Şriftin ölçüsü:
05.12.2010 03:17 | Oxunma sayı: 411
Türkiyəli "yazar" Turqut Ər adlı şəxsin ermənilərin tezislərindən ibarət kitabının işıq üzü görməsi və həmin kitabdan seçmələrin Azərbaycanın dağıdıcı müxalifət düşərgəsinin ruporu olan "Azadlıq" qəzetində ardıcıl olaraq dərc edilməsi, hər iki ölkədə ciddi narazılıqla qarşılanıb.
Tanınmış siyasi xadimlər, ziyalılar, ictimaiyyət nümayəndələri qəti şəkildə bildirirlər ki, vaxtilə Türkiyənin Azərbaycandakı səfirliyində çalışmış və fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə işindən uzaqlaşdırılmış Turqut Ər, ötən əsrin 90-cı illərində baş vermiş hadisələri, eyni zamanda iki qardaş ölkənin münasibətlərini təmsil etdiyi avantürist dairələrin marağına uyğun təqdim edir, bu zaman antitürk və antiazərbaycan təbliğatı aparmaqdan belə çəkinmir. Buna görə də onlar belə qənaətə gəliblər ki, cızma-qara hər iki xalqa yad ünsürlərin diqtəsi ilə qələmə alınıb. Çünki kitabda açıq-aşkar hər iki ölkənin münasibətlərinin inkişafında müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər hədəfə götürülərək, onlar haqqında həqiqətlərə uyğun olmayan, qərəzli, subyektiv mülahizələrə əsaslanan məlumatlar xüsusilə qabarıq şəkildə özünü büruzə verib, həqiqətlər təhrif edilib. Bu isə heç bir türk oğluna yaraşmayan iyrənc bir hərəkətdir.
Həm Türkiyədə, həm də Azərbaycanda belə hesab edirlər ki, ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin qurucusu və memarıdır. Məhz onun yürütdüyü siyasət nəticəsində "Odlar yurdu" tam müstəqilliyini əldə etmiş, turqutkimilərin yazdığı kimi "Azadlıqdan tiranlığa" deyil, əksinə tiranlıqdan həqiqi azadlığına qovuşmuşdur. Ölkədə aparılan əsaslı demokratik islahatların müəllifi də məhz Heydər Əliyev olmuşdur.
Bu gün Turqut Ərə və onun təmsil etdiyi Türkiyənin məhdud avantürist dairələrə etiraz edənlər arasında hər iki ölkənin əlaqələrinin güclənməsini istəyən insanların sayı təbi olaraq daha çoxdur. Bu da səbəbsiz deyil. Çünki Heydər Əliyev ötən əsrin 90-cı illərində Türkiyə-Azərbaycan dostluğunun möhkəm təməllər üzərində qurulmasında və inkişaf etməsində müstəsna xidmət göstərmişdir. Onun hər iki ölkə barədə "Biz bir millət, iki dövlətik" müdrik kəlamı bu gün də Türkiyədə və Azərbaycanda milyonlarla insan tərəfindən sevgiylə tələffüz edilir. Buna görə də qardaş ölkənin istər siyasi dairələri, istərsə də sadə vətəndaşları bu həqiqəti həmişə dilə gətirir, əbədi öndər Heydər Əliyevi hörmətlə yad edir, ona qarşı aparılan çirkin təbliğata isə etiraz edirlər. İki ölkə münasibətlərinin inkişafını dəstəkləyən "Azərbaycan - Türkiyə İş Adamları Birliyi"nin fəxri sədri Ahmet Erentok da son vaxtlar hər iki ölkə ictimaiyyətinin qınaq obyektinə çevrilən Turqut Ər və onun təmsil etdiyi erməniyönümlü qruplara etiraz olaraq bəyanat qəbul edib. Bəyanatda deyilir:
"Mən, Azərbaycan və Türkiyə respublikalarının vətəndaşı olaraq, iki qardaş ölkə arasındakı əlaqələrdə gərginlik yaratmaq məqsədilə atılan addımları qəti şəkildə pisləyirəm.
1990-cı illərdə Azərbaycanda olmuş sabiq diplomatın yazdığı kitabı bu baxımdan böyük təəssüf hissi ilə qarşılayır, yüksək strateji səviyyədə olan ikitərəfli münasibətlərimizin pozulmasına istiqamətlənmiş bir addım kimi dəyərləndirirəm. Bu səbəbdən gördüyü yanlış işə görə Turqut Əri qınayıram. Eyni zamanda, bütün Azərbaycan və Türkiyə vətəndaşlarını da bu qınağa qoşulmağa çağırıram.
Qeyd etmək istəyirəm ki, Heydər Əliyev Azərbaycan tarixində misilsiz xidmətləri olmuş şəxsdir və bu cür cızma-qaralar onun gördüyü işlərə kölgə sala bilməz. Hələ 2000-ci ildə Qərbin aparıcı qəzetlərinin birində Azərbaycan əleyhinə dərc edilmiş məqalə ilə bağlı keçirdiyim mətbuat konfransında qeyd etdiyim ki, "günəş palçıqla örtülə bilməz". İndi yenə də təkrar etmək istəyirəm ki, antiazərbaycançı qüvvələrin israrlı səylərinə baxmayaraq, ölkəmizin əldə etdiyi nailiyyətlərə kölgə salınması mümkün deyil.
Bütün maneələrə və cəhdlərə baxmayaraq, Azərbaycan və Türkiyənin ikitərəfli münasibətləri bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf edir. Əminəm ki, antiazərbaycançı və antitürkiyəçi qüvvələrin fəaliyyətinə baxmayaraq, onlar öz məqsədlərinə nail ola bilməyəcəklər, Azərbaycan və Türkiyə xalqları, hər iki ölkənin rəhbərliyi və ictimaiyyəti buna qətiyyən imkan verməyəcəkdir."
{nl}
Rauf ƏLİYEV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.