Rayonda seçici hüququna malik vətəndaşlar Konstitusiyada dəyişikliklər olunması məqsədilə referendumda öz seçimlərini etmək üçün səhər saatlarından məntəqələrə üz tutur, tarixi önəm daşıyan bu kampaniyada fəallıq göstərirdilər. Səsvermə məntəqələrində vətəndaşlara öz iradələrini sərbəst ifadə etmələri üçün hər cür şərait yaradılmışdı. Məntəqələr fasiləsiz elektrik enerjisi, rabitə, kompüterlər və digər avadanlıqlarla təchiz olunmuşdu.
10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə 36 məntəqə fəaliyyət göstərir, 49 min 133 vətəndaşın isə seçici hüququ var.
Dairə seçki komissiyasının sədri İsgəndər Əliyev bildirdi ki, budəfəki siyasi kampaniya dünya ictimaiyyətinin də diqqət mərkəzindədir. Çünki Azərbaycan Konstitusiyasının 23 maddəsinə əlavə və düzəlişlərin edilməsi, bununla yanaşı, 6 yeni maddənin əlavə olunması ölkəmizin gələcək taleyində böyük rol oynayacaq. Bu baxımdan referendumun mütəşəkkil keçirilməsi böyük əhəmiyyət kəsb edir.
İsgəndər Əliyev vurğuladı ki, bu mühüm siyasi kampaniyaya ciddi hazırlıq bütün məntəqələrdə səsvermənin qanunauyğun, demokratik və şəffaf keçməsinə imkan verir. Məntəqələrdə səsvermə siyahılarından tutmuş bütün seçicilərin, xüsusilə ilk dəfə səs verənlərin maarifləndirilməsinədək təlimata uyğun olaraq ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Səsvermədə şəffaflığın təmin edilməsi məqsədilə bütün zəruri işlər görülüb. 10 məntəqədə veb-kamera quraşdırılıb.
DSK sədri onu da bildirdi ki, müşahidəçilər əsasən YAP, bitərəf, "Bələdiyyələr", "Yeni Azərbaycan", "Vətəndaş Birliyi" təşəbbüs qruplarının, həmçinin müxalifət partiyalarının – BAXCP, Vətəndaş Həmrəyliyi, Böyük Quruluş, ADMP, Milli Dirçəliş Hərəkatı ASDP və Ana Vətən partiyalarının təmsilçilərindən ibarətdir. Onların həm qeydiyyatdan keçmə, həm də referendumda hər hansı bir problemlə qarşılaşmamaları üçün bütün imkanlardan istifadə olunub. MSK tərəfindən hazırlanan "Müşahidəçilərin hüquq və vəzifələri" adlı kitabça məhz bu məqədlə tərtib olunub. Müşahidəçilərin hər biri bu kitabçalarla təmin edilib.
Olduğumuz bütün məntəqələrdə seçici siyahıları müvafiq yerlərdən asılmışdı. Əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də şəffaflığın və obyektivliyin təmin edilməsi üçün barmaqlar gözlə görünməyən mürəkkəblə işarələnirdi. Seçkini izləyən beynəlxalq müşahidəçilər də bu üsulu yüksək qiymətləndirir və bildirirdilər ki, bir seçicinin bir neçə dəfə səs verməsinin qarşısının alınmasında bunun böyük rolu var.
13 saylı məntəqədə səsvermə qanunvericiliyin tələblərinə uyğun, azad, şəffaf və demokratik şəraitdə keçirdi. Vətəndaşlar Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı öz seçimlərini sərbəst şəkildə edirdilər. Səsvermənin gedişini yerli müşahidəçilərlə yanaşı, beynəlxalq təşkilatların təmsilçiləri də diqqətlə izləyirdilər.
AŞPA-nın Norveç üzrə nümayəndəsi Paulo Cososo Azərbaycanda olmaqdan məmnunluğunu bildirdi. Xatırlatdı ki, referendumla bağlı səsvermə prosesini izləyərkən müşahidə etdikləri onda xoş təəssüratlar yaradıb.
Norveçli deputat xüsusi vurğuladı ki, Azərbaycanda bu referendumun təşkili və keçirilməsində istifadə olunan metodologiya təqdirəlayiqdir.
Paulo Cososo daha sonra dedi:- Binəqədidə ümumxalq səsverməsi (referendum) beynəlxalq standartlara tam uyğun keçirilir, heç bir qanun pozuntusu nəzərə çarpmır. Məntəqədə texniki təchizat yüksək səviyyədədir. Beynəlxalq standartlara uyğun səsvermə kabinələri yerləşdirilib, qutular, seyf, parça, ultrabənövşəyi lampalarla təchizat tam təmin edilib. Məntəqənin fasiləsiz elektrik enerjisi, telefon və internetlə təmin olunması da diqqət mərkəzində saxlanılıb.
Məntəqədə komissiya üzvlərinin normal fəaliyyəti, vətəndaşların sərbəst şəkildə öz iradələrini ifadə etmələri, Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərə şəffaf və demokratik şəraitdə münasibət bildirmələri üçün hər cür şərait yaradılıb.
Səsvermədə veteranlar və ağsaqqallar xüsusi fəallıq göstərirdilər. Onlar birincilər sırasında məntəqələrə gələrək səs verirdilər. Seçici Qasım Hüseynov dedi:
- Ümumxalq səsverməsinə çıxarılan "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsi demokratik inkişaf istiqamətində mühüm addım olmaqla respublikanın sivil, demokratik dəyərlərinə sadiqliyini bir daha təsdiqləyir. Əsas Qanuna təklif edilən əlavə və dəyişikliklər Konstitusiyanın daha da təkmilləşdirilməsinə və müasirləşdirilməsinə xidmət edir. Bu dəyişikliklər bir sıra reallıqlarla şərtlənir. Burada başlıca hədəf dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni çevik və effektiv idarəetmə mexanizmi formalaşdırmaqdır.
Məntəqə sədri Qivami Baxşəliyev bizimlə söhbətində bildirdi ki, ümumxalq səsverməsinin (referendumun) yüksək səviyyədə keçirilməsi üçün bütün imkanlardan səmərəli istifadə olunur. Məntəqə üzrə 1272 seçici qeydiyyatdadır. Seçicilər gəlib referendumda öz iradələrini sərbəst şəkildə bildirirlər. Heç bir qanun pozuntusu müşahidə edilməyib.
24 və 25 saylı məntəqələrdə də sakinlər Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan dəyişikliklərlə bağlı keçirilən referendumda fəallıq göstərir, azad və şəffaf şəkildə öz konstitusion hüquqlarından istifadə edirdilər.
24 saylı məntəqənin sədri Tünzalə Hüseynova qeyd etdi ki, səhər saatlarından başlayan səsvermədə heç bir qanun pozuntusu qeydə alınmayıb, seçicilər sərbəst şəkildə öz iradələrini bildirmək üçün məntəqələrə həvəslə gəlirlər.
Xatırladaq ki, 1411 nəfərin qeydiyyata alındığını bu məntəqədə səs verən Laçın rayonundan olan məcburi köçkün, əmək veteranı Hüseyn Hüseynov səsvermənin ədalətli keçdiyini, heç bir qayda pozuntusunun olmadığını bildirdi. Digər bir seçici, 284 nömrəli məktəbin müəllimi Failə Həsənova da sərbəst, şəffaf və demokratik qaydada səsvermə üçün seçki məntəqəsində əlverişli mühitin yaradıldığını dedi.
25 saylı məntəqədə olarkən referendumda fəal iştirak edən bir neçə sakinlə də görüşdük. Natəvan Ələmova, İlham Məmmədov burada yaradılan şəraitdən razılıqlarını bildirdirlər.
Məntəqə sədri Gülər Məcidova ilə söhbətimiz, hazırlıq işləri ilə tanışlığımız, ərazidə müvafiq yerlərdə dəmir lövhələrin quraşdırılması, referenduma çağırışla əlaqədar plakatların asılması və qanunvericiliklə müəyyənləşdirilən digər tədbirlərin həyata keçirilməsi bizdə bu məntəqədə ümumxalq səsverməsinə çox ciddi yanaşıldığı qənaətini yaratdı.
Sonda xatırladaq ki, saat 19.00-a olan məlumata görə, 10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə seçicilərin 32 min 493 nəfəri səs verib. Bu da 66,1 faiz seçici fəallığı deməkdir.
Vaqif BAYRAMOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.