Azərbaycan dövləti beynəlxalq təşkilatlarda uğurla təmsil olunur

Azərbaycan  dövlətinin müstəqilliyini bərpa etdikdən sonra mühüm xarici siyasət prioritetlərindən biri də beynəlxalq təşkilatlarda təmsilçilik məsələsi idi. Yenicə müstəqilliyini əldə edən dövlət üçün bu vacib olduğu qədər həm də çətinliyi ilə seçilirdi.

Xüsusilə həmin vaxt postsovet məkanında meydana çıxan yeni müstəqil dövlətlərin bilavasitə beynəlxalq münasibətlər sisteminə qatılması və öz maraqlarını ifadə edən xarici siyasət kursunu həyata keçirməyə başlaması dünyada dövlətlərarası münasibətlərin yeni düzümünün formalaşması ilə nəticələndi. Bu, bir tərəfdən, beynəlxalq aləmdə siyasi gərginliyin azalması, qlobal qarşıdurmanın aradan qalxması ilə səciyyələnirdisə, digər tərəfdən, siyasi, iqtisadi və hərbi baxımdan strateji əhəmiyyət kəsb edən və mənafelərin kəsişdiyi məntəqələrə çevrilən bir sıra məhəlli mərkəzlərin meydana çıxması ilə müşayiət olunurdu.

Qısa müddət ərzində dünyanın bir sıra dövlətləri tərəfindən rəsmi surətdə tanınmış Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul edildi. Azərbaycan dövlətinin xarici siyasət fəaliyyətinin Dağlıq Qarabağda erməni separatizmi və Ermənistanın hərbi təcavüzü ilə dərinləşən ciddi siyasi və iqtisadi problemlərlə müşayiət olunması onun diplomatiyası qarşısında çox mühüm vəzifələr qoyurdu. Təcavüzün və millətçi separatizmin qarşısını almaq, onların ağır nəticələrini aradan qaldırmaq, dövlətin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünya birliyi ilə siyasi və iqtisadi inteqrasiyaya girmək zərurəti məqsədyönlü, ardıcıl və fəal xarici siyasətin həyata keçirilməsini tələb edirdi. Beynəlxalq birliyi Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması zəruriliyinə inandırmaq, milli maraqları dünya dövlətlərinin kəsişən və toqquşan mənafeləri ilə uzlaşdırmaq, Azərbaycanın müstəqilliyinə və təhlükəsizliyinə beynəlxalq təminat almaq üçün çox ciddi səylər edilməli və gərgin fəaliyyət  göstərilməli idi. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçilik mənafelərinin qorunmasında ölkənin zəngin iqtisadi potensialı və əlverişli geosiyasi mövqeyi mühüm əhəmiyyət kəsb edir. Bu amillər respublikamızın  milli dövlətçilik maraqlarına cavab verən səmərəli və məqsədyönlü xarici siyasət kursunun həyata keçirilməsi üçün ilkin əlverişli zəmin yaradır. Lakin mövcud ilkin potensialı və əlverişli zəmini reallaşdırmaq, onlardan maksimum bəhrələnmək beynəlxalq aləmdə cərəyan edən proseslərin ciddi araşdırılmasını, Azərbaycanın  maraqlarına uyğun düşünülmüş, hərtərəfli əsaslandırılmış və bütün incəlikləri nəzərə alan addımların atılmasını tələb edirdi. Bu baxımdan ümummilli lider Heydər Əliyevin hakimiyyətə  qayıdışı və siyasi prosesləri düzgün idarə etməsi tezliklə bu sahədə olan ehtiyacları ödəməyə başladı. Azərbaycan dövləti beynəlxalq qurumlarla ciddi əlaqələrə start verdi, Azərbaycanın o zamankı Prezidenti Heydər Əliyevin çevik, düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində dünyanın aparıcı dövlətlərinin liderləri ilə keçirilən ardıcıl görüşlər, imzalanan iqtisadi müqavilərlər, siyasi memorandumlar, eyni zamanda beynəlxalq təşkilatlarda uğurlu iştirak və Azərbaycanın öhdəliyə götürdüyü demokratik, sivil cəmiyyət quruculuğu prosesində mühüm addımlarla müşayiət olunan proseslər getdikcə sürətli hal aldı. Bu isə Azərbaycanın beynəlxalq imicinin birdən-birə yüksəlməsi ilə nəticələndi.

Azərbaycanın dünyanın ən böyük siyasi təşkilatı ilə əlaqələri böyük inkişaf yolu keçir və ölkəmiz BMT-nin müvafiq orqan və qurumlarına öz namizədlərini irəli sürməklə, bu orqanlara seçkilərdə aktiv iştirak edir. Azərbaycan Respublikası 1995-1997, 1998-2000-ci illər ərzində UNİCEF-in İcra Heyətinin, 2000-2002-ci illər ərzində Qadınların vəziyyəti haqqında Komissiyanın və 2002-2004-cü illər ərzində BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının üzvü olmuşdur. Azərbaycan 2003-2005-ci illər üçün BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü seçilmişdir. Azərbaycanın bu təşkilatla münasibətlərinin əsasında dayanan amillərdən biri də dövlətimizin BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr,  onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal  iştirakıdır. Bu baxımdan respublikamız BMT TŞ-nın Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin Komitəyə Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim etmişdir.

Bu gün artıq Azərbaycan Respublikası müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatı, UNESCO, UNİCEF, ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı), Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilatlara üzv olmuşdur. Azərbaycan həmçinin NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də anti-terror koalisiya tərkibində fəaliyyətini durmadan inkişaf etdirir. Azərbaycan Respublikası həm də GUAM regional qrupunun təsisçilərindən biridir. Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan Respublikası öz milli maraqlarını gerçəkləşdirir.

Bu təşkilatların arasında öz gücü və beynəlxalq nüfuzu ilə seçilən İslam Konfransı Təşkilatı ilə Azərbaycan dövlətinin  əlaqələrində əsas faktor müsəlman ölkələrində sülhün və mənəvi birliyin təmin olunması, təcavüzə məruz qalan regionların problemlərinin sülh yolu ilə həll edilməsi üçün həmrəylik göstərməkdir. Onu da qeyd edək ki, İKT Ermənistanın qeyd-şərtsiz olaraq Azərbaycan torpaqlarından öz hərbi qüvvələrini çıxarması haqqında bir neçə qətnamə qəbul etmiş və Azərbaycanın ərazi bütövlüyünü  tam dəstəkləmişdir. 2017-ci ildə Bakıda keçiriləcək dünya səviyyəli idman yarışlarından biri hesab edilən İslam Həmrəylik Oyunlarının təşkil edilməsində İKT-nin rolu böyükdür.  Azərbaycan dövlətinin ən sıx əlaqədə olduğu nüfuzlu  beynəlxalq təşkilatlardan biri də 1992-ci ildən üzv olduğumuz ATƏT-dir.  Bu təşkilat Avropa qitəsinin bütün ölkələrini əhatə edən yeganə təşkilatdır. Azərbaycan Respublikası təşkilatın əsas sənədləri olan ATƏM-in ( ATƏT-in əvvəlki adıdır)  Helsinki Yekun Aktına (1992), Paris Xartiyasına və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulmuşdur (1999). Ermənistan- Azərbaycan münaqişəsinin həllində ATƏT çərçivəsində əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasətində vacib yer tutur. Azərbaycan ATƏT-lə həmçinin demokratikləşdirmə sahəsində də əməkdaşlıq edir. Buraya seçkilərin müşahidəsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun xəttilə həyata keçirilən layihələr və s. daxildir.

ATƏT- lə yanaşı Azərbaycan --Avropa Şurası münaisibətlərinin də möhkəm təməllər üzərində qurulduğunu qeyd etmək yerinə düşər. Azərbaycanın 2001-ci il yanvarın 25-də Avropa Şurasının bərabərhüquqlu üzvü olması -- respublikamızın mühüm problemlərinin dünya ictimaiyyətinin diqqətinə obyektiv çatdırılması üçün yeni və çox mötəbər tribuna vermiş oldu. Azərbaycan  Avropa Şurası ilə əməkdaşlıqda öz milli qanunvericiliyinin yüksək beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər görür. Belə ki, Azərbaycan milli qanunvericiliklərin demokratikləşdirilməsinə yardım göstərən AŞ-nın Venesiya Komissiyası ilə sıx əlaqələr qurmuş, Avropa Şurasının başlıca sənədi sayılan İnsan Hüquqları və Əsas Azadlıqlarının Qorunması üzrə Konvensiyasını və onun Protokollarını 2001-ci il yanvarın 25-də imzalamış, 2002-ci il aprelin 15-də isə onları ratifikasiya etmişdir. Azərbaycan dövlətinin AŞPA-dakı təmsilçiləri Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ədalətli mövqeyin formalaşdırılmasında Avropa Şurası çərçivəsində milli maraqlarımızı tam ifadə edən fəaliyyət göstərir. Ümumiyyətlə, Azərbaycan Respublikası Avropa Şurasının insan hüquqlarının qorunması, demokratik  proseslərin inkişaf etdirilməsi, qlobal problemlərin həllinə yardım göstərmək, beynəlxalq öhdəliklərə vicdanla əməl etmək kimi prinsiplərini rəhbər tutaraq, bu təşkilatla əməkdaşlığı dinamik şəkildə inkişaf etdirir. Azərbaycanın beynəlxalq təşkilatlarda uğurla təmsil olunması birbaşa milli dövlətçilik maraqlarımızın lehinə olmaqla yanaşı, həm də  beynəlxalq imicimizin möhkəmlənməsi deməkdir. Bunun nəticəsidir ki, görülən işlərin, aparılan uğurlu əməkdaşlıq missiyasının müqabilində Azərbaycan Respublikası 2011-ci ildə özünün ən yüksək və tarixi qiymətlərindən birini aldı. Belə ki, BMT Baş Məclisinin Prosedur Qaydalarının 142-ci bəndinə əsasən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 2012-2013-cü illər üçün keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyini irəli sürdü. Azərbaycan seçkilərdə əvvəl Macarıstan, sonra isə Sloveniya üzərində şərtsiz üstünlük qazanaraq qələbə üçün tələb olunan 129 səsdən də çox - 155 səs əldə etdi. Beləliklə, Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə inamlı qələbə qazandı. Bu, ölkəmizin müstəqillik tarixində qazanılmış böyük dövlətçilik qələbəsi idi. Çünki Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə idi. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması və artıq dövlət başçısı İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin may ayında Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla, dövlətimizin beynəlxalq aləmdəki çəkisinin artması,  dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktorlarından birinə çevrilməsi demək idi. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildikdən qısa müddət sonra Prezident İlham Əliyev bəyan etdi ki, BMT Nizamnaməsində qeyd olunmuş ədalət və beynəlxalq sülhün aliliyi prinsipinin irəli sürülməsi və inkişaf etdirilməsi Azərbaycanın bu qurumda əsas və birinci dərəcəli hədəfi olacaqdır. Bu xətti əsas tutaraq, üzvlük müddəti ərzində Azərbaycan Təhlükəsizlik Şurasının başlıca vəzifəsi olan beynəlxalq sülh və təhlükəsizliyin qorunması istiqamətində gücünü əsirgəməmişdir. Müasir diplomatiya tariximizə qızıl hərflərlə yazılan bu uğurlu təmsilçilik dövründə 2012-ci ilin may və 2013-cü ilin oktyabr ayında Azərbaycan Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Bu iki ay müddətində şura 30 ictimai və fərdi iclas, 29 qapalı müşavirə keçirmiş, 7 qətnamə və sədrin 3 bəyanatını qəbul etmiş, mətbuat üçün 13 bəyanat vermişdir. Şübhəsiz ki, müstəqilliyini cəmi 25 ildir ki, əldə edən bir ölkə üçün bu, böyük nailiyyət hesab olunmalıdır. Bu gün Azərbaycan dövləti dünyanın ən böyük hərbi təşkilatı olan  NATO ilə də  əməkdaşlıq edir. Azərbaycan Respublikasının 1994-cü ildən başlayaraq NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində fəaliyyəti dünyanın qabaqcıl ölkələri ilə onun əlaqələrinin inkişafına mühüm zəmin yaratmışdır. Milli Ordumuzun bölmələri NATO-nun sülhməramlı qüvvələrində təmsil olunur və beynəlxalq terrorizmlə mübarizədə öz töfhələrini verir.  Bu əlaqələri həmçinin Avropa Birliyinə də şamil etmək olar. Bu gün Avropa qitəsinin mütləq əksəriyyətini əhatə edən və hətta müştərək pul vahidinə sahib olan bu ölkələrin əksəriyyəti ilə Azərbaycanın qarşılıqlı əməkdaşlığa əsaslanan əlaqələri mövcuddur.  Azərbaycanın avratlantik məkana inteqrasiya siyasətində Avropa Birliyi ilə müştərək münasibətlərin yüksək səviyyədə qurulması əsas yerlərdən birini tutur.

Bir sözlə, bu gün Azərbaycan dövlətinin dünyanın həlledici təşkilatlarında uğurlu təmsil olunması onun siyasi rakursunun dəqiqləşməsinə, regionun vacib aktorlarından birinə çevrilməsinə və beləcə, onunla hesablaşan ölkələrin sayının artmasına gətirib çıxarır. Şübhəsiz ki, bunun əsasında Azərbaycan dövlətinin bütün siyasi çözüm yollarında yalnız sülhə əsaslanan siyasət yeritməsi, qlobal səviyyədə mədəni inkişafa, iqtisadi amillərdə qarşılıqlı, bərabərhüquqlu əməkdaşlığa üstünlük verməsi dayanır.

Anar TURAN,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında