Konstitusiyaya dəyişikliklər zamanın və reallığın tələbidir

Referendum siyasi mənasına və mahiyyətinə görə dövlət həyatının ən mühüm məsələlərinin ümumxalq səsverməsinə qoyulması, xalqın rəyinin sorğusu, ifadəsidir.Xalqın siyasi iradəsinə, cəmiyyətin bütün təbəqələrinin milli mənafeyi və maraqlarına uyğun ümumxalq səsverməsinin keçirilməsi və onun təşkil edilməsidir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2016-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” keçiriləcək referendumun dövlət və cəmiyyətin demokratik inkişafı, yeniləşməsi, onun siyasi, sosial-iqtisadi yüksəlişi, insan hüquqları və azadlıqlarının bərqərar olması üçün mühüm əhəmiyyəti var.

Müstəqil Azərbaycan Respublikası artıq 25 ildir ki, demokratiya, dünyəvi, hüquqi dövlət quruculuğu, bazar iqtisadiyyatı yolu ilə inamla irəliləyir.Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə qanunun aliliyinin təmin olunması, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, bu məqsədlərin gerçəkləşməsi yolunda çoxşaxəli islahatların həyata keçirilməsinə başlandı. Bu dövrdə Azərbaycanda siyasi, iqtisadi, sosial, hüquqi islahatların həyata keçirilməsi sayəsində ölkəmiz sürətli, davamlı inkişaf yoluna qədəm qoydu.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış və 1995-ci ilin 12 noyabrında qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası  zamanın tələbi ilə səsləşərək, ümumilikdə cəmiyyətin demokratikləşməsində yeni imkanlar açdı, bütün sahələrdə islahatların həyata keçirilməsində mühüm əhəmiyyətə malik oldu.  Konstitusiyanın qəbulundan ötən 21 il ərzində respublikamızda böyük dəyişikliklər baş vermiş, sosial-iqtisadi islahatlar daha da genişlənmiş, Azərbaycan insan hüquq və azadlıqları ilə bağlı bir sıra konvensiya və sazişlərə qoşulmuş, Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilatın tamhüquqlu üzvü kimi tanınmış, demokratikləşmə, qanunvericiliyin təkmilləşdirilməsi və liberallaşdırılması sahəsində uğurlar qazanmışdır.

Ötən dövr ərzində Konstitusiyamızda 24 avqust 2002- ci ildə və 18 mart 2009-cu il tarixlərində keçirilən ümumxalq səsverməsi ilə iki dəfə əlavə və dəyişikliklər edilmişdir. Azərbaycanda baş verən sürətli demokratik dəyişikliklər, vətəndaşların siyasi şüur səviyyəsinin yüksəlməsi, işgüzarlığının artması, şəxsiyyət və dövlət arasında qarşılıqlı əlaqənin köklü surətdə dəyişməsi, vətəndaşların şəxsiyyətinin qorunmasının təmin edilməsi, insan hüquq və azadlıqlarının ali dəyər sayılması, dövlətin hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verməsi keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Bütün bunlar demokratiyanın, iqtisadi-sosial yüksəlişin nəticəsidir. Ölkəmizin hərtərəfli davamlı inkişafı, onun ildən-ilə Avropaya və dünyaya inteqrasiya olunması Konstitusiyada bir sıra mütərəqqi dəyişikliklər edilməsi zərurətini yenidən meydana gətirmişdir.              Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2016-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılmışdır.

Referendum aktında Azərbaycan Konstitusiyasının 29 maddəsinin 23-də dəyişiklik edilməsi və 6 maddənin əlavə olunması nəzərdə tutulur.Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, idarəetmənin təkmilləşdirilməsi, təhlükəsizliyin daha da möhkəmləndirilməsi, siyasi idarəçiliyin fəaliyyətinin optimallaşdırılması, dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələrin təkmilləşməsi, iqtisadi islahatların səmərəliliyi və davamlılığının təmin edilməsi, sahibkarlıq sahəsində dövət maraqlarının, insan həyat və sağlamlığının müdafiəsi, iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi, cəmiyyətdə sabitliyə əlavə təminat verilməsi, insan hüquqlarının qorunmasında bələdiyyələrin məsuliyyətinin artırılmasını və s. nəzərdə tutur. Bütün bunlar milli maraqlara və inkişafa xidmət göstərir.

Konstitusiyanın “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” ilə bağlı fəslinin 15 maddəsinə əlavə və dəyişikliklər nəzərdə tutulur. Bunlar əsasən insanların şərəf və ləyaqətinin qorunması, onların hüquqlarının müdafiə olunması, vətəndaşların müraciətlərinə baxılması, dövlət orqanlarının vətəndaşa münasibətdə məsuliyyətinin yüksəldilməsi,vətəndaşların təhlükəsizliyinin təmin olunması, fərdi məlumatların qorunmasına etibarlı təminat yaradılması, insan hüquq və azadlıqlarının təmin edilməsi məsələləri kimi mütərəqqi təkliflərdir.

Dövlət idarəçiliyinin yeni mexanizminin formalaşdırılması ilə əlaqədar Konstitusiyaya dəyişikliklərdə vitse-prezidentlik institutunun yaradılması, prezidentlik müddətinin 7 il müəyyən edilməsi təklif olunur.Dünya təcrübəsində olduğu kimi məqsədyönlü hesab edilən bu yeni idarəetmə sisteminin yaradılması ölkəmizin indiki inkişaf səviyyəsinə uyğun gəlir.

Referendum aktı layihəsinə təklif olunan dəyişikliklər və əlavələrdə dövlət və bələdiyyə idarəçiliyi sisteminin təkmilləşdirilməsi, dövlət strukturlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi, Prezidentə Milli Məclisi buraxmaq səlahiyyətinin verilməsi, ­prezident və parlament seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması bu sahələrdə inkişafı və modernləşməni təmin edəcəkdir. Çevik qərarların qəbul olunaraq icra edilməsi, səmərəli fəaliyyət göstərilməsi, xüsusilə iqtisadi islahatların davamlılığının təmin edilməsi idarəetmədə yeni keyfiyyət dəyişiklikləri yaradacaqdır.

Konstitusiya aktı layihəsində yaş senzinin endirilməsi mühüm müddəalardan biridir. Bu isə 18 yaşına çatmış gənclərin dövət və cəmiyyət həyatında fəal iştirakına, qabiliyyətinə və bacarığına görə cəmiyyətdə layiqli yer tutmasına geniş imkanlar açacaqdır.

Konstitusiyaya təklif edilən dəyişikliklər əsasən       dövlətin təhlükəsizliyinin, cəmiyyətdə sabitliyin daha da möhkəmlənməsinə xidmət göstərir. Bu dəyişikliklərə əsasən bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabe olacaq. Yəni bütün silahlı birləşmələr üzərində vahid komandanlığın tətbiqi həyata keçirilir.

Əsas Qanunumuza təklif olunan əlavə və dəyişikliklər son illlərdə ölkəmizin həyatında baş vermiş hadisələrin göstəricisi olaraq dövlət idarəçiliyinin təkmilləşməsinə, insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasına, islahatların dərinləşməsinə və səmərəliliyinin artırılmasına zəmin yaradacaqdır.

Hazırda 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsinin mühüm mərhələsi olan təbliğat və təşviqat kampaniyası aparılır. Referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri təbliğat və təşviqat işlərində fəallıqla çalışır, təşkilat və müəssisələrdə olur, vətəndaşlarla görüşür, maarifləndirmə işlərini uğurla aparırlar. Qarşıya qoyulan əsas məqsəd budur ki, ümumxalq səsverməsində iştirak edəcək seçicilər Konstitusiyada aparılan islahatların əsl mahiyyətini dərindən başa düşsün, əlavə və dəyişikliklərin ölkə əhalisinin rahatlığı üçün yaratdığı böyük imkanlardan qanuna uyğun şəkildə istifadə etsinlər.

Azərbaycan Respublikasının Konstitusiyasında xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyi təmin olunur. Azad və sərbəst yaşayan, demokrtik bir ölkənin vətəndaşı olduğu üçün qürur duyan ölkə əhalisinə söz, vicdan azadlığı kimi imkanları verən bu ali sənəddə bəşəri və demokratik dəyərlər eyni məqsədə yönəldilmişdir. Dinindən, millətindən asılı olmayaraq tolerantlığı ilə seçilən Azərbaycanda yaşayan bütün vətəndaşların hüquqları qanunvericiliyə uyğun qorunmalı, hər kəs azad, sərbəst yaşamalı, işləməli, söz, vicdan azadlığına sahib olmalıdır.Hakimiyyətin yeganə mənbəyinin xalq olduğunu təsdiqləyən bu sənədlə insanlara toxunulmazlıq, sərbəst düşünmə haqqı verilir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təklif etdiyi referendum aktı layihəsi üzrə edilən əlavə və dəyişikliklər ölkəmizin sivil və modern inkişafına, demokratiyanın dərinləşməsinə, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesinin güclənməsinə, iqtisadi tərəqqi və sosial-iqtisadi yüksəlişə geniş yol açacadır. Beləlikllə, Konstitusiyanın 23 maddəsinə dəyişiklik, 6 maddəyə isə əlavələr edilməsi təkliflərinin hər biri insanların hüquq və azadlıqlarının daha mükəmməl qorunmasına yönəldilən, normativ- hüquqi aktlara konstitusion status verən mütərəqqi xarakter daşıyır. Referendumun keçirilməsi günün, zamanın tələbi, sosial sifarişdir. Azərbaycan vətəndaşları Konstitusiya islahatlarını yekdilliklə dəstəkləyir, referendumun keçirilməsinin xalqın iradəsinə uyğun olduğunu bildirir, demokratiya və yeni quruculuq yollarında inamla irəli gedirlər.

Afət Sadıqoğlu,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında