Elman Nəsirov: Azərbaycandan vassal ölkə yaratmaq istəyən beynəlxalq siyasi qüvvələrin arzuları puç olacaq

Azərbaycanın davamlı inkişafı, dünya birliyində reytinqinin getdikcə yüksəlməsi, ölkədə təhlükəsizlik və sabitliyin davamlı olması respublikamızın tərəqqisini gözü götürməyən bir sıra beynəlxalq təşkilatların, o cümlədən bəzi Qərb dövlətlərinin narahatlığına səbəb olub. Hər dəfə ölkəmizdə hər hansı bir siyasi kampaniya və beynəlxalq əhəmiyyətli tədbir keçirilən zaman həmin antiazərbaycan dairələr kimlərinsə təhriki ilə ortalığa atılır və Azərbaycanda "insan hüquqlarının müdafiəsi" ilə əlaqədar böhtan xarakterli hesabatlar hazırlayırlar. BMT-nin Azərbaycanda insan haqları müdafiəçilərinin vəziyyətini araşdıran xüsusi məruzəçisi Mişel Forstun açıqladığı hesabat da bu qəbildəndir.

M.Forstun hesabatı ölkəmizə qarşı daim qərəzli olan, böhtan və yalanla dolu hesabatları ilə beynəlxalq aləmdə qərəzli kimi tanınan "Amnesty International", "Human Right Watch" və "Freedom House"un ikili standartlara söykənən faktlarından heç nə ilə fərqlənmədi. Əslində, M.Forstun subyektiv mülahizələrdən ibarət, qərəzli və qeyri-ciddi iddialara əsaslanan hesabatı həmin qərəzli təşkilatların hesabatların tərs üzü idi. Ona görə də bu hesabat ölkəmizdə narazılıqla qarşılanıb. Bu hesabatı ilə o, ermənipərəst olduğunu, erməni lobbisinin sifarişini yerinə yetirdiyini gizlətməyib.

Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov da M.Forstun açıqlamasına münasibət bildirərkən bunu qərəz, böhtan və iftira adlandırdı. Bildirdi ki, son günlərdə ölkəmizə qarşı təşkil olunan təzyiqlərin arxasında Azərbaycandan vassal ölkə yaratmaq məqsədi dayanır. Ancaq adıçəkilən beynəlxalq siyasi qüvvələr bu istəklərini həyata keçirə bilməyəcək və xəbis niyyətləri ürəklərində qalacaq.

Politoloqun qənaətinə görə, Azərbaycanda mühüm dövlət əhəmiyyətli tədbirlər keçirilən ərəfədə ölkəmizi sevməyən, sürətli inkişafımızı, dünya birliyində söz sahibinə çevrilməyimizi qəbul etmək istəməyən bəzi beynəlxalq siyasi qüvvələr, QHT-lər respublikamızı hədəf seçərək, reallığı əks etdirməyən qərəzli, qeyri-obyektiv mövqelərini ortaya qoyurlar. Kimlərinsə sifarişlərini yerinə yetirən həmin dairələr bu yolla beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqla Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışırlar: "Özü də bu qüvvələr və təşkilatlar məqsədyönlü və planlı şəkildə elə bir zaman seçirlər ki, həmən dövrdə Azərbaycana diqqət əvvəlkindən daha çox olur. Onlar bu məqamdan yararlanaraq, respublikamıza qarşı qərəz və iftiralarla dolu hesabatlar yaymağa başlayırlar. Bu yolla Azərbaycana təzyiq edib çirkin planlarını və istəklərini diktə etdirmək istəyirlər. Bununla da ölkəmizdə ictimai-siyasi sabitliyin, davamlı inkişafın qarşısını almaq istəyirlər. Bu qüvəvlər, əslində, eyni mərkəzdən idarə olunaraq, eyni siyasi sifarişi yerinə yetirirlər. Elə BMT insan haqları üzrə məruzəçisi Mişel Forstun Bakıda verdiyi bəyanat və tövsiyələr də bu qəbildən olan addımdır. Sanki, bu şəxs heç bir faktı araşdırmadan hər zaman antiazərbaycan mövqeyi ilə məhşur olan "Freedom House"un hazırladığı hesabatların üzünü köçürərək, yekun sənəd hazırlayıb".

Deputat vurğuladı ki, əgər bu təşkilatlar həqiqətən də hüquq-müdafiə qurumudursa, onda niyə onların hesabatlarında hüquqları total surətdə pozulan bir milyona yaxın məcburi köçkün və qaçqının hüquqları barədə bir cümlə də yer almır. Adıçəkilən bu təşkilatlar əməkdaşlıq etməyə elə QHT-lər seçirlər ki, onlar hər zaman Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafını istəməyən və qərəzli mövqe nümayiş etdirən təşkilatlar olub: "Bu, bir daha göstərir ki, onlar ancaq siyasi sifarişli hesabatlardır. Bu yolla Azərbaycana təzyiq edib, təhrif olunmuş məlumatlar yaymaqla, ölkəmizin beynəlxalq aləmdəki imicini korlamaq cəhdində bulunurlar. Daim çalışırlar ki, Azərbaycanda xaos yaratsınlar. Bu qüvvələr müsəlman ölkəsi olan Azərbaycanda davamlı ictimai-siyasi sabitliyin və inkişafın olmasını istəmirlər.Onu da istəmirlər ki, Azərbaycanın dünyada sözünün çəkisi olsun. Ona görə də, bu qüvvələr Azərbaycanı belə əhəmyyətli tədbirlər ərəfəsində hədəf seçib, onun mənfi obrazını beynəlxalq aləmə çatdırmağa çalışırlar. Biz dəfələrlə belə hadisələrin şahidi olmuşuq. Ancaq onların bu xəbis niyyətləri artıq hamıya bəlli olduğundan, bu yolla cəmiyyəti aldatmağa nail ola bilmirlər..."

E.Nəsirov qeyd etdi ki, 2015-ci il parlament sesçkiləri zamanı da belə bir hadisənin baş verdiyini, qərəzli təşkilatların fəallaşdığını diqqətə çatdıraraq, Avropa Parlamentinin müşahidəçi göndərməkdən imtinasını xatırlatdı: "Amma bir ildən sonra Avropa Parlamenti böyük heyətlə Azərbaycana səfər edib öz səhvini etiraf etdi və əməkdaşlıqda maraqlı olduğunu bildirdi".

Avropa Şurası Venesiya Komissiyasının tələm-tələsik rəyinin və BMT-nin insan haqları komissarının hesabatının da vahid siyasi mərkəzdən idarə olunduğunu deyən politoloq, bu qüvvələrin əsas məqsədlərinin bu yolla Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsinə əngəl törətmək, vassal bir Azərbaycan dövləti formalaşdırmaq olduğunu bildirdi: "Lakin onlar bunu ancaq xülyalarında görə bilərlər. Bizim böyük hədəflərimiz var və biz buna çatmaq uğrunda mübarizə aparırıq. Kimsə bizi bu yoldan döndərə bilməyəcək".

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında