Qərb dünyası anlamalıdır: Azərbaycan yalnız öz milli maraqlarını üstün tutur

Qərb dünyası hərbi və ideoloji üstünlüyünü bütün dünyaya qəbul etdirməyə çalışmaqdan yorulmur. Fərqli düşüncə və inkişaf yolunu seçən liderləri "tiran" və ya "antidemokrat" adlandıran Transatlantik məkanın başbilənləri böyük canfəşanlıqla siyasi və iqtisadi liberalizmin "meyvələrini" gözə soxmağa can atır, "köhnə dünya"nın standartlarını "yeganə doğru dəyərlər" kimi hamıya sırımağa çalışırlar. Halbuki SSRİ-nin dağılmasından sonra yaranmış ideoloji boşluğun qeyri-real doktrina və ya proqramlarla doldurulması nəticəsində bəşəriyyət  müxtəlif müharibə və silahlı münaqişələrin meydanına çevrildi və bu əzab-əziyyətlər hələ də davam edir. Dünya Əfqanıstan,  İraq, Suriya, Liviya, Misir və digər ölkələrdə Qərb demokratiyasının "bəhrələrini" gözüyaşlı seyr edir. Ancaq Qərb dünyası anlamalıdır ki, hər bir xalq öz inkişaf yolunu seçməkdə müstəqildir. Suverenliyini ikinci dəfə qazanmış Azərbaycan xalqı da milli maraqlarının nədən ibarət olduğunu gözəl anlayır və kənardan müdaxiləyə imkan verməyəcək.

 

Günümüzün reallığı budur: Azərbaycan mühüm hadisə ərəfəsində olduğu zaman ABŞ və Qərbdən olan bədxahlarımız yenə  fəallaşaraq, demokratiya pərdəsi arxasında qarayaxma kampaniyalarına start verirlər. Bu üzdəniraq kampaniyaları da Qərbin maliyyələşdirdiyi müxtəlif qeyri-hökumət təşkilatları (QHT) və media vasitələri təşkil edirlər. Həmin dairələr müstəqil siyasət yürütməyin tərəfdarı olan, bütün ölkələrlə münasibətlərin yaradılmasında bərabərhüquqlu, faydalı əlaqələrə üstünlük verən Azərbaycana qarşı qeyri-adekvat iddialara yer verir, rəsmi Bakının sülhpərvər siyasəti və millətlərarası dialoqun inkişafına müsbət təsir göstərən addımları ətrafında əsassız səs-küy qaldırmağa can atırlar. Qərblə hərtərəfli münasibətlərini sürətlə inkişaf etdirən, insan hüquqlarının müdafiəsinə yönəlmiş addımları dəstəkləyən və bu istiqamətdə beynəlxalq institutlarla səmərəli əməkdaşlıq əlaqələri yaradan Azərbaycan dövləti isə son illər ərzində digər sahələrdə də uğurlar nümayiş etdirir. Etiraf olunur ki, rəsmi Bakının regional müstəvidə həyata keçirdiyi vacib layihələrin fonunda beynəlxalq enerji təhlükəsizliyinin möhkəmlənməsinə, eləcə də,  terrorla mübarizə prosesinə göstərdiyi hərtərəfli dəstək də Azərbaycanın Avrasiya məkanında söz sahibi statusu qazanmasına imkan yaratmışdır.

Azərbaycan bu gün də bir sıra mühüm məsələlərdə etibarlı tərəfdaş kimi özünü göstərir. Ən əsası, əldə etdiyi demokratik inkişafın kənar təsirlərin deyil, daxili inkişafdan doğan zərurət fonunda qazanılmış nailiyyət olduğunu da təsdiqləyən Azərbaycan dövləti insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirdiyi islahatlarla vətəndaşına böyük dəyər verdiyini nümayiş etdirmişdir.

Əlverişli coğrafi vəziyyətin Azərbaycana öz potensialını daha da genişləndirməyə imkan verməsi faktdır. Mühüm enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi nəticəsində Azərbaycan geosiyasi müstəvidə əhəmiyyətini daha da artırmağa nail olmuşdur. Şərqlə Qərb arasında strateji mövqeyindən uğurla yararlanan rəsmi Bakı Avrasiya məkanında əlverişli tranzit əhəmiyyətli ölkəyə, Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilməyi bacarmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müstəqil siyasət nəticəsində ölkəmiz regional və beynəlxalq səviyyədə mövqelərinin möhkəmlənməsinə nail olmaqla yanaşı, geosiyasi anlamda güc mərkəzlərinin daim diqqət mərkəzində qalması üçün əhəmiyyətini də artırmışdır. 

Lakin Azərbaycanın belə geosiyasi dəyər qazanması və sürətli inkişafı, ən əsası, müstəqil siyasət yürütməsi  ABŞ-ı və Qərbin bəzi dairələrini möhkəm narahat edir. Avropa xalqlarının idman həyatında böyük hadisəyə çevrilmiş ilk Avropa Oyunları ərəfəsində genişmiqyaslı qarayaxma kampaniyalarına start verilməsi bu faktı təsdiqləmişdi. İlk Avropa Oyunları ərəfəsində bir sıra Qərb dövlətlərinin və onların nəzarətində olan "Amnesty İnternatioanal", "Human Rights Watch", "Freedom House" və digər özünü dünyada insan hüquq və azadlıqlarının himayədarı kimi təqdim edən beynəlxalq qeyri-hökumət təşkilatlarının, habelə onların əlində alətə çevrilən yerli qrupların ölkəmizə  qarşı qarayaxma və şəratma kampaniyası xeyli intensivləşmişdi.

Aydındır ki, ABŞ-ın və Avropanın bəzi siyasi texnoloqları özlərinin demokratik dəyərlər və insan hüquqları prizmaları vasitəsilə dünya ictimaiyyətinin diqqətini çəkmək üçün ilk Avropa Oyunlarını siyasiləşdirməyə çalışmışdılar. Avropa Oyunlarını Azərbaycana qarşı yaxşı təzyiq imkanı kimi dəyərləndirən antiazərbaycan qüvvələrin "insan hüquqları", "mətbuat azadlığı" pərdəsi altında belə bir beynəlxalq tədbiri boykot etməyə çağırdıqlarını yaxşı xatırlayırıq. İlk Avropa Oyunları öncəsində belə bir tədbirin "gərəksizliyi"ndən dəm vuran məkrli qüvvələr bağırmağa çalışırdılar ki, "nüfuzlu idman yarışları insan hüquqlarının pozulduğu bir ölkədə keçirilə bilməz".  Hadisələrin sonrakı inkişafı göstərdi ki, Qərbin bəzi dairələrinin bədnam planı ürəklərində qaldı, səmərəli və məqsədyönlü daxili və xarici siyasət kursunun həyata keçirilməsi, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi sayəsində nüfuzlu dövlətlərin etibarını və etimadını qazanmış Azərbaycan  üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirməyi bacardı.

Etiraf etmək lazım gəlir ki, bu gün Qərbin, xüsusilə də ABŞ-ın, eləcə də Avropanın hazırkı siyasəti demokratik dəyərlərə zərbə vurur. Faktiki olaraq, Qərbin demokratiya sahəsində yürütdüyü siyasət dünya dövlətlərinin xalqlarını qorxutmağa yönəlmişdir. Qərbin hər vəchlə yürütməyə çalışdığı siyasət qeyri-sabitliyin, müharibələrin və toqquşmaların artmasına gətirib çıxartmışdır. Təbii ki, belə bir siyasət Qərbin maraqlarına daha çox zərbə vurur və onunla normal münasibətlər yaratmağa çalışan dövlətlərlə əlaqələrinə kölgə salır. Maraqlıdır ki, dünyaya demokratiya dərsi keçməyə çalışan ABŞ insan haqları ilə bağlı 13 beynəlxalq konvensiyadan 9-na qoşulmamışdır. Müstəqil siyasət kursu yürüdən Azərbaycana qarşı kampaniyasının coğrafiyasını genişləndirməyə çalışan  bədxahlarımız dövlətimizin xoşməramlı siyasətinə qeyri-adekvat cavab verməyə çalışırlar. Beynəlxalq terrorla mücadilədə ABŞ-a yardım edən, vacib logistik marşrutların yaradılmasında kömək göstərən Azərbaycana rəsmi Vaşinqtonun  analoji münasibət göstərməməsi təəssüf doğurmaya bilməz. Doğrusu, işğalçılar arasında fərq qoyan Qərbdən bəşəri dəyərlərə hörmət gözləmək artıq yersiz görünür. ABŞ və onun tərəfdaşları bu gün Misir, İraq, Liviya, Suriya və digər ölkələrdə baş verən qanlı olaylara, milyonlarla insanın doğma vətənlərindən didərgin düşməsinə görə birbaşa cavabdehlik daşıyırlar.

Düşünüldüyü kimi, okeanın o tayında demokratiyanın vəziyyəti də ideal deyil. Orada hər gün zorakılıq, qətllər və bu qətllərdə polis əməkdaşlarının iştirakı ABŞ-da insan hüquqlarının vəziyyətinin normal olmadığını göstərir. Amma Birləşmiş Ştatlarda müşahidə edilən bu hüquq pozuntularının fonunda ABŞ Dövlət Departamenti dünyada insan hüquqlarının vəziyyətinə dair hesabatla çıxış edərək, hamını tənqid atəşinə tutur.

Rəsmi Vaşinqtonun belə yanaşması, əlbəttə, narahatlıq doğurmağa bilməz. Çünki hansısa bir ölkənin hakim qismində çıxış edərək, ayrı-ayrı dövlətlərdə bu və ya digər məsələləri öz maraqlarına uyğun şərh və təqdim etməsi etik çərçivələrə sığmır.

 Bir çox ölkələr, o cümlədən Azərbaycanla bağlı irəli sürülən iddiaların yanlış məlumatlar əsasında hazırlanması, subyektiv və qərəzli xarakter daşıması artıq təəccüblə qarşılanmır. Çünki dünya Qərbin ikiüzlü siyasətindən xəbərdardır və onun demokratiya, insan hüquqları, azad mətbuat və bu kimi digər məsələlərin müdafiəsi fonunda güc tətbiq etməklə dünyaya belə bir mesaj ünvanlayır ki, həqiqət ədalətin tərəfində yox, güc sahibi tərəfindədir. Bu güc sahibinin də taleyüklü məsələlərin həllində beynəlxalq hüquq sisteminə deyil, öz milli maraqlarına uyğun davranması artıq günümüzün reallığına çevrilmişdir. ABŞ-ın və onun tərəfdaşlarının belə açıq-aşkar diktat siyasət yürütməsi beynəlxalq hüquq sistemini iflic etmiş və dünyanı yeni fəlakətlərlə üz-üzə qoymuşdur.

Bir sözlə, son zamanlar ABŞ və Avropanın antiazərbaycan dairələrinin ölkəmizə qarşı ədalətsiz mövqe tutmaları ikitərəfli münasibətlər barədə ciddi düşünməyə əsas yaradır. Mütərəqqi ideya və təkliflərə açıq ölkə olduğunu həmişə göstərən Azərbaycan qarşılıqlı hörmətə və beynəlxalq hüquq normalarına cavab verən münasibətlərə həmişə sadiq olduğunu nümayiş etdirmişdir. Lakin ölkəmizin belə sürətli inkişafından qıcıqlanan bədxahlarımızın rəsmi Bakının siyasi kursuna təsir göstərməyə çalışması ikitərəfli əlaqələri zərbə altına salır. Qərbdə  anlamalıdırlar ki, Azərbaycan milli maraqlarından çıxış edərək, bütün hallarda dövlət və xalqın mənafeyinə uyğun siyasətini davam etdirəcək. Xalqın iradəsini əks etdirən siyasi kursun, yəni Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, milli maraqların müdafiəsinə istiqamətlənmiş siyasətin davam etdiriləcəyi heç kimdə şübhə doğurmamalıdır.

Səbuhi MƏMMƏDOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında