Demokratikləşmə, insan hüquq və azadlıqlarının etibarlı təminatı baxımından yüksək inkişaf mərhələsinə çatmış qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, dövlət idarəçilik mexanizmlərinin fəaliyyətini tənzimləyən qanunların zamanın tələblərinə uyğunlaşdırılmasını zəruri edən şərtlər daim öyrənilməli və nəzərə alınmalıdır. "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının referendum aktı layihəsinin ümumxalq səsverməsinə çıxarılmış mətni də məhz belə bir zərurəti əks etdirir.
Azərbaycan Respublikasının mövcud Konstitusiyası 12 noyabr 1995-ci ildə keçirilmiş ümumxalq səsverməsi ilə qəbul edilmiş, 27 noyabr 1995-ci ildə qüvvəyə minmişdir. Beynəlxalq təcrübə göstərir ki, ümummilli lider Heydər Əliyevin gərgin əməyi hesabına qəbul edilmiş müstəqil dövlətin fundamental aktı olan bu konstitusiyanın fəaliyyətində Azərbaycanın dünya birliyində nüfuzunun yüksəlməsi, milli dövlətçiliyin möhkəmləndirilməsi, dünyəvi dövlət qurmaq ideyalarını özündə birləşdirməsi, xalqın layiqli həyat səviyyəsinin təmin edilməsi, dünya xalqları ilə sülh şəraitində yaşaması və müxtəlif xalqların birgə yaşamaq modeli məqsədlərinə nail olunmuşdur.
Ölkəmizin Avropa Şurasına daxil olması ilə əlaqədar mövcud konstitusiyaya zəruri dəyişikliklər etmək tələbi yaranmışdır. Nəticədə, 24 avqust 2002-ci il tarixdə referendum keçirilmiş, Konstitusiyanın bir sıra maddələrinə əlavə və dəyişikliklər edilmişdir. 2009-cu il martın 18-də Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendum keçirilmiş və Əsas Qanuna edilmiş əlavə və dəyişikliklər zamanın sınağından uğurla çıxmaqla, vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin edilməsində əhəmiyyətli rol oynamışdır.
Azərbaycan Respublikasında demokratiya, yalnız dövləti idarə etmək üsulu deyildir. O, həm də hüquqlar sistemidir. Belə ki, hüquqlar demokratik siyasi institutların ayrılmaz hissəsidir. Hüquq və azadlıqlar demokratik idarəetmə sisteminin təməlidir. Demokratiyanın tələblərinə cavab vermək üçün ona mənsub hüquqlar vətəndaşlar üçün gerçəkdə mümkün olmalıdır. Hüquqları kağız üzərində əks etdirmək, onları qanun qüvvəsinə mindirmək və hətta konstitusiyaya yazmaq kifayət deyil - bu hüquqlar gündəlik həyatda əməli surətdə tətbiq edilməli və vətəndaşlar üçün icrası mümkün olmalıdır. Demokratiya vətəndaşlara digər hər hansı bir siyasi sistemin verə biləcəyindən daha geniş dairədə şəxsi azadlıqlar verir.
Demokratik adlanmağa iddia edən dövlətdə bütün digər hüquq, azadlıq və imkanlardan əlavə, vətəndaşlar daha geniş dairədə azadlıqlardan istifadə etməlidirlər. Demokratiyanın lazımlığına olan inam digər əqidələrdən kənarda var ola bilməz. Çoxları üçün bu, bütöv bir əqidə toplumunun tərkib hissəsidir və bunların arasında fikir və söz azadlığının ayrılıqda da cəlbedici olmasına inam vardır. Dəyərlər və ləyaqətlər dünyasında demokratiya fəxri yer tutur. Demokratik prosesə xas olan digər hüquqlar kimi, fikir və söz azadlığının ona görə öz müstəqil dəyəri var ki, onun sayəsində mənəvi muxtariyyət, əxlaqi dəyərlərin azadlığı və ləyaqətlə yaşamaq imkanı təmin edilir.
Biz öz hüquq və mənafelərimizi hökumətin və ya hökumətə təsir edən, onun fəaliyyətini istiqamətləndirən kəslərin özbaşnalığından yalnız o halda müdafiə edə bilərik ki, bu hökumətin fəaliyyəti qanunlara əsaslanmaqla, cəmiyyətin nəzarətində olsun. Hüquq elminin nəzəriyyəçiləri belə hesab edirlər ki, bütün vətəndaşların ali dövlət hakimiyyət sistemində iştirak etməsinə imkan verilməsindən gözəl heç nə ola bilməz. Məhz bu demokratik idarəetmə deməkdir.
Yalnız demokratiya şəxsiyyətə öz müqəddəratını təyinetmə azadlığını, yəni şəxsiyyətin özü üçün seçdiyi qanunlar üzrə yaşamaq imkanını həyata keçirmək üçün maksimum şərait yaradır. Yalnız demokratik idarə üsulu mənəvi məsuliyyət üçün geniş imkanlar yaradır. "Mənəvi məsuliyyət daşımaq" dedikdə, fikrimizcə, əxlaq prinsiplərimizi, yalnız bütün variantları və onun nəticələrini fikirləşib, müzakirə edib hərtərəfli öyrəndikdən sonra formalaşdırır və onun əsasında qərar qəbul edirik. İnsan üçün mənən məsul olmaq-- özü özünü idarə etmək, yəni əxlaqi əhəmiyyətli qərarlar sayəsində öz qərarını verə bilmək deməkdir. Bu fərdlərdə mənəvi tələblərin yüksəlməsinə gətirib çıxarır.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev çıxışlarında azad və demokratik vətəndaş cəmiyyətinin yaradılmasını təkcə dünyəvi təcrübədən əldə edilən töhfə kimi deyil, həmçinin Azərbaycan dövlətinin milli demokratik dəyərlərə üstünlük verməsi və bu dəyərlərin inkişafının Azərbaycan xalqının rifahı naminə dövlətimizin məqsədlərindən biri olması kimi səciyyələndirir.
"Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında" Referendum Aktının Konstitusiya Məhkəməsinə göndərilmiş layihəsinə bu qurum konstitusiyanın tələblərinə uyğun olması barədə rəy vermiş və 26 sentyabr 2016-cı il tarixdə referendum təyin edilmişdir. Layihədə 23 maddə üzrə 34 əlavə və dəyişiklik edilməsi, həmçinin Konstitusiyaya, onun strukturunu dəyişən 6 yeni maddənin əlavə olunması nəzərdə tutulur. Həmin layihədə təklif edilmiş əlavə və dəyişikliklərdə hüquqi və sosial baxımdan mühüm yeniliklər xalqın müzakirəsinə verilmişdir.
Konstitusiyaya təklif olunan dəyişikliklərdən Azərbaycan Respublikasında vitse-prezidentlik institutunun təsbit edilməsi, prezidentlik müddətinin 5 ildən 7 il müddətə artırılması dövlət idarəçilik mexanizminin təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübədən keçmiş faydalı və uğurlu üsul-idarənin yaradılması məqsədi daşıdığını qeyd etməliyik.
1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə müəyyən edilmiş dövlət idarəetmə mexanizmləri, şübhəsiz ki, özünü tam doğrultmaqla, Azərbaycan dövlətçiliyinin dayanıqlı, sabit, iqtisadiyyatın çoxşaxəli inkişafı, hüquq və azadlıqların təminatı, mülkiyyətin qorunması baxımından qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün əsaslı hüquqi təminat mexanizminin formalaşmasına şərait yaratmışdır. Konstitusiyasının təmin etdiyi demokratik idarəetmənin üstünlükləri və verdiyi nəticələri aşağıdakı ardıcıllıqda sadalaya bilərik:
-Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş ümumdünya dəyərlərinə söykənən demokratiya prinsipləri vətəndaşlarımız üçün qeyri-demokratik sistemlərin vermədiyi və heç vaxt verə bilməyəcəyi hüquq və azadlıqlara zəmanət verir;
-demokratiya öz vətəndaşları üçün digər istənilən siyasi sistemin verə biləcəyindən daha geniş dairədə şəxsi azadlıqları təmin edir;
-demokratiya insanlara öz təməl mənafelərini müdafiə etmək imkanı verir;
-yalnız demokratik hökumət şəxsiyyətə öz müqəddaratını təyin etməsi, yəni onun özünün seçdiyi qanunlar üzrə yaşaması üçün maksimum şərait yaradır;
-yalnız demokratik hökumət mənəvi məsuliyyətin üzə çıxması üçün maksimum imkanlar açır;
-demokratiya insanın inkişafını digər istənilən sistemdən daha çox həvəsləndirir.
Bütün bu üstünlükləri nəzərə almaqla, insanların çoxu üçün demokratiya onun alternativi olan istənilən siyasi sistemlə müqayisədə daha münasib variantdır. Demokratiya öz-özlüyündə bütün vətəndaşların xoşbəxt, sülhpərvər, qanunsevər olacaqlarına zəmanət verə bilmir. Bu məqsədlərin maksimum əldə edilməsi dövlət idarəetmə sisteminin səmərəli təşkili və çevik idarəetmə mexanizmlərinin yaradılması, cəmiyyətin siyasi aktiv hissəsinin idarəetmədə iştirakının təmin edilməsi, idarəetmənin təkmilləşməsində cəmiyyətin yaxından iştirakının təşəbbüskarlığının yüksəldilməsi ilə sıx əlaqəlidir.
Demokratikləşməyə xidmət edən vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunması və təminatı baxımından referendumu təhlil etsək, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsində Konstitusiyanın 9-cu maddəsinə təklif edilən variantlar və s. aşağıdakı kimidir: "Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir".
Mövcud variantdan fərqli olaraq, bu maddədə Azərbaycan Ordusu və başqa silahlı birləşmələrin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibi olduğu elan edilir. İnkişaf etmiş dövlətlərin rastlaşmadığı münaqişəli müharibə şəraitində demokratik quruculuq ideyalarını müdafiə edən və həyata keçirən Azərbaycan dövlətinin Silahlı Qüvvələrinin idarə etməsinin mərkəzləşməsi hazırkı şəraitdə, hesab edirik ki, referendumda müzakirəyə çıxarılmış, yerində olan hüquqi əhəmiyyətli məsələlərdən biridir və bunu cəmiyyətimiz tam dərk edir. Bu konkret dəyişiklik Azərbaycan dövlətinin təhlükəsizliyinin və müdafiəsinin əsaslarının iqtisadi, hüquqi, sosial baxımdan daha da möhkəmləndirilməsinə xidmət edir.
Referendum aktında "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi" (24), "Bərabərlik hüququ" (25) maddələrinin, təklif edilən variantlarına diqqət etsək, demokratik idarəetmə prosesində iştirak etmək üçün vətəndaşlara bərabər hüquqların verilməsi, əqidəyə, siyasi və sosial mənsubiyyətə görə öz fikrini ifadə etmək və idarəetmədə iştirakda bərabərliyin təmin edilməsi ilə bağlı verilən imkanların təsbitini görürük. Bu imkanlar məhz mövcud maddələrin variantlarından daha dəqiq ifadə edilməklə, vətəndaşlarımızın, eləcə də, müxtəlif dinlərə mənsub olan insanların demokratik cəmiyyətdə birgə dinc yaşamasının daha dəqiq təmin edilməsi baxımından önəmli hüquqi əhəmiyyətli əlavə və dəyişiklik kimi dəyərləndirilməlidir.
Ümumxalq səsverməsinə çıxarılan referendum aktı layihəsində təklif edilən "Vətəndaşlıq hüququnun təminatı" (maddə 53) variantında "Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) məhrum edilə bilməz" variantını mövcud variantla müqayisə etdikdə, daha da təkmilləşmiş hüquq norması ilə qarşılaşırıq.
Vətəndaşlıq institutu dövlət və vətəndaş arasında siyasi, hüquqi münasibətlərin müstəvisində qurulur. Vətəndaşların şəxsi mənafeyinə nələrin uyğun olub- olmamasını bəzi istisnalarla özlərinin həll etməsi hüququ mütərəqqi prinsip kimi qəbul edilməlidir. Dövlət idarəetməsində vətəndaşların idarəetmədə yaxından iştirak etmək imkanları və hüquqlarının reallaşması onların səriştəli olmaqlarından asılıdır.
Hüquqi əhəmiyyəti baxımından referendum aktının layihəsində təklif edilən "Seçki hüququ" (maddə 56), "Müraciət etmək hüququ" (maddə 57), "Birləşmək hüququ" (maddə 58), "Azad sahibkarlıq hüququ" (maddə 59) variantlarında edilmiş əlavə və dəyişikliklərdə, xüsusilə insan hüquqlarının bu sahədə müdafiəsi ilə bağlı dövlət maraqlarının daha önəmli olması önə çəkilir. Dövlətin idarəetmə səlahiyyətli orqanlarının üzərinə qoyulan vəzifə və məsuliyyətin dərinləşdirilməsi prosesinə xidmət edən bu əlavə və dəyişikliklər zaman baxımından çox zəruri və vacibliyi ilə seçilir.
Referendum layihəsində təklif edilən "hüquq və azadlıqlaırn inzibati və məhkəmə təminatı" (maddə 60), "insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı" (maddə 71), "Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi" (maddə 89), "Azərbaycan Respublikası Milli Məclisinin buraxılması" (maddə 98) variantları əlavə və dəyişikliklərin məzmunu baxımından, həm təkmilləşdirmə, həm də ki, yeni məzmunda mətnlərin və maddələrin əlavə edilməsi ilə seçilir.
Ötən təcrübədən əldə olunan referendum aktı layihəsində müzakirəyə çıxarılan yeniliklərdən biri Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikası Prezidenti tərəfindən buraxılması ilə bağlı edilən təklifdir. Dünya təcrübəsində, demokratik inkişaf yolunda olan dövlətlərdə təkamülün nəticəsi olaraq parlament üzvlərinin daha çox seçicilərdən asılı olması və onlar qarşısında hesabat verməklə hamılıqla idarəetməyə nail olma mövqeləri əsas hədəflərdən hesab olunur. Hüquqi baxımdan referendum aktı layihəsinə edilən bu təklif əvvəlki institutun təkmilləşməsi baxımından yeniliklərin zərurətlə əlaqədar yaradılması istiqamətində mütərəqqi təşəbbüskarlığın nəticəsi kimi qəbul edilməlidir.
Layihədə təklif olunan variantları Azərbaycan Respublikasında demokratik siyasi institutların inkişafı üçün sosial, iqtisadi, hüquqi şərait yaradan ümumxalq səviyyəli təkliflər kimi qiymətləndirərək, deməliyik ki, bu müddəalar Azərbaycan Respublikasının Prezident idarəetmə sisteminin və ümumilikdə, demokatik idarəetmənin dərinləşməsi üçün xüsusi əhəmiyyəti ilə seçilən, xalq müzakirəsinə verilən, dövləti və xalqı birləşdirən, dövlətdaxili və beynəlxalq əhəmiyyətli hüquqi sənədlər məcmusudur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və sərəncamı ilə ümumxalq səsverməsinə çıxarılmış referendum aktı layihəsində təklif edilən əlavə və dəyişikliklər xalqımızın iradəsinə uyğun olaraq, ölkəsinə, Vətəninə yiyələnmək, sahiblik etmək, ölkənin müstəqilliyinin dərinləşməsi, təhlükəsiz, firavan yaşamaq ideya və prinsiplərinə xidmət etməklə, davamlı demokratik dövlətçilik prinsiplərinə söykənmişdir.
Habil Qurbanov,
hüquq elmləri
doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.