AŞPA-nın Norveç üzrə nümayəndəsi Paulo Cososo: Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi çevik dövlət idarəçiliyinin formalaşdırılmasını nəzərdə tutur

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və  dəyişikliklərlə bağlı keçirilən referendumu müşahidə edən AŞPA-nın Norveç üzrə nümayəndəsi Paulo Cososo söhbət zamanı Binəqədi rayonunda seçki prosesini diqqətlə izlədiyini, məntəqələrdə hər hansı qanun pozuntusu ilə qarşılaşmadığını dedi. Bildirdi ki,  məntəqələr tam vaxtında açıldı. Seçici fəallığı ilk saatlardan diqqət çəkirdi.  İnsanlar çox razı şəkildə, məmnun halda səsverməyə gəlirdilər. Hiss edilirdi ki, vətəndaşlar  öz azadlıqlarını və demokratiyasını daha da gücləndirmək inamındadırlar.    

Seçkilər sakit və sülh şəraitində keçirdi. Biz  səsvermə prosesinin beynəlxalq standartlara uyğun gəldiyini müşahidə etdik. Seçicilərin seçki məntəqələrinə tam və maneəsiz giriş imkanları təmin olunmuşdu. Missiyamız Azərbaycan xalqının seçki prosesi zamanı göstərdiyi mütəşəkkilliyi müşahidə etdi,  seçki məntəqələrinin ətrafında  heç bir polis əməkdaşına və ya hər hansı bir kampaniyaya rast gəlmədi. Seçki məntəqələrində veb-kameraların quraşdırılması da təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.

Burada bir məsələni də qeyd etmək istərdim. Azərbaycanda bütün əvvəlki seçkilərin təcrübəsindən səmərəli, yaradıcı şəkildə istifadə edilməsi  indiki referendumun təkmilləşməsi, mükəmməlləşməsi, şəffaf və ədalətli keçirilməsi ilə nəticələnib. Bundan başqa, məntəqələrdə seçkilərin keçirilməsi texnologiyası, səsvermə qutularının yerləşdirilməsi  də beynəlxalq aləmdə qəbul edilən bütün qayda-qanuna uyğun idi.

Hazırda  Azərbaycan dövləti və cəmiyyəti irəliyə doğru və əhalinin mənafeyi baxımından sürətlə inkişaf edir. Bunu hər hansı yolla inkar etməyə, necə deyərlər, altını üstünə çevirməyə cəhd göstərmək ədalətsizlikdir. Bu faktın danılması, etiraf olunmaması təkcə Azərbaycanın deyil, eyni zamanda,  beynəlxalq təşkilatların və strukturların da  nüfuzuna xələl gətirir. Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən referendum, şübhəsiz ki,  Azərbaycan dövlətinin bugünkü uğurlarının, o cümlədən seçki qanunvericiliyinin səviyyəsinin, onun demokratik seçkilərin beynəlxalq hüquq standartlarına uyğunluğunun tanınmasında növbəti mərhələ olacaq.

Konstitusiyanın 23 maddəsində dəyişiklik edilməsi və 6 maddənin əlavə olunması isə  insan hüquq və azadlıqlarının qorunmasına təminat verən əsasların təkmilləşdirilməsini, səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılmasını, icra intizamının möhkəmləndirilməsini, reallaşdırılan iqtisadi islahatların səmərəliliyinin təmin edilməsini, dövlətin təhlükəsizliyinə, cəmiyyətdə sabitliyə əlavə təminatın yaradılmasını nəzərdə tutur. Ümumiyyətlə, dəyişikliklər  müasir dövrdə Azərbaycan həyatının əsas sahələrini əhatə edir.

Müşahidələrimə əsasən onu da deyə bilərəm ki, insanların ailəvi şəkildə səsverməyə gəldiklərinin şahidi oldum. Bu, çox sevindirici haldır. Eyni zamanda,  səsvermə prosesində qadınların fəallığı çox yüksək idi. Seçkiləri sosial mənsubiyyətinə, peşəsinə və ya siyasi baxışlarına görə fərqlənən xeyli sayda yerli müşahidəçinin izlədiyini gördüm. Seçki komissiyalarında da xeyli sayda qadın var idi...

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında