Dövlət müstəqilliyi qazandıqdan sonra sürətli inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvlərindən birinə çevrilməklə bərabər, milli maraqların müdafiə edilməsinə və təmin olunmasına yönəlmiş praqmatik xarici siyasət yürütməsi ilə də gündəmdədir. Müstəqilliyinin ilk illərində ictimai-siyasi həyatında mürəkkəb dövr yaşamasına, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazisinin 20 faizini itirməsinə və ciddi xarici təhdidlər qarşısında qalmasına baxmayaraq, rəsmi Bakının qarmaqarışıq geosiyasi mühitdə milli çıxarlarını düzgün qiymətləndirməsi, lokal və qlobal güc mərkəzlərilə konstruktiv siyasi dialoq aparması, bütün bunların fonunda qısa zaman kəsiyində mühüm uğurlara nail olması Azərbaycanın Avrasiya materikinin vacib aktorları arasında özünəməxsus yer tutmasına şərait yaratmışdır. Məhz milli maraqları əhatə edən və beynəlxalq qanunlara söykənən xarici siyasətin yürüdülməsi Azərbaycanın dövlətlərarası münasibətlərdə etibarlı tərəfdaş kmi qəbul edilməsinə imkan vermişdir.
Bir çox beynəlxaq təşkilatlar var ki, dünyada sülhün təmin olunmasında və təhlükəsizliyin gücləndirilməsində böyük rol oynayır. Belə təşkilatlardan biri də Qoşulmama Hərəkatıdır. Dünyanın 120 ölkəsini hərbi bloklarda iştirak etməmə prinsipi ətrafında birləşdirən bu təşkilat 1961-ci ilin sentyabr ayında keçirilmiş Belqrad konfrasında təsis olunmuşdur. Bu təşkilatın yaranmasına keçmiş Yuqoslaviyanın o zamankı rəhbəri İosif Broz Tito, Misir Prezidenti Camal Əbdül Nasir və Hindistanın Baş naziri Cəvahirləl Nehru arasında keçirilmiş görüşlər təkan vermişdi. Əsas məqsəd isə Şimali Atlantika Alyansı ilə (NATO) Varşava Müqaviləsi ölkələri arasında kəskin qarşıdurmanın mövcud olduğu həmin dövrdə baş verə biləcək toqquşmalardan kənarda qalmaq idi. Xüsusilə qeyd olunmalıdır ki, Qoşulmama Hərəkatına üzv olan ölkələr dünyanın enerji təhlükəsizliyinin təminatında da mühüm çəkiyə malikdirlər. Bu ölkələr hər gün dünya neft bazarlarına milyonlarla barrel xam neft ixrac edirlər. Yəni dünyaya gündəlik neft ixracının yarısından çoxu Qoşulmama Hərəkatına üzv olan ölkələrin payına düşür. Bu isə o deməkdir ki, hərəkat üzvlərinin müasir dövr üçün böyük əhəmiyyət daşıyan təsir rıçaqları var və təşkilat çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi hər bir üzv ölkənin mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 17-ci Sammitində çıxışında təşkilatın yarandığı tarixdən indidəyək beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynadığını vurğulamış və əlavə etmişdir ki, mövcud olduğu 50 ildən artıq müddət ərzində hərəkata üzv dövlətlər ortaq prinsip və dəyərləri qoruyub saxlamış və qarşılıqlı əməkdaşlığa gətirib çıxaran fəaliyyət üçün ortaq zəmin yaratmaq bacarığı nümayiş etdirmişdir.
Ümumiyyətlə, Qoşulmama Hərəkatı çərçivəsində münasibətlərin inkişafına böyük əhəmiyyət verən Azərbaycan üzv ölkələrlə ikitərəfli əlaqələri genişləndirir. Hərəkata üzv bir sıra ölkələrin köməyi ilə kifayət qədər layihələri reallaşdıran rəsmi Bakı hesab edir ki, sürətlə dəyişən beynəlxalq mühitlə fəal üzləşmək iqtidarında ola biləcək daha yaxşı əlaqələndirilən və səmərəli bir hərəkatı reallaşdırmaq üçün yeni yollar və vasitələr araşdırılmalıdır. Xarici işlər naziri E.Məmmədyarov çıxışında hələ də hərəkatın sülh, inkişaf, iqtisadi əməkdaşlıq və beynəlxalq münasibətlərin demokratikləşdirilməsi kimi uzunmüddətli məqsədlərinin tam olaraq həyata keçirilməsi istiqamətində görüləcək işlərinin çox olduğunu nəzərə çatdırmışdır. Cənab nazirin sözlərinə görə, son qlobal gərginliklərin və siyasi böhranların daha çox inkişaf etməkdə olan ölkələrə zərbə vurmaqla, onların iqtisadi və sosial inkişafını ləngitdiyini və beləliklə, bu ölkələrdə insan inkişafı üzrə göstəriciləri aşağı salmışdır.
Azərbaycan Respublikasının Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiq olduğunu önə çıxaran xarici işlər nazirimiz bildirmişdir ki, iki önəmli beynəlxalq nəqliyyat dəhlizinin - "Şimal-Cənub" və "Şərq-Qərb" - kəsişməsində yerləşən Azərbaycan "Cənub-Cənub" əməkdaşlığı da daxil olmaqla, siyasi müstəqillik və iqtisadi əməkdaşlıq vasitəsilə inkişafı hər zaman təşviq edir. Son on il ərzində Azərbaycanın dünya enerji bazarında və nəqliyyat infrastrukturu inkişafı layihələri üzrə önəmli aktorlardan birinə çevrildiyini sammit iştirakçılarının diqqətinə çatdıran cənab Məmmədyarov qeyd etmişdir ki, 2015-ci ildə Azərbaycan Respublikasının rəhbərliyi əhalinin rifahının artırılması, savadsızlıq və yoxsulluğun azaldılması, həmçinin Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində fəaliyyətinə görə 2015 ilin "Cənub-Cənub" mükafatına layiq görülmüşdür.
Azərbaycanın xarici işlər naziri çıxışında Azərbaycanın donor ölkəyə çevrildiyini də vurğulamışdır. Xarici İşlər Nazirliyi yanında Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin və Azərbaycanda aparıcı qeyri-hökumət xeyriyyə təşkilatı olan Heydər Əliyev Fondunun vasitəsilə Azərbaycanın hərəkata üzv olan bir neçə ölkədə çoxlu sayda sosial, humanitar və inkişaf layihələrini dəstəklədiyini və həyata keçirdiyini xatırladan nazir həmçinin əlavə etmişdir ki, rəsmi Bakı xalqlar arasında inkişaf etməkdə olan mədəniyyətlərarası dialoq, tolerantlıq və qarşılıqlı anlaşmaya da xüsusi əhəmiyyət verir. 25-27 aprel 2016-cı ildə Azərbaycanın BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi etdiyini diqqətə çatdıran natiq qeyd etmişdir ki, Azərbaycan 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək və rəsmi Bakı bütün bunların Qoşulmama Hərəkatı çərçivəsində və ondan kənarda mədəniyyətlər və dinlər arasında qarşılıqlı harmoniyanın təşviqinə davamlı xidmət edəcəyinə inanır.
Azərbaycanın xarici işlər naziri mühüm tədbirdəki çıxışında Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat vermişdir. Zorakılığın və münaqişələrin hələ də inkişafa və çiçəklənməyə mane olduğunu xatırladan Elmar Məmmədyarov sammit iştirakçılarının nəzərinə bir daha çatdırmışdır ki, Ermənistan artıq 20 ildən çoxdur beynəlxalq hüququn fundamental norma və prinsiplərini davamlı şəkildə və açıq-aşkar pozur və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edir: "Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizini işğal etmiş və bir milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirmiş, nəticədə nə Ermənistanda, nə də Azərbaycanın işğal edilmiş ərazilərində bir nəfər də olsun azərbaycanlı qalmışdır".
Nazir BMT Təhlükəsizlik Şurasının Ermənistanın təcavüzkar siyasətini pisləyən və Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən dörd qətnaməsinin (822, 853, 874 və 884) hələ də icra edilmədiyini də xatırlatmışdır. Beynəlxalq ictimaiyyətin birmənalı mövqeyinin beynəlxalq sülhə qarşı bu cür dəhşətli təhlükələrin aradan qaldırılması baxımından önəmli olduğunu qeyd edən xarici işlər nazirimiz əlavə etmişdir ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı Yekun Sənəddə bir daha ifadə edilən əsaslı dəstəyə görə öz minnətdarlığını bildirir.
Xatırladaq ki, Venesuelanın Marqarita adasında keçirilmiş 17-ci Sammitin qəbul olunmuş yekun sənədində qeyd edilmişdir ki, "dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması və beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüfünü ifadə etdilər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin əhəmiyyətini bir daha təsdiq etdilər və tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırdılar".
E.Məmməyarov çıxışında bunu üzv dövlətlərin Bandunq prinsiplərinə ciddi riayət etməsinin aşkar təzahürü olduğunu vurğulamış və onların zorakılıq, işğal, etnik təmizləmə və qaçqın və məcburi köçkünlərin insan hüquqlarının kobud şəkildə pozulması hallarına qarşı qəti mövqeyinin əks olunduğunu bildirmişdir.
Bir sözlə, hüquqi, demokratik və dünyəvi dövlət kimi müasir dövrün çağırışları çərçivəsində hazırlanan Konstitusiyamızın tələblərini yerinə yetirərək hərbi bloklara qoşulmayan, ərazimizdə heç bir xarici hərbi bazanın yaradılmasına imkan verməyən, eyni zamanda, bizim mövqeyimizi paylaşan ölkələrlə qarşılıqlı faydalı münasibətləri genişləndirən Azərbaycanın nüfuzlu Qoşulmama Hərəkatına üzv olması və bu təşkilat çərçivəsində fəal əməkdaşlıq münasibətləri qurması və konstruktiv dialoqun yaradılmasının nəticəsi olaraq təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının 17-ci Sammitinin yekun sənədinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müddəa daxil edilməsi xarici siyasət kursumuzun növbəti böyük uğurlarından biri kimi qiymətləndirmək olar. Bundan başqa, Yekun Sənəddə dövlət və hökumət başçılarının Azərbaycan Respublikasının 2019-cu ildə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Sammitinə ev sahibliyi etməklə bağlı təklifini alqışladıqları da öz əksini tapmışdır. Bu təklif Qoşulmama Hərəkatının Avropa regionundan olan üzv dövlətləri tərəfindən təsdiq olunmuş və təsbit üçün 17-18 sentyabr 2016-cı ildə Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilən 17-ci Qoşulmama Hərəkatı Sammitinə təqdim edilmişdir. Yekun Sənəddə BMT Sivilizasiyalar Alyansının 26-27 aprel 2016-cı ildə Bakıda keçirilmiş 7-ci Qlobal Forumunun və bu forumda BMT-nin üzv dövlətlərinin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakını alqışladıqları da qeyd olunmuşdur.
Göründüyü kimi, bölgədə və beynəlxalq arenada özünəməxsus yer tutmasına imkan verən çoxspektrli xarici siyasət kursu Azərbaycanın mövqelərinin möhkəmlənməsinə şərait yaradır. Ən əsası, beynəlxalq münasibətlər sistemində sabit tərəfdaş kimi qəbul olunmasına gətirib çıxarmış Azərbaycan dövlətinin yürütdüyü müstəqil xarici siyasətin bundan sonra da milli maraqlarımıza xidmət edəcəyi və beynəlxalq əlaqələrin daha da güclənməsinə yönələcəyi heç kimdə şübhə doğurmamalıdır.
Səbuhi MƏMMƏDOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.