Ermənistan nüvə terrorizmi üçün platforma rolunu oynayır

Bu gün Cənubi Qafqazda bir sıra münaqişə ocaqları mövcuddur ki, hələ də həlledilməmiş və yaxud dondurulmuş olaraq qalır. Bu regionda sülhə və əmin-amanlığa ciddi əngəl törədən ən başlıca faktor isə Ermənistan dövlətinin yeritdiyi işğalçılıq və terrorizmə dəstək siyasətidir. Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş və hələ də BMT-nin qətnamələrinə baxmayaraq, azərbaycanlıların pozulan haqqlarını geri qaytarmaqdan imtina edən bu dövlət dünyanı təhdid edən təhlükələrin platforması kimi çıxış edir. Bu gün Ermənistan ASALA və PKK terror təşkilatlarını himayə edən qüvvələr siyahısında ilk yerlərdən birini tutur. İşğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarda terrorçuların düşərgələri mövcuddur və onlar bu ərazilərdə  daim təlim keçirlər. Bu, azmış kimi, Ermənistan həm də işğal edilmiş torpaqlarımızda narkotika plantasiyalarının əkilməsini və daşınmasını təşkil edir. Bu barədə Serj Sarkisyanın və əlaltılarının şəxsən həmin prosesdə iştirakı, külli miqdarda qazanc götürmələri ilə bağlı kifayət qədər məlumat verilmişdir. Lakin Ermənistan dövlətinin dünyanı və regionu təhdid edən hərəkətləri bununla bitmir. Ümumbəşəri problem olan və insanlıq üçün ən böyük təhlükə sayılan nüvə terrorçuları ilə iş birliyində də onlar kifayət qədər fəaldırlar.

Tanınmış qazax ­politoloqu ­Daniyar Kassumov geniş müsahibə verərək ermənilərin cinayətkar əməllərini pisləmişdir. O bildirmişdir ki, beynəlxalq təşkilatlar Ermənistanın nüvə siyasətinə  qarşı ölçü götürməlidirlər. Azərbaycan və Qazaxıstanın sülhə verdikləri dəstək hər kəsə örnək olmalıdır. Bu, həm də dünyada təhlükəsizliyə töhfədir. Ermənistan isə bu istiqamətdə heç bir addım atmır. Stansiyanın köhnəlmiş blokları yenilənmir.

Ermənistanın Metsamor AES-i region dövlətləri üçün əsil risk mənbəyidir. Ölkənin ərazisi nüvə qaçaqmalçıları üçün tranzitə çevrilmişdir. Hətta  Azərbaycan Prezidenti İlham Əliyev nüvə təhlükəsizliyi ilə bağlı ABŞ-da keçirilən sammitdə bu barədə çıxışlar etmişdi. Prezident  İlham Əliyev nüvə terrorçuluğunun bütün bəşəriyyət üçün qlobal xarakterli təhlükə olduğunu bildirərək, nüvə enerjisi məsələsinin daha çox qəzalarla gündəmə gəldiyini vurğulamışdı. İlham Əliyev qeyd etmişdi ki,  çox vaxt nüvə məhsullarının qaçaqmalçılar üçün gəlirli vasitə olduğu unudulur. Bu baxımdan, Ermənistanda AES-in fəaliyyəti bəhanə edilərək nüvə qaçaqmalçılğına imkanlar açılır. Bu, yaxın gələcəkdə böyük fəlakətlərə yol aça bilər.

Xatırladaq ki,  Ermənistanın ­sabiq baş naziri,  parlamentin deputatı Qrant Baqratyan Ermənistanın nüvə silahının olması haqda sensasion bəyanatla çıxış etmişdi. Daha sonra isə Ermənistanın hərbi elitasının nüfuzlu nümayəndələrindən biri olan Arkadi Ter – Tadovosyan  Ermənistanın dinc Azərbaycan vətəndaşlarına qarşı "çirkli bomba" tətbiq etməyə hazır olduğunu bildirmişdi.

Məlumdur ki, həm Ermənistanın, həm də Azərbaycanın atom enerjisi üzrə Beynəlxalq Agentliyi, Nüvə Silahlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının qarşısında müəyyən öhdəlikləri vardır. Və indi münaqişə tərəflərindən biri olan  Ermənistan bütün dünya ictimaiyyətinin gözü qarşısında yalnız regional təhlükəsizlik sistemində olan tərəfə deyil, həm də bütün bəşəriyyətə qarşı faktiki olaraq meydan oxuyur. Belə olan təqdirdə beynəlxalq ictimaiyyət və qlobal qurumlar tərəfindən göstərilən susqunluq işğalçı dövlətə qarşı, həqiqətən də, güzəştli münasibətə çevrilir.

Əlbəttə, Ermənistan rəsmiləri "çirkli bomba" deyərkən heç də sadəcə hədə-qorxu gəlmirlər. Onlar elə bilirlər ki, bu, sadəcə təhdiddir. Lakin Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəsmi məlumatına əsasən, Ermənistan vətəndaşlarının 200 milyon ABŞ dolları həcmində uran (U238) satmağa cəhd göstərmələri bir daha təsdiqlədi ki, Ermənistanda nüvə qaçaqmalçılığı yüksələn xəttlə inkişaf edir.

Bu gün Ermənistanın sosial-­iqtisadi göstəricilərini, ermənilərin ölkədən kütləvi köç etməsini, xaricdən alınan ianələrin Sarkisyan iqtidarı tərəfindən mənimsənilməsini maliyyə baxımından müflisləşməyə gətirib çıxarmış digər amilləri nəzərə alsaq, onda Ermənistan üçün bu məbləğlərin həyati əhəmiyyət daşıdığı aydın olur. S. Sarkisyanın terrorizmi maliyyələşdirməsinə dair faktların olması da sübut edir ki, Ermənistan nüvə terrorçuluğunun beyin mərkəzlərindən biridir.

  Rusiyalı ekspert Dmitri Verxoturov ermənilərin nüvə qaçaqmalıçılığı haqqında bildirmişdi ki, bu fakt Ermənistan vətəndaşlarının uranın qanunsuz satışı cəhdinə nüvə terrorçuluğu kontekstində baxmağa imkan verir.   Ehtimal etmək olur ki, bu, Ermənistanın öz ərazisində hasil olunan konsentrat olaraq təbii urandır.  Onu, həqiqətən də, 200 litrlik çəlləkdə TUK-44/8 (TUK-44/8) komplektdə daşıyırlar,  bu da " zavod istehsalı konteyner"  ola bilər. "

D.Verxoturov qeyd etmişdi ki, əgər həbs olunan vətəndaşlar bu partiya uranı 200 milyon dollara satmağa cəhd ediblərsə,  o zaman bu,  orta qiymətlə 2285,6  ton konsentrat oksidi – uran oksidi edir. Bu, böyük bir məbləğdir. Belə olan halda ehtimal etmək olar ki, Ermənistanda uran Qafan şəhəri tərəflərindəki yataqda əldə edilir. Əgər bu, belədirsə, o zaman  biz uranın qanunsuz ixracı üçün kanal yaratmaq cəhdi ilə qarşılaşmış oluruq.

 Ermənistan vətəndaşlarının radioaktiv elementləri satmaq cəhdləri ilk dəfə deyildir, bu müxtəlif dövrlərdə – 2003, 2009, 2011-ci illərdə baş vermişdir.

Nəinki Azərbaycan, bütövlükdə, region üçün təhlükəli məqam həm də ondan ibarətdir ki, Metsamor AES-in daşıdığı  ekoloji təhlükə ilə yanaşı, ekspertlər Ermənistana nüvə materiallarının qanunsuz istifadəsi və satışı zəncirinin real iştirakçısı kimi baxırlar.

Bəzi məlumatlara görə, Ermənistanda nüvə materiallarının istehsalı yarana bilər ki, bu da qaçaqmalçılıq hallarının sayının artmasına səbəb olar və dünya təhlükəsizliyi ilə yanaşı, bir çox təhlükələrə gətirib çıxarar.

Bunu  "Ukraynada Siyasi xəbərlər" adlı nəşrin beynəlxalq icmalçısı İqor Şevırevin  sözləri də təsdiqləmişdi. O qeyd etmişdi ki, Metsamor AES  yalnız “çirkli bomba” yaratmaq üçün lazım olan radiasiya tullantılarının mənbəyi deyil,  eyni zamanda, nüvə sınaqlarının keçirilməsi üzrə gizli laboratoriyadır. İcmalçı xəbərdarlıq edərək bildirmişdi ki, Qarabağı axıracan əldə saxlamaq mümkün olmadığından Ermənistan təkbaşına Azərbaycana qarşı yönəlmiş nüvə təxribatına əl ata bilər.

Bu barədə rusiyalı ekspert Vitali Juravlyov seysmik təhlükəli zonalarda  atom elektrik stansiyalarının olması səbəbi ilə ekoloqların narahatlığını tamamilə əsaslı hesab edir: "Metsamor AES Ermənistanın elektrik enerjisinin cəmi üçdə birini istehsal edir və onun dayandırılması yalnız yeni AES  tikiləcəyi halda mümkün ola bilər,  bunun üçün də İrəvanın böyük investisiyaları lazımdır.  “Çirkli bomba”lara gəlincə, bəlkə də onlar qaçaq nüvə materiallarından İŞİD terorçuları tərəfindən Avropa dövlətləri, Rusiya və İsrail əleyhinə istifadə edilməsi məqsədi ilə istehsal oluna bilər. Belə ki, bu mövzu reallığı əks etdirə bilər.

Biz hamımız gözəl başa düşürük ki, potensial terrorçular əllərində mövcud olacaq hər cür assimmetrik silahdan istifadə edə bilərlər. Lakin mənim fikrimcə, əsas terrorçu qruplaşmaların və cinayətkar sindikatların fəaliyyəti, əsasən müəyyən qurumlar tərəfindən gizli şəkildə nəzarətdə saxlanılır və genişmiqyaslı tədbirlərin həyata keçirilməsi müvafiq nəzarət mərkəzlərindən işarənin verilməsini nəzərdə tutur."

Beynəlxalq sanksiyalara zidd olaraq ermənilərin silah tədarükü ilə əlaqədar sənədlər də vəziyyətin acınacaqlı olduğunu isbatlayır. Bu barədə, “Wikileaks” sənədlərində açıqlanmış belə  faktlar var ki, ABŞ Dövlət Departamenti Ermənistan Respublikasının rəhbərliyini məktub (2008-ci ilin dekabr ayı tarixli)  ilə məzəmmət etmişdir. Dövlət katibinin müavini Con Neqropont məktubda təfərrüatları belə göstərmişdir ki, ABŞ silahlı qüvvələri İraqda döyüşlər zamanı şiə üsyançıların silahlarını müsadirə edib. Silahların seriya nömrələri ilə aparılan araşdırmalar Bolqarıstan istehsalçıları ( "Vazovsk maşınqayırma zavodu" və "Arsenal") və Ermənistan hökuməti arasında silah satışı üzrə gizli sövdələşməni ortaya çıxarıb.

 Məlumdur ki, MAQATE nüvə sahəsində aparılan işlər üzərində nəzarətə və bu işlərin hərbi məqsədlərlə istifadəsinə yol verilməməsinə görə cavabdehdir. Ermənistan hərbi məqsədlərlə nüvə silahının yayılmaması haqqında (NSYM) müqaviləni imzalamış BMT-nin üzvüdür.

Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatlarda tətbiq etmək məqsədilə radioaktiv silah hazırladığı ehtimalına görə, dünya birliyi, ilk növbədə, MAQATE məsələyə bütün ciddiliyi ilə yanaşmalıdır.

Əgər MAQATE radioaktiv elementlərin Ermənistanda aidiyyəti üzrə istifadə olunmadığını aşkar edərsə,  həmçinin onların qaçaqmalçılığının mümkün olması təsdiq edilərsə, bu məsələ mütləq BMT-də müzakirə olunmalıdır. Ermənistanın illərdir Azərbaycana qarşı yeritdiyi təcavüzkar siyasətin arxasında dayanan arxayınçılıqlardan biri də məhz bu ölkənin nüvə qaçaqmalçılığına və terrorçuluğuna bel bağlamasıdır. Çünki, Ermənistan yaxşı bilir ki, Azərbaycan dünyada qadağan olunan və beynəlxalq ictimaiyyət tərəfindən birmənalı qarşılanmayan təcavüz üsullarından istifadədən uzaqdır və Azərbaycanın beynəlxalq nüfuzu, ona edilən etibar da bunu sübut edir. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin öz həllini mümkün qədər gec tapmasından Ermənistan hərtərəfli, o cümlədən nüvə məhsulları cəhətdən də mənfəət götürmək niyyətindədir. Aprel döyüşlərindən sonra Azərbaycana qarşı yönəlmiş sərsəm bəyanatların qaynağının da məhz bu siyasət olması artıq şübhə doğurmur.

Vaxtilə, beynəlxalq ictimaiyyət bioloji silahların hazırlanmasında təqsirli bilinən İraqa (Səddam Hüseyn dövründə) qarşı çox sərt tədbirlər həyata keçirdi. Eyni zamanda, İranın hərbi məqsədlərlə nüvə hazırlamasında şübhələr səbəbindən bu ölkəyə beynəlxalq sanksiyalar tətbiq edilmişdir. Halbuki, bu ölkələrdən heç biri hərbi-siyasi  qarşıdırmada olduğu digər ölkəyə qarşı radioaktiv silahdan istifadəyə hazır olduğunu elan etməmişdir. Rəsmi Bakının regionda sülh və təhlükəsizliyin inkşafına yönəlmiş sabit mövqeyi ilə Ermənistanın terrorizmi və işğalçılığı leqallaşdıran siyasəti heç bir halda uzlaşmadığından Ermənistanın radioaktiv silah ilə Azərbaycanı açıq şəkildə hədələyir. Belə bir vaxtda Bakının əlində əsas var ki, onun barəsində beynəlxalq təşkilatlara müraciət edərək, nüvə terrorizminin qarşısının alınmasına yönəldilmiş müvafiq tədbirlərin görülməsini tələb etsin.

Anar TURAN,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında