Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi xalqdan gələn sifarişdir

26 sentyabr Azərbaycanda ümumxalq səsverməsi (referendum) günüdür

Təcrübə göstərir ki, insan hüquq və azadlıqlarının təminatını, vətəndaş cəmiyyətinin təkamülünü, habelə dövlətin idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların dövrün tələblərinə uyğun müasirləşdirilməsi inkişaf etmiş ölkələrdə davamlı və zəruri səciyyə daşıyır. Bu baxımdan Konstitusiyaya zaman-zaman bəzi əlavə və dəyişikliklərin edilməsi, onun müasir tələblərə uyğunlaşdırılması demokratik inkişaf yolunda olan Azərbaycan üçün də xarakterikdir. Odur ki, Prezident İlham Əliyev tərəfindən rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının  Referendum Aktı layihəsi olduqca böyük əhəmiyyət daşıyır.

Konstitusiyaya təklif olunan dəyişiklliklərin başlıca hədəfi dövlət idarəetmə sistemini daha da təkmilləşdirməkdən, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etməkdən, aparılan islahatlar kursuna uyğun yeni çevik və effektiv idarəetmə mexanizmi formalaşdırmaqdan ibarətdir. Mən təklif edilən əlavə və dəyişikliklərin hamısı üzərində dayanmaq istəmirəm, Konstitusiyanın 49-cu maddəsinə (Sərbəst toplaşma azadlığı) ediləcək dəyişikliklərlə  bağlı münasibətimi bildirmək istəyirəm.

Referendum aktının 8-ci bəndində Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin II hissəsində “etməklə” sözündən sonra “ictimai qaydanı və ictimai əxlaqı pozmamaq şərtilə” sözlərinin əlavə edilməsi təklif olunur. Belə bir müddəanın Konstitusiyaya daxil edilməsi hansı zərurətdən irəli gəlir və bu müddəanın mahiyyətini necə izah etmək olar? Öncə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin II hissəsinin hazırki mətnində sərbəst toplaşmaq azadlığının məzmunu aşağıdakı kimi müəyyən olunub: “Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır”.

 Maddənin mətnindən göründüyü kimi, sərbəst toplaşmaq azadlığını həyata keçirmək üçün hər hansı bir dövlət orqanının razılığını almaq tələb olunmur. Ümumiyyətlə, sərbəst toplaşmaq azadlığının realizə edilməsi ilə bağlı iki qayda mövcuddur: 1) icazə qaydası. Bu qaydaya görə sərbəst toplantının keçirilib-keçirilməməsi məsələsi müvafiq dövlət orqanı tərəfindən həll edilir və yalnız onun icazəsi olduqda sərbəst toplantı keçirilə bilər; 2) xəbərdarlıq qaydası. Bu qaydaya görə sərbəst toplaşmaq hüququndan istifadə edən şəxslər müvafiq dövlət orqanına toplantı barədə məlumat çatdırır, dövlət orqanı sərbəst toplantının taleyini həll etməsə də, onun təhlükəsizliyini təmin etməlidir.

Mətndən göründüyü kimi, Konstitusiya sərbəst toplaşmaq azadlığının hansı məqsədlərlə həyata keçirilməsini müəyyən etmir. Lakin hüquq ədəbiyyatının və qanunvericiliyin təhlilindən belə nəticəyə gəlmək olar ki, sərbəst toplaşmaq azadlığı, bir qayda olaraq, siyasi tələbləri  kütləvi şəkildə ifadə etməyə yönəlir. Sərbəst toplaşmaq azadlığı könüllü olaraq həyata keçirilir. Bu hüquq kollektiv hüquqlar kateqoriyasına aiddir və onun təkbaşına həyata keçirilməsi mümkün deyil. Qanunvericilikdə qoyulan tələblərdən kənar, hər hansı şəkildə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına icazə verilmir. Konstitusiyada bu hüququn məhdudlaşdırılması ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmur və sadəcə, bu hüquqdan istifadənin ümumi şərtləri göstərilir: ilk növbədə, toplantı qabaqcadan müvafiq dövlət orqanını xəbərdar etməklə və ikincisi, toplantı ancaq dinc məqsədlərlə və silahdan istifadə edilmədən həyata keçirilə bilər. Qabaqcadan müvafiq dövlət orqanına xəbər vermə şərti onun üçün müəyyən olunub ki, toplantı zamanı dövlət orqanı toplantıda iştirak edən şəxslərin təhlükəsizliyini təmin etmək və baş verə biləcək arzuolunmaz nəticələrin qarşısını ala biləcək əlavə tədbirlər görsün. Təcrübə onu göstərir ki, sərbəst toplaşmaq azadlığı, təkcə vətəndaşların öz siyasi tələblərini birgə ifadəetmə vasitəsi deyil, eyni zamanda, siyasi qüvvələrin biri-birinə və ya hakimiyyətə qarşı təsir vasitəsi kimi istifadə olunur. Bu hüququn əsas məqsədi dövlət hakimiyyətinə təsir etməkdir. Bu baxımdan siyasi qüvvələr sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi zamanı qarşıya qoyulan məqsədə çatmaq üçün keçirilən tədbirlərin maksimum çox sayda insanın iştirakı ilə, izdihamlı şəkildə keçirilməsində maraqlıdırlar. Odur ki, müasir dövrdə sərbəst toplaşmaq azadlığı siyasi qüvvələrin böyük aktivliklə istifadə etdiyi bir hüquqa çevrilmişdir.

 Sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi zamanı, demək olar ki, həmişə çoxsaylı insan kütləsi iştirak edir. Kütlə idarə olunur, lakin bəzən təsir altına düşür və idarəolunmaz vəziyyətə gəlir. Belə olan halda sərbəst toplaşmaq azadlığından istifadə edən insan kütləsi böyük təhlükəyə çevrilən potensial qüvvə halına gəlib çıxır. Odur ki, bütün kütləvi toplantılar, xüsusilə də siyasi xarakterli kütləvi tədbirlər yetərincə kütləvi təhlükə mənbəyinə çevrilə bilir. Bu baxımdan bütün dünya dövlətlərində sərbəst toplaşmaq azadlığı ilə bağlı qanunvericilikdə müəyyən məhdudiyyətlər nəzərdə tutulur. Sərbəst toplaşmaq azadlığı ilə bağlı məhdudiyyətlər ya birbaşa dövlətlərin konstitusiyalarında, ya da müvafiq kütləvi tədbirlərin hüquqi tənzimini müəyyən edən cari qanunvericilik aktlarında təsbit olunur. Bu məhdudiyyətləri şərti olaraq aşağıdakı kimi qruplaşdırmaq olar:

1) dövlət və cəmiyyətin təhlükəsizliyi ilə bağlı qoyulan məhdudiyyətlər;

2) insan və vətəndaşın hüquq və azadlıqlarının təmin olunması, əhalinin mənafeyi naminə qoyulan məhdudiyyətlər;

3) müharibə şəraiti, səfərbərlik, fövqəladə və hərbi vəziyyətlərlə bağlı qoyulan məhdudiyyətlər.

Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması üçün zəruri olan hallar nəzərdə tutulmamışdır.

Sərbəst toplaşmaq azadlığının beynəlxalq hüquqi aktlarda təsbiti məsələsinə diqqət yetirsək, görürük ki, 16 dekabr 1966-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul olunan Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 21-ci maddəsində sərbəst toplaşmaq azadlığına hansı əsaslara görə məhdudiyyətlər qoyulması imkanı nəzərdə tutulur. 21-ci maddədə qeyd olunur ki, “Dinc yığıncaqlar keçirmək hüququ qəbul edilir. Bu hüquqdan istifadəyə qanuna müvafiq surətdə qoyulan və demokratik cəmiyyətdə dövlətin və ictimaiyyətin təhlükəsizliyi, ictimai asayiş, əhalinin sağlamlığının və mənəviyyatının və yaxud başqa şəxslərin hüquq və azadlıqlarının qorunması mənafeləri üçün zəruri olan məhdudiyyətlərdən başqa, heç bir məhdudiyyət qoyula bilməz”.

Göründüyü kimi, beynəlxalq pakt sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması əsaslarına aşağıdakıları daxil edir:

* dövlətin və ictimai təhlükəsizliyin qorunması;

* ictimai asayişin qorunması;

* əhalinin sağlamlığının və mənəviyyatının qorunması;

* başqa şəxslərin hüquq və azadlıqlarının qorunması.

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının “Yığıncaqlar və birləşmək azadlığı” adlanan 11-ci maddəsində isə qeyd olunur ki, “1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ var. 

2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur”.

Maddədən göründüyü kimi, Avropa Konvensiyası sərbəst toplaşmaq hüququnun aşağıdakı mənafelərin qorunması üçün qanunla məhdudlaşdırılması imkanını nəzərdə tutur:

* milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə;

* iğtişaşın və cinayətin qarşısını almaq üçün;

* sağlamlığın və mənəviyyatın mühafizəsi üçün;

* digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün.

Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin II hissəsində qeyd olunur ki, “bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir”. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını nəzərdə tutan hər hansı bir müddəasının beynəlxalq hüquqi aktlara uyğunlaşdırılması məntiqə uyğundur və konstitusion prinsiplərlə hər hansı bir ziddiyyət təşkil etmir. Bundan irəli gələrək milli qanunvericiliyimiz sərbəst toplaşmaq azadlığı hüququnu beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimləyir.

Bir məsələni qeyd etmək lazımdır ki, demokratik hüquqi dövlətlərin konstitusiya hüququ konsepsiyasında belə bir ideya formalaşıb ki, insan hüquq və azadlıqları ilə bağlı məhdudiyyətlər ya bu hüququ təsbit edən konstitusiyanın özündə birbaşa ifadə olunmalı, ya da konstitusiya bununla bağlı qanunvericiliyə səlahiyyət verməli, bu hüququn qanunla məhdudlaşdırılması əsaslarını və imkanını nəzərdə tutmalıdır.

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin 24 dekabr 2002-ci il tarixli  404-IIKQ saylı Konstitusiya Qanununun 3-cü maddəsi qanun əsasında insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına dair tələbləri nəzərdə tutur. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

Əsas Qanunun 3-cü maddəsində, həmçinin müəyyən edilir ki, Konstitusiyanın 49-cu maddəsində nəzərdə tutulan sərbəst toplaşmaq azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə, həmçinin iğtişaşların qarşısının alınması üçün, habelə ictimai təhlükəsizliyin qorunması  üçün  məhdudlaşdırıla bilər.

Müvafiq məhdudiyyətlər 1998-ci il noyabrın 13-də qəbul olunmuş “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir və burada, əsas etibarilə, sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi zamanı təhlükənin baş vermə ehtimalını azaltmaq, təhlükəsizliyi təmin etmək və gündəlik iş rejiminin pozulmasının qarşısının alınmasını təmin etmək məqsədi güdülür.

İnsan hüquqları sahəsindəki beynəlxalq hüquqi aktlar və dünya dövlətlərinin konstitusiya qanunvericiliyinin təhlili belə bir nəticəyə gəlməyə əsas verir ki, sərbəst toplaşmaq azadlığına hər hansı məhdudiyyət yalnız qanunla və demokratik cəmiyyətdə zəruri olan bir sira mənafelərin qorunması üçün nəzərdə tutulur. Eyni mövqedən çıxış edən “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun “Sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər” adlanan 7-ci maddəsinin I hissəsində göstərilir ki, sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Qanun müəyyən edir ki, sərbəst toplaşmaq azadlığına məhdudiyyətlər aşağıdakı mənafelərin qorunması məqsədilə qoyula bilər:

1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün;

2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün;

3) iğtişaş və ya cinayətlərin baş verməməsi üçün;

4) əhalinin sağlamlığının mühafizəsi üçün;

5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün;

6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün.

Qanunda birbaşa göstərilir ki, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib olmalıdır. Bu mütənasibliyin mahiyyət etibarilə nədən ibarət olması göstərilməsə də qeyd olunur ki, həmin məhdudiyyət qarşıya qoyulmuş məqsədə nail olmaq üçün lazım olan hədləri aşmamalıdır. Eyni zamanda, müəyyənləşdirilir ki, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması üçün görülən tədbirlər məhdudiyyətin qoyulmasına səbəb olmuş məqsədə nail olmaq üçün son dərəcə zəruri olmalıdır.

Qanunda, həmçinin sərbəst toplaşmaq azadlığının qadağan edilməsi və ya dayandırılması əsasları da nəzərdə tutulur. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə görə, toplantının qadağan edilməsi və ya dayandırılması əsasları aşağıdakılardır:

I.Ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən toplantılar qadağan edilir;

II.müharibəni təbliğ edən toplantılar qadağan edilir;

III.Siyasi məqsədlə dinc toplantı keçirmək aşağıdakı hallarda qadağan edilir:

1) Azərbaycan Respublikası Prezidentinin seçkiləri (ölkə ərazisində), Azərbaycan Respublikası Milli Məclisinə seçkilər (ölkə ərazisində), Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər (Naxçıvan Muxtar Respublikasının ərazisində), bələdiyyələrə seçkilər (müvafiq şəhər və rayonun ərazisində) gününə 24 saat qalmışdan seçki günü səsvermə məntəqələri bağlananadək;

2) referendumun keçirildiyi günə 24 saat qalmışdan səsvermə məntəqələri bağlananadək;

3) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş mühüm dövlət əhəmiyyətli beynəlxalq tədbirlərə hazırlıq dövründə və onların keçirildiyi günlərdə həmin tədbirin keçirildiyi şəhər və rayonların ərazilərində.

IV. Toplantı demokratik cəmiyyətdə zəruri olan hallarda və bu Qanunun 7-ci maddəsinin I hissəsində müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə qadağan edilə bilər.

V. Zəruri hallarda toplantı bu Qanunun 7-ci maddəsinin I hissəsində müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə dayandırıla bilər.

VI. Bu maddənin IV və V hissələrinə uyğun olaraq, toplantının qadağan edilməsi və ya dayandırılması son zərurət tədbiri sayılır və yalnız bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş məhdudiyyətlər kifayət etmədikdə tətbiq edilir.

Qeyd olunanları ümumiləşdirərək belə bir nəticəyə gəlirik ki, referendum aktının 8-ci bəndində Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin II hissəsində “etməklə” sözündən sonra “ictimai qaydanı və ictimai əxlaqı pozmamaq şərtilə,” sözlərinin əlavə edilməsi Azərbaycan Respublikasının insan hüquqları sahəsində tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlara tamamilə uyğundur və demokratik hüquqi dövlət prinsipləri ilə heç bir ziddiyyət təşkil etmir, cari qanunvericiliklə tənzimlənən məsələlərin konstitusion əsaslarını möhkəmləndirmək niyyətini daşıyır və əsas məqsədi bu hüququn realizə imkanlarını məhdudlaşdırmaq deyil, cəmiyyət və dövlət maraqlarının daha etibarlı qorunmasıdır.

Elşad Nəsirov,
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Koordinasiya Şurasının üzvü,
hüquq üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında