Konstitusiyaya təklif olunan dəyişikliklər ölkəmizdə inkişafın yeni keyfiyyət mərhələsinin başlanğıcıdır

26 sentyabr Azərbaycanda ümumxalq səsverməsi (referendum) günüdür

Ötən əsrin 90-cı illərinin əvvəllərində Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edən Azərbaycan suveren bir ölkə olaraq dünya birliyinə qoşulmuş olsa belə, qarşıda hüquqi və demokratik dövlət quruculuğu kimi mühüm bir vəzifə dururdu.

Müstəqilliyi şərtləndirən başlıca amillərdən biri dövlət təsisatlarının yaradılması və bu sahədə olan boşluqların aradan qaldırılması idi. Demokratik cəmiyyət quruculuğu xətti tutan ölkəmizin ilk növbədə mütərəqqi, dünyəvi qanunların ölkəmizə transferinə ehtiyacı var idi. Sovetlər Birliyindən miras qalmış qanunlar artıq müasir dəyərlərlə uzlaşa bilmirdi. Qaçılmaz olan islahatlar yeni Konstitusiyanın tezliklə qəbul olunmasını tələb edirdi. 1995-ci ilin əvvəllərində müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının yaradılması ilə bağlı Heydər Əliyevin sədrliyi ilə xüsusi komissiya yaradıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçən komissiyanın ilk iclasında layihədə ümumbəşəri dəyərlərin, xalqın tarixi keçmişinin və son illərin təcrübəsinin ciddi nəzərə alınması bir vəzifə olaraq qarşıya qoyuldu. Xarici dövlətlərin ölkəmizdəki səfirlərinin iştirakı ilə keçən həmin iclasda Prezident Heydər Əliyev yaranacaq yeni konstitusiyanın əsas prinsiplərinin necə olacağını bəyan etdi. Hər bir fəsil və maddənin yazılmasına qədər gərgin əmək sərf edən ulu öndərin müəllifi olduğu bu layihə 1995-ci il oktyabrın 15-də ümumxalq müzakirəsi üçün mətbuatda dərc olundu. Cəmiyyətin demək olar ki, bütün təbəqələri müzakirələrə cəlb edildi. Təkliflər nəzərə alınmaqla, layihənin yekun variantı 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edildi.                           

Dövlət quruculuğuna dair müasir və dünyəvi yanaşmalara əsaslanan Konstitusiya ölkəmizdə siyasi, iqtisadi və sosial münasibətlər sisteminin fundamental prinsiplərini və müddəalarını müəyyən edir. Ölkə Konstitusiyasının hüquqi fəlsəfəsinin əsasını, onun bütün norma və müddəalarının özəyini məhz demokratik, hüquqi, sosial dövlət ideyası, insanın, onun hüquqlarının və azadlıqlarının ali dəyər olması fikri təşkil edir. Müasir sivil cəmiyyətlərin inkişaf istiqamətlərini müəyyənləşdirən mütərəqqi dəyərlər bu ümummilli əhəmiyyətli sənəddə geniş şəkildə əksini tapmışdır.

Əsas Qanunun ən böyük üçüncü fəsli bütünlüklə əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilmişdir. Həmin fəsildə demokratik, hüquqi dövlətdə təmin edilməsi zəruri olan hüquq və azadlıqlar, onların reallaşdırılması mexanizmləri, habelə ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məhdudlaşdırılmasının yolverilən hədləri nəzərdə tutulmuşdur.

Konstitusiya məzmunu sabit olan, uzunmüddətli fəaliyyət üçün nəzərdə tutulmuş aktdır. Konstitusiyanın sabitliyi ölkədə qanunçuluq rejiminin sabitliyinin, dövlət hakimiyyətinin təşkili və həyata keçirilməsinin, şəxs, dövlət və cəmiyyət arasındakı münasibətlərin əsas şərtlərindən biridir. Bununla belə, ictimai münasibətlərin inkişafı prosesi, cəmiyyətdə və dövlətdə baş verən dəyişikliklərlə bağlı zərurət yarandıqda konstitusiyaların da təkmilləşdirilməsini, onlara müəyyən əlavələrin və dəyişikliklərin olunmasını labüd edir. Bu da təsadüfi deyil, çünki Konstitusiyanın qəbulu zamanı onun tənzimetmə predmetini təşkil edən ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət zaman keçdikcə dəyişə bilər.

Bu baxımdan ölkəmizdə məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli qorunması Konstitusiya islahatlarının aparılmasını, Əsas Qanunun daha da təkmilləşdirilməsini zəruri etmişdi. Bu zərurətdən irəli gələrək 2002-ci il avqustun 24-də və 2009-cu il martın 18-də keçirilmiş referendumlar nəticəsində Konstitusiyanın mətninə mühüm əlavələr və dəyişikliklər edilmişdir.

Referendumdan sonrakı dövrə nəzər salarkən Konstitusiya islahatlarının ölkəmizə və onun sadə vətəndaşlarına nələr verdiyini sübuta yetirməyə ehtiyac qalmır. Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilk növbədə insan hüquqlarının daha real təminatının əsası olan hüquqi dövlət-sosial dövlət münasibətlərini meydana gətirmişdir. Başqa sözlə, Azərbaycan Respublikasının sosial dövlət kimi möhkəmlənməsini, dövlətimizin özünün vətəndaşları qarşısında daha ciddi öhdəlik götürməsinin qanunvericilik əsaslarını müəyyən etmişdir. Bütövlükdə, referendumla Konstitusiyaya edilən əlavə və dəyişikliklər Azərbaycan Respublikasında dövlət quruculuğunun yeni mərhələsinin başlandığını bildirmiş, insan hüquq və azadlıqlarının daha real və səmərəli təmininə şərait yaratmışdır.

Ölkəmizdə demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları getdikcə daha dolğun və real məzmun kəsb edir, vətəndaşların əsas hüquqlarının müdafiəsinin milli mexanizmləri təkmilləşdirilir, bu sahədə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan hakimiyyətinin yeritdiyi uğurlu siyasi xətt ölkəmizdə insan hüquqlarının etibarlı təminatına, Avropa və dünya hüquq məkanına inteqrasiyanın daha da inkişafına töhfələr verməkdədir.

Azərbaycan hakimiyyətinin uğurlu siyasətinin nəticəsi olaraq bu gün ölkəmiz dünyada hüquqi dövlət ideyasının reallaşdığı, insan hüquq və azadlıqlarının etibarlı təmin olunduğu, şəxsiyyət, vətəndaş və cəmiyyət münasibətlərinin demokratik prinsiplərə əsaslandığı, müxtəlif milli-dini sivilizasiyaların qovuşduğu tolerant bir məmləkət kimi tanınır. Hər ötən illə müqayisədə ölkəmizdə demokratik dəyişikliklərin insanlarımızın və cəmiyyətimizin həyatına tətbiqolunma tempi artan xətt üzrə inkişaf edir.

Prezident İlham Əliyev ilin əvvəlində "2016-cı il dərin islahatlar dövrü olacaq" fikrini səsləndirəndə bu, daha çox sosial-iqtisadi yönümdə qəbul edilmişdi. Həqiqətən də, ötən müddət ərzində ölkədə bu sahədə mühüm qərarlar qəbul edilmiş, demək olar ki, köklü dəyişikliklər aparılmışdır. Belə məqsədyönlü tədbirlərin nəticəsi olaraq qlobal böhranın fəsadlarının aradan qaldırılmasına əsasən nail olunmuş, əhalinin sosial müdafiəsinin təminində çətinliklərə rast gəlinməmiş, maliyyə durumunda sərt təsirlər yaşanmamışdır. Son aylarda həyata keçirilən sosial-iqtisadi islahatların ilkin nəticələri uğurlu olmuş və ölkə rəhbəri bu prosesi "böhran şəraitində inkişaf" kimi dəyərləndirmişdir.

Qlobal miqyasdakı yeni sosial-siyasi-hüquqi yönümlü çağırışlar, təhlükəsizlik məsələlərinin ön plana çıxması, dövlət idarəçiliyinin daha müasir və səmərəli trendlərinin geniş yayılması hər bir ölkənin öz çoxspektrli fəaliyyət üsullarında daha mükəmməl yenilikləri təşviq etməsinə zərurət yaradır.

Digər tərəfdən, demokratikləşmənin geniş vüsət alması, insan hüquq və azadlıqlarının təminində bütün məhdudiyyətlərin ləğvi, xalq-hakimiyyət ünsiyyətinin hər cür maneələrdən azad olunması, ən əsası isə dövlətin vətəndaşlarına daha səmərəli və keyfiyyətli xidmət göstərməsi kimi mühüm proseslərin fonunda qanunvericilik bazasının daim yenilənməsi, həmçinin konstitusiyaya vacib əlavələrin edilməsi mütləq zərurət kimi ortaya çıxır.

Prezident İlham Əliyev tərəfindən iyulun 18-də rəyi alınmaq üçün Konstitusiya Məhkəməsinə "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsi göndərilmişdi. İyulun 25-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilmiş və "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsinə müsbət rəy verilmişdir. İnsan hüquq və azadlıqlarından sahibkarlıq fəaliyyətinə, qanunverici hakimiyyətdən ali icra strukturunda yeni yüksək postun yaranmasınadək çoxsaylı sahələrə aid dəyişikliklərə müsbət rəyin verilməsi önəmli addımdır.

Əsas Qanuna təklif olunan dəyişikliklərin başlıca hədəfi dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni çevik və səmərəli idarəetmə mexanizmi formalaşdırmaqdır.

Referendum aktı layihəsində nəzərdə tutulan dəyişikliklərin mütərəqqi xarakter daşıdığı, beynəlxalq hüquq normalarına tamamilə uyğun olduğu, insan və vətəndaş hüquq-azadlıqlarının təminatına yönəldiyi alternativsizdir. Təklif edilən layihəyə görə, Əsas Qanuna 29 dəyişiklik nəzərdə tutulub. Dəyişikliklərin böyük qismi sırf insan hüquq və azadlıqları ilə bağlı olub, bu sahədə daha səmərəli təminat mexanizmləri formalaşdırmaq məqsədini daşıyır.

Referendum aktı layihəsində yer alan vacib məsələlərdən biri məhkəmələrlə bağlıdır. Təklif olunan dəyişikliklərdə Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinin təmin olunması, fərdi məlumatların daha möhkəm qorunması önə çəkilib. Belə ki, dəyişikliklər qüvvəyə mindikdən sonra hər kəsin hüquq və azadlıqlarının məhkəmə ilə yanaşı, inzibati qaydada da müdafiəsi Konstitusiyada öz əksini tapacaq. Həmçinin dövlət qulluqçularının qanunazidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana və onların təminatının pozulmasına görə mülki məsuliyyət də Konstitusiyada yer alacaq.

Bildiyimiz kimi, hakimiyyətin üç müstəqil qolundan biri məhkəmə institutudur. Məhkəmələrin ədalətli olması bu institutun həm ictimai nüfuzunu artırır, həm də cəmiyyətdəki münasibətlərin məhz ədalət prinsipi əsasında tənzimlənməsini təmin edir. Referendum aktı layihəsində qeyd edildiyi kimi, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşsınlar və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Bu, məhkəmə hakimiyyətinin daha operativ, səmərəli və ədalətli olmasını təmin edəcək maddələrdən biridir və bu cür yanaşma məhkəmə-hüquq sistemində yeni keyfiyyət dəyişikliyi yaradacaq.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə dair aşağıdakıları qeyd etmişdir:

Referendum xalq hakimiyyətinin və xalqın iradəsinin bilavasitə təzahürü olmaqla, dövlət və hər bir vətəndaş üçün ən vacib məsələlərin ümumxalq səsverməsi yolu ilə həlli forması kimi demokratiyanın mühüm institutudur.

Azərbaycan Respublikasında referendum keçirilməsinin hüquqi əsasları Azərbaycan Respublikası Konstitusiyasının xalq hakimiyyətinə dair ümumi müddəalarında öz əksini tapmışdır. Bu müddəalara müvafiq olaraq sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur (Azərbaycan Respublikası Konstitusiyasının 2-ci maddəsinin I hissəsi). Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi yalnız referendumla həll oluna bilər (Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin I hissəsi və II hissəsinin 1-ci bəndi).

Azərbaycan Respublikası Konstitusiyasının 152-ci və 153-cü maddələrinə istinad edilərək bir daha vurğulanmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri Azərbaycan Respublikasının Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklər onlara dair əvvəlcədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınmaqla, yalnız referendumla qəbul edilə bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunmuş təkliflərə baxaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Referendum Aktının layihəsində təklif olunan dəyişikliklər hüquqi nöqteyi-nəzərdən Konstitusiyanın normalarının, habelə ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, hüquq və azadlıqların daha səmərəli müdafiəsinə və təmin olunmasına yönəldilmişdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsində təklif olunan dəyişikliklər xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Respublikası Konstitusiyasının ümumi müddəaları ilə ziddiyyət yaratmır.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etmişdir ki, növbəti seçkilər nəticəsində seçilmiş Azərbaycan Respublikası Milli Məclisindən fərqli olaraq növbədənkənar seçki nəticəsində seçilən Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddəti məhduddur. Bu halın Referendum Aktının layihəsində öz əksini tapması və layihədə təklif edilən 981-ci maddəyə II hissənin əlavə edilməsi məqsədə müvafiq olardı.

Nəhayət, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təkliflərinə müsbət rəy verərək, Azərbaycan Respublikasının Referendum Aktının layihəsində təklif edilən 981-ci maddəyə "Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir." məzmunda II hissənin əlavə edilməsinin məqsədə müvafiq hesab edilməsi barədə qərar vermişdir.

Azərbaycan Respublikası Konstitusiyası ölkəmizin demokratik və sivil yolla inkişafına ən başlıca təminatdır. Prezident İlham Əliyev fəaliyyətində daim Əsas Qanuna istinad edərək respublikada ümumbəşəri demokratik dəyərlərin və qanunun aliliyinin tam təminatına çalışır. Bu gün Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq, mütərəqqi yolla irəliləməklə insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır. Dövlət başçısı Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır. Ümidvarıq ki, Konstitusiyaya təklif edilən dəyişikliklər xalq tərəfindən dəstəklənəcək, respublikamızda qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmlənməsinə, konstitusion normaların tam bərqərar olmasına xidmət edəcək, ölkəmizdə inkişafın yeni keyfiyyət mərhələsini açacaqdır.

Fuad Əliyev,
Konstitusiya Məhkəməsi Aparatının
insan hüquqları və təşkilat-analitik
şöbəsinin məsləhətçisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında