Yeni bir tarixin başlanğıcı

İnsan zamanın  yol yoldaşıdır...
Vaxtla birgə keçmişdən bu günə, bu gündən gələcəyə doğru hərəkət insan cəmiyyətinə çox şeylər öyrədib və yenə öyrətməkdədir. İnsan zamanda bərkiyir, onun çətin məqamlarında bərkə-boşa düşür, həyatın pisini də, yaxşısını da vaxtın ağır sınaqlarında saf-çürük edə bilir, uğurları böyüdür, uğursuzluqları aradan qaldırmağa çalışır.

 

* * *

 

Zaman insanın ən güclü rəqibidir həm də...

Və bu rəqabətdə zərrə qədər də olsun güzəştə yer yoxdur. Zaman ondan bir addım irəlidə addımlayanlara həmişə ram olur, onunla ayaqlaşa bilməyənləri, hərəkətlərini vaxtın ahəngi ilə uzlaşdırmağı bacarmayanları dərhal geridə qoyub, yarı yolda buraxır.

...Vaxt özü isə bir an da olsun yerində dayanmır, saat əqrəblərinin irəliyə doğru hər ani hərəkəti zamanla birgə onun əhatə etdiyi mühitin reallıqlarını, inkişaf istiqamətlərini, ictimai şuür səviyyəsini də bir qədəm irəli aparır.

 Beləcə, həyat özümüz də hiss etmədən dəyişir, zamanın diktələri ilə tarixin yeni-yeni səhifələri yazılır. Bu, min illər əvvəl də belə olub, indi də belədir, min illər sonra da, yəqin ki, belə olacaq.

Amma hərdən mənə elə gəlir ki, bəşəriyyət vaxtın indiki sürətini heç zaman görməyib. Dost-tanışların vaxt azlığı barədə gileylərini eşidəndə, Bakının qələbəlik yerlərində yeyin addımlarla ətrafdan ötüb keçən insanları görəndə, yaxın-uzaq ölkələrdən soraq gətirən televiziya süjetlərindəki insanların da oxşar sürətli hərəkətlərini izləyəndə bu barədə çox tez-tez düşünməli oluram.

Görünür, tarix özünün, bir qədər ləng, arxayın dövrünü çoxdan başa çatdırıb. İndi sürət dövrüdür, bir-birini anidən əvəzləyən dəyişikliklər, yeniliklər əyyamıdır.

Bu mülahizələrimi əsrlərin bir-biri ilə müqayisəsi də təsdiqləyər.

Keçmişi XX əsrdə edilmiş fantastik elmi kəşflərin, bir əsrdə baş vermiş iki cahan müharibəsinin, dünyada yaşanmış misilsiz dəyişikliklərin aynasında nəzərdən keçirək və bu aynaya bir də XXI əsrin indiki prizmasından baxaq.

Bəli, dünya indi XX əsrdə olduğundan da ikiqat sürətlə dəyişir, başqalaşır, zaman özünün şərtlərində, xalqlarla, dövlətlərlə, cəmiyyətlərlə oyun qaydalarında çox tez-tez təshihlər edir, bu sürətə uyğunlaşa bilənləri, dünyanın dəyişən nizamından baş çıxaranları özü ilə gələcəyə doğru götürür, bu dəyişkənlik önündə naçar qalanları isə əzib keçir.

Müxtəlif ölkələrdə yaşanan gərginlikləri, ayrı-ayrı dövlətlərin narahat və gözlənilməz davranışlarını, uzun illərin ittifaqından sonra indi yollarını ayıranları, anidən bir-birinə düşmən kəsilib, az keçmiş yenidən müttəfiqliyə qərar verənləri, planetin əsas güc mərkəzlərindən sayılan ölkələrin gələcəyini yönəltmək üçün ortaya çıxan namizədlərin gözlənilməz reputasiyalarını, ümumilikdə dünyamızın siyasi, iqtisadi, sosial, mədəni mənzərəsindəki qabarma və çəkilmələri hamı kimi diqqətlə izləyir və düşüncələrimdəki suallara cavab tapmaq istəyirəm. Peşəkar politoloqların bütün bu baş verənlərin hər biri ilə bağlı ayrıntılı izahları, yozumları var. Amma bu yozumların hər biri də belə bir qənaətə doğru aparır ki, dünya artıq əvvəlki ahəngində, əvvəlki sürətində və əvvəlki şərtləri daxilində davam edə bilmir.

Tarixin belə bir kəskin dolanbacından sağ-salamat, xəta-bəlasız ötüşməkdən ötrü dünyanın qos-qoca ölkələri müxtəlif çarələrə üz tutur, zamanın müşküllərinə bir əncam çəkmək istəyir.

İndi vaxtın sürəti ilə ayaqlaşmaq, ondakı dəyişikliklərə anında reaksiya vermək, gələcəyi bu ahəngə uyğun nizamlamaq cəmiyyətlər üçün daha kəskin zərurətdir.

Hələlik, bunu az ölkələr bacarır. Bacarmayıb, zamanın aramsız selində itib-batanlar daha çoxdur.

Tarixin insan cəmiyyətləri ilə bu qədər sərt davranışının ağır nəticələri yaxın-uzaq ölkələrdə yaşanan insan fəlakətləridir, ağır böhranlardır, həyatının düzəni pozulmuş toplumların çəkdiyi min bir müsibətlərdir.

Amma zamanla ayaqlaşa bilən ölkələr də var. Və xalq olaraq xoş halımıza ki, Azərbaycan məhz bu sıradadır...

 

* * *

 

Bir ay əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı sərəncam imzaladı. Layihə ölkəmizin gələcəyi ilə bağlı son dərəcə əhəmiyyətli məqamlarla zəngindir. Bu barədə düşüncələrimi, layihədə irəli sürülmüş müddəalar haqqında qənaətlərimi az sonra bölüşməyə çalışacağam. Ona qədər isə bir maddə üzərində xüsusi dayanmaq istərdim. Çünki sənədlə ilk dəfə tanış olanda ən çox diqqətimi çəkən bu maddə oldu.

Azərbaycan Respublikasında Prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılmasını nəzərdə tutan təklif düşüncələrimi illər əvvələ apardı...

 

* * *

 

...14 il əvvəl elə təxminən bu vədələr idi.

O vaxt dəyərli dostum, deputat həmkarım, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ölkəmizdə prezidentlik müddətinin 7 il olması məsələsini irəli sürmüşdü. Müstəqil Azərbaycan dövlətinin memarı olan ulu öndər Heydər Əliyevin o zaman bəlkə bu təklif barədə düşünməyə belə vaxtı yox idi. Amma ictimai çevrələrdə, mətbuatda, parlamentdə bu barədə qızğın müzakirələr gedirdi. İnsanlar bu yeni təşəbbüsü Azərbaycanın gələcəyi baxımından dəyərləndirməyə çalışırdılar.

Bəli, tarixin yaddaşı, doğrudan da, çox möhkəmdir. Bu yaddaşda xalqın taleyinin ən əhəmiyyətli məqamları, böyük insanların əməlləri, milli maraqlara xidmət edən təklif və təşəbbüslər də əks olunur. O zaman mən böyük bir kollektivə malik müəssisəyə rəhbərlik edirdim və fəhlələrlə daim təmasda olan şəxs kimi onların timsalında sadə insanların ölkəmiz üçün taleyüklü məsələlərə münasibətini bir yazıçı-publisist, ən əsası vətəndaş marağı ilə öyrənməyə çalışırdım.

Və o zaman insanların Eldar İbrahimovun bu təklifinə reaksiyasını, Azərbaycanın gələcəyini düşünən, bu gələcəyi daha gözəl görmək istəyən vətəndaşların belə bir təşəbbüsə ictimai dəstəyini, ən azı, zavod fəhlələrinin, eləcə də ülfətim olan ziyalıların, ədəbiyyat adamlarının münasibətində müşahidə edə bilirdim.

O zamanlar Eldar müəllimə açıq  məktub yazdım.

Həmin məktub "Yaddaş bizim silahımızdır" sərlövhəsi ilə mətbuatda dərc olundu, daha sonralar o məktubu 2004-cü ildə işıq üzü görən "Millətin atası" adlı publisistik düşüncələr, tarixi esselər kitabıma da daxil etdim.

"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" müvafiq layihənin təqdimatından sonra prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması ilə əlaqədar cəmiyyət arasında gedən müzakirələrin aktuallığını nəzərə alaraq 14 il əvvəlki məktubumdan bəzi fikirlərimi "Xalq qəzeti"nin dəyərli oxucuları ilə indi bir daha bölüşmək istərdim.

Məktub belə başlayırdı:

"...Antik dövr filosoflarından biri deyir ki, əgər bir həyat təbiətlə həmahəngsə, deməli, o xoşbəxtir. Əlbəttə, təbiətin isti-soyuğu olduğu kimi, həyatın da enişi-yoxuşu var.

Əziz dostum! Adam hərdən olub-keçənləri saf-çürük etmək istəyir. Doğrudur, olub-keçənləri saf-çürük eləmək də o qədər asan deyil. Məsələyə soyuqqanlı yanaşmaq tələb olunur. Onsuz da keçdiyimiz yolun ayrı-ayrı mərhələləri üzü geri boylananda çox aydın görünür. Bizdən isə vicdanın tələb elədiyi həmin aydın görünənləri obyektiv şərh etməkdir. Azərbaycanın son on illik dövrü, əslinə qalsa, 10 ildən çox – 1988-ci ildən bəri dövrü çox kəşməkəşli, ziddiyyətli və ağrılı olub. Xalqımız hamar dövlətçilik yoluna çıxana qədər bəlalar çəkdi, ağrılı -acılı günlər yaşadı. Etiraf etmək lazımdır; bu yolda insanın qəlbini parçalayan iztirablı məqamlar da az olmadı. Qarabağımız işğal altındadır. Xocalı soyqırımı hələ ki, dünya tərəfindən etiraf olunmur.

Eldar müəllim, təbiətən nikbin adamam. Yolumuzun doğruluğuna da inanıram. Lap öz varlığım qədər. Öz dövlətimin müstəqilliyi və bu müstəqilliyin dönməzliyi, əbədiliyi təmin olunubsa, bundan şirin və əziz bir neməti təsəvvür etmirəm...

...Azərbaycan xalqı siyası hakimiyyətin diletantlara verilməsinə inanmıram ki, bir daha yol versin. Zəmanəmizin dahi insanı – böyük siyasi xadimi Heydər Əliyevlə müqayisədə ona ən yaxın əks namizədin – rəqibin arasında məsafə çox uzaqdır. Hətta bu məsafə o qədər uzaqdır ki, retro filmlərindən birində deyildiyi kimi, "Onun heç üfüqlərində də keçici qırmızı bayraq" – siyasi uğur görünmür.

...“Demokratiya” deyə hayqırmaq başqa şeydir, demokratik ab-havanı yaratmaq, hüquqi dövlətin, vətəndaş cəmiyyətinin əsasının qoymaq, onu möhkəmləndirmək tamam başqa şeydir. Sizin təklifinizin arxasında həyati zərurət, xalqımızın, Vətənin mənafeyinə uyğun məqsəd dayanır.

Prezidentlik səlahiyyətinin yeddi il olması qeyri-adi məsələ deyil. Dünyanın bir çox sivil ölkələrində belə qayda var. Heç kim də buna pis baxmır. Şəxsən mənim özümə gəldikdə, burada mənfi heç nə görmürəm. Əslində, zənnimcə, elə prezidentin səlahiyyət müddəti ən azı 7 il olmalıdır. Xüsusilə müstəqillik tarixi baxımından gənclik dövrünü yaşayan bir ölkə üçün bu, çox vacibdir. Burada prezidentin kimliyindən söhbət getmir. Söhbət ondan gedir ki, prezident olan siyasi xadim yeddi il ərzində öz potensialını vaxt amili baxımından üzə çıxarmaq imkanı qazanır.

İndiki 5 illik müddətdə məmləkət gözünü açmamış yenidən prezident seçkiləri üçün hazırlığa başlayır. Başqa tərəfdən, hər yerindən duranın prezident olmaq istəyi Azərbaycan kimi bir ölkədə min cür problemin ortalığa çıxması deməkdi. Üstəlik, ölkədə 5 ildən bir prezident seçkisinin keçirilməsi, ən azı iqtisadi baxımdan da sərfəli deyil. Çünki seçkiyə xərclənən pullar xalqın kisəsindən gedir.

Zənn edirəm ki, xalqın mənafeyini düşünməyənlər üçün xalqın kisəsindən gedən bu pullar heç qəpik-quruş da sayılmaz.. Onlar üçün iki il tez prezident olmaq istəyindən daha üstün heç nə yoxdur.

Bu məktubu qələmə alana qədər yanıma gələn adamlarla, rastlaşıb-görüşdüyüm ziyalılarla fikir mübadiləsi aparmışam. Ən başlıcası, rəhbəri olduğum müəssisədə çalışan sadə zəhmət adamlarının bu fikrə münasibətini soruşmuşam. Məsələyə qərəzsiz və təmiz yanaşan adamlar bu təklifi dəstəkləyirlər.

Yaxın keçmişimiz - yaşadığımız andan üzü geri artıq tarixdir. Tarix isə ibrət kitabıdır. Tarixdən ibrət götürməyənlərin taleyinə fəlakət yazılır. Biz də bu dərsdən imtina edə bilmərik".

 

* * *

 

O məktubu Latviya yazıçılarından  Ernest Birzniek Upitin (1871-1960) Bakı haqqında xatirələrindən bir yarpaqla tamamlamışdım. Onun təəssüratlarındakı bu epizodu indi də tez-tez xatırlayıram: ötən əsrin əvvəlləri üçün yazır ki, Bakının üstündəki his və tüstü fəhlələr tətil edəndə çəkilərdi. Azərbaycanın, onun dövlətçiliyinin üstünü almış qara bulud da Heydər Əliyevin gərgin və inadlı mübarizəsi sayəsində çəkilib.

Ernest Birzniek Upitin Bakı təəssüratlarından əsrdən də çox, mənim o açıq məktubu qələmə aldığım günlərdən isə 14 il keçib.

İndi Azərbaycanda  səmalar çox aydındır...

Nə siyasi təlatümlərin qara buludlarından, nə də kustar texnologiyalarla işləyən, insan amilini, ətraf mühiti gözardı edən primitiv zavodların səmalara buraxdığı his və tüstülərdən əsər-əlamət var. Azərbaycanın ictimai-siyasi həyatı bu illər ərzində böyük bir təkamül yolu keçdiyi, sivil bir cəmiyyət məqamına yetişdiyi kimi, ölkəmizdə sənaye, istehsal da modernləşib, ən yeni texnologiyalara uyğun qurulub, daha zavodların, fabriklərin yanından ötəndə nəfəsini saxlamalı olmursan, yolun güzgü kimi hamar, ətrafı yaşıl ağaclarla örtülmüş şosselərdən, hər biri bu ölkədəki inkişafdan xəbər verən, Azərbaycan insanlarının uğur hekayəsindən danışan abad tikililərin əhatəsindən keçir.

Belə aydın səmalar, belə göz oxşayan mənzərələr ancaq davamlı inkişaf xətti ilə irəliləyən ölkələrdə olur və indi tarixinin belə bir qüdrət mərhələsinə gəlib çatmış ölkədə ən böyük ictimai missiya bu kursu qorumaq, bu xəttdən kənara çıxmamaq, ölkənin gələcəyinin məhz bu cür tərəqqi mənzərələri ilə yaranmasına nail olmaq, dünyanın dəyişən nizamına çevik reaksiyalarla Azərbaycanın tarixi taleyini sapmalardan, təsadüflərdən, böhran və tənəzzüldən qorumaqdır.

 

* * *

 

14 il əvvəl də bu düşüncədə idim və yenə eyni mövqedəyəm ki, heç bir qanun, o cümlədən dövlətin bütün qanunlarının anası sayılan Ali Sənəd də dövrün inkişaf meyillərini, dünyanın yeni çağırışlarını nəzərə almadan sabit bir şəkildə qala bilməz. Konstitusiya müddəalarının toxunulmazlığı cəmiyyətdə durğunluğa gətirib çıxarar. Bir zamanlar dövrün reallıqlarını nəzərə alaraq Əsas Qanuna sırf inkişaf məramı ilə daxil edilmiş hansısa müddəa, görərsən ki, bir müddətdən sonra reallıqların dəyişməsindən asılı olaraq özü inkişafı əngəlləməyə başlar.

 Ölkənin Əsas Qanununda dəyişiklikləri zəruri edən səbəblərin nəzərə alınması tək Azərbaycanda görünməyib. Bu cür təshihlər bütün dövlətlərdə mütəmadi şəkildə aparılır. Əgər bu səbəbləri nəzərdən keçirsək, bunların əsasən, qlobal miqyasdakı yeni sosial-siyasi-hüquqi yönümlü dəyişikliklər, təhlükəsizlik məsələlərinin ön plana çıxması, dövlət idarəçiliyinin daha müasir, effektiv meyillərinin geniş yayılması və. bu kimi digər məsələlərlə bağlı olduğunu görərik.

Demokratikləşmə prosesləri, insan hüquq və azadlıqlarının təminatına mane olan bütün məhdudiyyətlərin aradan qaldırılması, xalq-hakimiyyət kommunikasiyasında hər bir bürokratik əngəlin ortadan götürülməsi, ən əsası isə dövlətin öz vətəndaşlarına daha səmərəli və keyfiyyətli xidmət göstərməsi kimi mühüm məsələlər də ölkənin qanunvericilik sistemində, o cümlədən Konstitusiya mətnində müəyyən əlavə və dəyişiklikləri aktuallaşdıra bilər.

Əlbəttə, öz Əsas Qanununda qəbul edildiyi gündən bəri heç bir dəyişiklik aparmayan, yaxud çox cüzi dəyişikliklər edən ölkələr də var, etiraf edək. Amma son dərəcə mürəkkəb və ölkənin ərazi subyektlərindən asılı olaraq dəyişən qanunvericilik sistemləri barədə eşidib, oxuduqlarımın formalaşdırdığı qənaətə əsasən, bu ölkələrdə hüquq sistemi o qədər inkişaf və təkmilləşmə yolu keçib ki, onlarda Konstitusiya ölkənin müasir həyatına aid hüquqi münasibətləri tənzimləyən Əsas Qanundan daha çox, dövlətin toxunulmaz tarixi simvollarından biri kimi görünür.

Bəlkə də, bu müqayisəmdə bir qədər yanılıram, amma mənə görə, məsələn, bizdə də 1918-ci ilin 28 May günü cümhuriyyət qurucularımızın qəbul etdikləri "İstiqlaliyyət Bəyannaməsi" ilə belə toxunulmaz konstitusiyalar arasında müəyyən tarixi mahiyyət oxşarlıqları var.

Dünyanın çağdaş reallıqları isə bundan ibarətdir ki, axırıncı onillikdə öz konstitusiyasına dəyişiklik, yaxud əlavə etməyən ölkə olduqca çətin tapılar və bu proses son illərdə xüsusilə fəal şəkildə aparılmaqdadır.

 

* * *

 

Gərək yaddan çıxarmayaq ki, 25 illik müstəqillik dönəmi bizim üçün həm də bir tarixi təcrübə dövrüdür. Bu illərin qazandırdığı zəngin təcrübə cəmiyyət həyatının digər əhəmiyyətli sahələrində olduğu kimi, hüquqi dövlət quruculuğu məsələlərində də nəzərə alınmalıdır və alınır. Bu yanaşma təkcə Azərbaycanda yox, əksər keçmiş sovet respublikalarında da müşahidə olunur. Mətbuatda bu barədə dərc edilmiş yazılardan izlədiyimiz qədər təkcə MDB məkanında 10-a yaxın ölkədə sosial-iqtisadi yönümlə yanaşı, dövlət idarəçiliyində əsaslı dəyişikliklər – prezident idarə üsulundan güclü parlament nəzarəti və geniş fəaliyyəti olan idarəçilik formasına keçid, yaxud da bunun əksi tətbiq olunub. Məsələn, Rusiyada əsas qanuna edilən dəyişikliyə görə, artıq prezident 6 il müddətinə seçilir. Yaxud, Cənubi Qafqazdakı qonşularımız da son referendumlar zamanı prezidentin və parlamentin səlahiyyətləri ilə bağlı əsaslı dəyişikliklər ediblər.

Bu qərarlar ölkələrin, xalqların, cəmiyyətlərin gələcək mənafeyi üçündür.

"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" layihədə irəli sürülmüş müddəalar da bu gün öz həyatını inkişaf etmiş, demokratik, sivil bir ölkə kimi quran Azərbaycanın aydın gələcəyinə xidmət edir.

Referendum aktına, bu aktda irəli sürülmüş müddəalarla bağlı təhlillərə diqqət yönəldirəm. Əsas Qanunumuzun 23 maddəsində nəzərdə tutulan dəyişikliklər, eyni zamanda əlavə kimi təklif edilən 6 maddə məzmun etibarilə dörd qrupda təsnif olunur:

1) insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi;

2) siyasi idarəçilik təsisatlarının fəaliyyətinin təkmilləşdirilməsi;

3) dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələrin imzalanması rejiminin təkmilləşdirilməsi;

4) insan hüquq və azadlıqlarının qorunmasında bələdiyyələrin məsuliyyətinin artırılması.

Dünyamızın çağdaş mənzərəsi, ölkələrin müasir inkişaf meylləri fonunda nəzərdən keçirsək, bu istiqamətlərin hər birinin Azərbaycan üçün nə qədər mühüm əhəmiyyət kəsb etdiyini görərik.

 

* * *

 

İnsan hüquq və azadlıqlarının qorunması məsələsi bu gün dünyanı düşündürən ən əsas məsələdir. Zatən, Yer üzündə baş verən bütün inkişaf proseslərinin, dəyişikliklərin son məqsədi insan, onun hüquq və azadlıqları olmalıdır. Çünki, bu, dünyanın ən böyük dəyəridir.

Azərbaycan dövləti insan hüquq və azadlıqları məsələsinə bir şüar, göstəri kimi yanaşmır. Ölkəmizdə bu hüquq və azadlıqların qorunmasının mükəmməl bir sisteminin, işlək mexanizminin yaradılmasından ötrü ardıcıl addımlar atılır. Hələ 1995-ci ildə qəbul edilərkən Əsas Qanunumuzda bununla bağlı məqamlar geniş təsbit olunmuşdu. Amma insan hüquq və azadlıqlarının bir dəyər olaraq ictimai həyatda baş verən inkişaf meyllərinə həssaslığını da nəzərə almalıyıq.

Azərbaycan cəmiyyəti etiraf edək ki, 1995-ci ildəki səviyyəsində deyil. Azərbaycan o vaxtdan bəri dünyaya açılıb, insanlarımızın həyata, dünyaya baxışı genişlənib. Cəmiyyətdə azad bazar münasibətləri tam oturuşub. Təkcə son onillikdə müasir texnologiyalar, rəqəmsal reallıqlar həyatımızda nələri dəyişməyib ki?!

Bütün bu meyillər, vətəndaşların iqtisadi, sosial və siyasi proseslərdə iştirak səviyyəsinin yüksəlməsi, insanların sosiallaşması hüquq və azadlıqlar sferasını genişləndirir. Təbii olaraq, burada qanunvericilikdə də nəzərə alınması, beynəlxalq təcrübəyə uyğunlaşdırılması zəruri olan bir sıra cəhətlər ortaya çıxır.

Təklif olunan 23 dəyişikliyin 16-sının, yəni dörddən üçünün insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə əlaqədar olması məhz bu məqsədə xidmət edir. Zənnimcə, Konstitusiyaya bəzi dəyişikliklərlə əlaqədar irəli sürülmüş təşəbbüsün əsas qayəsi də elə Azərbaycan insanının hüquq və mənafelərinin daha etibarlı şəkildə qorunmasından, onun güvənli bir həyatının təmin olunmasından ibarətdir.

 

* * *

 

Siyasi idarəçilik təsisatlarının fəaliyyətinin təkmilləşdirilməsi, dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələrin imzalanması rejiminin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunmasında bələdiyyələrin məsuliyyətinin artırılması istiqamətləri də, əslində, elə eyni məqsədin davamıdır.

Sosial-iqtisadi inkişafın daim hüquqi-siyasi təkmilləşmə və demokratikləşmə prosesləri ilə paralel aparılması inkişafın Azərbaycan modelinin ən xarakterik xüsusiyyəti kimi həmişə diqqəti cəlb edib. Azərbaycan, tarixin başqa ölkələrdə öyrətdiyi dərslərdən düzgün nəticə çıxararaq belə bir uzlaşmanı özünün uğur formuluna çevirə bildi və bu məqam indi də ölkəmizin davamlı, sabit inkişafının əsas təminatçısıdır.

Əslində, belə bir vəhdətin alternativi də yoxdur. Əgər bir ölkə iqtisadi yüksəlişə nail olub öz vətəndaşlarının dolanışığını təmin edə bilmirsə, cəmiyyətdə demokratik meyarların intişar tapması heç zaman mümkün olmayacaq, demokratik ideyalar elə kağız üzərində qalacaq. Bunun əksinə, mükəmməl hüquqi-siyasi prinsiplərin prioritet sayılmadığı ölkələrdə əsaslı sosial-iqtisadi nailiyyətlər də heç zaman əldə edilə bilməz. Çünki belə bir mühitdə cəmiyyətdəki nöqsan və çatışmazlıqlar inkişafa əngəl törədəcək.

Azərbaycan isə bu iki xətt arasında uzlaşmanı əldə edib bilib və Konstitusiyada müvafiq dəyişikliklərdən sonra bu istiqamətdə yeni bir dönəm başlanacaq.

Ölkə rəhbərliyi dövrün çağırışlarına böyük həssaslıq göstərərək sosial-iqtisadi islahatları ardıcıl şəkildə həyata keçirir. Son aylar bu prosesin xüsusilə gücləndiyini hamımız müşahidə edirik.

 

* * *

 

Elə bu sətirləri yaza-yaza Azərbaycan Respublikası Prezidentinin hələ ötən ilin oktyabrında ölkədə əsaslı islahatların aparılması barədə hökumət qarşısında qoyduğu vəzifələri və bu ilin əvvəlində səsləndirdiyi "2016-cı il dərin islahatlar dövrü olacaq" fikrini xatırlayıram. Bu strateji baxış həm Azərbaycanda, həm də ümumən dünyada baş verən sürətli dəyişikliklərdən irəli gəlir. Ölkədə islahatların aparılması zamanın qarşıya qoyduğu bir zərurətdir. Azərbaycanda çox qısa zaman ərzində bir-birinin ardınca mühüm islahat qərarları qəbul edilib və edilir. Ən əhəmiyyətlisi isə, bu qərarların ilkin müsbət nəticələri də artıq ortadadır. Vətəndaş olaraq bu nəticələri gündəlik həyatımızda, məişətimizdə duya bilirik. Qlobal böhranın fəsadları mümkün qədər aradan qaldırılıb, şükür ki, ölkədə böyük işsizlər ordusu yaranmayıb, iş həyatı normal məcrada davam edir, əhalinin sosial müdafiəsinin təminatında çətinliklər yaranmayıb, maliyyə durumunda böhran vəziyyəti yoxdur.

İndi bunlar cəmi bircə cümlədə ümumiləşəsi sözlərdir, amma bu sözlərin, bu nəticələrin hər birində milyonlarla insanın taleyi, güzəranı, dövlət rəhbərliyinin vaxtında verilmiş düzgün qərarları və Azərbaycan prezidentinin də dəyərləndirdiyi kimi "böhran şəraitində inkişaf" mühiti dayanır.

Bu mühiti yaradan aparılmış islahatlardır və Konstitusiyaya dəyişiklik təklifləri də göstərir ki, bu proses təkcə iqtisadi sferada məhdudlaşmayacaq. Çünki layihəyə verilən şərhlərdə də xüsusi vurğulandığı kimi, çevik, müasir, inkişafın keyfiyyətcə yeni mərhələsinə keçidi hədəfə alan iqtisadi idarəçilik mexanizminin yaradılması, təbii olaraq, siyasi sistemin təkmilləşdirilməsini də mühüm şərt olaraq irəli sürür. Beləliklə, son sosial-iqtisadi islahatların davamı artıq dövlət quruculuğunun hüquqi-siyasi istiqamətində də aparılacaq. İqtisadi inkişaf dinamikasının yetərincə yüksəkliyindən irəli gələrək çox çevik, inkişafın yaratdığı dəyişiklikləri qavramağa və adekvat reaksiya verməyə qadir olan mükəmməl iqtisadi idarəçilik mexanizminin qurulmasına paralel olaraq, ölkənin siyasi sistemi də təkmilləşdiriləcək.

Burada söhbət çox böyük hədəflərdən gedir. Təklif edilən dəyişikliklərin əsas niyyəti də bu hədəflərə çatmaqdan, milli, dövlət maraqlarının qorunması və reallaşmasından, müasir iqtisadi və siyasi mexanizmləri təmin etməkdən ötrü bütün mümkün yollar arasından ən mükəmməlinin, ən davamlısının seçilməsidir.

 

* * *

 

Layihədə diqqəti çəkən maraqlı məqamlardan biri ölkədə vitse-prezidentlik institutunun yaradılmasını nəzərdə tutan təkliflərdir. Əgər ümumxalq səsverməsində dəstək qazanarsa, bu, Azərbaycan üçün yeni bir təcrübə olacaq. Amma bu təcrübədən dünyanın əksər sivil ölkələrində geniş istifadə olunur və dövlət idarəçiliyində daha səmərəli fəaliyyət üsullarının tətbiqi, vətəndaşlar qarşısında dövlətin öhdəliklərinin keyfiyyətli icrası, çevik, effektiv icraçılıq mexanizminin qurulması baxımından belə bir institut özünü çox doğruldur. Ümid edirik ki, referendumdan sonra vitse-prezidentlik institutunun ən uğurlu nümunələrinə sahib ölkələrdən biri də məhz Azərbaycan olacaq.

Milli Məclisin fəaliyyəti ilə bağlı təklif edilən dəyişikliklər də bir tərəfdən parlamentin Prezident tərəfindən buraxılması qaydasının konkret normaları müəyyənləşdirilməsi, digər tərəfdən, deputatın səlahiyyətlərinin itirilməsinə səbəb olan amillərin sayının artırılması baxımından faydalıdır. Nəzərdə tutulan bu dəyişikliklər Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi şərəfli bir statusu daşıyan insanların məsuliyyətinin daha da artırılmasına və öhdəliklərinin vicdanla icrasının təmin olunmasına yönələcək.

 

* * *

 

Dünya ədəbiyyatının ünlü isimlərindən olan Stefan Sveyqin "Dünənin dünyası" əsəri həmişə maraqlı oxuduğum ədəbi nümunələrdəndir. Konstitusiyaya dəyişiklik layihəsində seçkili orqanlarda təmsil olunmaq üçün yaş senzinin ortadan götürülməsi barədə təkliflə tanış olarkən o əsərdən maraqlı bir epizodu xatırladım. XIX əsrin sonları - XX əsrin əvvəllərindəki Avropanın ictimai-siyasi, sosial mühitini təsvir edən S.Sveyq yazır ki, o illərdə gənclər olduqlarından daha yaşlı görünməkdən ötrü saqqal saxlayır, çəkilərinin artmasına çalışır, ahıllar kimi ağır-ağır yeriyirdilər. Çünki o illərin avropalısının nəzərində yaşlı olmaq daha çox həyat təcrübəsinə malik biri kimi görünməklə başqalarının inamını qazanmaq demək idi. Sveyq gənclərə bu inamsızlığı tənqid, belə bir yanaşmanın tədricən aradan qalxmasını təqdir edir və onun xatirələrindən belə bir qənaət hasil olur ki, müasir Avropa ölkələrinin irəli getməsinin bir səbəbi də yaş amilini vaxtında ortadan götürüb qapıları gəncliyin üzünə açmalarıdır.

Azərbaycan dövləti də gənclər qarşısındakı bu məhdudiyyəti aradan qaldırmalıdır. Düşünürəm ki, vətəndaşlıq, dövlətə, xalqa xidmət məsələsində yaş fərqi insanlar arasında meyar olmamalıdır. Çünki burada meyar olan bu xidməti ləyaqətlə yerinə yetirmək, dövlətçilik ideyalarına sədaqətdir.

Əgər biz 18 yaşlı gənclərimizə Vətənin ən müqəddəs dəyərlərindən olan sərhədlərimizi etibar ediriksə, əgər 18 yaşlı övladlarımız Azərbaycan naminə canlarından keçirsə və dövlət himnimizin son misralarında səsləndiyi kimi, Vətənin namusunu canı ilə qanı ilə hifz edib bayrağını göylərə yüksəltməyə cümlə gənclərimiz müştaqdırsa, o zaman gənclərin erkən yaşlardan seçkili orqanlarda, yüksək dövlət vəzifələrində təmsil olunub öz qabiliyyət və istedadları ilə Azərbaycan dövlətinə xidmət şansını nədən əngəlləyək?!

Düşünürəm ki, bu dəyişiklik gənclərin ictimai fəallığını artıracaq, insanlar arasında yetərli nüfuz, təcrübə qazanmaq üçün onları nəcib əməllərə, xalq və dövlət qarşısında layiqli xidmətlərə təşviq edəcək.

Bu sətirələri yaza-yaza ümumxalq səsverməsinin vaxtının artıq bəlli olduğunu, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə referendumun 2016-cı il sentyabrın 26-a təyin edildiyini öyrənirəm.

Və bu tarix mənə çox simvolik, yeni bir tarixin ilk günü kimi görünür.

Bəli, 2016-cı ilin 26 sentyabrı Azərbaycanda yeni bir tarixin başlanğıcı olacaq.

İndikindən də böyük inkişafın, indikindən də yüksək tərəqqinin, indikindən də gözəl gələcəyin başlanğıcı...

Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı, yazıçı-publisist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında