ƏR olmaq hünəri

Azərbaycan-Türkiyə əlaqələrinin hərtərəfli inkişaf etdiyi, dünyanın bu qarmaqarışıq dövründə iki qardaş ölkənin bir-birinə arxa-dayaq durduğu vaxtda özünü türk diplomatı kimi təqdim edən Turqut Ərin "kitab"ının ortaya çıxması və özünü müxalifət adlandıran, lakin özlərindən və pul hesabına quluna çevrildikləri ağalarından başqa kimsə tərəfindən qəbul olunmayan şəxslərin stolüstü ədəbiyyatına çevrilməsi adamı bir daha düşünməyə və reallıqları anlamağa vadar etməklə yanaşı, belə bir sual doğurur: "Əcaba, bu buyruq qullarının doğru yola qayıtmaq imkanı varmı? Əsla yox".
Ömrünün sonunadək xalqına xidmət edən, Vətənini üzləşdiyi bəlalardan qoruyan, haqq-ədaləti bərpa edən, müasir müstəqil Azərbaycan dövlətini quran, onu yaşadan, dünyaya tanıdan, bu yolda xalqından başqa kimsəyə arxalanmayan, ümummilli lider adını qazanan, "Bir millət, iki dövlət" deyərək əməlləri ilə böyük türk dünyasında özünə əbədi sevgi qazanan böyük şəxsiyyət haqqında iftira dolu yazılar türk yazarının nəyinə lazımdır? Turqut Ər bu yolla uğursuz diplomatiyasını pərdələməyə, özünə haqq qazandırmağamı çalışır? Axı, o və ətrafı çox yaxşı bilməlidirlər ki, bu miskin adamlar heç vaxt dahi Heydər Əliyevə opponent ola bilməzlər.
Bir də ki, türk millətinin əbədiyaşar oğlu və onun fəaliyyəti barədə qərəzli yazılar yazmaqla, uydurma məlumatlar verməklə kimlərəsə yarınmaq və maddi mənfəət, eləcə də siyasi dividend əldə etmək türk əxlaqına sığmır.
Bunları anlamaq üçün Turqut Ər deyilən şəxsin bioqrafiyası ilə maraqlandım. Məlum oldu ki, qeyd olunan dövrlərdə o, əslində diplomat olmamış, aşkar vəzifəsi daxildə sadəcə səfirlikdə qələm müdiri olduğu halda, batildə müəyyən dairələrin gizli tapşırıqlarını yerinə yetirmişdir. Bu şəxsin həyat fəaliyyətinə baxdıqda soyadında olan "Ər"likdən əsər-əlamət görmürsən. Çünki kiminsə pulu hesabına yalan, iftira, şər-böhtan demək, ucuz sensasiya yaratmaq, qazanc əldə etmək məqsədi ilə dünya şöhrətli liderin adını öz cızmaqarasına salaraq kitab adlandırdığı cəfəngiyyatı topluma sırımaq həqiqi TÜRK ƏRlərinə yaraşan iş deyildir. Bununla o, nəinki öz soyadını, eləcə də əsrlərdən bəri adları dillərdə əzbər olmuş TÜRK ƏRləri təhqir etmişdir.
Bir qədər əvvəl "kitab"ın oxucuya təqdim olunmasına baxmayaraq, müəllifin maliyyələşdirildiyi dairələrdən qidalanan ərciklər və onların himayəsində olan mətbuat vasitələrindən başqa yazıya maraq göstərən olmamış, əksinə, Türkiyənin və Azərbaycanın nüfuzlu şəxsləri, eləcə də mətbuat vasitələrində etiraz səsləri eşidilmişdir.
Mən "kitab"ın içində yazılanlara varmaq, onları saf-çürük etmək fikrindən uzağam. Çünki dahi şəxsiyyətlərin qiyməti onları sevən, dahiləşdirən xalqlar tərəfindən verilir. Bu cür cızmaqaralardakı cılız fikirlər isə yalnız və yalnız onları yazanların özlərinə qarşı çevrilir, olmayan nüfuzlarını heçə endirir.
Dərindən düşünəndə aydın olur ki, Azərbaycanda fəaliyyəti dövründə özü kimi bir qrup dönüklə birlikdə xarici havadarlarının əmri ilə ölkənin daxili işlərinə qarışmağa, ictimai-siyasi vəziyyəti gərginləşdirməyə, dövlət çevrilişinə cəhd edən şəxsləri dəstəkləməklə pul qazanmağı şərəf və ləyaqətdən üstün tutan, bu yolda hətta ermənilərlə iş birliyi qurmağa hazır olan Turqut Ər bu gün kitabçılıqla həmin fəaliyyətini davam etdirmək niyyətinə düşmüşdür. Turqut Ər "kitab"ın 15 il sonra işıq üzü görməsinin səbəblərini də izah edərkən ƏRlikdən uzaq olmuşdur. Çünki kitabın yazılması haqqında əmri təzə aldığını etiraf etmək üçün də hünər lazımdır.
Yazılarında milli və dövlət maraqlarından bol-bol danışmağa üstünlük verən müəllif "Alagöz" əməliyyatından bəhs edir. Əslində bu fikir iki ölkə arasındakı əlaqələrə təsir etmək məqsədi ilə 1999-cu ildə hazırda "Azadlıq" radiosunun müxbiri işləyən Xədicə İsmayılova tərəfindən səsləndirilmişdir. Bu gün Turqut Ərin heç bir əsası olmayan bu məlumatı bir daha işıqlandırmaq əmrini haradan aldığına heç bir şübhə yeri qalmır. Hazırda nə SSRİ var, nə də KQB, amma PKK fəaliyyət göstərir. Bir də Turqut Ər kimilər maliyyələşdirilir. Onlara verilən tapşırıqların isə bir məqsədi var: birincilər silahla, ikincilər isə qələmlə Türkiyə Cümhuriyyətini zəiflətsin, parçalasın və əsarət altına salsınlar, bu hərəkətlərin qarşısını ala biləcək tanınmış liderlərə isə şər və böhtan yaxılsın. Turqut Ərin və onun havadarlarının əməlləri böyük xalq şairimiz Səməd Vurğunun "Ağılsız köpəklər ulduza hürər" məşhur misrasını yada salır.
Uğursuz diplomata tövsiyə edərdim ki, mahiyyətini başa düşmədiyi mövzulara girişməsin. "Alagöz" əməliyyatında öz işinin ustası olan Heydər Əliyevin dövlətini və torpağını qorumaq, canından artıq sevdiyi Azərbaycanı o vaxtkı Türkiyə ərazisindən istifadə edərək Qərb işğalçılarının planlaşdırdığı təxribatların qarşısını almaq məqsədi ilə həyata keçirdiyi tədbirlərdən bəhs olunur.
Müəllifin nəzərinə çatdırmaq istərdim ki, bu cür yaramaz işlərin məsuliyyəti ağır olur. Bu dünyada olmasa da, haqq dünyasında mühakimə qaçılmazdır. 1995-ci ildəki fəaliyyətlərinə görə o və "dostları" Azərbaycan Respublikası qanunları ilə mühakimə olunmalı idilər. Amma ümummilli lider Heydər Əliyev əsl mənada ƏRlik göstərdi, böyük türk dünyası xatirinə onları bağışlayaraq Türkiyəyə qayıtmalarını təmin etdi. Bir də ki, Turqut Ərə tövsiyə edərdim ki, "ət ilə dırnaq arasına girən iylənib çıxar" məsəlini unutmasın.
İki dövlətin dostluğu və əlaqələri haqqında geniş danışmaq olardı, amma Azərbaycan və Türkiyə dövlətlərinin başçıları tərəfindən dəfələrlə deyilmiş fikri bir daha ifadə etməklə bu qeydlərə nöqtə qoymaq istərdim: "Biz bir millət, iki dövlətik, Türkiyə ilə Azərbaycan arasındakı dostluğa heç nə və heç kim təsir göstərə bilməz".{nl}

Rabil KƏTANOV AzərTAc-ın müxbiri

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında