Azad sahibkarlıq hüququ yeni konstitusion müstəvidə: beynəlxalq standartlara uyğun tənzimləmə

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrinə sadiq qalaraq, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar olmasını istəyərək, referendum yolu ilə müstəqil dövlətimizin Konstitusiyasını qəbul etdi. Əsas Qanunun qəbulundan sonrakı ötən dövr ərzində ölkəmizdə iqtisadiyyatın sürətli inkişafı, aparılan dövlət islahatları, qanunçuluğun təkmilləşdirilməsi istiqamətində görülən işlər, yeni ictimai münasibətlərin meydana gəlməsi, beynəlxalq aləmdə baş verən proseslərin məntiqi nəticəsi Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi zərurətini  ortaya qoydu.

İlk dəfə 2002-ci ildə Azərbaycanda konstitusion dəyişikliklər aparıldı. Həmin dəyişikliklər məhkəmə islahatlarının, Milli Məclisin fəaliyyətinin, seçki sisteminin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət etmişdir. 2009-cu il mart ayının 18-də keçirilən referendum nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına bir daha əlavə və dəyişikliklər edildi və bunlar insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı prinsipial əhəmiyyətli məsələlərin  Əsas Qanunumuzda daha dolğun ifadəsini tapmasına xidmət etməklə yanaşı, onun müddəalarının demokratik səciyyə daşıması ilə seçildi.

Prezident İlham Əliyev tərəfindən iyulun 18-də  rəy verilmək üçün  Konstitusiya Məhkəməsinə göndərilmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsinə müsbət rəy verilmiş və bununla da Konstitusiyaya ediləcək yeni əlavə və dəyişikliyin nəzəri əsası qoyulmuşdur. Təklif edilən layihəyə görə Konstitusiyaya 29 dəyişiklik edilməsi nəzərdə tutulur və  bu dəyişikliklərin əksəriyyəti  insan hüquq və azadlıqları ilə bağlı olub, bu sahədə daha səmərəli təminat mexanizmlərinin formalaşdırılması məqsədini daşıyır.

 Mən həmin dəyişikliklərdən biri -- "Azad sahibkarlıq hüququ" adlanan 59-cu maddəyə edilən dəyişikliyə münasibətimi bildirmək istəyirəm. Konstitusiya aktının 13-cü maddəsində göstərilir ki, 59-cu maddənin mətni I hissə hesab edilsin və həmin hissədən "Qanunla nəzərdə tutulmuş qaydada" sözləri çıxarılsın. Aşağıdakı məzmunda II hissə əlavə edilsin: "II. Dövlət sahibkarlıq səviyyəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir".

Azərbaycan Respublikasında inkişaf etmiş bazar iqtisadiyyatı ölkəsi kimi, sahibkarlığın stimullaşdırılmasına mühüm əhəmiyyət verilir, çünki yeni iş yerlərinin yaradılması və minimal işsizlik səviyyəsinin təmin edilməsi xeyli dərəcədə sahibkarlıq fəaliyyətində stimullaşdırıcı amillərdən istifadənin səmərəliliyindən asılıdır. Bundan başqa, sahibkarlığın stimullaşdırılması ölkə qarşısında duran vacib sosial-iqtisadi problemlərin həllinə, milli sahibkarlar tərəfindən istehsal edilən məhsul və xidmətlərlə daxili bazarı təmin etməyə, innovasiya-investisiya fəaliyyətini genişləndirməyə, rəqabətin gücləndirilməsinə, yeni innovasiyaların tətbiqinə gətirib çıxarır. Məhz bu səbəbdən referendum aktında "Azad sahibkarlıq hüququ" adlanan 59-cu maddənin mətninin I hissə hesab edilməsi və həmin hissədən "qanunla nəzərdə tutulmuş qaydada" sözlərinin çıxarılması nəzərdə tutulmuşdur. "Qanunla nəzərdə tutulmuş qayda" dedikdə, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd başa düşülür. Konstitusiyaya edilmiş bu dəyişiklik  sahibkarlıq fəaliyyətini  faktiki olaraq müəyyən formalı rəsmi sənəd çərçivəsinə salmaqdan azad edir və hər kəsə öz imkanlarından, qabiliyyətindən və əmlakından  sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyətinin qanunla qadağan edilməmiş formaları ilə məşğul olmaq imkanı yaradır. Bu, Azərbaycan Respublikası Prezidentinin lisenziyalaşdırılmamış sahibkarlıq fəaliyyətinin sayının artması istiqamətindəki siyasətinə tam uyğundur. 

Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə II hissənin əlavə edilməsi də son dərəcə zəruridir. Belə ki, son illərdə Azərbaycanda azad rəqabətə əsaslanan sahibkarlığın formalaşması və inkişafında, onun stimullaşdırılması sahəsində bir sıra qanunvericilik, təşkilati-iqtisadi xarakterli xeyli iş görülmüşdür. Sahibkarlığın formalaşdırılması və stimullaşdırılması məqsədilə qanunvericilik aktları qəbul edilmiş, müxtəlif sahələri əhatə edən çoxsaylı dövlət proqramları hazırlanmış, bir sıra zəruri təşkilati mexanizmlər yaradılmış, sahibkarlığın təşkili və yönəldilməsi üçün mühüm institutsional strukturlar formalaşdırılmışdır. Gömrük xidmətləri arasında idxal ərzaq məhsullarının "yaşıl dəhliz"lə keçilməsi nəzərdə tutulmuşdur. Əlavənin mətnindən göründüyü kimi, burada iki anlayış biri-birindən fərqləndirilərək, ön plana çəkilir: a) dövlət maraqları,  b) insan həyat və sağlamlığının müdafiəsi.

"Dövlət maraqları" dedikdə, Azərbaycan xalqının fundamental dəyər və məqsədlərinin, habelə insanın, cəmiyyətin və dövlətin inkişaf və tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusu başa düşülür. İnsan həyat və sağlamlığının müdafiəsi də dövlət maraqlarının ən ümdəsidir. Bu istiqamətdə ölkə başçısı tərəfindən bir sıra tədbirlər planı işlənib hazırlanmış, konkret prioritetlər müəyyən edilmişdir. Qida məhsulları üzərində sistemli nazarətin həyata keçirilməsi, dövlət hesabına müalicə mərkəzlərinin təşkili, insanın sosial durumunun yaxşılaşdırılmasının ön plana çəkilməsi, sosial binaların tikintisinə rəvac verilməsi və sair sosialyönümlü məsələlər Azərbaycan dövlətinin və  xalqının maraqlarına tam uyğun olduğundan, dövlət nəzarətindən kənarda qalması ağlabatan olmazdı. Bu baxımdan, sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyat və sağlamlığının müdafiəsi ilə bağlı münasibətlərin dövlət tərəfindən tənzimlənməsinə konstitusion status verilməsi tam hüquqidir.

Zaur  Məmmədov,
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Koordinasiya Şurasının üzvü,
hüquq üzrə elmlər doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında