Prezident İlham Əliyev: Bizim siyasətimiz Azərbaycan xalqının maraqları üzərində qurulubdur

 

 

 

 

 

 

 

 

 

 


Bu il biz sosial mənzillərin inşasına başlamaq fikrindəyik. Mənzil İnşaatı Dövlət Agentliyi – MİDA yaradılıb. Onun əsas vəzifəsi aztəminatlı ailələrə çox əlverişli şərtlərlə mənzillərin verilməsidir. Eyni zamanda, bu proses kütləvi xarakter alandan sonra bunun inşaat və tikinti materialları istehsalı sektorlarına və beləliklə, sənaye potensialımıza çox müsbət təsiri olacaq. İndi hazırlıq işləri aparılır. Ümid edirəm ki, bu il artıq praktiki addımlar atılacaq və bu yeni sosial təşəbbüs çox geniş vüsət alacaqdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


 

Azərbaycan Prezidenti  İlham Əliyev ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlar, ­davam edən sosial-iqtisadi inkişaf barədə danışarkən bütün bunların bir səbəbi olduğunu bildirir: "Bizim hər bir sahədə çox aydın proqramlarımız var". Məhz həmin proqramların ardıcıllıq və prinsipiallıqla icrasının nəticəsidir ki, bu gün gənc müstəqil respublikamız regionun ən sürətlə inkişaf edən ölkəsinə çevrilmiş, regionun ən qüdrətli iqtisadiyyatı olan dövləti nüfuzunu qazanmışdır. Bütün bunlar isə son nəticədə xalqın həyat şəraitinin yaxşılaşdırılmasına, sosial infrastrukturun müasirləşdirilməsinə, yeni-yeni elm, təhsil , mədəniyyət, səhiyyə, idman müəssisələrinin, sağlamlıq ocaqlarının ərsəyə gəlməsinə səbəb olur. Tutduğumuz yolun doğru –dürüstlüyünü sübut edən əsas cəhətlərdən biri də odur ki, beynəlxalq aləmdə baş verən çoxsaylı mənfi tendensiyalara baxmayaraq, Azərbaycanın tərəqqi prosesi ləngimir. Heç bir iqtisadi və ya maliyyə böhranı bizim inkişafımızı dayandırmır. Çünki atılan bütün addımlar dəfələrlə ölçülüb-biçilmişdir.

Azərbaycan Prezidenti bütün bunlar haqqında Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində daha ətraflı söz açdı: " Ötən altı ayın nəticələri göstərir ki, Azərbaycan 2016-cı ili də uğurla başa vuracaq. Əlbəttə ki, biz əsas prioritet istiqamətlər üzrə işimizi daha da təkmilləşdirməliyik. Bu gün çıxışlarda da həm görülmüş və görüləcək işlər, həm də əsas prioritet istiqamətlər haqqında məlumatlar verildi. Əslində, bu gün çıxışlarda səslənən fikirlər bizim gələcək fəaliyyətimizin istiqamətlərini müəyyən edir, yəni, bir daha göstərir ki, sənaye potensialı və kənd təsərrüfatı gələcək inkişaf üçün əsas rol oynayacaq. 2016-cı ilin birinci yarısının iqtisadi göstəriciləri də çox ümidvericidir. Bir daha qeyd etmək istəyirəm ki, qeyri-neft sənayemiz 2,4 faiz, kənd təsərrüfatı isə 3,1 faiz artıb. Ancaq əminəm ki, xüsusilə kənd təsərrüfatı istehsalı ilin sonuna qədər daha da artacaq".

Dövlət başçımızın həmin nitqindəki bütün məqamlar perspektiv inkişafımız üçün xüsusi önəm kəsb etsə də, siyasi ekspertlər oradan daha çox üç məqamı qabartmağı üstün tuturlar. Həmin üç məqamın birincisi barədə qeyd edək ki, Prezident həmin sahə  ilə bağlı danışarkən öz fikirlərinə tənqidi ifadələrlə başlayır: "Azərbaycanda bir sahə var ki, o, demək olar, heç inkişaf etməyib. Həm özəl sektor maraq göstərməyib, həm də dövlət bu sahəni bir qədər diqqətdən kənarda saxlayıb. Bu da dərman preparatlarının istehsalıdır. Biz, demək olar ki, 100 faiz idxaldan asılıyıq. Düzdür, son vaxtlar bu sahədə görülmüş tədbirlər nəticəsində dövlət tənzimləyici rolunu oynayır. İqtisadiyyat Nazirliyi Səhiyyə Nazirliyi ilə birlikdə artıq bir ildən çoxdur ki, bu məsələ ilə məşğuldur. Nəticədə dərman preparatlarının qiymətində çox ciddi azalma müşahidə olunur. Eyni zamanda, artıq keyfiyyətə də çox ciddi nəzarət edilir. Baxmayaraq ki, manatın məzənnəsi aşağı düşüb və biz idxaldan tam asılıyıq, görülmüş tədbirlər, dövlətin müsbət mənada müdaxiləsi nəticəsində burada qiymətlərdə sabitləşmə var. Bir çox dərman preparatlarının qiymətləri aşağı düşüb. Ancaq indi vaxt gəlib çatıb ki, Azərbaycanda dərman preparatlarının istehsalına başlansın".

Ekspertlərin Prezidentin nitqində qaldırılan məsələlər arasından seçdiyi ikinci müddəa da ölkəmiz üçün? demək olar ki, yenidir. Doğrudur, dövlət başçımızın tövsiyə və tapşırıqları ilə bu sahədə müəyyən addımlar atılıb. Ancaq cənab Prezidentin haqqında söz açdığımız nitqindən açıq şəkildə bilmək olur ki, dövlət başçımız bu sahədəki vəziyyətdən narazıdır: "Mən dəfələrlə qeyd etmişəm ki, Azərbaycanda bir neçə sənaye mərkəzi yaradılmalıdır. Əlbəttə ki, Bakı Cənubi Qafqazın ən böyük sənaye şəhəridir. Gəncə, Sumqayıt və eyni zamanda, Mingəçevir şəhərində çox böyük sənaye potensialı, çox hazırlıqlı kadr potensialı var. Bu il Mingəçevir şəhərində yüngül sənaye kompleksinin təməli qoyulmalıdır. Bu, Mingəçevirdə işsizlik problemlərinin həllinə çox müsbət təsir göstərəcək və biz çox böyük, yeni sənaye mərkəzini yaradacağıq. Mingəçevirdə bir neçə böyük sənaye müəssisəsinin tikintisi nəzərdə tutulur. Burada da yüngül sənaye inkişaf edəcək. Yaxın zamanlarda minlərlə iş yeri açılacaqdır. İlk növbədə? bu müəssisələrin inşası zamanı və ondan sonra həmin müəssisələrdə işləyəcək insanların sayı minlərlə ölçüləcək. Beləliklə, biz yeni sənaye mərkəzi yaradacağıq və insanları işlə təmin edəcəyik. Bu ilin sonuna qədər artıq birinci müəssisənin təməl daşı qoyulmalıdır və əminəm ki, qoyulacaqdır".

Doğrudur, indi haqqında söz açmaq istədiyimiz məsələ də bilavasitə qeyd etdiyimiz ikinci müddəaya aiddir. Ancaq burada söhbətə bir az başqa prizmadan yanaşmaq istəyirik. Belə ki, Prezident İlham Əliyevin istiqamətindən asılı olmayaraq bütün nitqlərində – siyasi, iqtisadi, elmi, texniki və sair mövzularda açıqlamalarında açıq-aydın görünür ki, dövlət başçımız ölkə vətəndaşlarının  sosial-rifah halının yaxşılaşdırılması ilə yanaşı, xalqın mənəvi dəyərlərinin qorunması, bir çox hallarda inkişaf etdirilməsi məsələlərini də daim diqqət mərkəzində saxlayır. Diqqət yetirin. Söhbət sosial-iqtisadi inkişafın yekunlarından və bu istiqamətdə qarşıda duran vəzifələrdən gedir. Ancaq Prezident burada da milli-mənəvi dəyərlərimizin qorunmasını və inkişafını önə çəkir. Qeyd edir ki, bu yaxınlarda "Azərxalça" Səhmdar Cəmiyyəti yaradılıbdır. Xalçaçılıq sənəti bizim milli sərvətimizdir. Əsrlər boyu Azərbaycan xalçaçılığı inkişaf etdiribdir və Bakının mərkəzində - Bulvarda açılmış Xalça Muzeyi həm özlüyündə bir memarlıq əsəridir və eyni zamanda, bizim qədim sənətimizi bütün dünyada nümayiş etdirir. Ancaq əfsuslar olsun ki, xalçaçılıq sənaye kimi Azərbaycanda az inkişaf edib. Ancaq fərdi qaydada bu sahə ilə məşğul olanlar xalça toxuyurlar və bunu həm ölkə daxilində, həm də xaricə sata bilirlər. Nəzərə alsaq ki, bu sahədə bizim böyük ənənələrimiz var, xalçaçılıq sənəti Azərbaycan xalqının böyük sərvətidir və dünya miqyasında biz qabaqcıl yerlərdəyik, ona görə qərar qəbul edilib ki, bu məsələlər məqsədyönlü şəkildə öz həllini tapsın. Həm bu qədim sənət yaşasın, kadrlar axını təmin edilsin, eyni zamanda, biz xalçaçılıq sənayesini də yaradaq. Bu, ixrac yönümlü məhsul kimi ölkəmizə böyük həcmdə valyuta gətirəcək.

Xatırladaq ki, dövlət başçımızın xüsusilə vurğuladığı həmin sahədə uğurlu addımlar atılması üçün artıq bütün struktur məsələləri öz həllini tapıb.  Müvafiq qurumlara göstəriş verilib ki, müxtəlif bölgələrdə yerlər ayrılsın və xalçaçılıqla məşğul olanlar orada işləsinlər. Bildirilir ki, dövlət tərəfindən bütün lazımi avadanlıq, dəzgahlar təmin edilir və ediləcək. Birinci mərhələdə min və ondan sonrakı mərhələlərdə 5 min iş yeri açılacaq. Nəticədə,  həm insanların  məşğulluğu  təmin olunacaq, həm də ixrac məhsulu yaranacaq.

Ekspert və politoloqların dövlət başçımızın nitqindən seçib ayırdıqları üçüncü məsələ də kifayət qədər orijinal və region ölkələri üçün tamamilə yenidir. Üstəlik, bu məsələ cəmiyyətimiz üçün bir neçə cəhətdən əhəmiyyət kəsb edəcək. Məsələn, aztəminatlı ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, çoxsaylı yeni iş yerlərinin yaradılması, özəl sektorun inkişaf etdirilməsi, tikinti şirkətlərinin iş əmsalının artırılması  kimi bir çox məsələlər var ki, onların hamısı son nəticədə ölkədə insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunmasına xidmət edəcək. Bu məsələlər haqqında  biz adi sosial tədbirdən danışan kimi söz açırıq.  Ancaq Prezident  bu məsələləri sırf dövlət siyasəti kimi təqdim edərək bildirir ki, bu il daha bir ciddi sosial təşəbbüs irəli sürüldü. Aztəminatlı ailələr üçün ucuz mənzillərin inşası prosesi artıq başlayır. Mənzil İnşaatı Dövlət Agentliyi --MİDA yaradıldı. İndi təşkilati məsələlər öz həllini tapmaqdadır. Torpaq sahələri ayrılır və tezliklə MİDA öz işinə başlamalıdır, mənzillər tikilməlidir. Bu mənzillər uzunmüddətli güzəştli şərtlərlə aztəminatlı vətəndaşlara veriləcək. Bu, çox ciddi sosial təşəbbüsdür. Bu, geniş vüsət almalıdır. Hər bir bölgədə, hər bir rayonda buna ehtiyac var. Eyni zamanda, bu təşəbbüs, bu layihə inşaat sektoruna da çox ciddi təsir göstərəcək. Çünki inşaat sektorunda çox böyük geriləmə var və iş yerlərinin itirilməsi də məhz inşaat sektorunda baş vermişdir.

Bu möhtəşəm  təşəbbüsün icrasına  start verilməsi sübut edir ki,  ölkədə geniş tikinti layihələri gözlənilir. Deməli, ölkədə  məşğulluq artacaq və inşaat materialları sektoru  canlanacaq.  Çünki bu layihələr uzun müddətdə reallaşdırılacaq.  Dövlət başçımızın da qeyd etdiyi kimi, Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti bu il başlayır və uzun illər davam edəcək. Ona görə Prezident tələb edir ki, bütün inşaat materialları Azərbaycanda istehsal olunmalıdır. Doğrudur, tikinti materiallarının  böyük hissəsi  ölkəmizdə istehsal olunur. Ancaq  MİDA-nın fəaliyyətə başlamasından sonra belə materiallara   tələbat artacaq. Bir də ki, Prezident qarşıya məqsəd qoyur ki, ümumiyyətlə, idxal məsələsinə son qoyulmalıdır. Azərbaycanın istənilən məhsulu istehsal etmək imkanı vardır. Ona görə də tikinti materiallarının xaricdən alınması tendensiyasına birdəfəlik “yox” deyiləcək.

Bir sözlə, dövlət başçımızın "Ötən altı ayın nəticələri göstərir ki, Azərbaycan 2016-cı ili də uğurla başa vuracaq"- tezisinin reallığa çevrilməsi üçün kifayət qədər imkan da var, istək də. Çünki  bizim hər bir sahədə çox aydın proqramlarımız vardır.

İttifaq MİRZƏBƏYLİ,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında