Referendum aktı inkişafın Azərbaycan modelinin daha da təkmilləşdirilməsinə xidmət edir

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan keçən dövr ərzində ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması, xüsusilə də siyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində kompleks tədbirlər, islahatlar həyata keçirilib. Bunun da nəticəsində  cəmiyyət inkişaf edib,   münasibətlər sistemində mütərəqqi yeniliklər ortaya çıxıb.

Belə halda isə təbii ki, həmin  yeniliklər qanunlarla tənzimlənməli, ölkə Konstitusiyasında öz əksini tapmalıdır. Prezident İlham Əliyevin sərəncamı ilə Konstitusiyada dəyişikliklər edilməsi məqsədilə bu il sentyabrın 26-da respublikamızda keçiriləcək ümumxalq səsverməsi də (referendum)  məhz bu zərurətdən irəli gəlir. Referendumla Azərbaycanın   müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcı qoyulacaq. Konstitusiyada dəyişikliklər, əlavələr edilməsi müstəqil qanunvericilik və dövlət sisteminin əsaslarını daha da möhkəmləndirəcək. Başqa sözlə, təklif olunan dəyişikliklər bir tərəfdən demokratiyanın dərinləşməsinə, insan hüquq və azadlıqlarının dövlət tərəfindən təminatlı olmasına,  digər tərəfdən də dövlət idarəçiliyi mexanizminin daha da təkmilləşdirilməsinə müsbət təsir göstərəcək. Bütün bunlarla bağlı bir qədər ətraflı danışmaq istərdim. Əvvəla qeyd edim ki, referendum aktı layihəsinin təhlili göstərir ki, hazırkı Konstitusiya islahatı ölkə həyatının ən müxtəlif sahələrini əhatə edir. Təhlükəsizlik və müdafiə, insan hüquq və azadlıqlarının qorunması, ondan sui-istifadə hallarına yol verilməməsi, xüsusi mülkiyyətlə bağlı sosial öhdəliklər, vətəndaşın informasiya təhlükəsizliyinin etibarlı təminatı, insanların seçmək və seçilmək hüquqlarının genişləndirilməsi, dövlət idarəetmə strukturlarının təkmilləşdirilməsi, bələdiyyələrin məsuliyyətinin artırılması və digər vacib məsələlərin tənzimlənməsinə şamil edilməsi ilə bağlı nəzərdə tutulan dəyişikliklər məhz bu qəbildəndir. Nəzərdə tutulan dəyişikliklər arasında təhlükəsizlik və müdafiə məsələlərinin təsbit olunduğu Konstitusiyanın 9-cu maddəsinin I hissəsinin aşağıdakı redaksiyada verilməsi mühüm önəm daşıyır: "Azərbaycan Respublikası öz təhlükəsizliyi və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir." Təbii ki, bu dəyişikliyin ölkə Konstitusiyasında belə bir məzmunda əks olunması gələcəkdə hər hansı bir qeyri-qanuni hərbi birləşmələrin yaradılması ehtimalının qarşısını almaq baxımından vacib hüquqi təminat yaradır.

Ümumiyyətlə, Referendum aktında Azərbaycan Silahlı Qüvvələri ilə bağlı dəyişiklik edilməsi təsadüfi deyil. Çünki Azərbaycan Ordusu həmişə dövlətçiliyin keşiyində duran mühüm güc təsisatıdır. Bu gün xalqımız öz ordusu ilə daim fəxr edir. Konstitusiyada ediləcək dəyişiklik, ilk növbədə, ordunun hüquqi statusunun daha dəqiq göstərilməsi və siyasi hakimiyyətin ordu siyasəti arasında dəqiq sərhədin göstərilməsi ilə əlaqədardır. İnkişaf etmiş demokratik dövlətlərdə plüralizm və tolerantlıq münasibətləri təkmilləşdirilir, cəmiyyətin hər bir üzvünə öz hüquq və azadlıqlardan istifadə etmək üçün geniş imkanlar yaradılır. Lakin təcrübə göstərir ki, bir çox hallarda konkret şəraitdə bu hüquq və azadlıqlardan sui-istifadə olunması halları da baş verir. Yəni, müvafiq qanunvericilikdə boşluqların olması demokratik cəmiyyətin mahiyyətindən irəli gələn münbit şəraitdən neqativ məqsədlər üçün faydalanmaq təhlükəsini meydana çıxara bilər. Ona görə də Konstitusiyanın 24-cü maddəsinə "İnsan ləyaqəti qorunur və ona hörmət edilir" məzmunlu I hissənin, habelə III hissəyə "Hüquqlardan sui-istifadəyə yol verilmir" məzmunlu cümlənin əlavə edilməsi təklif olunub. 

Konstitusiyanın 25-ci maddəsinə təklif olunan dəyişikliklər hər bir şəxsin qanun qarşısında bərabərliyi prinsipinin daha da möhkəmləndirilməsinə etibarlı hüquqi zəmin yaradır. Referendum Aktında Konstitusiyanın yuxarıda göstərilən maddəsinin III hissəsinin birinci cümləsində "milliyyətindən" sözünün "etnik mənsubiyyətindən" sözləri ilə, ikinci cümləsində "milli" sözünün "etnik" sözü ilə əvəz edilməsi, habelə bu maddəyə "Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar" məzmunda VI hissə əlavə edilməsinin nəzərdə tutulması da bunun bariz ifadəsidir. 

Təklif olunan yeniliklər sırasında Milli Məclisin üzvü seçilmək üçün yaş məhdudiyyətinin aradan qaldırılması məsələsinə də nəzər salaq. Əvvəla bu, o demək deyil ki, 18 yaşı tamam olan hər bir kəs mütləq parlamentin üzvü seçiləcək. Burada məqsəd məsələyə hüquqi qiymət verilməsindən gedir. Belə ki, bu gün cəmiyyətdə kifayət qədər təhsilli, enerjili, yeni ideyalarla çıxış edən gənc var. Onların potensialından faydalanmaq lazımdır. Kimin Milli Məclisdə təmsil olunacağını seçkilər müəyyənləşdirir. Bir sıra hallarda gənclərin seçkidə erkən iştirakı  lazımdır ki, onlar seçki prosesi təcrübəsini əldə edə bilsinlər. Bu baxımdan yaş məhdudiyyətinin götürülməsinə müsbət hal kimi yanaşmaq lazımdır. 

Digər tərəfdən, məsələyə məntiqlə yanaşsaq, görərik ki, əgər bir şəxs 18 yaşında vətəndaşlıq hüququ alırsa, onun seçib-seçilmək hüququ da olmalıdır. Təbii ki, Milli Məclisin deputatı olmaq ağır məsuliyyətdir. Bu dəyişiklik 18 yaşı tamam olan gənclərin deputat seçilmək hüququ qazanması, gənclərimizin önə çəkilməsi və gənc yaşında böyük siyasi təcrübə toplaması istiqamətində atılan mütərəqqi addımdır. Yeri gəlmişkən, Konstitusiyada ediləcək dəyişikliklə bağlı 18 yaşı tamam olan gənclərin deputat seçilmək hüququ qazanması məsələsi ölkə dəmiryolçu gəncləri tərəfindən birmənalı şəkildə dəstəklənir. Eyni zamanda, bu, ölkənin qurucu gəncləri üçün böyük imkanlar açır.

Yeni vitse-prezidentlik institutunun yaradılması ilə bağlı məsələyə də toxunmaq istərdim. Qeyd edim ki, artıq Azərbaycan əhalisi çox olan dövlətlər qrupuna daxildir. Belə halda isə ölkənin idarə edilməsində yeni mexanizmlər tətbiq olunmalıdır. Bu baxımdan vitse-prezidentlik institutunun yaradılması bir çox mühüm məsələlərin ölkə  Prezidenti səviyyəsində diqqətdə saxlanılmasına imkan verəcək. Vitse-prezidentlər əsasən ümumi məsələlərə nəzarət edəcəklər. Onlar konkret istiqamətlər üzrə - iqtisadi islahatlar, xarici siyasət, ictimai-siyasi məsələlər, hərbi quruculuq məsələləri üzrə strateji layihələr üzrə fəaliyyət göstərəcəklər, səlahiyyətlərini isə dövlət başçısı müəyyənləşdirəcək. Bütün məsələlər prezidentdən sonra ikinci şəxs səviyyəsində ciddi nəzarət altında saxlanılacaq. Bu da məsələləri operativ və günün tələblərinə uyğun şəkildə həll etməyə imkan verəcək. Bu məsələ ilə bağlı onu da qeyd edim ki, vitse-prezidentlik institutu, ilk növbədə, dövlət idarəçiliyinin möhkəmlənməsinə   müsbət təsir göstərəcək. Ümumiyyətlə, bütün ölkələrdə iqtisadi siyasi islahatlara hər zaman ehtiyac var. Təklif edilən dəyişiklikləri də həmin islahatların sırasına daxil etmək olar. Təbii ki, bu məsələlər əvvəlcədən ölçülüb-biçilərək, kifayət qədər müzakirə olunub. İdarəçilik təcrübəsi olan bir şəxs kimi mənim gəldiyim qənaət də məhz bundan ibarətdir.

Referendum aktında diqqətçəkən məqamlardan biri də Milli Məclis deputatının  səlahiyyətindən məhrum edilməsi məsələsidir. Xatırladım ki, respublikamızda 25 il ərzində cəmi bir neçə dəfə deputat səlahiyyətindən məhrumedilmə  proseduru reallaşıb. Konstitusiyada ediləcək dəyişikliklə əlaqədar ən maraqlı məqamlardan biri seçkilərdə yaş senzinin götürülməsi ilə bağlıdır. Azərbaycanda bütün idarə və təşkilatlara rəhbərlik etməklə bağlı yaş senzi aradan qaldırılıb. İndi isə həm parlament seçkiləri, həm də ölkə prezidentliyi üçün yaş senzinin, ümumiyyətlə, aradan götürülməsi təklif olunur. Bu da normal, bütün demokratik dövlətlərə uyğun olan bir islahatdır.

Referendum aktı layihəsində təklif olunan dəyişikliklər sırasında əmək müqaviləsi əsasında işləyənlərin hüquqlarının müdafiəsi məsələsi də diqqət çəkir. Buna nail olmaq məqsədilə 36-cı maddəyə edilən dəyişikliyə lokaut anlayışı əlavə edilib. Belə ki, həmin maddəyə əlavə edilməsi təklif olunan IV hissəyə görə, qanunla müəyyənləşdirilən hallar istisna olmaqla, lokaut qadağandır. Yəni, əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ yalnız qanunla nəzərdə tutulan hallarda məhdudlaşdırıla bilər.

Bütün yuxarıda qeyd edilənlərlə yanaşı, Referendum Aktı layihəsində təklif olunan Konstitusiyanın 47-ci maddəsinin III hissəsində "sosial" sözündən sonra "və hər hansı digər meyara əsaslanan" sözlərinin, 49-cu maddənin II hissəsində "etməklə" sözündən sonra ", ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə," sözlərinin, 53-cü maddənin I hissəsində "heç bir halda" sözlərinin çıxarılması və "vətəndaşlığından" sözündən sonra "(onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla)" sözlərinin əlavə edilməsi, 56-cı maddənin III hissəsində "seçkilərdə iştirak etmək" sözlərinin "seçilmək" sözü ilə əvəzlənməsi,   57-ci maddənin I hissəsinə "Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər" məzmunda ikinci cümlənin daxil edilməsi də mütərəqqi xarakter daşıyan dəyişikliklərdəndir.

Sonda işlədiyim "Azərbaycan Dəmir Yolları" QSC-də   yaradılan referendum üzrə təşviqat qrupunun fəaliyyətinə də toxunmaq istərdim. Təşviqat qrupu artıq paytaxtda və bölgələrdə QSC-nin Bakı, Şimal, Cənub və Qərb hissələrinin kollektivlərində  ciddi işlər görüb, maarifləndirmə tədbirləri həyata keçirib.  Təşviqat qrupu, demək olar ki,  təşviqat-təbliğat kampaniyasını uğurla reallaşdırıb. Vətəndaşlarla görüş zamanı onlara Konstitusiya dəyişikliklərinin əhəmiyyəti barədə izahlar verilib və bu dəyişikliklərin sırf dövlətin qüdrətinin artmasına, hüquqi dövlət və vətəndaş cəmiyyətinin təməllərinin gücləndirilməsinə, idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə, hüquq və azadlıqların müdafiəsinə xidmət etdiyi diqqətə çatdırılıb. İnanıram ki, həmişə  Azərbaycan Prezidentinin yanında olan dəmiryolçular Konstitusiya islahatlarına da "hə" deyəcək və dövlətin daha da modernləşməsi, ölkənin sürətli inkişafı üçün islahatların sürətləndirilməsinə əlverişli şərait yaranacaq. Bu, başqa cür də ola bilməz. Axı, heç kəsə sirr deyil ki, referendum aktı inkişafın Azərbaycan modelinin daha da demokratikləşməsinə xidmət edir.

Bu, Azərbaycanın gələcəyinə aparan yeganə yoldur. Düşünürəm ki, müdrik xalqımız təklif olunan əlavə və dəyişikliklərə düzgün qiymət verəcək və ali qanunda əksini tapması üçün Konstitusiya referendumunu dəstəkləyəcək.

Məhərrəm MƏMMƏDOV,
"Fəxri dəmiryolçu", 
iqtisadçı-ekspert


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında