təkpartiyalı sistemin hökm sürməsinin də nə qədər təbii səbəbləri olsa da, hər halda Turqut Ərin məntiqi ilə "tiranlığın təzahürü" olacaqdı.
Əslində isə, belə deyil. Yuxarıda qeyd etdiyimiz kimi, yüksək məqsədlərə çatmaq və Vətənin bütövlüyünü, dövlətin təhlükəsizliyini təmin etmək üçün bəzən qətiyyətli addımların atılması zərurətdən irəli gəlir. Ulu öndərlər - Mustafa Kamal Atatürk də, Heydər Əliyev də vaxtilə məhz bu addımları atıblar. Ümummilli liderimiz AXC-Müsavat dönəmində şəhər və rayonlarımızda özlərini "reket" elan edərək, qabağına çıxana hədə-qorxu gələn, axşam olan kimi küçələri kabusa döndərən şəxslərə, qruplara qarşı tədbirlər görməsəydi, ölkə vətəndaşları daim təhlükədə olacaqdılar. Və ya vaxtilə Turqut Ərin də canbirqəlbdə olduğu qüvvələrin qeyri-qanuni yollarla hakimiyyəti zəbt etməsinin qarşısı alınmasaydı, bugünkü kimi həm demokratiya, həm də iqtisadi baxımdan sürətlə inkişaf edən Azərbaycan Respublikası olmayacaqdı. Onun yerinə isə əsil anarxiya hakimiyyəti olacaqdı.
Sonda cızma-qaranın adına bir daha diqqətinizi çəkmək istəyirəm. "Kitabın" adı "Azadlıqdan tiranlığa"dır. Görəsən, Turqut Ər və onun xarici yandaşları azadlıq deyərkən nəyi nəzərdə tutublar? Ölkədə xaosun-anarxiyanın hökm sürməsinimi? Yoxsa, vətəndaş müharibəsini və ya silahlı dəstələrin məkirli oyunlarınımı? Bəlkə, ölkədə yaranan qıtlığı, iqtisadiyyatın iflasını? Bunlardan hansı azadlığın "rəmzidir"? Əlbəttə, heç biri. Azərbaycanda siyasi sabitlik, demokratik mühit, insanların rifah səviyyəsinin yüksəlməsi məhz ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra reallaşdı. Müstəqil Azərbaycan Respublikası da məhz bundan sonra quruldu və möhkəmləndi. Ölkəmiz Qərbə inteqrasiya yolunu tutdu, müasir dəyərlər sistemi dövlət quruculuğu prosesində əsas qəbul edilərək tətbiq olundu, xarici siyasətdə inqilabi dönüş yarandı və s. Ümummilli liderimiz Heydər Əliyevin ölkədə köklü demokratik islahatlar aparması nəticəsində Azərbaycan vətəndaşları azadlığın nə olduğunu anladılar.
Əsrin əvvəllərində Türkiyə Cümhuriyyətinin qurulması və güclənməsi üçün əbədi öndər Mustafa Kamal Atatürk də buna bənzər addımlar atmışdı. Türkiyədə məlum səbəblərə görə, Atatürkün əleyhinə açıq təbliğat apara bilməyən erməniyönümlü qruplaşmalar bu gün ümummilli liderimiz Heydər Əliyevi hədəf seçiblər. Əslində isə, dolayı yolla hədəf , həm də Mustafa Kamal Atatürkdür. Çünki Heydər Əliyev ilə Mustafa Kamal Atatürkün siyasi fəaliyyətində çox bənzərliklər var. Əsas fərqlilik isə ondadır ki, ümummilli liderimiz çoxpartiyalı sistemdə demokratik seçkilər yolu, seçicilərin birbaşa səsverməsi yolu ilə hakimiyyətə gəldi və plüralist sistemi möhkəmləndirdi. Mustafa Kamal Atatürk isə Türkiyə Böyük Millət Məclisi tərəfindən Cümhurbaşkanı seçildi və ömrünün sonunadək ölkədə təkpartiyalı sistemi qoruyub saxladı. Hər ikisi də gördükləri işlərdə xalqın, dövlətin mənafeyini hər şeydən üstün tutdular, Turqut Ər kimi insanların ucala bilməyəcəyi zirvələrə yüksəldilər.{nl}

Rauf ƏLİYEV, "Xalq qəzeti'

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında