Dekabrın 3-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilmişdir. Sessiya iştirakçıları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət etmiş, abidə önünə tər güllər düzmüşlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları ümummilli liderin abidəsi önündə xatirə şəkli çəkdirmişlər.
Sonra sessiya öz işinə başlamışdır. Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının ilk iclasına 38 saylı Yaycı seçki dairəsindən deputat seçilmiş Fərəc Fərəcov sədrlik etmişdir. Noyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçilmiş 45 deputatın hamısı sessiyada iştirak etdiyindən sessiya öz işinə başlamağa səlahiyyətli hesab edilmişdir.
Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 2-ci maddəsinə əsasən, birinci sessiyanın ilk iclasında dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçilmiş deputatların siyahısı oxunmuşdur.
Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin seçilməsi məsələsi müzakirə edilmişdir.
13 saylı İbadulla seçki dairəsindən deputat Oruc Həsənli çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçilmək üçün Vasif Yusif oğlu Talıbovun namizədliyini irəli sürmüşdür. O qeyd etmişdir ki, noyabrın 7-də keçirilən seçkilər bir daha xalqın Heydər Əliyev yoluna başqa alternativ görmədiyini göstərdi. Bu da səbəbsiz deyil, çünki 1993-cü ildən başlayaraq bu günədək müstəqil Azərbaycanın keçdiyi böyük inkişaf yolu, qazandığı uğurlar məhz ümummilli liderimizin dühası sayəsində gerçəkləşmişdir. Naxçıvan Muxtar Respublikasında son 15 ildə sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində qazanılan böyük nailiyyətlər də ulu öndər Heydər Əliyev siyasətinin tükənməz imkanlarını nümayiş etdirməkdədir. Naxçıvan Muxtar Respublikasına son 15 ildə ulu öndər Heydər Əliyevin siyasi və idarəetmə məktəbinin layiqli nümayəndəsi Vasif Talıbov rəhbərlik etmişdir. O, 1995-ci, 2000-ci və 2005-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçilmiş, onun rəhbərliyi altında muxtar respublikanın şəhər, qəsəbə və kəndləri böyük quruculuq meydanına çevrilmiş, bütün sahələrdə əsaslı irəliləyişlər baş vermişdir. Həm də bu inkişaf blokada şəraitinin sərt şərtləri altında gerçəkləşmişdir. Muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmiş, əhalinin mənzil təminatı yaxşılaşdırılmış, aqrar sektorun inkişafı təmin edilmişdir. Aqrar sahənin inkişafının təmin edilməsi meliorasiya-irriqasiya sistemlərinin davamlı olaraq təkmilləşdirilməsini tələb etdiyindən bu sahədə də əhəmiyyətli işlər görülmüşdür. Aqrar sektorun inkişafı ona gətirib çıxarmışdır ki, artıq muxtar respublika özünü kənd təsərrüfatı məhsulları ilə tamamilə təmin edir.
Oruc Həsənli demişdir ki, bu gün elm, təhsil, mədəniyyət, səhiyyə sahəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin apardığı islahatlar, məqsədyönlü və ardıcıl iş də öz nəticəsini verməkdədir. Bu siyasət regionda elm və təhsilin inkişafına yüksək təkan verməklə yanaşı, həm də milli ənənələrə yiyələnmiş, dövlətçiliyə sədaqətli, işgüzar, müasir informasiya texnologiyalarını mükəmməl bilən ziyalıların və gənclərin yetişməsini şərtləndirir. Bütün bunlar isə muxtar respublikada Vasif Talıbovun uğurlu rəhbərliyi sayəsində mümkün olmuşdur. Ali Məclisin sədri ümummilli liderimizin "siyasi sabitlik, sosial ədalət, səmərəli iqtisadiyyat" xəttini əsas götürərək Naxçıvanı əsl intibaha qovuşdurmuşdur. Xalqımız, o cümlədən muxtar respublikanın əhalisi Heydər Əliyev siyasi kursunun bundan sonra da davam etdirilməsini tərəqqinin başlıca meyarı sayır. Naxçıvan Muxtar Respublikasında bu siyasətin ən layiqli davamçısı Vasif Talıbovdur. Son 15 ildə muxtar respublikaya uğurla rəhbərlik etməsi ona çox böyük hörmət qazandırmışdır.
Deputat Oruc Həsənli bütün bunları nəzərə alıb, 7 saylı Aralıq seçki dairəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilmiş Vasif Yusif oğlu Talıbovun yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsinə namizədliyini irəli sürmüşdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Yeganə Məmmədova, Allahverdi Mirzəliyev, Eldar Zeynalov, Arif Qasımov və Məmməd Rzayev çıxış edərək deputat Vasif Talıbovun yenidən Ali Məclisin sədri seçilməsi təklifini dəstəkləmişlər.
Deputatlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsinə irəli sürülmüş namizədin açıq səsvermə yolu ilə seçilməsini təklif etmişlər. Səsvermənin nəticələrini hesablamaq üçün 5 nəfərdən ibarət hesablayıcı komissiya seçilmişdir.
Sonra səsvermə keçirilmiş, səsvermədə iştirak edən 45 deputatın hamısı 7 saylı Aralıq seçki dairəsindən seçilmiş deputat Vasif Yusif oğlu Talıbovun lehinə səs vermişdir. Beləliklə, Vasif Talıbov yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sessiyada çıxış edərək demişdir ki, muxtar respublika Ali Məclisinin son 5 ili əhatə edən fəaliyyət dövrü hər bir sahədə ciddi nailiyyətlərin əldə edildiyi dövrdür. Ümummilli liderimiz və onun siyasi kursunun ardıcıl davamçısı olan ölkə rəhbəri İlham Əliyev tərəfindən sosial-iqtisadi fəaliyyət sahəsində qarşıya qoyulan vəzifələr rəhbər tutulmuş, icra intizamı gücləndirilmiş, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının məsuliyyəti artırılmış, "hakimiyyət xalq üçündür" prinsipi əsas götürülmüşdür. Muxtar respublikanın istehsalat sahələrinin blokada vəziyyətindən irəli gələn gərgin iqtisadi şəraitdə fəaliyyət göstərmələrinə baxmayaraq, mövcud potensialdan səmərəli istifadə olunmuş, sosial-iqtisadi vəziyyət yaxşılaşdırılmış, iqtisadiyyatın tarazlı inkişafı təmin olunmuş, yeni infrastruktur, istehsal və emal sahələri, sosial-mədəni obyektlər yaradılmış, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi üçün tədbirlər görülmüşdür. Əldə olunmuş bütün nailiyyələrə görə ümummilli lider Heydər Əliyev siyasətinə və quruculuq xəttinə borcluyuq. Bu siyasətin bəhrələri bu gün müstəqil ölkəmizin hər bir guşəsində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da özünü göstərməkdədir. Xalq bu siyasətə heç bir alternativ görmür. Ötən illərin təcrübəsi bir daha göstərdi ki, heç bir qüvvə, kənar təsir Azərbaycanı Heydər Əliyev yolundan döndərə bilməz. Ümummilli liderimizin adı və ənənələri müasir Azərbaycanın əldə etdiyi nailiyyətlərdə yaşayır.
Ali Məclisin sədri noyabr ayının 7-də Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilərdə fəallıq və mütəşəkkillik göstərən, ümummilli lider Heydər Əliyevin siyasi kursunu dəstəkləyən bütün seçicilərə minnətdarlığını bildirmişdir.
Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarını təbrik edən Ali Məclisin sədri demişdir ki, muxtar respublika seçiciləri bizə böyük etimad göstərmişdir. Bu etimadı doğrultmalı, bütün sahələrdə ikiqat məsuliyyətlə çalışmalı, hər birimiz öz sahəsində nümunə göstərməyi bacarmalıyıq.
Sonra sessiya öz işini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun sədrliyi ilə davam etdirmişdir.
Sessiyanın iş qaydası, reqlamenti təsdiq olunmuş, Naxçıvan Muxtar Resnpubnlikası Ali Məclisi sədrinin müavinlərinin seçilməsi məsələsi müzakirə edilmişdir.
10 saylı Şərur seçki dairəsindən deputat Azər Yadulla oğlu Zeynalov Ali Məclis sədrinin birinci müavini, 21 saylı Məzrə seçki dairəsindən deputat Mirhəşim Əhməd oğlu Seyidov isə müavini seçilmişlər.
Sonra sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi komitələrinin sədrləri, sədr müavinləri və üzvləri seçilmişlər.
Gündəlikdə duran üçüncü məsələnin müzakirəsi zamanı "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında" Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyulmuş və qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov "Naxçıvan Muxtar Respublikasının 2011-ci il dövlət büdcəsinin təsdiq edilməsi", Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Hüseynov "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsinin təsdiq edilməsi" barədə çıxış etmişlər. Müzakirə olunan məsələlərlə əlaqədar müvafiq qanunlar qəbul olunmuşdur.
Ali Məclisin sədri sessiyaya yekun vuraraq demişdir: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü çağırış birinci sessiyasının keçirilməsi münasibətilə deputatları təbrik edir və bildirirəm ki, bu günə qədər olduğu kimi, bundan sonra da müstəqil Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ümummilli liderimizin yolu ilə gedəcək, bütün sahələrdə böyük öndərimizin işinə və əməllərinə sədaqət nümayiş etdirəcək, ölkə Prezidentinin rəhbərliyi ilə rifah və tərəqqi yolunda daha böyük nailiyyətlər qazanacaqdır.
Bununla da, dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası öz işini başa çatdırmışdır.{nl}
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.