Bakıda V Beynəlxalq Humanitar Forum işinə başlayır

 

 

 

 

 

 

 

 

 

 


Dünyada humanitar məsələlərin müzakirəsi, təhlilin aparılması üçün bu forumun müstəsna rolu vardır.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan daha bir möhtəşəm tədbirə evsahibliyi edir. Belə ki, Bakı şəhərində dünyanın məşhur ictimai-siyasi, mədəniyyət və elm xadimlərinin iştirak etdiyi V Beynəlxalq Humanitar Forum işinə başlayır. Yüksək səviyyədə təşkil olunmuş forum bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.

Ümumiyyətlə, Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycanın bu formatda tədbirlərin keçirilməsi üçün ideal yer olduğu bildirilir. Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair ətraflı dialoqlar və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Belə mühüm tədbirin Azərbaycanda keçirilməsi artıq ənənə halını almışdır.

Ötən IV Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev tədbirin paytaxtımızda keçirilməsini əlamətdar hadisə adlandırmış və əlavə etmişdi ki, dünyada gedən proseslər, bəzi hallarda narahatedici məqamlar humanitar sahəyə daha da böyük diqqət göstərilməsini tələb edir. Müzakirələrin, fikir mübadilələrinin humanitar əməkdaşlığın dərinləşməsinə xidmət etdiyini vurğulayan dövlət başçımız Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərildiyini açıqlamışdı. Buna görə də forumun Azərbaycanda keçirilməsinin təsadüfi olmadığını qeyd edən Prezident İlham Əliyev demişdi ki, hazırda dünyada humanitar məsələlələrin müzakirəsi, təhlilin aparılması üçün Bakı Forumunun müstəsna rolu vardır və bu siyasi elmi-siyasi platforma artıq beynəlxalq aləmdə önəmli formata çevrilmişdir.

Sülhpərvər və beynəlxalq hüquq normalarına uyğun siyasət yürütməsilə həmişə fərqlənmiş Azərbaycan  ölkələrarası əlaqələrin inkişafı üçün humanitar aspektləri daim diqqət mərkəzində saxlamışdır. Azərbaycanın keçdiyi tarixi yol, inkişaf etdirdiyi mədəniyyət onu məhz belə addım atmağa vadar edir. Azərbaycan həmişə tolerantlıq məsələsində nümunə olmuş, konfessiyaların, millətlərin isti ocağına çevrilməyi bacarmışdır. Bu reallıq SSRİ-nin dağılmasından sonra müstəqilliyini bərpa etmiş  "Odlar yurdu"nda dönməz xarakter almışdır.

Hazırda Azərbaycanda bütün xalqlar dostluq, mehribanlıq şəraitində yaşayır, ölkənin inkişafında yaxından iştirak edirlər. IV Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışında Prezident İlham Əliyev xüsusilə vurğulamışdı ki, ölkəmizdə dini, milli zəmində heç zaman qarşıdurma, anlaşılmazlıq olmamışdır və bu, Azərbaycanın böyük sərvətidir. Ölkə başçısı nitqində hər bir ölkənin gücünün siyasi imkanlar, iqtisadi güc və cəmiyyətdə mövcud atmosfer, sağlam mühit və həmrəylik kimi bir neçə amilin müəyyənləşdirdiyini vurğulamaqla yanaşı, həm də əlavə etmişdi ki, tolerantlıq baxımından Azərbaycanın təcrübəsi çox müsbətdir və Azərbaycan öz işilə dünyada gedən proseslərə müsbət töhfə verir.

Ötən forumda bəşəri dəyərlərin qorunması ilə bağlı vacib müzakirələr aparıldı. Mütəxəssislər bu dəyərlərə önəm verən insanların Bakıda bir araya toplaşmaları və qarşılıqlı fikir mübadiləsi aparmaları baxımından çox önəmli olduğunu vurğulayırlar. Ən əsası, Humanitar Forum dünyanın müxtəlif ölkələrindən gələn qonaqların Azərbaycanın hərtərəfli inkişafı ilə və malik olduğu yüksək mədəniyyətlə tanış olmaları baxımından da böyük əhəmiyyətə malikdir. Xatırladaq ki, Humanitar Forumun keçirilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya Forumunda qəbul edilmişdi. 2011-ci il "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forum işində 20-dən çox ölkənin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən mədəniyyət və incəsənət xadimləri, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimai xadimlər iştirak etmişdilər. İndi forumda 60-dan çox ölkənin nümayəndələri müzakirələrə qatılır.

IV Bakı Beynəlxalq Humanitar Forumunun ayrı-ayrı dövlətlərdən gələn, həyata baxışları müxtəlif olan insanların fikir mübadiləsi üçün gözəl meydan olduğunu açıqlayan siyasi müşahidəçilər də əlavə edirlər ki, forumda nəinki qarşılıqlı anlaşmaya, həmçinin cəmiyyətin gələcək inkişafının əsaslana biləcəyi vahid mexanizm, yaxud dəyərlər siyahısı hazırlamağa da imkan verilir. Liderlərin fikrini dinləmək imkanının da əldə edildiyini vurğulayan mütəxəssislər bildirirlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin forumda səsləndirdiyi fikirlər və tezislər dünyada baş verən hadisələri dərk etmək baxımından çox aktualdır.

Azərbaycan multikultural dəyərlərə böyük hörmətlə yanaşan ölkə olduğunu çoxdan sübut etmişdir. Prezident İlham Əliyev ötən forumun açılışındakı çıxışında bu məqama xüsusi toxunmuşdu: "Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək".

Azərbaycan tərəfindən irəli sürülmüş bir neçə təşəbbüsün həyatda öz yerini tapmasının təsadüf olmadığını bildirən dövlət başçısı bu təşəbbüslər ətrafında yeni imkanların yarandığını da vurğulamışdı. Prezident İlham Əliyev çıxışında nümunə də gətirmişdi: "2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etdik və birgə toplantı keçirdik. Bu, tarixdə ilk dəfə baş vermişdir və Azərbaycan həm Avropa Şurasına, həm İslam Əməkdaşlıq Təşkilatına üzv olduğu üçün bu təşəbbüsü öz üzərinə götürmüşdür. 2009-cu ildə artıq Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz Avropa Şurasından mədəniyyət nazirlərini dəvət etmişdik".

Bu təşəbbüsə "Bakı prosesi" adı verildiyini xatırladan ölkə başçısı əlavə etmişdi ki, hazırda "Bakı prosesi" yaşayır və inkişaf edir. Bakıda sivilizasiyalararası dialoq forumları keçirilmişdir. Azərbaycanın təşəbbüsü ilə bir neçə il bundan əvvəl dünya dini liderlərinin Zirvə görüşünün keçirildiyini vurğulayan Prezident İlham Əliyev Bakı Beynəlxalq Humanitar Forumunun mahiyyətinin də məhz bundan ibarət olduğunu diqqətə çatdırmışdı.

2011-ci ildə "XXI əsr: ümidlər və çağırışlar" devizi altında Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun sonunda qəbul olunmuş Bəyannamədə müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarını bir daha təhlil etməyə, etnik və mədəni özünüdərk arasında azad seçimi təmin etməyə çağırış əks olunmuşdu. Sənəddə vurğulanırdı ki, qloballaşma kontekstində inkişafın iqtisadi modellərinin gerçəkləşdirilməsinin humanitar aspektlərinin qiymətləndirilməsi üçün kulturoloji yanaşma müstəsna əhəmiyyət kəsb edir.  Bəyannamədə deyilir: "BMT, UNESCO və digər beynəlxalq strukturları və bu beynəlxalq qurumlara üzv olan dövlətlərlə birgə mədəniyyətlərin və dəyərlər sistemlərinin müxtəlifliyini qoruyub saxlamaq şərtilə bəşəriyyətin gələcək inkişafı naminə mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoq üçün real imkan və mexanizmləri müəyyən etməyə çağırırıq. Bu qəbildən forumların vaxtaşırı keçirilməsinin zəruriliyinə inamımızı ifadə edir və Bakı Beynəlxalq Humanitar Forumunun bütün təşkilatçılarına, Azərbaycan Respublikası Prezidentinə və Azərbaycan hökumətinə göstərdikləri dəstəyə, qonaqpərvərliyə görə dərin minnətdarlığımızı bildiririk".

Nüfuzlu elm adamları da qeyd etmişdilər ki, forumun beynəlxalq formatı çox vacib olan əsas mövzu ilə tam uzlaşır. İnsan intellektini maarif və mədəniyyətin formalaşdırdığını deyən iştirakçılar bildirmişdilər ki, belə bir forumun məhz Azərbaycanda keçirilməsi çox əlamətdardır. Azərbaycanın Avropa ilə Asiya arasında körpü olduğunu vurğulayan qonaqlar Azərbaycan Prezidentinin müdrikliyinin, düşünülmüş siyasətinin forumu başlıca məsələlər haqqında fikir mübadiləsi aparmaq üçün gərəkli bir məkana çevirdiyini də önə çəkmişdilər.

Beləliklə, Azərbaycan daha bir möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edir. Forumun iqtisadi inkişaf və humanitar sahədə dünyada liderlik mövqeyində olan Azərbaycanda keçirilməsi sevindirici haldır. Tədbirdə keçmiş dövlət başçılarının, Nobel mükafatı laureatlarının və digər nüfuzlu qonaqların iştirakı foruma olan marağı nümayiş etdirməklə yanaşı, Azərbaycanın dünyada artan nüfuzunu da göstərir. Bundan başqa, beynəlxalq humanitar forumların Bakıda keçirilməsinin tarixi əhəmiyyəti həm də ondadır ki, forumda müzakirə edilən və qəbul olunan qərar və bəyannamələr istər regional, istərsə qlobal müstəvidə millətlərarası münasibətlərin daha da yaxşılaşmasına, dinlərarası dialoqun güclənməsinə öz töhfəsini verir. Azərbaycan dövlətinin də önəm verdiyi prioritet istiqamətlərdən biri məhz budur.

Səbuhi MƏMMƏDOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında