“Şah İsmayıl Səfəvi: Tarixi-diplomatik sənədlər toplusu”

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Şah İsmayıl görkəmli dövlət xadimi, siyasi şəxsiyyət, Azərbaycanı birləşdirən insandır. Azərbaycanın qədim dövlətçiliyi Şah İsmayılın adı ilə bağlıdır. 

Heydər Əliyev
Ümummilli lider


Ulu öndər Heydər Əliyevin Şah İsmayılla bağlı söylədiyi dəyərli fikirlər elm adamlarımızı bu irsin daha da dərindən öyrənilməsinə sövq etmişdir. Prezident Administrasiyasının rəhbəri, akademik  Ramiz Mehdiyevin elmi redaktəsi ilə ölkə ictimaiyyətinə, ziyalı elitaya, həm də geniş oxucu kütləsinə təqdim olunmuş "Şah İsmayıl Səfəvi: Tarixi-diplomatik sənədlər toplusu" bu baxımdan çox dəyərli töhfədir.

Toplunun akademik  Ramiz  Mehdiyev tərəfindən qələmə alınmış "Şah İsmayıl Xətainin siyasi irsi tarixi sənədlər işığında" fəslində XVI əsrin əvvəlində bərqərar olmuş Səfəvilər dövləti, bu dövlətin ilk qurucusu Şah İsmayıl Səfəvi haqqında qiymətli mülahizələrin,  Səfəvilər irsinin öyrənilməsinə yönələn ciddi araşdırmalara təkan verən elmi ideyaların şahidi oluruq: "Tariximizin öyrənilməsi, eyni zamanda, tanıdılması ilə bağlı vacib məsələlər sırasında Azərbaycan Səfəvilər dövləti və onun zəngin irsi xüsusi yer tutur. Azərbaycanın tarixi torpaqlarını ilk dəfə vahid mərkəzdə birləşdirməyə nail olan  Səfəvilərin istər dövlətçiliyimizin, istərsə də mədəniyyətimizin inkişafındakı rolu, həqiqətən də, müstəsnadır. Zaman-zaman zəifləməsinə baxmayaraq, 200 ildən artıq bir dövrdə nəinki Qafqazın, eləcə də bütün Yaxın Şərqin siyasi həyatında həlledici söz sahiblərindən biri olmuş  Səfəvilər dövlətinin qoyub getdiyi tarixi mirasın ölkəmizdə mükəmməl bir şəkildə öyrənildiyini, onun layiq olduğu dəyəri aldığını demək çətindir.

Müəllif bu fəsildə tarixçilərimizin qarşısında mühüm vəzifələr durduğunu bəyan edərək, Şah İsmayıl Səfəvi irsinin öyrənilməsinin aktuallığını bir daha gündəmə gətirir. Bu aktuallıq akademikin kitabın 9-cu səhifəsindəki dəyərli fikirlərində öz əksini tapmışdır: "Xətaişünaslıqda qazanılmış ciddi uğurlara baxmayaraq, Şah İsmayıl Səfəvi ilə bağlı və ümumiyyətlə, Səfəvilərlə bağlı bir istiqamətdə – diplomatik irsin öyrənilməsi məsələsində müəyyən boşluqlar qalmaqdadır. Məlum olduğu kimi, özündən sonra böyük həcmdə diplomatik irs qoyub getmiş Səfəvilərin xarici siyasəti ilə bağlı yüzlərlə siyasi sənəd müxtəlif dünya ölkələrinin arxiv və kitabxanalarına səpələnmişdir. Onların tapılması, təsnif edilməsi və çap olunması ciddi zəhmət tələb edən məsələlərdəndir". Akademik Ramiz Mehdiyevin bu sanballı kitabı Türk dünyası diplomatiyasının dünəni və bugününün öyrənilməsi baxımından əvəzsiz mənbədir.

Əsər indiyədək Şah İsmayıl Xətai adı ilə xalqımıza tanıdılan şairimizi bu gün  böyük bir imperiyanın – Səfəvilər imperiyasının banisi I Şah İsmayıl Səfəvi kimi tanımağa, şanlı tariximizin qaranlıqda qalan səhifələrini açmağa kömək edir.

Kitabın "Əlavələr" bölməsində  I Şah İsmayıl Səfəvinin diplomatik yazışmalarında adıçəkilən bir sıra məşhur şəxsiyyətlər haqqında müxtəsər tarixi arayışlar verilmişdir. Bu arayışlarda öz əksini tapmış o dövr türk dövlət başçılarının dövlətçiliklə bağlı müsbət addımları  diplomatiyamızın inkişafı baxımından vacibdir. Belə ki, II Bayazid Vəli haqqında tanınmış Avstriya şərqşünası J. Hammer belə yazırdı: "II Bayazid təbiəti etibarilə həlim, sakitliyə üstünlük verən, şeiriyyətə bağlı, dünyəvi hadisələrə etinasız yanaşan, xaricdə düşmənlərin, daxildə isə yeniçərlərin törətdikləri təxribatları dəf etmək zərurəti meydana çıxmadıqca silaha əl atmayan biri idi".

Sultan Süleyman Qanuni barəsində isə 363-cü səhifədə oxuyuruq: "Süleyman taxta çıxan kimi ilk olaraq tarixə həmişəlik yazılacaq bir neçə humanist addım atdı. Belə ki, Səlim dövründə Səfəvilər və Məmlüklərlə müharibədə əsir düşmüş sənətkarlar, alimlər və digərləri azadlığa buraxıldı. Onlara Vətənə qayıtmaq, yaxud istədikləri başqa bir yerə getməyə icazə verildi. Süleymanın öz azğınlığı və talançılığı ilə əhalini üsyan həddinə gətirmiş bir sıra dövlət məmurlarını və hərbçiləri sərt şəkildə cəzalandırması da  bütün ölkədə müsbət əks-səda yaratmış oldu".

Əsərin "Əlavələr" bölümünün 381-ci səhifəsində deyilir: "Məsələn, tanınmış rusiyalı sənətşünas B. Denike Behzad haqqında bu əfsanəyə müraciət edərək yazır: " I Şah İsmayıl incəsənətə yaxın biri idi və o, Behzadı yüksək qiymətləndirirdi. Salnaməçilər iddia edirlər ki, Şah türklərlə müharibəyə yollanmamışdan öncə saray xəttatı Mahmud Nişapurinin və rəssam Behzadın düşmən əlinə keçmələrini istəmədiyini bildirərək, onları etibarlı yerdə gizlətməyin qeydinə qalmışdır. Uğursuz müharibədən qayıdarkən isə onun ilk maraqlandığı məsələ Behzadın sağ qalıb-qalmadığı olmuşdur". Yuxarıdakı əlavələrdə verilmiş məlumatlar ciddi xarakter daşıyır. Müəllif ümumtürkçülük ənənələrinə sadiqlik nümayiş etdirərək, Osmanlı sultanlarının dövlətçilikdə müsbət qəbul olunan, bu gün də örnək ola biləcək ideyalarına sayğı ilə yanaşır. Elə əsərin çağımızla səsləşməsi də bununla bağlıdır. Həm Səfəvi, həm də Osmanlı saraylarında elm, mədəniyyət xadimlərinə yüksək hörmət və izzət göstərilməsi bir daha Türk dövlətçiliyinin qədimliyini sübut edərək antitürk baxışlar sisteminə güclü zərbə vurur. Təkcə "Əlavələr"  fəsli XVI əsrin əvvəlindəki türk dünyası tarixinin qərəzsiz araşdırılması üçün məhək daşı rolunu oynayır. 

"Ümid etmək istərdik ki, sözügedən sənədlər gələcəkdə xalqımızın böyük oğlu I Şah İsmayıl Səfəviyə dair işıq üzü görəcək neçə-neçə dəyərli tədqiqat üçün mənbə rolunda çıxış edəcək, mütəxəssislərimizi bu yöndə yeni-yeni axtarışlara həvəsləndirəcəkdir. İndi növbə və söz yenə də tarixçilərimizindir.

Əsərdə Şah İsmayil tərəfindən verilən fərmanların araşdırılması dövlətçiliklə bağlı elementlərin zənginliyini üzə çıxarır. Dövlətə, millətə, ümmətə xüsusi xidməti olan şəxsiyyətlərin dəyərini vermək, onlara dövlət qayğısı göstərmək ənənəsinin əsasını hələ I Şah İsmayıl qoymuşdur. Xacə Cəlaləddin Əbülqasim əl-Cami ilə bağlı bir fərmanda deyilir: "Onun imamət və vilayət ailəsinə nisbət əqidəli olduğu və (bu əqidənin) ürəyinin dərinliyinə saldığı nurun təsiri məlum oldu. Padşahın lütfünü nümayiş etdirmək məqsədilə Ona Loy (Əjdaha) ilindən başlayaraq hər il Cam vilayətinin "mal-cəhət"indən soyurqal formasında on Təbriz tüməni məbləğində həmişəlik olaraq bağışladıq. Qeyd edilən məbləği hər il adı qeyd olunan Xacənin əkinçilik işlərinə nəzarət edən şəxsdən pula çevrilməsini (tələb edib) az və ya çox olması yoxlanılaraq qaytarılsın. Bir şey azaldıb və ya çoxaltmasınlar. Az və ya çox olmasına tamah salmasınlar. Bu barədə səhlənkarlıq və ya uzunçuluğa (süründürməçiliyə) yol verməyərək, ona qarşı həmişə belə mehribanlıq etsinlər. Bu bəxşişi qalıcı dəftərlərdə qeyd edib yazsınlar. Həmin xacəyə, övladları və nəvələrinə nəsilbənəsil çatsın və hesabı soruşulmasın. Hər il bu barədə yeni icazə kağızı tələb etməsinlər. Habelə böyüklərin ağası Cəlaləddin Məhəmmədə də mərhəmət göstərərək, onun Cam vilayətində olan əkinlərinə nəzarət edən şəxsdən 5000 Təbriz dinarı məbləğində (alaraq) ona hədiyyə və soyurqal verilməsini əmr etdik".

“Aydın düşüncəli əmrlər, ­tayı-bərabəri olmayan vəzirlər, saray vəkilləri, məslək­daşları, səltənət işlərində müşavirlər və divan işlərində önəmli vəzifə tutan şəxslərin hamısı və xüsusilə də padşahın kitabxanasının işçiləri və qeyd edilən camaat bilməlidir ki, adı keçən ustadı qeyd-şərtsiz rəhbər (kələntər) hesab etsinlər, kitabxana işlərini onun idarəçiliyi və səlahiyyətinə versinlər, onun qeyd və möhrü ilə olan dəyərləndirmələri mötəbər hesab etsinlər. Padşahın kitabxana işləri ilə əlaqədar və qeydə alınma haqqında buyurduqlarından imtina edilməsin, qeyd edilən vəzifənin tərkib hissəsi olan işlərin ona aid olduğunu bilsinlər. İşarə olunan şəxs də parlaq düşüncə və ürəyinə əmanətdarlıq və dindarlığı hakim edərək bu işə doğru və dürüst başlasın, əyilmək və yaltaqlıqdan çəkinərək uzaq dursun, doğru yoldan kənara çıxmasın. Xırdalıqlarda da bu cür davransınlar. Padşahın bu hökmü uca və şərafətli möhür ilə birlikdə olduqda etimad edilsin".

Fərmanda dövlətin vətandaşına qayğısı ilə yanaşı, vətəndaşın da borcunun nə olduğunun bu gün üçün əhəmiyyəti bəlli olur. Son günlər ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanlarda vətəndaşlara münasibətdə etinasızlıq, laqeydlik halları ciddi şəkildə pislənir ki, bu, bir daha Azərbaycan dövlətçiliyinin qədim təməllərindən xəbər verir.

Təkcə bu əsər bu gün ümumtürk, ümum­mislam, ümumbəşəri ideallara əks gedən tədqiqatçı alimlərə tutarlı bir cavabdır. Elə bu cavab əsərin 16-cı səhifəsində akademikin öz yazısında bariz şəkildə görünür: " Tarixi sənədlərin konkret şəkildə aydınlaşdırdığı digər mühüm məqam isə Şah İsmayılın Osmanlı dövləti ilə münasibətlərdə rəhbər tutduğu xəttin həqiqi mahiyyəti ilə əlaqədardır. Məlum olduğu kimi, bir çox yerli və əcnəbi tədqiqatçılar əsaslı dəlillər gətirmədən  I İsmayılı Osmanlı dövləti ilə məqsədyönlü şəkildə müharibəyə başlamaqda ittiham edirlər. Sanki, I Şah İsmayıl Osmanlı dövlətini hər vəchlə müharibəyə təhrik edən addımlar atmış, türklər isə sülh, səmimiyyət istəklərinə baxmayaraq, hərb yoluna əl atmağa məhz Səfəvilər tərəfindən məcbur edilmişlər. Əfsuslar ki, bu yanlış və təhrif olunmuş təsəvvürlər illərdir insanlar arasında kök salmaqda davam edir. Hərçənd ki, tarixi sənədlərdə, diplomatik yazışmalarda əksini tapmış faktlar tamam başqa həqiqətlərdən xəbər verir".

"Həmişə bütün diqqət və  mübarək hakimiyyətimiz və gündən-günə genişlənən xilafətimiz dövründə  (tabeçiliyimizdə olan) tayfa və xalqların rifah və rahatlıq içində yaşamasına yönəltmişik".  Fərmandakı bu cümlə o dövr Səfəvi dövlətinin böyük ərazisində yaşayan müxtəlif xalqların, müxtəlif mədəniyyətlərin birgəyaşayışını  və bu birgəyaşayışa dövlət qayğısını  göstərir.

20-ci səhifə "Topluya daxil olan və Şah İsmayılın orta əsr müsəlman aləminin görkəmli miniatür ustası, tanınmış rəssam, incəsənət tarixində daha çox "Şərqin Rafaeli" adı ilə məşhurlaşmış Kəmaləddin Behzad (1455-1536) haqqında verdiyi xüsusi fərman isə nəinki Səfəvi dövlətinin, eləcə də İslam tarixinin ən ibrətamiz hadisələrindən hesab oluna bilər. Səfəvi sarayına pənah aparan bu görkəmli sənət adamı Şah İsmayıl tərəfindən ən yüksək səviyyədə qəbul edilmiş, ona böyük qayğı, diqqət göstərilmişdir. İstedadlı bir insanın taleyinə, sənətinə biganə qalmayaraq, onun Səfəvilərin Təbrizdəki saray kitabxanasının rəhbəri təyin edilməsinə dair ayrıca fərman imzalaması İsmayılın nəcib əxlaqından və mədəniyyətə olan möhkəm bağlılığından xəbər verməkdədir".

Bugünkü türk dünyasının vəziyyəti bir daha bu əsərin siyasi əhəmiyyətini gündəmə gətirir.  Hüseyn Cavid ideyaları ilə kitabın ruhu eyni bir məqsədə xidmət edir.  Acılı-şirinlı tariximizə sahib çıxmağın yolunu göstərən  bu əsər ümumtürkçülükdən ümumbəşəriliyə, milli mədəniyyətlərdən multikultural mədəniyyətə keçidi əks etdirir.

Əsərlə yaxından tanışlıq ikicildlik "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" monoqrafik elmi-tədqiqatın müəllifi kimi məni Şah İsmayıl Səfəvinin, eləcə də XVI əsr türk dünyası siyasi xadimlərinin nitqlərini onların yazışmaları  əsasında araşdırmağa sövq etdi.

Nagdəli Zamanov,
                                      Azərbaycan Tibb Universitetinin dosenti,
tibb üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında