Ümumxalq səsverməsi daha güclü Azərbaycan uğrunda atılmış mühüm addımdır

26 sentyabr Azərbaycanda ümumxalq səsverməsi (referendum) günüdür

Bu gün dünyaya müxtəlif təzadlı hərəkət və hərəkətsizliklər müşahidə olunur. Əgər ötən əsrdə  belə dəyişmələr bir rübdə müşahidə edilirdisə, bu gün həmin sürət dinamikası bir illə müqayisə oluna bilir. Əlavə olaraq qlobal geosiyasi amillər ətrafında cərəyan edən müxtəlif hadisələrin münasib olmayan katalizator elementləri artır. Çox zaman bu elementlər bizim yaşam tərzimizin bir hissəsini təşkil edir. Davamlı kompleks keçid proseslərini ləngitməyə meyilli olan amillər, hadisələr nə qədər uzaqda görürsə belə, qlobal dünyanın ictimai həyat paradiqmalarının qaçılmaz faktoru olaraq həyat tərzinə sürətlə daxil olur. Yalnız daha mükəmməl və daha strateji məqsədlərə hesablanmış ali qanunvericilik aktları ilə həmin faktorlardan sığortalanmaq mümkündür.

2009-cu ildə Konstitusiyamıza edilən əlavə və dəyişikliklərə nəzər salsaq, referendum yolu ilə qəbul olunmuş maddələrin nəticəsində yaranan müsbət amillərin əhəmiyyətini bir daha görərik. Biz burada dövlət rəmzlərinə olan yüksək ehtiramın Konstitusiya ifadəsindən, ölkə başçısı cənab İlham Əliyevin sosial dövlət ideyasına qədər əhəmiyyətli prinsiplərin həyatımızda bərqərar olmasından danışa bilərik. Bu gün Azərbaycan sosial dövlət quruculuğu istiqamətində öz strategiyasını qurur. 26 sentyabr 2016-cı il referendumu isə Azərbaycan Respublikasının yeni uğur faktoru və strategiyasını səciyyələndirəcək siyasi, hüquqi, dini, iqtisadi, estetik rəng və maraqların tez-tez dəyişdiyi və ya dəyişdirildiyi müasir dünyanın yeni nizamı dövlətlərin dəyərlərinin deyil, bəşəri dəyərləri yaratmaq istəklərindən başlamalıdır.

Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklər birbaşa olaraq ölkə vətəndaşlarının təhlükəsiz və daha güclü sosial dövlət qayğısı ilə əhatə olunması maraqlarına hesablanmışdır.

Geosiyasi baxımdan Azərbaycan sürətlə dəyişən dünyanın ərazisində bir çox maraqların reallaşdığı məkandır. Bunu son illərdə Bakıda sivilizasiyaların dialoqu naminə atılan addımlar və beynəlxalq yarışlar da sübut edir. Bu nöqteyi-- nəzərdən xalqımızın 26 sentyabr referendumuna hazırlığı tarixi əhəmiyyətli hadisədir. Nəzərdə tutulan dəyişikliklər aktı layihəsi Azərbaycan Respublikasının inkişaf dinamikasında xüsusi rola malik qərardır.

Ölkə başçısı cənab İlham Əliyevin müvafiq göstərişi ilə referenduma  çıxarılacaq məsələlərdən biri də (3.25 maddə. 3.1) "milliyətindən" sözünün "etnik mənsubiyyətindən" sözləri ilə, ikinci cümlədəki "milli" sözünün "etnik" sözü ilə əvəz edilməsidir. Qısaca olaraq elmi nəzəriyyələrdə bu məfhumlara diqqət yetirsək, hər iki anlayışın ətrafında müxtəlif nəzəri fikirlərə rast gələrik.

Bəzi politoloqlar hər iki anlayışı öz tədqiqatlarında eyniləşdirsələr də əsasən, siyasi fikir tarixində "millət" və "etnos" arasındakı fərqin ayrı-ayrı tərəflərinin təhlili bu iki anlayışın özünəməxsus fərqliliyini aydınlaşdırır. Eyni zamanda, referenduma çıxarılacaq məsələlər mövcud maddələrin  vətəndaşların həyat tərzində müsbət məqamların daha aydın ifadəsi və prinsipial müdafiəsi istiqamətində mühüm tarixi addımdır. Müasir dövrdə informasiya texnologiyaları  insan həyatına daha fasiləsiz təsir edən mədəniyyət vasitəsi olaraq aktual əhəmiyyət kəsb edir. Bir çox hallarda bu təsirlər hüquq və azadlıqların sərhədini keçərək neqativ xüsusiyyətlər yaradır. Ali Qanunda belə halların konstitusion müdafiəsi 5. 32-ci maddəyə aşağıdakı məzmunda VI, VII və VIII hissələr əlavə edilməklə referenduma çıxarılır:

"VI. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.

VII. Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.

VIII. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir."

İnsan və informasiya məkanı əhatəsində hüquq və azadlıqların ehtiyatlı, zəruri təminatına səbəb olacaq bu dəyişikliklər, həm də vətəndaşların informasiya təhlükəsizliyi məsələlərinə hesablanmış təkliflərdir.

Müasir qlobal problemlər  hər bir dövlətin ən başlıca vəzifələrindən birinin onun öz informasiya məkanına diqqəti sürətləndirməklə informasiya resursları əhatəsində ölkə vətəndaşlarının həyat şəraitinin müdafiəsi istiqamətində konstitutsion  əsaslarla  əhatəli iş aparması zərurətinin  olduğunu söyləməyə əsas verir. Son zamanlar bəzi dövlətlər öz vətəndaşları və siyasi maraqlarının təhlükəsizliyi ilə yanaşı, mədəniyyətlərini, ənənələrini və mənəvi dəyərlərini qorumaq üçün xüsusi tədbirlər görmək istiqamətinədə yeni qanunlar qəbul edirlər, bir çoxları multikultural siyasi xətdən imtina edir. Dünyanın açıq savaş meydanı qeybə çəkilir. Bu baxımdan dövlətlər konseptual səviyyədə məqsədlərini həyata keçirmək, siyasi, iqtisadi və hərbi sahələrdə müvəffəqiyyət əldə etmək üçün vacib olan informasiyanı əldə etməyə daha səylə can atırlar. Milli, dini maraqları qorumaq, vətəndaş azadlıqlarını  təzadlı informasiya axınında müdafiə etmək üçün qanunların təbiətinin dəyişdirilməsi istiqamətində atılan pozitiv addımlar, həm də bəşəri əhəmiyyətə malik hadisədir. İnternet, açıq informasiya şəbəkəsinin genişlənməsi, kompüter cinayətkarlığının artması, siyasi və iqtisadi məqsədlərə çatmaq üçün yüksək səviyyədə informasiya hücumu təhlükələrinin çoxalması informasiya təhlükəsizliyi kimi məsələlərin aktuallığına səbəb olub.

"İnformasiya təhlükəsizliyi"  müasir insanın həyatında müxtəlif məna daşıya bilər. Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi doktrinasında "informasiya təhlükəsizliyi" daha geniş mənada istifadə edilir. Burada informasiya mühitində şəxsiyyətin, cəmiyyətin və dövlətin balanslaşdırılmış maraqları ilə təyin edilən milli maraqlarının  müdafiəsi  önə çəkilir.

Əvvəla, aydındır ki, həm ayrı-ayrı etnosların, həm də milli azlıqların hüquq və azadlıqları Azərbaycan Respublikası qanunvericiliyində bərabər hüquqi əsaslarla qorunmuşdur. Tarixən Azərbaycan xalqının formalaşdığı qədim dövrdən indiyədək bu ərazidə yaşayan hər bir etnos formalaşan milli mədəniyyətimizin məğzində özünəməxsus cəhətləri ilə seçilmişdir. Etnik özünəməxsusluq bu gün Azərbaycan dövlətinin multikulturalizm siyasəti ilə güclü qorunur, inkişaf edir.

Respublikamızın  mövcud Konstitusiyasında  əlavə və dəyişikliklərlə bağlı referenduma çıxarılacaq maddələr Azərbaycan dövlətinin və cəmiyyətinin daha da möhkəmlənməsinə, siyasi,iqtisadi, mədəni sabitliyinin kompleks konstitutsyon təminatına hesablanmış addımlardır.

Hüseyn İbrahimov,
 "Sosial-Mədəni Dəyişikliklərin Öyrənilməsi"
İctimai Birliyinin  sədri, fəlsəfə üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında