Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Prezidenti Administrasiyası Qanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyev ölkə Konstitusiyasına əlavə və dəyişikliklərə dair referendum aktı layihəsinə Venesiya Komissiyasının verdiyi rəylə bağlı mətbuat konfransı keçirdi.
Şahin Əliyev bildirdi ki, sentyabrın 20-də Venesiya Komissiyasının saytında Azərbaycanın referendum aktı layihəsi ilə bağlı ilkin rəy yerləşdirilib. Bu, böyük bir qurumdur. Onunla Azərbaycanın həmişə çox səmərəli əməkdaşlığı olub və bir çox hallarda bir-birimizlə razılaşmasaq da, mövqelərimizə həmişə hörmətlə yanaşmışıq: “Mənim yadıma gəlmir ki, bu və ya digər məsələ ilə əlaqədar Venesiya Komissiyası 3 aydan tez rəy bildirmiş olsun. Həmişə hər hansı ilkin rəy hazırlanarkən elektron poçt vasitəsilə Azərbaycan tərəfinə göndərilirdi, fikirlərimiz, arqumentlərimiz öyrənilirdi. Yalnız bundan sonra həmin rəy dərc edilirdi. Bu dəfə isə referendum aktının layihəsinə dair rəy hazırlanarkən bu prosedur kobudcasına pozulmuşdur”.
Şahin Əliyev qeyd etdi ki, komissiyasının rəyi AŞPA sədrinin sorğusu əsasında hazırlanır. Bu sorğu komissiyaya sentyabrın 6-da təqdim edilib və cəmi 2 həftədən sonra Azərbaycan tərəfinin dinlənilmək hüququ əlindən alınaraq, rəy komissiyanın saytında dərc edilib. İngilis dilində bir ifadə var: “dyu-proses”. Bu, məhkəmə prosesində qarşı tərəfin ittiham edilməsindən əvvəl dinlənilməsi hüququnu əhatə edir. İndiki halda bu hüququmuz əlimizdən alınmışdır və biz faktiki olaraq, fakt qarşısında qoyulmuşuq.
Venesiya Komissiyasının rəyində qeyd edilir ki, Konstitusiyaya ediləcək 29 düzəlişin müzakirəsi üçün 2 ay müddət yetərli deyil. Lakin həmin 29 dəyişikliyə dair rəyin 2 həftə ərzində hazırlanması mümkündür: “Rəydə kifayət qədər kobud səhv var. Misal üçün, burada Azərbaycan Konstitusiyasının 159-cu maddəsinə istinad edilir. Ancaq Azərbaycan Konstitusiyasında 159-cu maddə yoxdur. Konstitusiya yalnız 158 maddədən ibarətdir”.
Şahin Əliyevin sözlərinə görə, bütövlükdə rəydə Konstitusiyaya insan haqları ilə bağlı düzəlişlər komissiya tərəfindən dəstəklənir. Onların əsas narazılıqları icra hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlıdır. Söhbət təsis ediləcək vitse-prezidentlər institutundan gedir. Əsas iradlar ondan ibarətdir ki, təyinatlı vitse-prezidentlər institutu demokratik standartları pozur: “Normal müzakirələr keçsəydi, bizim rəyimiz öyrənilsəydi, onlara sual vermək olardı ki, bu demokratik standart hansı beynəlxalq sənəddə, aktda öz əksini tapıb. Belə demokratik standart mövcud deyil. Yazırlar ki, Azərbaycan Prezidenti öz səlahiyyətlərini icra edə bilmədikdə onun səlahiyyətlərinin vitse-prezidentlər tərəfindən icra edilməsi qeyri-demokratikdir. Ona görə ki, vitse-prezident seçkili deyil, təyinatlı vəzifədir. Həmin ekspertlərə bildirmək olardı ki, hamının demokratik ölkə hesab etdiyi ABŞ-da prezident öz səlahiyyətlərini icra edə bilmədikdə bu səlahiyyətləri vitse-prezident icra edir. O da icra edə bilmədikdə səlahiyyətlər seçilməmiş, siyahı üzrə təyinatlı nazirlərə keçir. Ancaq bu prosedur qeyri-demokratik adlandırılmır. Vitse-prezidentlər institutu Azərbaycanda aparılan iqtisadi islahatların tələbidir. Bu gün Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə iki köməkçisi var və bu, onun iqtisadi siyasətini həyata keçirmək üçün kifayət deyil. Bu, çox mürəkkəb və məsuliyyətli prosesdir. Burada sahələr üzrə siyasət aparılması tələb olunur”.
Rəydə bildirilir ki, Nazirlər Kabineti ölkədə aparılan iqtisadi islahatların lokomotivinə çevrilə bilmir. Şahin Əliyevə görə, bu, fikirlə razılaşmaq olar. Amma o da qeyd olunmalıdır ki, Nazirlər Kabineti uzunmüddətli proseslərdə kifayət qədər effektiv fəaliyyət orqanıdır. Hər ay dəyişən iqtisadi vəziyyətdə, maliyyə siyasətində isə aparıcı rol oynaya bilməyib. Ona görə ki, Nazərlər Kabinetinin institusional səlahiyyəti, quruluşu, iş tərzi bu cür fəaliyyət üçün nəzərdə tutulmayıb. Çevik qərar qəbul etmək imkanı olan institut bu günün tələbidir.
Digər bir narazılıq Prezident tərəfindən parlamentin buraxılmasının nəzərdə tutulması ilə bağlıdır. Söhbət 1995-ci il Konstitusiyasının maddəsindən gedir. Bu da həyatın tələbidir. Çünki hər bir kollegial orqanda olduğu kimi, parlamentin fəaliyyətində də pat vəziyyəti mümkündür. Dəfələrlə mətbuatda qeyd edilib ki, parlament Prezidentin təqdim etdiyi layihələri 2 ay müddətində qəbul etməli olsa da, bəzən buna əməl olunmur. Eyni zamanda, Venesiya Komissiyası öz rəyində başqa ölkələrin təcrübəsinə istinad etmir. 95-ci maddədə parlamentin buraxılması səbəbləri sadalanır. Bu zaman Konstitusiyanın müvafiq maddələrinə istinad edilir. Və göstərilir ki, parlament müvafiq tələbləri yerinə yetirə bilmədikdə buraxılır: “Amma Fransada prezident parlamenti çox asanlıqla buraxa bilir. Fransa Konstitusiyasının yeganə tələbi ondan ibarətdir ki, bu addımdan əvvəl Senat və Milli Assambleya sədrləri məsləhətləşmələr keçirməlidirlər. Ancaq bu məsləhətləşmələrin nəticəsinin nəzərə alınıb-alınmaması barədə Konstitusiyada heç nə yoxdur. Bizdə isə bütün səbəblər sadalanır”.
Şöbə müdirinin dediyinə görə, başqa bir irad Azərbaycan Prezidentinin səlahiyyət müddətinin 7 il nəzərdə tutulmasıdır. Yenə başqa ölkələrin təcrübəsi kifayət qədər öyrənilməyib. Hazırda İsraildə, İslandiyada, Kiprdə prezidentlər 7 il müddətinə seçilir. Finlandiyada, Avstriyada 6 il müddətinə seçilir. Fransada 2007-ci ilə qədər bu müddət 7 il idi. Bu məsələnin əsas məğzi ondan ibarətdir ki, parlamentlə icra hakimiyyəti başçısının mandat müddəti üst-üstə düşməsin. Bir də hər 5 ilin üç ilini Azərbaycan seçki həyəcanı şəraitində keçirir: prezident, parlament, bələdiyyə seçkiləri. Bu vəziyyətdən çıxış yolu kimi prezidentin mandatının 7 ilə qədər artırılması təklif edilir. Maraqlıdır ki, Fransada prezidentlik müddəti 7 ildən 5 ilə salınanda Jak Şirak cəmi iki söz demişdi: 7 il çoxdur, 5 il daha məqbuldur.
Şahin Əliyevin dediyinə görə, başqa bir irad Azərbaycan Prezidentinin növbədənkənar prezident seçkilərini elan etməsi ilə bağlıdır. Bu da onunla izah edilir ki, Prezidentin səlahiyyət müddəti 7 il olduğu üçün onun xalqa qarşı inam votumu məqsədilə müraciət etmək imkanı olmalıdır. Bu da çox məntiqi bir haldır. Bütövlükdə belə bir təəssürat yaranır ki, Venesiya Komissiyasının son addımı siyasi sifarişdir. Ona görə ki, iki həftədə rəyin tələm-tələsik hazırlanması ağlasığmaz bir işdir. Azərbaycanda referendum aktının layihəsi ilk dəfə iyulun 18-də dərc edilmişdi və Konstitusiya Məhkəməsinə təqdim olunmuşdu. Hər bir vətəndaşın layihəyə dair irad və təklif vermək imkanı oldu. Lakin AŞPA sədrinin məktubu nə iyulda, nə avqustda, məhz sentyabrın 6-da, referenduma cəmi 20 gün qalmış Venesiya Komissiyasına ünvanlanmışdır. Bunun səbəbini mən yalnız siyasi sifariş kimi izah edə bilərəm.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.